Azərbaycan dinamik inkişafa nail olub

 

“2010-cu ildə kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi, subsidiyaların və dotasiyaların verilməsi davam etdiriləcəkdir ”

 

- Ziyad müəllim, 2010-cu ilin dövlət büdcəsinə dəyişiklik edilməsi hansı zərurətdən yarandı?

- İl ərzində dünya və ölkə iqtisadiyyatında baş verən hadisələrin təsiri nəticəsində dövlət büdcəsinə yenidən baxılması zərurətə çevrildi. "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmişdir.

2008-ci ilin ikinci yarısından etibarən bütün dünyanı cənginə almış maliyyə-iqtisadi böhranı 2010-cu ilin ilk 4 ayı ərzində müəyyən qədər səngimişdir. Dünya iqtisadiyyatında artım meyilləri sezilməyə başlanmışdır. Bütün bunların nəticəsidir ki, dünya bazarında neftin orta qiyməti 75,5 ABŞ dolları olmuşdur. Bildiyimiz kimi, Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən neftin qiyməti 45 dollar götürülmüşdü. Bütün bunları nəzərə alaraq, reallıq tələb edir ki, dövlət büdcəsi üzrə qəbul olunmuş proqnoz göstəricilərinə yenidən baxılsın. Dünya bazarında neftin qiymətinə müxtəlif amillər təsir göstərirlər. Mütəxəssislər neftin qiymətinin 65-70 dollar olacağını proqnozlaşdırırlar. Belə proqnozlar bizə də imkan verir ki, dövlət büdcəsində neftin qiymətini 60 dollar götürək. Eyni zamanda, belə bir proqnoz Dövlət Neft Fondu gəlirlərinin 2,7 milyard manat artımı deməkdir. Məhz bunun nəticəsində 2010-cu il dövlət büdcəsinə edilmiş dəyişikliklərdə büdcənin mədaxil hissəsinin 1490,0 milyon manat artırılması nəzərdə tutulmuşdur.

Neftin qiymətinin qalxması təkcə Dövlət Neft Fondunun gəlirlərinin artımı deyil, həm də bir sıra vergi daxilolmaları (hüquqi şəxslərin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, əlavə dəyər vergisi) üzrə çoxalmaya səbəb olacaqdır. Ona görə də, yeni proqnoz göstəricilərində gəlirlərin artımının 1,0 milyard manatı Dövlət Neft Fondunun üzərinə düşürsə, 490,0 milyon manatı isə Vergilər Nazirliyinin xətti ilə təmin olunacaqdır. (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə 320,0 milyon manat mənfəət vergisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə 120,0 milyon manat, 50,0 milyon manat əlavə dəyər vergisi).

-Büdcədəki azalma iqtisadiyyatın inkişafında problemlər yaradacaqmı?

-Xeyr, bu dəyişikliklər dövlət büdcəsinin parametrlərində azalmaya imkan vermir. Əksinə biz 2010-cu ilin dövlət büdcəsinə, yuxarıda qeyd edildiyi kimi, 1,5 milyard manata yaxın vəsait əlavə etmişik.  Qeyd etmək istəyirəm ki, dünya iqtisadiyyatında baş verən çox ağır proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yenə də liderliyini qoruyub saxlamış və böhrana münasibətdə dayanıqlılıq göstərmişdir. 2009-cu ildə ÜDM-in real artım tempi 2008-ci illə müqayisədə 9,3%, onun adambaşına düşən həcmi isə 7,9% artmışdır. Müqayisə üçün onu qeyd etmək olar ki, ÜDM-in artımı Fransada -2,2%, Böyük Britaniyada -4,9%, Almaniyaİtaliyada -5,0%, MDB ölkələrindən Rusiyada -7,9%, bir çox göstəricilərinə görə keçmiş SSRİ respublikaları arasında öndə gedən Estoniyada -14,1%, Ermənistanda -14,4% olmuşdur. Neft ixrac edən ölkələrdə, məsələn, Səudiyyə Ərəbistanında ÜDM artımı cəmi 0,1%, İranda 1,8%, Norveçdə -1,5%, ABŞ-da -2,4%, Venesuelada isə -3,3% olmuşdur. Bütün bunlar reallıqdır və onlarla hesablaşmamaq olmaz. 

