Azərbaycan Ordusu
Cənubi Qafqazda ən güclü
ordudur
Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi
bütövlüyünü tam təmin etməyə
hazırdır
Tarixi təməl üzərində
sürətlə inkişaf edərək regionun ən qüdrətli
silahlı qüvvələrinə çevrilmiş Azərbaycan
Ordusu, bu günlərdə möhtəşəm bir hadisəni
- yaranmasının 92 illik yubileyini təntənə ilə
qeyd etdi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il
tarixli qərarına əsasən, Əlahiddə Azərbaycan
Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü elan
olunub. Respublikada bu gün hər il rəsmi dövlət
bayramı kimi qeyd edilir.
Bugünkü Azərbaycan
Ordusu Azərbaycan Xalq Cümhuriyyəti ordusunun varisidir. 1918-ci
ildə yaranmış Azərbaycan Ordusunun tarixi təcrübəsi
bugünkü silahlı qüvvələrimiz
üçün əsl örnəkdir. Eyni zamanda, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılması müstəqil Azərbaycanın dövlət
quruculuğunun mühüm nailiyyətlərindəndir.
YAP Siyasi
Şurasının üzvü, Milli Məclisin Hərbi Məsələlər
və Təhlükəsizlik Komitəsinin üzvü Aydın
Mirzəzadə: "Azərbaycan Ordusu Azərbaycan
xalqının fəxridir"
- 26 İyun Silahlı
Qüvvələr Günü ərəfəsində Azərbaycan
ordusunda qulluq edənləri, ordu ilə bağlı
olanları və bütün ictimaiyyəti bu gün
münasibətilə təbrik edirəm. Bu, tək peşə
bayramı deyil, həm də ümumxalq bayramdır. Hər
birimizin ordunun güclü, nüfuzlu olmasında kifayət qədər
böyük marağımız var. Bunun üçün
maksimum səy göstərməliyik. Azərbaycan Ordusunun
şanlı tarixi 1918-ci il iyunun 26-da ilk müstəqil dövlətimizin
yarandığı ağır günlərdən
başlayıb. Həmin günlərdə o dövrün
cümhuriyyət rəhbərləri ordu üçün nə
mümkündürsə, onu edə bilmişdilər. Sonradan
böyük tarixi fasilə yarandı. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra
ordumuzun yenidən formalaşdırılması və
qurulması üçün
işlərə başlanıldı. Ancaq faktiki olaraq,
ordu 1993-cü il iyunun 15-də Azərbaycan xalqının
böyük oğlu, ulu öndərimiz
Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən
sonra başlandı.
Bu gün Azərbaycan Ordusunun peşəkar zabitlərini
formalaşdırmaq üçün müvafiq tədris sistemi var. NATO ilə əməkdaşlıqdan
istifadə edərək zabitlərimizin böyük
hissəsi onların kurslarından keçirlər. Müasir silahları işlətmək üçün özümüzün
mütəxəssislərimiz yetişdirilir
və bu təcrübə yeni
nəsillərə ötürülür.
Həmçinin, bu gün
ordumuz beynəlxalq aləmdə özünün yüksək səviyyəsini
göstərməkdədir. Sülhməramlı qüvvələr
tərkibində Kosovoda, İraqda,
hazırda Əfqanıstanda öz səlahiyyətlərinə
yüksək səviyyədə yanaşması, daima koalisiya müttəflərimizin
yüksək qiymətini alıb. Zabitlərimiz müttəfiq ölkələrin
yüksək hərbi mükafatlarına layiq
görülüb. Azərbaycan Ordusu bu gün
Azərbaycan xalqının fəxr yeridir.
