Xocalı soyqırımı
dünyanı dəhşətə salan vandalizm aktıdır
Gec ya da tez ermənilər layiq olduqları
cinayətlərinin cəzasını alacaqlar
“Xalqımızın qəhrəman,
igid övladları torpaqlarımızın müdafiəsi
uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində
Xocalı faciəsinin xüsusi
yeri var. O da ondan ibarətdi ki, bir tərəfdən bu, hər
bir Xocalı sakininin öz
torpağına, millətinə, Vətəninə sədaqətliliyinin
nümunəsidir. İkinci tərəfdən də Ermənistanın
millətçi, vəhşi qüvvələri tərəfindən
Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin
görünməmiş bir təzahürüdür."Heydər
Əliyev
Xocalı
soyqırımı Azərbaycan xalqının tarixinə ən
dəhşətli və faciəli səhifələrdən
biri kimi daxil olmuş qan yaddaşı, bir ulusun
soyqırımı, bütöv bir şəhərin məhv
olunmasıdır.
Azərbaycan xalqı 200
ilə yaxın bir dövr ərzində erməni şovinistlərinin
mütəmadi olaraq etnik təmizləmə, soyqırım
siyasətinə məruz qalmışdır. Xalqımız
tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi
köçkünə çevrilmiş və bütün
bunlar ermənilər tərəfindən kütləvi
qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların
öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə
də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan
150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın
Kür-Araz düzənliyində yerləşdirilmişdir.
1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250
min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan
monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən
Dağlıq Qarabağ ətrafında başlayan hadisələr
erməni ideoloqlarının "dənizdən dənizə
böyük Ermənistan" adlı xülyasını
reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin
dağılması, on minlərə günahsız insanın
ölümü, yüz minlərlə azərbaycanlının
öz tarixi torpaqlarından didərgin düşməsi ilə
nəticələnmişdir.
Bütün beynəlxalq
hüquq normalarına zidd olaraq Ermənistan dövləti
Dağlıq Qarabağı özünə birləşdirmək
istəyir, bu yolda bütün cinayət və vəhşiliyə
hazır olduğunu nümayiş etdirir. XX əsrin faciəsi
olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar
erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda
baş vermiş bu faciə təkcə Azərbaycan xalqına
deyil, bütün insanlığa, bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən
biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima,
Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə
bir sırada dayanır.
Erməni
vandallarının Xocalı şəhərini hədəfə
almaqda məqsədi bir tərəfdən Qarabağın
dağlıq hissəsində azərbaycanlılardan ibarət
olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq
idisə, digər tərəfdən ümumiyyətlə
Xocalını yer üzündən birdəfəlik silmək
olmuşdur. Çünki Xocalı elə bir
yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim
dövrlərindən müasir dövrə qədər tarix və
mədəniyyət ənənələrini özündə
əks etdirirdi. Xocalı əhalinin tarixən məskunlaşdığı
yerdir və qədim tarixi adibələr bu erməni vandalizminə
qədər qalmaqda idi. Lakin erməni işğalından sonra
bütün maddi mədəniyyət abidələrinin məhv
edilməsi və dünyanın ən qədim məzarlıqlarından
sayılan Xocalı qəbiristanlığının texnika
vasitəsiylə darmadağın edilməsi erməni
vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə
qarşı zorakılıq aktıdır.
1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan silahlı qüvvələri
SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində
yerləşən 366-cı motoatıcı alayın zirehli
texnikası və hərbi heyətinin köməkliyi ilə
Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl,
fevralın 25-i axşam şəhər toplardan və
ağır artilleriyadan şiddətli atəşə tutuldu.
Mühasirəyə alınan şəhərdə
qalmış təqribən 3 minə yaxın insan Ağdam
rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri
tərk etdi. Amma bir günün içində yer üzündən
silinən şəhəri tərk edən 3000 Xocalı
sakinindən 613-ü düşmən gülləsinə
tuş gəlib qətliamın qurbanı oldu. Bu
soyqırım nəticəsində 63-ü uşaq, 106-sı
qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər
Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv
edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirdi. Düşmən gülləsinə tuş gəlib
yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275
xocalılı əsir, 150 xocalılı itkin
düşdü. Bütün bunlar erməni hərbçiləri
tərəfindən xüsusi amansızlıqla və
ağlasığmaz vəhşiliklə həyata
keçirilmişdir.