Milli Məclisdə 2009-cu il dövlət büdcəsi təsdiq edilərkən, 1 barel neftin qiyməti 70 dollar müəyyən edilmişdi. Amma dünya bazarında neftin qiyməti sürətlə aşağı düşməkdə davam edirdi. Nəticədə 2009-cu ildə neftin orta illik qiyməti 62,1 dollar oldu. Təbii ki, bu ölkənin valyuta ehtiyatlarına, ticarət dövriyyəsinə mənfi təsir etdi. Yəni hər iki amil çox ciddidir və əksər neft ixrac edən ölkələr, eləcə də, başqaları bu mərhələni çox ağır keçirdilər. Bundan əlavə, ölkədən borc öhdəlikləri ilə bağlı xeyli pul vəsaiti çıxdı. Amma cənab Prezidentin bu istiqamətdə gördüyü tədbirlər: qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələrinin reallaşması, sahibkarlığa dövlət dəstəyinin artması iqtisadiyyatın dinamikliyinin pozulmasının qarşısını aldı. Ölkə iqtisadiyyatında büdcənin rolu dünya maliyyə böhranı şəraitində də, bir çox ölkələrdə olduğu kimi, azalmadı, əksinə, çoxaldı. Əhalinin pul gəlirlərinin artması və onun inflyasiyanın artmasından bir neçə dəfə üstün olması təmin edildi (pul gəlirləri 8,0%, inflyasiya 1,5%). Məsələn, 2009-cu ildə dövlət büdcəsinin ÜDM-də xüsusi çəkisi 2008-ci illə müqayisədə 3,1% artaraq, 29,9%-ni təşkil etdi. 2009-cu il üçün nəzərdə tutulmuş əsas strateji məqsədlərə nail olundu. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində 2008-ci illə müqayisədə əhalinin banklardakı əmanətləri 22,7%, yuxarıda qeyd etdiyim kimi pul gəlirləri 8,0%, adambaşına düşən gəlirləri isə 6,7% artmışdır. Bütün bu sadaladıqlarımı eynilə 2010-cu il üçünşamil etmək olar. Reallıq göstərir ki, Azərbaycan iqtisadiyyatı üçün heç bir problem yaranmadan 2010-cu il dövlət büdcəsi üzrə nəzərdə tutduğumuz məqsədlər yerinə yetiriləcəkdir.

-2010-cu il üçün dövlət büdcəsi təsdiq edilən zaman investisiya tutumlu bəzi layihələrin icrasının təxirə salınmasının məqsədəuyğunluğu bildirilirdi. Bu halda, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın tam icrası nə dərəcədə real görünə bilər?

-Burada qeyri-adi bir məsələ yoxdur. Hər bir ölkə nəzərdə tutulmuş investisiya tutumlu layihələri reallaşdırmaq prosesində bir daha təhlillər aparır. İqtisadiyyatda, nəinki daxili, xarici amillərin təsiri nəticəsində gözlənilməz proseslər baş verir. Bəli, dünya iqtisadiyyatında təlatümlü hallar baş verməmişdən əvvəl, bir çox ölkələrdə olduğu kimi, bizdə çoxsaylı layihələrin reallaşması nəzərdə tutulmuşdu. Sonrakı hadisələr hökuməti bu layihələrə yenidən baxmağa vadar etdi, vacib layihələr önə çəkildi. Ona görə , 2010-cu ilin büdcəsində bu amil diqqətlə təhlil edildi. Hətta müəyyən layihələrin o ərəfədə kənara qoyulması şəraitində belə regionlarda dinamik inkişaf davam edirdi. İndi şərait dəyişib. Ona görə kənara qoyulmuş layihələrə yenidən baxılır. Yəni regionların inkişaf proqramı sürətlə davam edir. Elə götürək kənd təsərrüfatını. 

2010-cu ildə kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi, subsidiyaların dotasiyaların verilməsi davam etdiriləcəkdir. Hökumət Prezident İlham Əliyevin göstərişlərini əsas tutaraq, təsərrüfatlara maliyyə-kredit, lizinq xidmətinin yaxşılaşdırılması istiqamətində konkret işlər görəcəkdir. Əlbəttə, aqrar sektora dövlət qayğısı bundan sonra da artırılmalı, ilk növbədə, yerli istehsalın inkişafı üçün mövcud olan imkanlar araşdırılmalı, sahibkarlara mane olan əngəllər aradan qaldırılmalı, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı proqramın yerinə yetirilməsi istiqamətində işlər daha genişləndirilməlidir. Dövlət başçısı hesab edir ki, bu sahəyə dövlət qayğısı daha intensiv şəkil almalı mövcud problemlər öz həllini tapmalıdır.  2009-cu ilin dövlət büdcəsində sahibkarlığın inkişafı ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 74,1 milyon manat vəsait ayrılmış tam istifadə olunmuşdur. Ümumiyyətlə, dövlət büdcəsindən 2002-2009-cu illərdə SKMF- 364,2 milyon manat vəsait ayrılmışdır. Qaytarılmış kredit vəsaitləri faizləri nəzərə almaqla, 2009-cu ilin sonuna SKMF-nin kredit portfelinin həcmi 465,2 milyon manata çatmışdır (cəmi 9450 investisiya layihəsi, o cümlədən, 2009-cu ildə 2101 layihə).