Hər bir azərbaycanlı ailəsi ordu ilə sıx bağlıdır. Ya orduda qulluq
edən öz övladı vasitəsilə,
ya da birbaşa
ordu ilə təmasda olması ilə Azərbaycan
Ordusunun keyfiyyət göstəriciləri
bu gün müasir dövrün bütün tələblərinə cavab verir. Azərbaycan Ordusu müasir texnika və hərbi sursatlarla
təmin edilib, onun
yüksək hazırlıqlı şəxsi heyəti var, həmçinin,
ordu daxilində şəxsi-mənəvi atmosfer də kifayət qədər yüksəkdir.
Hər bir əsgər, zabit bu gün
vətənini qoruduğunun fərqindədir
və buna yüksək məsuliyyətlə
yanaşır. Ümumi götürəndə,
Dünya Hərbi Tədqiqatlar Mərkəzinin
verdiyi qiymətə görə Azərbaycan
Ordusu ən yüksək şkalada
öz qiymətini alır.
Milli Məclisin Hərbi
Məsələlər və Təhlükəsizlik Komitəsinin
üzvü Aydın Həsənov:
"Ordumuzun yaradılması prosesi ölkəmizin
müstəqillik tarixində şərəfli bir
gündür"
- Ordu hər bir millətin
güvənc yeri, qürur, ləyaqət rəmzi, şərəfi,
özünütəsdiq imkanıdır.
Ulularımızın "Ordum varsa, yurdum var" aforizmi azərbaycanlı
milli düşüncəsində ordunun nə qədər
ali, müqəddəs ucalıqda dayandığının,
xalqın, dövlətin varlıq və mövcudluq, milli
kimlik meyarına çevrildiyinin parlaq təcəssümüdür.
Tarix boyu qonşu ölkələrlə dinc yanaşı
yaşamağın, sülh və barışın, sabitliyin
tərəfdarı olan Azərbaycan xalqında
özünümüdafiə əzmi, döyüş rəşadəti,
qəsbkarlara qarşı mübarizə ruhu hər zaman
yüksək olub. Müxtəlif zaman və məkanlarda
dövlət qurmaq haqqını təmin etmiş
xalqımız taleyini daim inandığı nizami orduya, cəsur,
mübariz sərkərdələrə, vətənpərvər
döyüşçülərə etibar edib. Ölkə
Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Ali
Baş Komandan cənab İlham Əliyev bütün
çıxışlarında ordunu ölkənin çox
vacib atributu olduğunu bildirir. "Hər bir ölkə
üçün onun ordusu çox vacib bir atributdur, çox
önəmli bir rəmzdir. O cümlədən, Azərbaycan
üçün. Xüsusilə, nəzərə alsaq ki, Azərbaycan,
hələ də, müharibə şəraitində
yaşayır, orduya diqqət daim yüksək səviyyədə
olmalıdır. Bu gün Azərbaycanın Ordusu Cənubi
Qafqazda ən güclü ordudur. Biz bu hərbi
üstünlüyü əldə etmişik və gərək
bunu möhkəmləndirək. Bu üstünlük daha da
böyük olmalıdır və biz buna da nail
olacağıq. Bu münaqişəni həll etmək
üçün, işğala son qoymaq üçün həm
siyasi-diplomatik səylər göstərilməlidir, həm də
düşmən bilməlidir ki, Azərbaycan Ordusu istənilən
vaxtda öz doğma torpaqlarını azad edə bilər və
lazım olan vaxtda bütün gücümüzü səfərbər
edərək, biz buna nail olacağıq. Ordunun bütün məsələləri
müntəzəm qaydada həll edilir. Mən bunu daim diqqət
mərkəzində saxlayıram. Azərbaycan
Respublikasının Prezidenti və Silahlı Qüvvələrin
Ali Baş Komandanı kimi bu, mənim borcumdur" fikrini deyən
dövlət rəhbəri İlham Əliyev orduya həmişə
böyük diqqətlə, böyük qayğı ilə
yanaşacağını vurğulayıb.
