Valeri Kərimovun 65 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi
Cəmil Quliyev: "Valeri Kərimov çəkdiyi
filmlərdə Azərbaycanın zəngin təbiətini,
gözəl guşələrini tərənnüm edib,
xalqımızın özünəməxsus xüsusiyyətlərini
qabarıq şəkildə göstərməyə
çalışıb"
Muzey Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Dövlət Film Fondunun təşkilatçılığı
ilə tanınmış operator və kinorejissor, əməkdar
incəsənət xadimi, dövlət mükafatı
laureatı Valeri Kərimovun 65 illiyinə həsr olunmuş
xatirə gecəsi keçirildi. Muzeyin foyesində sənətkarın
həyat və yaradıcılığına həsr
edilmiş fotosərgi açılmışdır.
Tədbiri giriş
sözü ilə əməkdar incəsənət xadimi Cəmil
Quliyev açaraq, bildirdi ki, Valerii Kərimov operator sənəti
baxımından özünəməxsus üslubu ilə
seçilən sənətkarlarımızdan biri olmuşdur.
O, peşəkar kinooperator kimi 30-a qədər film çəkmişdir.
Valeri Kərimov çəkdiyi filmlərdə Azərbaycanın
zəngin təbiətini, gözəl guşələrini tərənnüm
etmiş, xalqımızın özünəməxsus
xüsusiyyətlərini qabarıq şəkildə göstərməyə
çalışmışdır.
O, iştirakçıların diqqətinə çatdırdı ki, Valeri Kərimov bir neçə il kinostudiyada işıqçı, operator assistenti vəzifələrində işləmiş, ötən əsrin 60-cı illərinin sonunda Moskvaya gedərək, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olmuşdur. Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi "Çarvadarların izi ilə" bədii televiziya filmidir. Elə həmin il operator "Ömrün səhifələri" kinoalmanaxında iki novellanı - "Baladadaşın ilk məhəbbəti" və "Nəğmə dərsi"ni lentə almışdır. Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda ekran əsərləri vardır. Bunlara misal olaraq "Alma almaya bənzər", "Yuxu", "De ki, məni sevirsən", "Qaladan tapılan mücrü", "Arxadan vurulan zərbə", "Qorxma, mən səninləyəm", "Qızıl uçurum", "Yarımçıq qalmış mahnı", "Ailə", "Sizi dünyalar qədər sevirdim", "Bir ailəlik bağ evi", "Ötən ilin son gecəsi", "Sürəyya" və s. filmləri göstərmək olar.
Valeri Kərimov özünü rejissorluq sahəsində də sınamış və "Həmyerli" bədii filminə quruluş vermişdir. Azərbaycanın Kinematoqrafçılar İttifaqının katibi olmuş Valeri Kərimov bu sahədə də səmərəli iş aparmışdır.
Cəmil Quliyev onu da vurğuladı ki, bu gün 65 yaşını qeyd etdiyimiz istedadlı operator və rejissor Valeri Kərimov sənət aləmində öz imzasını qoymuş sənətkarlarımızdandır. Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi A.Quliyev "Sizi dünyalar qədər sevirdim" filmi ilə bağlı demişdir: "Filmin yaradıcıları Belarusda, qarlı çöllərdə, çoxsaylı hərbi texnika ilə mürəkkəb çəkilişlər aparmışlar. Bunlar heç bir kadrda butaforiya kimi görünməmişdir. Döyüş səhnələri Valeri Kərimov tərəfindən yaxşı çəkilmişdir..."
Mərasimdə Rafiq Qəmbərov və Aydın Kazımzadə çıxış edərək, Valeri Kərimovun zəngin yaradıcılıq təcrübəsindən, böyük insani keyfiyyətlərindən də danışaraq, onunla bağlı xatirələrini yada saldılar.
Tədbirdə
mərhum operatorun oğlu
tərəfindən lentə alınmış və Valeri Kərimova həsr olunmuş
sənədli film nümayiş
etdirildi.
Zümrüd
Səs.- 2010.- 2 iyul.- S. 12.