Xocalı Bakıya gəlir...

 

Azərbaycan ötən əsrin son onilliyində dəhşətli, tarixə qalaq-qalaq yazılmış faciələrlə dolu bir zamanı yaşadı. Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq, şəhid oldular. Ancaq  bu faciənin içində silinməz bir tarix əbədiləşdi. Azərbaycanın müstəqilliyi. Təbii ki, bu müstəqillik məfhumunun təməlinin möhkəmlənməsi yüzlərlə insanın qanı bahasına hasil oldu. Yaşanılan tarixin zaman məsafəsində Xocalı  faciəsi analoqu olmayan vəhşiliyin təzahürü oldu.

Xocalı faciəsi erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti kimi xarakterizə olunur. Hadisənin şahidi olan və eləcə də faciə törədilməmişdən bir gün əvvəlki proseslərin izləyən, Xocalının lap yaxınlığında olan və Xocalıya üz tutub, lakin mühasirədə olan şəhərə daxil ola bilməyən ziyalılardan biri yazıçı-publisist, respublikanın fəxri cərrahı Nurəddin Mirzəyev bu yaşanılan həyat həqiqətləri ilə baş-başa qalmışdır. Bu gün də yaşının ahıl çağında qəhər içində Xocalı faciəsindən, dövrün hakim dairələrinin vəzifə uğrunda çalışanlarından iztirabla danışır:

- Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu  olmayan Xocalı soyqırımını törətməkdə erməni təcavüzkarları məlum məqsəd güdürdülər. Məqsəd Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsil qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Bildiyiniz kimi, cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində insanlar şəhid, şikəst olmuş, dinc sakin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. Bəzilərinin taleyi hələ də məlum deyildir.