Tarix sübuta
yetirmişdir ki, peşəkar ordusu olan xalqın müstəqilliyi
də əbədidir. Əsası ulu öndər tərəfindən
qoyulmuş hərbi quruculuq siyasəti 6 ilə yaxın
müddətdə Onun layiqli davamçısı - Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən
inamla davam etdirilir. Ordu quruculuğuna dair bütün
mühüm tədbirlər ardıcıl surətdə,
dünya təcrübəsi nəzərə alınmaqla həyata
keçirilir. Dövlət başçısı ilk gündən
bəyan etmişdir ki, ordunun möhkəm, qüdrətli
olması üçün dövlətin iqtisadiyyatının
güclü inkişafı vacib şərtdir. Bu reallığa
nəzərən, ölkə rəhbərliyi iqtisadiyyatın
inkişafına adekvat olaraq ordu quruculuğu istiqamətində
qətiyyətli addımlar atır. Təkcə bir faktı
demək lazımdır ki, son 6 ildə respublikanın hərbi
büdcəsi on dəfədən çox artaraq
bütövlükdə işğalçı Ermənistanın
dövlət büdcəsinə çatmışdır. 1,6
mlrd man vəsait ayrılan Azərbaycan Ordusu bu gün regionda
NATO standartları səviyyəsində inkişaf edən
nizami, peşəkar və çevik orduya çevrilmişdir.
Millət vəkili Fazil
Mustafa ordunun daha böyük inkişaf səviyyəsinə gəlməsində
hər bir kəsin yardımçı olmasını
vurğuladı:
- Azərbaycan Ordusu barədə
danışanda hər zaman bir şeyə diqqət etmək
lazımdır. Ordu elə müəssisədir ki, bu tarixi ənənəyə
bağlılığından çox şey
asılıdır. Bugünkü Azərbaycan Ordusunun 100 il
bundan öncə hansısa ənənəyə
bağlılığını təsəvvür etmək
mümkün deyil. Ancaq şəkillərdə
xatırlayıb, ya da kiçik videolentlərdə
görürük ki, 1918-1920-ci illərdə milli hökumət
qurulanda Azərbaycan Ordusu parad keçirib. Bundan başqa, o
dövrün paşası, zabiti zaman məsafəsində
qalmadığına görə, ordumuz daha çox sovet
ordusunun içindən çıxan, onun orta həlqəsində
yetişən zabitlərin üzərində qurulan ordudur. Ona
görə də, bu ordudan qısa müddətdə
böyük performans, struktur tələb etmək, əslində,
ədalətsizlik olardı. Bu illər ərzində olan
struktura daha obyektiv yanaşılsa, daha çox müsbət tərəfləri
qeyd edə bilərik. Birinci növbədə, ordu iki komponentdən
asılıdır: bir cəmiyyətdə təhsilin səviyyəsindən,
bir də iqtisadi vəziyyətdən.
Döyüş
texnikası ilə bağlı onu deyə bilərəm ki,
çox böyük irəliləyiş var, yeni texnikanın
alınması müşahidə olunur. Bu da ölkənin
iqtisadi qabiliyyətinin, qüdrətinin artması ilə
bağlıdır. Açığı mətbuatda ordu ilə
bağlı gedən yazıları da izləyirik. Bunların
bir qismi, açığı, daha çox müxalif
mövqedə olan insanların orduya baxışı deyil. Elə
bir təsəvvür yaranmasın ki, müxalifətdə
olanlar ordunu sevmirlər. Bu, ümumiyyətlə, orduda gedən
proseslərin inkişafının təkamülünü qəbul
etməyən qrupların mətbuata
sızdırdığı informasiyalardır. Elə
informasiya var ki, istintaq tamamlanmayıb, ancaq onun materialı mətbuatda
dərc olunub. Bu, hansısa strukturdan verilirsə, bu, o demək
deyil ki, müxalifət ordunu sevmir? Təbii ki, bu cür niyyətdə
olanlar da ola bilər. Bu baxımdan, həmin tendisiyanı
dayandırmaq lazımdır.
Tapdıq Qurbanlı
Səs.- 2010.- 2 iyul.- S. 3.