Xocalıda erməni vandalizmi həyata keçirilib
"Səs" qəzeti Prezident Kitabxanası
Xocalı soyqırımının ildönümünə həsr
olunmuş dəyirmi masa və SİA-nın
hazırladığı diskin təqdimatını
keçirdi
(Əvvəli ötən sayımızda)
Dünən Prezident
Kitabxanasında "Səs" qəzetinin təşkilatçılığı
ilə Xocalı soyqırımı ilə bağlı dəyirmi
masa və SİA-nın hazırladığı diskin təqdimatı
keçirilib. Dəyirmi masada Prezident Kitabxanasının
direktoru Mayıl Əhmədov, millət vəkilləri Fəzail
Ağamalı, Jalə Əliyeva, Miri Qəmbərov, Aydın
Həsənov, Mirkazım Kazımov, Yeni Azərbaycan
Partiyasının (YAP) Siyasi Şurasının üzvü
Aydın Hüseynov, Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun Prezidenti Rauf Zeyni, Türkiyə Universitetləri Məzunları
İctimai Birliyinin sədri Çingiz Bayramov, Azad
Respublikaçılar Partiyasının sədri Kamil Seyidov,
YAP Gənclər Birliyinin (GB) sədr müavini Bəxtiyar Əsgərov,
YAP Nərimanov rayon təşkilatı GB-nin sədri Yusif
Babanlı, "Yeni Azərbaycan" qəzetinin baş
redaktoru Hikmət Babaoğlu, "Kaspi" qəzetinin baş
redaktoru Natiq Məmmədli, "Olaylar" qəzetinin baş
redaktoru Yunus Oğuz, "Şərq" qəzetinin baş
redaktoru Akif Aşırlı, "İki sahil" qəzetinin
baş redaktor müavini İsmayıl Hacıyev iştirak
edirdilər.
Dəyirmi masada
çıxış edən Mayıl Əhmədov ermənilərin
zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi
genosid siyasətindən, o cümlədən, bəşəriyyətə və
insanlığa qarşı olan Xocalı
soyqırımının dəhşətlərindən bəhs
etdi. Bildirdi ki, Xocalı faciəsi Xatın, Lidisa, Oradur
soyqırımı qədər dəhşətlidir. Natiq erməni
vandalizminin əsil mahiyyəti barədə dünya birliyinə
yetərincə məlumatların
çatdırılmasının vacibliyini söylədi. Qeyd
etdi ki, istintaq materiallarına, eləcə də, faciənin
şahidlərinin və Ermənistandan əsirlikdən
qayıdan mülkü və hərbi şəxslərin fikirlərinə,
həmçinin, dünya KİV-lərində yer alan
materiallara istinadən demək olar ki, Xocalı qətliamını
kimlər həyata keçirib. O şəxslər Ermənistanın
hakimiyyətində ən yüksək vəzifələrdə
təmsil olunanlardır. Hesab edirəm ki, onlar beynəlxalq məhkəməyə
verilərək, törətdikləri cinayətin cəzasını
almalıdırlar.
XOCALIDA ERMƏNİ VANDALİZMİ HƏYATA
KEÇİRİLİB
Xocalı
soyqırımına həsr olunan sənədli xronikanın
mahiyyətinə toxunan "Səs" qəzetinin baş
redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev
diskin hazırlanmasında məqsədin Xocalı həqiqətlərinə
bir daha nəzər salmaq, onu ictimai fikrin yaddaşında
möhkəmləndirmək olduğunu bildirdi. O, qeyd etdi ki,
1987-ci il fevralın 13-də Xankəndində ermənilərin
ilk separatçı mitinqlərə başlamaları ilə
Azərbaycanın dilbər guşələrinin tədricən
işğal edilməsinin əsası qoyulub. 1987-ci ildən 1992-ci ilə qədər
erməni-rus hərbi birləşmələri tərəfindən
Azərbaycanın onlarla yaşayış məskəni
işğal edilib, insanlar soyqırıma məruz qalıblar:
"1992-ci il fevralın 25-dən 26-sına keçən gecə isə ermənilər Xocalıda
dünyanı dəhşətə gətirən
soyqırımı aktı həyata keçirdi. Ermənilər
Xankəndində yerləşən SSRİ-nin 366-cı
motoatıcı alayının köməyi ilə
Xocalını yerlə yeksan etdi. Ermənilər 613 nəfər
azərbaycanlını vəhşicəsinə qətlə
yetirdilər. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i
isə ahıl adam idi. 8 ailə bütövlükdə qətlə
yetirildi. 487 nəfər yaralandı. Yaralananların 76 nəfəri
uşaq idi. Girov götürülənlərin sayı 1275 nəfər
təşkil edir. 150 nəfərin aqibətindən isə hələ
də xəbər-ətər yoxdur.
PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN
QƏLƏBƏ XƏBƏRİNİ
EŞİTDİYİMİZ GÜN BÜTÜN DƏRDLƏRİMİZİ
UNUTDUĞUMUZ GÜN OLACAQ
Jalə Əliyeva:
- İKT Xocalını
soyqırımı kimi tanıması ilə digər beynəlxalq
təşkilatlara da bir çağırış etmiş
olub. İKT Gənclər Forumunun Sivilizasiyalararası Alyans
üzrə baş koordinatoru Leyla xanım Əliyevanın bu
işdə böyük rolu olub. Onun gördüyü işlər
vətəndaşlıq nümunəsidir. Bu gün Azərbaycanda
müharibəni vəsf edən və onun
ağrı-acılarını üzə çıxaran əsər
yoxdur. Təbii ki, tarixi xronologiya və faktlarla yanaşı,
ideoloji mübarizə də mühüm əhəmiyyət kəsb
edir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev bu yaxınlarda bu məsələlərlə
bağlı geniş məqalə yazıb. Həmin məqalə
KİV-lərdə təqdim olundu, onun ictimai müzakirəsi
təşkil edildi. Bu baxımdan düşünürəm
ki, ideoloji mübarizəni nəzərdə tutan ədəbiyyat
pərakəndə vəziyyətdədir.
Çalışmalıyıq ki, bundan sonra dünya ictimaiyyətinin
nəzərini Xocalı soyqırımına yönəldə
biləcək əsərlər yaradaq. Hətta bununla
bağlı dövlət nəzarətində olan koordinasiya
şurasının yaradılmasını təklif edirəm. Bugünədək
böyük əziyyətlə topladığımız
materiallara ədəbi əsərlər əlavə edilərsə,
bu ümumi işimizin xeyrinə olar. Bu yaxınlarda televiziya
kanallarının birində eşitdim ki, axı biz nə
üçün ancaq qanlı cəsədlər göstərməliyik?
Bəs onda nə üçün erməni 200 ildən bəridir
ki, qondarma soyqırımını tanıtması
yönündə təbliğat işi aparır? Nə
üçün onlar misli görünməmiş vəhşiliklər
törədərək cəfəng iddialarını dünya
birliklərinə diqtə edir? Dənizdən-dənizə
" böyük Ermənistan" xülyası ilə
yaşayır və Avropa onun göstərdiklərindən dəhşətə
gəlmir. Ancaq söhbət azərbaycanlılardan gedərkən
vəziyyət başqa cür istiqamət alır.
Prezident cənab
İlham Əliyev tərəfindən qələbə xəbərini
eşitdiyimiz gün bütün dərdlərimizi
unutduğumuz gün olacaq. Çoxdandır qoxusunu, ətrini
unutduğumuz torpaqlarımızda əkilən buğdaları
görəndə, bişirilən çörəklərin ətrini
duyanda, həqiqətən anlayacağıq ki, bu mübarizənin
bir anlamı var imiş.
YAP XOCALI FACİƏSİNİ BEYNƏLXALQ ALƏMDƏ
TANITDIRMAQ İSTİQAMƏTİNDƏ FƏALİYYƏT
GÖSTƏRİR
Aydın Hüseynov:
- Beynəlxalq aləm
Xocalı soyqırımı haqqında geniş məlumatlandırılır.