SKMF-ə 2010-cu il dövlət büdcəsində ayrılması nəzərdə tutulan vəsaitlər üzrə gözlənilən icra səviyyəsini, habelə, son 7 ildə müvəkkil kredit təşkilatları tərəfindən SKMF-nin vəsaitindən istifadə olunmuş məbləğləri nəzərə almaqla, 2010-cu ilin sonuna fondun kredit portfelinin təqribən 570,0-580,0 milyon manata çatacağını proqnozlaşdırmaq olar. Bütün bunlar isə, heç şübhəsiz ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın müvəffəqiyyətlə icrası üçün əsasdır.

- Ziyad müəllim, büdcə dəyişikliyinin inflyasiyanın faiz göstəricisinə kimi müsbət ya mənfi təsiri olacaq?

- Hökumət, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, büdcənin formalaşması icrasında iştirak edən digər qurumlar dövlət başçısının tapşırıqlarını əsas tutaraq, dünya maliyyə böhranı şəraitində qlobal dünya iqtisadiyyatında gedən prosesləri diqqətlə izləmiş böhranın ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər görmüşlər. Milli Məclis tərəfindən qəbul olunmuş bir sıra qanunlar, mövcud qanunlara əlavə dəyişikliklər ("Dövlət borcu" haqqında, "Büdcə sistemi" haqqında, "Əmanətlərin sığortalanması" haqqında) səmərəliliyin artmasına öz müsbət təsirini göstərmişdir. Bütün bunlar barədə İqtisadi Siyasət Komitəsinin iclasında ətraflı fikir mübadiləsi aparıldı. 2009-cu ildə dövlət başçısının təşəbbüsü ilə "Mərkəzi Bank haqqında Qanun"a edilən dəyişikliklər, real sektora məqsədli kreditlərin verilməsi mexanizminin təkmilləşdirilməsi, bir sıra böyük müəssisələrin maliyyə dəstəyi almaları, bankın uçot dərəcəsinin mərhələlərlə aşağı endirilməsi, ümumiyyətlə, çevik pul-kredit siyasəti, manatın məzənnəsinin qorunub saxlanılması nəticəsində bank sektorunda sarsıntılar baş vermədi, xarici öhdəliklərlə bağlı heç bir problem yaranmadı. Ümumilikdə, bu tədbirlərlə yanaşı, xərclərin azaldılması son nəticədə inflyasiya təzyiqlərinin azalması ilə düz mütənasibdir.  Məhz həyata keçirilmiş bu tədbirlərin nəticəsində 2009-cu ildə ölkədə inflyasiya tempi (1,5%) neft ixrac edən əsas ölkələr üzrə orta inflyasiya göstəricisindən 3 dəfədən çox aşağı olmuşdur.

Hesab edirəm ki, qanunvericilikdə edilmiş müvafiq dəyişikliklər və hökumətin, Mərkəzi Bankın vaxtında gördüyü qabaqlayıcı tədbirlər nəticəsində bu il də inflyasiyanı aşağı səviyyədə saxlamaq mümkün olacaqdır.

- Ziyad müəllim, yeri gəlmişkən, xüsusi iqtisadi zonaların yaradılması haqqında qanun qəbul edilsə də, bu zonaların yaradılması o qədər də real görünmür. Bunu dünyada hökm sürən maliyyə böhranı ilə əlaqələndirmək olarmı?

- Qətiyyən. Bildiyiniz kimi, xüsusi iqtisadi zonaların yaradılması haqqında müvafiq Prezident fərmanından sonra qanunvericilik bazası təkmilləşdirilmiş və yuxarıda qeyd etdiyiniz qanun qəbul olunmuşdur. Hazırda bu sahədə ciddi iş gedir və kompleks tədbirlər planı hazırlanmaqdadır. Yəqin ki, yaxın zamanlarda tədbirlər planı ilə geniş ictimaiyyət tanış olacaqdır.

- Bazarda balans yaratmaq üçün Rəqabət Məcəlləsinin, nəhayət, qəbuluna ehtiyac olduğunu düşünmürsünüz ki?

- Tamamilə haqlı buyurursunuz. Məlumat üçün bildirmək istəyirəm ki, Rəqabət Məcəlləsi birinci və ikinci oxunuşlardan artıq keçmişdir. Deyilən iradlar üzərində işçi qrupu tərəfindən iş aparılmış və hesab edirəm ki, üçüncü oxunuş üçün bu ilin payız sessiyasında qanun layihəsi Milli Məclisin plenar iclasına çıxarılacaqdır.

 

 

Bəxtiyar MƏMMƏDOV

 

Səs.- 2010.- 1 iyul.- S. 8.