 Xocalı soyqırımından 18 il ötür. Bu illər ərzində faciə ilə bağlı sənədlər, dəlilər dünya ictimaiyyətinə təqdim olunur. Bu dəhşətli faciə baş verməzdən əvvəl mən Xocalı ətrafında idim. Hələ 1991-ci ilin yayında bizi Xocalıya göndərdilər. O zaman sakitlik hökm sürürdü. 366-cı alay Əsgəran rayonunda yerləşdirilmişdi. Bütün ermənilər yaşayan rayonlarda müdafiə dəstələri, bölmələr var idi. Biz də onların müşayiəti ilə məntəqələrə gedirdik. Qapı-qapı gəzərək Xocalı əhalisindən yaralı, xəstə olanları müalicə edir, sonra isə Azərbaycanın müxtəlif rayonların xəstəxanalarına göndərirdik. Bu səfərimizi başa vurub qayıtdıq Bakıya. 1992-ci ilin fevral ayında həkim yoldaşlarımla yenidən Ağdam rayonuna ezam edildim. Ağdamla Xocalı arasında məsafə olduqca azdır. Yaralıları Ağdam xəstəxanasında müalicə edirdik. Həmin zaman başıma belə bir əhvalat gəlmişdi. Malıbəylini də artıq o zaman gülləbaran etmişdilər. Malıbəyli kəndindən olan 16 yaşlı oğlan  həmin xəstəxanada yatırdı. Tankdan atılan güllə onu çiyin nahiyyəsinə dəymiş və güllə sol çiynində qalmışdı. Oğlanı əməliyyat stoluna hazırlayırdıq. Bu zaman xəstəxananın baş həkimi bildirdi ki, sizi polis məntəqəsinə çağırırlar. Məntəqəyə gəlib, ikinci mərtəbəyə qalxıb gördük ki, burada iki avtomatlı şəxs dayanıb. İçəri daxil olduq. Üzləri elə bir şəkildə idi ki, hansı millətə mənsub olmalarını müəyyən etmək mümkün olmadı. Amma azərbaycanlı deyildilər. İçəri daxil oldum və özümü təqdim etdim. Rəis mənə bildirdi ki, hazırlaşın, Xocalıdan yaralıları çıxarmaq lazımdır. Əməliyyatda olduğumu bildirsəm də, mənimlə razılaşmayaraq, "burada əmri mən verirəm" dedi. Xocalı yaxınlığında bizə bir palata verdilər. Əsgərandan atılan güllə qəlpələrinin bəziləri bizim binaya dəyirdi. Qəlpələrin bir çoxu nervo-psixoloji xəstəxananın həyətinə, binaların taxtapuşuna düşürdü. Şuşa-Laçın yolunda, Xankəndində yerləşən birləşmələr tərəfindən gediş-gəliş tamamilə dondurulmuşdu. Xocalı və ətraf kəndlərlə əlaqə tamamilə kəsilmişdi. Rusların 366-cı alayı Xocalıda meydan sulayırdı. Cərrahiyə şöbəsində yaralıların sayı günbəgün çoxalırdı. Ətraf kəndlərdə toqquşmalar ara vermirdi. Belə bir söz-söhbət gəzirdi ki, Azərbaycan dəstəsi Əsgərana hücum edib, Xocalını azad edəcəkdir. Biz də onlarla birlikdə Xocalıya daxil olub, döyüş zamanı yaralı olan əhaliyə tibbi yardımımızı göstərəcəyik. Səhərə qədər gözlədik. Nə bir hücum, nə də ki, döyüş oldu. Əməliyyata hazırladığımız həmin oğlana narkoz verərək, gülləni çıxarmağa başladıq. Elə gülləni onun çiyin nahiyyəsindən çıxarmaq istərkən, qapı açıldı və üzü bağlı, silahlanmış iki nəfər içəri daxil oldu. Bakıdan gələn həkimləri soruşdu. Özümü təqdim etdim silahlılar onlarla getməyimi tələb etdilər. Bildirdim ki, axı artıq biz narkoz vermişik və yaralı üzərində əməliyyat aparılır. Qəzəbli şəkildə "ağzını yum, yoxsa gülləni təpənə sıxarıq", deyə hədə-qorxu gəldilər. Oğlan əməliyyat stolunun üstündə qaldı, bizi isə zor gücünə xəstəxanadan kənarlaşdırdılar. Mən onlarla hirsli danışırdım(bir müddət bundan əvvəl onlar bizim şöbə müdirimizi kabinetdə güllələyib öldürmüşdülər). Məni maşına otuzdurdular. İki silahlıdan başqa şəxslər də maşını müşayiət edirdilər. Mənimlə rayona ezam olunmuş iki həkimin ardınca maşın göndərib, onları da gətizdirtdilər. Bizi birbaşa Ağdam aeroportuna apardılar. Şaxtalı - qarlı hava idi. Sual etdim ki, bizi nəyə görə aeroporta gətirmisiniz? Dedilər ki, səni Xocalıya göndərəcəyik, orada yaralılar var. "Onlara bunu insan kimi demək