Ermənilər sağ
qalmış, hətta öldürülmüş insanlar
üzərində tamamilə təhqiredici hərəkətlər
həyata keçirmişdilər. Onların başının
dərisini soymuş, başlarını və bədəninin
digər orqanlarını kəsmiş, uşaqların
gözlərini çıxarmış, hamilə
qadınların qarnını yarmışdılar. Hücum
zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45
kalibrli patronlardan və kimyəvi silahlardan istifadə
edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə
konvesiyasının protokollarını pozaraq, müharibə
qanunlarına zidd olaraq dinc sakinlərə qarşı həyata
keçirilən soyqırım olduğunu təsdiqləyir.
Xocalı
soyqırımının xüsusi amansızlıqla törədilməsi
rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər
ölkələrin vətəndaşı olan jurnalist və
publisistləri dəhşətə gətirmişdir. Xarici mətbuatda
bu dəhşətli soyqırım aşağıdakı
kimi əks olunmuşdur.
Sandey Tayms, 1 mart 1992
ERMƏNİ ƏSGƏRLƏRİ YÜZLƏRLƏ
QAÇQIN AİLƏNİ QIRIR
Tomas QOLTS, Ağdam, Azərbaycan
Sağ qalanların
sözlərinə görə, erməni əsgərləri
450-dən çox azərbaycanlıya atəş açmış
və süngüdən keçirmişlər. Onların
çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə
də minlərlə insan itkin düşmüş və
ölmüşdür. İşğalçılar qadın
və uşaqları müdafiə edən əsgərləri
və könüllüləri öldürmüşlər.
Sonra onlar qorxudan əsən qaçqınlara atəş
açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi
baş verənləri belə təsvir etdi: "Elə əsil
qırğın belə başladı. Ermənilər
dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu,
bıçaq və süngü ilə adamları
dorğamağa başladılar". Bu, sağ qalan
üç əsgərdən biri olan Azər Hacıyevin
dedikləri idi.
Raziyə Aslanova
Ağdama başqa qadınlar və uşaqlarla erməni
meşələrindən keçərək gəlmişdir.
O, ermənilərin dayanmadan atdığını bildirdi, əri
və kürəkəninin gözləri qarşısında
öldürüldüyünü dedi. Qızı isə hələ
də tapılmayıb. Ağdama gələn oğlanlardan biri
qulağını itirmişdi.
Sağ qalanların dediyinə görə daha 2000 adam,
hansılar ki, ayrı qaçmışdı, hələ də
tapılmayıb: bəlkə də onların çoxu soyuqdan
yaxud da aldıqları yaralardan ölüblər. Dünən
gecə Ağdam meyitxanasına 479 meyit gətirildi və qəbiristanlıqda
29 nəfər dəfn olundu. Mənim gördüyüm və
hələ dəfn olunmamış 7 cənazənin 2-si
uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi
aldığı güllə yarasından tamamilə
dağılmışdı. Ağdam xəstəxanası qan
və terror səhnəsinə çevrilmişdi. Həkimlər
bildirdi ki, soyqırımdan qaçan 140 xəstə dərin
güllə yaralarından əziyyət çəkir. Ancaq
onlar Ağdamda da təhlükəsiz deyildilər. Cümə
günü gecə 150 min əhalisi olan şəhərin
üzərinə raketlərdən zərbələr endirildi.
Bir neçə bina dağıdıldı və bir nəfər
öldü.
Tayms, 2 mart 1992
QARABAĞDA CƏNAZƏ TƏPƏLƏRİ
Anatol Liven erməni
qoşunları tərəfindən həyata keçirilən
kütləvi insan qırğını barədə məlumat
toplayan zaman atəşə tutulub. Biz Dağlıq
Qarabağın qarla örtülmüş dağlarından
aşağı düşərkən, səpələnmiş
meyitləri gördük. Görünür, qaçqınlar
qaçarkən onlara atəş açmışdılar. Bu
hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən
çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim
keçdiyimiz həmin dağların müxtəlif hissələrində
onlarla insan cənazələri əks etdirilirdi. Azərbaycanlılar
iddia edirlər ki, keçən həftə ermənilər tərəfindən
işğal olunan Xocalı şəhərindən qaçan
azərbaycanlıların kütləvi qırğını
zamanı ən azı 1000 nəfər
öldürülüb. Daha 4000 nəfər yaralanmış,
donub ölmüş, yaxud itkin düşmüşdür.