2008-ci il mayın 8-dən İslam Konfransı Təşkilatı
Gənclər Forumunun (İKTF) Mədəniyyətlərarası
Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım
Əliyevanın təşəbbüsü ilə təsis
edilən, fəaliyyətinə 2009-cu ilin fevralında start
verilən və hazırda 50-dən artıq ölkədə
yüzlərlə könüllünün iştirakı ilə
uğurla davam etdirilən "Xocalıya Ədalət"
beynəlxalq informasiya və təşviqat kampaniyası bu
işə öz töhfəsini verməkdədir. Bu
kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti
Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq,
qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət
verilməsinə və bu soyqırımın
qurbanlarının xatirəsinin anılmasına nail
olmaqdır. Xatırladaq ki, ötən il yanvarın 31-də
İslam Konfransı Təşkilatına üzv dövlətlərin
Parlament İttifaqının (İKT Pİ) Uqandanın
paytaxtı Kampala şəhərində keçirilən və
51 ölkənin parlament heyətləri
başçılarının iştirak etdiyi VI
sessiyasında forumun təşəbbüsü ilə qətnamə
qəbul edilib. Leyla xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya ədalət"
beynəlxalq kampaniyası çərçivəsində irəli
sürülən qətnamədə Xocalı faciəsinə
"Erməni silahlı qüvvələri tərəfindən
dinc əhalinin kütləvi qətliamı" və
"İnsanlığa qarşı cinayət" kimi qiymət
verilib. Qətnamədə "Xocalıya ədalət"
beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq
səviyyədə tam dəstək verməyə
çağıran bənd də öz əksini tapıb. Qətnamə
beynəlxalq təşkilatlar tərəfindən Xocalı
soyqırımını "İnsanlığa qarşı
cinayət" kimi tanıyan ilk sənəddir. Nəzərə
alsaq ki, həmin Parlament İttifaqı öz sıralarında
dünya parlamentlərinin, demək olar ki, dörddə birini cəmləşdirir
və dünyanın ən böyük parlamentlərarası
beynəlxalq qurumlarındandır, həmin qətnamədə
Xocalı qətliamının beynəlxalq hüququn
normalarına əsasən, insanlığa qarşı cinayət
adlandırılması Xocalı soyqırımının
dünya səviyyəsində tanınmasına, eyni zamanda, bu
cinayəti törədənləri məsuliyyətə cəlb
etmək üçün keyfiyyətcə yeni bir mərhələ
açacaq. Bundan əlavə, ötən ilin dekabrında BMT
çərçivəsində keçirilən konfransda
Xocalı soyqırımı Ruanda, Srebrenitsa, Xolokost kimi
dünya tərəfindən tanınmış
soyqırımları ilə yanaşı, İnsan Haqları
Günündə yada salınıb və bununla əlaqədar
BMT-də konfrans keçirilib.
Xalqımız 1948-ci il
9 dekabr tarixli "Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması"
konvensiyasını rəhbər tutaraq, Ermənistan
Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində
iddia qaldırmaq üçün bütün hüquqi əsaslara
malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan
xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə
qarşı yönəldilib. Bu gün Ermənistanda
mühüm dövlət postları tutanların bir çoxu
baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq
məhkəmə qarşısında cavab verməlidir. Cinayət
cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi
təcavüzü dünya ictimaiyyəti tərəfindən
ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya
dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan
torpaqlarında törətdiyi hərbi cinayətə -
Xocalı soyqırımına əsil soyqırımı hadisəsi
kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra Azərbaycan
hökuməti və parlamenti ermənilərin azərbaycanlılara
qarşı törətdiyi cinayətlər, o cümlədən,
Xocalı soyqırımı haqqında həqiqətləri
beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində
ardıcıl fəaliyyət göstərib. Məhz ulu
öndərimizin təşəbbüsü ilə 1994-cü
ildə Azərbaycan Milli Məclisi Xocalı faciəsini
soyqırımı kimi qiymətləndirib və beynəlxalq
ictimaiyyətə, dünya dövlətlərinə müraciət
qəbul edib. Xocalı faciəsini beynəlxalq aləmdə tanıtdırmaq
istiqamətində Yeni Azərbaycan Partiyası ötən
dövr ərzində genişmiqyaslı fəaliyyət
göstərib. Belə ki, YAP ötən illərdə ATƏT,
AŞ, BMT kimi beynəlxalq qurumlara ünvanladığı
müraciət, məktub və sənədlərdə
dünya ölkələrini soyqırıma münasibət
bildirməyə çağırıb. Xaricdə Azərbaycan
diaspor təşkilatları da soyqırımının
tanınması istiqamətində ardıcıl işlər
görürlər.