olmazmı ki, yaralılara kömək etmək lazımdır. Stol üstündə qoyduğumuz əməliyyat başa çatdırıb, yola düşərdik" desək də, söz deməyə icazə vermirdilər. Biri tez-tez əlindəki avtomatın titəyini çəkib, hazır vəziyyətdə saxlayırdı. Bir sözlə, ölkədə banditizm hökm sürürdü. Dedim "yaxşı vertolyotunuz hanı, verin biz uçaq". Bildirdilər ki, Gəncədə polkovniklə danışmışıq, indi vertolyot Ağdamın aeroportuna enəcək. Bildirdim ki, bu cür vəziyyətdə sənə rus vertolyotmu verər? Dedi:"Biz artıq həmin vertolyot üçün 40 min manat pul vermişik". Xeyli müddət gözlədik. Soyuq iliyimizə qədər işləmişdi. Xəbər tutdum ki, aeroportun rəisinin kabinetində bir nəfər oturub və orada soba yanır. Üz tutdum oraya. Bildirdilər ki, burada Ayaz Mütəllibovun müşaviri Musa Məmmədov oturur. Salamlaşıb, özümü təqdim etdim. Ona bildirdim ki, başımıza belə bir əhvalat gəlib. Yaralını stolda qoyub gəlmişəm. O, isə mənə dedi ki, "məni Ağdamda girov götürüb, gətirib burada saxlayırlar. Mənə də bildiriblər ki, bura vertolyot gələcək. Telefonla kiminləsə əlaqə saxlamağa icazə vermirlər. Bütün telefon xətlərini kəsiblər". O, mənə bildirdi ki, artıq Xocalı yoxdur, Xocalını alıblar. Bu xəbəri o, mənə fevral ayının 24-də bildirmişdi. Azərbaycanın əsas ərazisi ilə əlaqəsi kəsilmiş, avtomat silah və ov tüfəngi ilə silahlanmış özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən-dırnağa qədər silahlanmış ermənilər şəhəri mühasirəyə almışdılar. Nə isə. Biz vertolyotu çox gözlədik. Gec də olsa, səs eşitdik və bu zaman vertolyotun aeroporta endiyini gördük. Biz vertolyota əyləşdik və Xocalıya uçduq. Gördüm ki, vəziyyət çox gərgindir. Vertolyota doğru atəş açılırdı. Vertolyotu idarə edən məni yanına çağırıb bildirdi ki, "Gəncədən əmr gəlib ki, geri dön. Düşən kimi vertolyotu əlindən alacaqlar". Mən isə orada yaralı olduğunu ona bildirdim. Vertolyot sürən mənə nərdivanla aşağı enməyi təklif etdi. Axı mən idmançı deyiləm ki, nərdivanla vertolyotdan aşağı enim və açılan atəş də buna imkan vermirdi. Yenidən Ağdam aereportuna qayıtdıq. Səs-səmir yox idi. Hava da şaxtalı, qarlı idi. Gəlib gördük ki, orada heç Musa Məmmədov da yoxdur. Bu zaman Ağdam aereportunun bir maşını gəldi və biz sürücüdən bizi Ağdama aparmasını xahiş etdik. Gəldik Ağdam xəstəxanasına, gördük ki, artıq burada da heç kəs yoxdur. Birtəhər Bakıya gəlib çatdıq və bu zaman xəbər gəldi ki, Xocalıda dəhşətli faciə baş verib. Həmin gün ayağı yer tutan, imkanı olan çıxıb meşəyə tərəf üz tutmuşdu. Qatar-qatar, vaqon-vaqon əldən, dildən düşmüş, donmuş, güllələrdən, qəlpələrdən deşik-deşik olmuş insanları xəstəxanaya gətirirdilər. Yaralıları xəstəxanalara daşıyırdılar. Bu, bir faciə idi. Bir ailədən üç qız, iki oğul, ana və ata ayaqları tamamilə donmuş və qaralmış bir vəziyyətdə xəstəxanaya yerləşdirildilər. Onların yeddisinin də don vurmuş ayaqlarının pəncə hissəsindən mən amputasiya etmişəm. Deyim ki, qızın biri dəli olmaq həddinə gəlib çatmışdır. Xəstələr mənə oradakı vəhşiliklərdən danışdılar. Bu cinayət zamanı insanlar xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Meyitlər üzərində təhqiramiz hərəkətlər edilmişdir.

  Gördüklərim və şahidi olduğum hadisələrdən sonra "Dağlıq Qarabağ: həyəcanlı günlər", "Yazıçı və müharibə", "Umudlunun umud gözləyən gözləri", "Ağdərəyə uçuş", "Gözün aydın Bakı, Xocalı Bakıya gəlir" kimi publisistik yazıları qələmə aldım və şahidi olduğum dəhşətləri kağıza köçürdüm.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2010.- 27 fevral.- S. 12.