Mülki vertolyot dağlara enməli və kütləvi
qırğınların törədildiyi yerlərdən
meyitləri yığmalı idi. Mülki vertolyot 4 meyit
yığdı. Həmin vaxt azərbaycanlı operatorun
çəkdiyi filmdə isə həmin təpələrdə
onlarla meyit göstərilirdi. Ağdama qayıdan zaman mülki
vertolyotun yığdığı cənazələrə
baxdıq. İki nəfər yaşlı kişi və
kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri
və ayaqları donmuşdu.
Vaşinqton-Post, 2 mart 1992
ERMƏNİ BASQINLARI AZƏRİLƏRİN
ÖLÜMÜ VƏ QAÇQIN DÜŞMƏSİ İLƏ
NƏTİCƏLƏNİR
Xocalının 10.000 nəfər
əhalisindən təxminən 1000 nəfəri erməni
ordusunun çərşənbə axşamı həyata
keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan
televiziyası Xocalı ərazisindən cənazələrin
yük maşınları ilə evakuasiyasını göstərmişdir.
Nyu-York Tayms, 3 mart 1992
ERMƏNİLƏRİN TÖRƏTDİYİ
QIRĞIN
Ağdam, Azərbaycan, 2 mart (Röyters) - Azərbaycanın
ermənilərin üstünlük təşkil etdiyi
Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin
mülki vətəndaşlara qarşı törətdiyi
soyqırım haqqında bu gün yeni bir sübut əldə
olunmuşdur. Vertalyotla bölgəyə gedən Azərbaycan
jurnalistləri və rəsmiləri qayıdan zaman özləri
ilə üç uşaq meyiti gətirmişlər.
Onların başlarının arxa hissəsi tamamilə
dağıdılmışdı. Onlar dedi ki, ermənilərin
atəş açması onlara meyitləri yığmağa
imkan vermədi. İnsanların başlarının dərisi
soyulmuşdu.
Tayms, 3 mart 1992
İŞIQLANDIRILMAMIŞ SOYQIRIM Anatol LİVEN
Dağlıq
Qarabağın təpələrində, qadın və
uşaqlar daxil olmaqla, 60-dan çox meyit səpələnmişdi
və bunlar erməni qoşunlarının Azərbaycan
qaçqınlarına qarşı törətdiyi
qırğını təsdiq edir. Yüzlərlə adam
itkin düşüb, təpə və dərələr erməni
qüvvələrinin azərbaycanlı qaçqınlara
qarşı ötən çərşənbə
axşamı törətdiyi soyqırım nəticəsində
öldürülmüş insanların meyitləri ilə
dolu idi. Burada 31 meyit var idi. Ən
azı daha 31 cənazə ötən 5 gün ərzində
Ağdama aparılmışdı. Bu rəqəmlərə
çərşənbə axşamı gecəsi ermənilərin
Azərbaycan şəhəri Xocalını darmadağın
etdikləri zaman qətlə yetirilən dinc əhali daxil
deyil. Həmçinin, tapılmamış
meyitlərin olduğu da istisna olunmur. Soyqırım
zamanı sağ qalan Zahid Cabbarov dedi: "Biz olduğumuz yerdə
200 nəfər öldürüldü". Müxtəlif
istiqamətlərdən gəlmiş qaçqınlar da
gülləbarana tutulduqlarını və yol boyu çoxlu
sayda insanın qətlə yetirildiyini dedilər. Meyitlərin ətrafında əşyalar, paltar və
şəxsi sənədlər var idi. Cənazələr
kəskin şaxtadan donmuşdular, həmçinin,
qırğından sonra təpə və meşələrdə
gizlənmiş insanlar da soyuqdan ölmüşdü. Onların hamısı kasıb geyinmiş adi
adamların cənazələri idi. Bizim
gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər
formada idi, hansılar ki, biri polis, ikisi isə milli
könüllülər idi. Qalanları
mülki şəxslər idi (8 qadın və 3 uşaq).
İki ailə birlikdə
öldürülmüşdü və burada qadınlar əliuşaqlı
idi. Onlardan bir neçəsi başından dəhşətli
yaralar almışdı: balaca bir qızın isə yalnız
üzü salamat qalmışdı. Sağ qalanlar dedi ki, onlar
yerə uzananda, ermənilər dayanmadan onlara atəş
açırdılar.
BBS1 Morninq Nyus, saat 07.37,
çərşənbə axşamı, 3 mart 1992 Canlı
yayımda olan BBS müxbiri xəbər vermişdir ki, o, 100-dən
çox azərbaycanlı kişi, qadın, uşaq, hətta
körpənin çox qısa məsafədən
başlarından güllə ilə vurulduğunu
görüb.
