"Xocalı
harayı" kitabının
təqdimat mərasimi
keçirildi
Fevralın 25-də R.Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət
Muzeyində Dadaş Məmmədovun "Xocalı
harayı" kitabının
təqdimat mərasimi
keçirilmişdir.
Muzeyin direktoru İsrafil İsrafilov, Rəssamlar İttifaqının katibi,
xalq rəssamı Ağəli İbrahimov və başqaları bildirmişlər ki, kitab mərhum rejissor-rəssam Nazim Məmmədovun Xocalı faciəsinin onilliyinə həsr etdiyi əsərləri əhatə
edir. 2002-ci ildə açılmış sərgidə
rəssam ictimaiyyətə
təqdim etdiyi 40-a yaxın rəngkarlıq
və qrafika əsərini Dövlət
İncəsənət Muzeyinə
hədiyyə etmişdir.
N.Məmmədovun mənalı ömür yolundan danışan natiqlər bildirmişlər
ki, Bakıda dünyaya göz açan sənətkar qədim şəhərin
bənzərsiz memarlığını,
Xəzərin qumlu sahillərini özünə
ilk və heyrətamiz gözəllik
qaynağı hesab etmişdir.
Tədbirdə bildirildi ki, rəssamın Xocalı mövzusuna həsr olunmuş yaradıcılığı on
ili əhatə edir. Faciənin baş verdiyi andan ömrünün sonuna qədər Xocalı dəhşətləri
onun üçün sənət yanğısını
ifadə edən əsas mövzuya çevrilmişdir. Rəssam
öz fərdi üslubuna sadiq qalaraq, özünəməxsus
bədii ifadə vasitələri ilə Xocalı faciəsinin ən müxtəlif məqamlarını təsirli
bədii əsərlərə
çevirmişdir.
Tədbirdə çıxış edən N.Məmmədovun oğlu, kitabın müəllifi Dadaş Məmmədov vurğulamışdır
ki, ermənilərin Xocalıda törətdikləri
dəhşətli faciə
daim atasını narahat etmiş və o, əsil
vətənpərvər sənətkar
kimi fırçasının
"dili" ilə
bu dəhşətləri
gələcək nəsillərə
çatdırmağa çalışmışdır.
Nəfis tərtibatlı
"Xocalı harayı"
kitabında N.Məmmədovun
faciə qurbanlarına
həsr etdiyi rəsmlər və onlara müəllif tərəfindən yazılmış
şərhlər yer almışdır.
ZÜMRÜD
Səs.- 2010.- 27 fevral.- S. 13.