XOCALININ QİSASINI ALMALIYIQ
Hikmət Babaoğlu:
- Düşünürəm
ki, Xocalı soyqırımı haqqında
danışmaq hər
bir azərbaycanlı üçün çox çətin olar. Xocalı soyqırımı ermənilər
tərəfindən azərbaycanlılara
qarşı törədilən
vəhşilik aktıdır.
Bu soyqırımı 20-ci əsrdə insan üçün üzqaraldıcı
bir hadisədir. Bəzən özümüzü qınayırıq
ki, soyqırımı
ilə bağlı məlumatları quru çatdırırıq, ona
görə dünya ictimaiyyəti tərəfindən
qəbul olunmur. Ancaq mən hesab edirəm ki, bu məsələdə özümüzə qarşı
ədalətsizik. Xocalı soyqırımının
dünyaya çatdırılması
istiqamətində böyük
işlər görülüb.
Bəzən bunu duymaq, eşitmək istəmirlər.
Bəzən bu faciəni
əks etdirən dəlilləri görüb,
nə yaxşı ki, müsəlman türkünə qarşı
belə bir hadisə baş veribdir deyirlər. Azərbaycanın imdad dilədiyi
beynəlxalq təşkilatlar
və Qərb dövlətlərin bu soyqırımına münasibəti
birmənalı deyil.
Mətbuat işçiləri olaraq çalışırıq
ki, soyqırımının
əsil mahiyyətini dünya birliyinə çatdıraq. Ötən
il İsrailin
keçmiş səfirlərindən
biri redaksiyamızın
qonağı idi. Onunla Xocalı soyqırımı
haqqında söhbətimiz
oldu. Həmin ərəfədə İsrail parlamentində qondarma erməni soyqırımı müzakirəyə
çıxarılmışdı.
O mənə bildirdi ki, narahat olmayın,
bununla bağlı sənəd qəbul olunmayacaq. Türk-erməni münasibətləri haqqında yəhudi xalqı içərisində
formalaşmış fikir
var. 1948-ci ildə BMT-nin
qərarı ilə İsrail dövləti yarandıqdan sonra bir nəfər yəhudi milyarderi ABŞ-dan oraya gəlir.
Ona deyirlər ki, yeni yaradılacaq İsrail dövlətinə
pul xərcləməlisiniz,
bir sıra sənaye obyektləri tikməlisiniz. Həmin vaxt
onun sevdiyi xanımının çəkməsinin
birini oğurlayırlar.
Xanım
bundan şikayətlənməyə
başlayır ki, mən nə edəcəm? Həmin milyarderə
deyirlər ki, bazarda bir çəkməçi
var. Həmin çəkməçi
onun eynisindən tikə bilər. O, gəlib həmin erməni çəkməçini
tapır. Proses nəticəsində o erməninin
yanına tez-tez gedib-gəlir. Beləliklə, erməni qondarma
soyqırımı haqqında
ona danışır.
Bu yəhudi milyarderinə
çox pis təsir edir və bunu kitab
şəklində nəşr
etdirir. Erməni
elə bir çəkmə tikir ki, milyarderin xanımı bunu itən tay
bilmir. Deməli, bir ailənin
timsalında ifadə olunan qondarma soyqırımı, yəhudi
millətində türk-erməni
münasibətlərinə dair dərin fikir formalaşdırdı.
Statistikanın və xronologiyanın
vasitəsilə soyqırımı
haqqında məlumatların
dərc edilməsi insanlarda o qədər də dərin təəssürat oyatmır.
Çox
yaxşı olardı
ki, soyqırımın
ağır nəticələrini
özündə əks
etdirən dünyamiqyaslı
ədəbiyyat nümunəsi
yaradılsın. Bunu etsək
belə, dünyadakı
ikili standartların aradan qalxması üçün daha ciddi çalışmaq lazımdır. Bəli, Xocalını
unutmamalı, yaddan çaxartmamalıyıq. Xocalının qisasını almalıyıq.
Bu qisası gələcək
nəsillərin öhdəsinə
buraxmağa mənəvi
haqqımız yoxdur.
Əminəm ki, Azərbaycan
dövlətinin apardığı
siyasət buna doğru yönəlib.
(Ardı var)
KÜBRA ƏLİYARLI,
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 27 fevral.- S. 8-9.