Röytersin
fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların
meyitləri ilə dolu iki yük maşını
görmüşdür. "Birinci dəfə
35 meyit saydım və məncə, ikinci maşında da bir o
qədər meyit var idi. Onların bəzilərinin
başı kəsilmiş, çoxları
yandırılmışdı. Onların
hamısı kişi idi və bir neçəsi hərbi forma
geymişdi". Çöldə isə
yüzlərlə insan müsəlman duaları oxuyurdular.
Onların bəziləri huşlarını itirərək
öldürülmüş qohumlarının (hansılar ki,
bir neçə dəqiqə bundan əvvəl gətirilmişdi)
yanına yıxılırdılar. Qarlı
təpələrə səpələnmiş onlarla insan
meyitini əks etdirən dəhşətli film sağ
qalmış qaçqınların, qadın və uşaqlara
qarşı törədilmiş soyqırım haqqında
söylədiklərini təsdiq edir. Azərbaycan
televiziyası Azərbaycan şəhəri olan Ağdama bir
yük maşını ilə meyit gətirildiyini göstərmişdir.
Onların çoxlarının üzləri
bıçaqla doğranmış, gözləri
çıxarılmışdı. Balaca
bir qızın qolları havaya açılı vəziyyətdə
qalmışdı. O, sanki kömək diləyirdi.
Operator və qərbli jurnalistləri ərazidən
götürən vertolyotun pilotu dedi ki, o, Xocalıda
və Əsgəran dərəsində onlarla meyit
görüb.
Dünyada qəbul
olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri
qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir,
yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr
"Soyqırım cinayətinin xəbərdarlıq edilməsi
və cəzalandırılması" konvensiyasını rəhbər
tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq
Məhkəməsində iddia qaldırmaq üçün
bütün hüquqi əsaslara malikdir. Dünya
bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan
xalqına qarşı deyil, həm də bütün
sivilizasiyalı dünyaya, bəşəriyyətə
qarşı yönəldilmişdir. Seyran Ohanyan, Serj
Sarkisyan, eləcə də, Robert Köçəryan və
digərləri baş vermiş soyqırımın
günahkarları kimi beynəlxalq məhkəmə
qarşısında cavab verməlidir.
Tarixin bu səhifəsində
beynəlxalq hüququn ümumtanınmış normaları ilə
qorunan insan hüquq və azadlıqları kobudcasına
pozulmuşdur.
Ermənilərin Xocalıda azərbaycanlılara
qarşı törətdikləri vəhşiliklər
birbaşa olaraq beynəlxalq hüquqa ziddir. Törədilmiş erməni barbarlığına,
vandalizminə, soyqırımına görə Azərbaycan
Respublikası Milli Məclisi fevralın 26-nı "Xocalı
Soyqırımı Günü" elan etmişdir.
Ulu Öndər Heydər Əliyev
25 fevral 1997-ci ildə hər il fevral
ayının 26-sı saat 17.00-da Azərbaycan
Respublikasının ərazisində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti
olaraq sükut dəqiqəsi elan edilməsi ilə
bağlı Fərman imzalamışdır. Həmin tarixdə
mərhum prezidentimiz Heydər Əliyevin Fərmanı ilə
4 nəfərə "Azərbaycanın Milli Qəhrəmanı"
adı, 15 nəfərə "Azərbaycan
Bayrağı" ordeni, 57 nəfərə isə
"İgidliyə görə" medalı verilmişdir.
26 mart 1998-ci
ildə isə dahi lider Heydər Əliyev "Azərbaycanlıların
Soyqırımı Haqqında" Fərman
imzalamışdır. Uzaqgörən siyasətçi - Ulu Öndər
dünya ölkələrinin siyasi xadimləri ilə
bütün görüşlərində Xocalı
soyqırımından, qaçqın və məcburi
köçkün problemindən bəhs etmiş və bununla
bağlı Xocalı Faciəsinin, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında çox böyük işlər
görmüşdür.
Erməni
işğalçılarının törətdikləri bu vəhşiliklər
cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi
təcavüzü dünya ictimaiyyəti tərəfindən
ittiham edilməlidir. Beynəlxalq təşkilatlar,
dünya dövlətlərinin parlamentləri Ermənistan
Respublikasının Azərbaycan torpaqlarında törətdiyi
hərbi cinayətə - Xocalı soyqırımına, əsil
soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət
verməlidirlər.
İ.ƏLİYEV
Səs.- 2010.- 26 fevral.- S. 11-12.