Mətbuatımız yeni inkişaf mərhələsini yaşayır

 

Vüqar Rəhimzadə: Azərbaycanda söz fikir azadlığı ən yüksək səviyyədə təmin olunub

 

- Vüqar müəllim, ölkə Prezidenti İlham Əliyev Milli Mətbuatımızın 135 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sənədi necə qiymətləndirirsiniz?

- Möhtərəm Prezident İlham Əliyevin Milli Mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı ölkədə azad sözə, müstəqil media ənənələrinə diqqət və qayğının növbəti bariz nümunəsidir. Sərəncamda da göstərildiyi kimi, milli mətbuatımızın 135 il ərzində keçdiyi yola, tarixinə, müasirliyinə yeni bir baxış nümunəsi ortaya qoyulub. Bir mətbuat nümayəndəsi kimi bütün bunlara görə, Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Sərəncamdan irəli gələn məsələlərin həllinə yönələn tədbirlərə artıq start verilib. Respublikamızın bir sıra bölgələrində yubiley tədbirləri təşkil olunub. Yevlax şəhərində və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin yurdu Zərdab rayonunda ətraf rayonların nümayəndələrinin iştirakı ilə iki mühüm regional konfrans reallaşdırılıb.

- Qəzetlərə birdəfəlik yardımların edilməsi, jurnalistlərin mükafatlarla, fəxri adlarla təltif olunması hansı formada həyata keçiriləcək?

- Sərəncamda göstərilən bəndlərdən biri də, ondan ibarətdir ki, xüsusi xidmətləri olan mətbuat nümayəndələrinin təltif olunması üçün müvafiq qaydada jurnalist təşkilatları və qəzet redaksiyaları təqdimatla müraciət etməlidir. Bu günə qədər də bir çox jurnalistələrin təltifi və redaksiyalara maliyyə yardımları olunub. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" kimi mühüm bir sənəd təsdiq olunub. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərməkdədir ki, bu da dövlət tərəfindən mətbuata olan qayğıdan xəbər verir. Fondun yaradılması Azərbaycan mətbuat tarixində çox böyük müsbət bir hadisədir. Ötən bir ildə fond bir çox uğurlu işlər reallaşdırıb. Qurumun layihə müsabiqələri redaksiyaların maddi imkanlarının yaxşılaşmasına kömək göstərib. Jurnalistlərin fərdi yazı müsabiqələri isə onların əməyinin stimullaşdırılması, jurnalist peşəkarlığının artırılması və jurnalistlərin sosial həyat şəraitlərinin yaxşılaşdırılması baxımından mühüm səciyyə daşıyır. Bildiyiniz kimi, ötən il Mətbuat Günü ərəfəsində fond tərəfindən ölkənin gündəlik yayımlanan, ictimai fikrə təsir edən 40-dək kütləvi informasiya vasitəsinə birdəfəlik yardımlar göstərilib. Onu da əlavə edək ki, bir müddət öncə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birgə layihə həyata keçirilib ki, bunun nəticəsində də təxminən 9 mövzu üzrə 27 jurnalist müvafiq yerlər üzrə mükafatlara layiq görülüb. Əlavə olaraq 10 jurnalist isə müsabiqə üzrə həvəsləndirici mükafatlarla təltif olunublar. Bütün bunlarla yanaşı, Milli Mətbuat Günü ərəfəsində fondun jurnalistlər arasında elan etdiyi fərdi yazı müsabiqəsinin növbəti qalibləri də elan olunacaq. Artıq jurnalistlər fəal şəkildə müsabiqə mövzularına uyğun yazılarla çıxış edirlər. Bir mətbuat nümayəndəsi kimi, bu işin uğurla davam etdirələcəyinə tam əminəm. Düşünürəm ki, juranalistlər arasında elan olunmuş fərdi yazı müsabiqələri peşəkarlığın artırılmasında böyük rol oynayır. Ardıcıl olaraq həyata keçirilən bu işlər ümumilikdə mətbuatın inkişafına yönəldilmiş siyasətin məntiqi davamıdır.

- Peşə davranış qaydalarını pozan "reket jurnalist"lərin və onların çalışdığı KİV-lərin yubileylə bağlı cəzalarının aradan qaldırlması və hansısa bir formada onlara güzəştlərin edilməsi gözlənilirmi?

- Bildiyiniz kimi, bununla bağlı artıq 103 KİV haqqında Mətbuat Şurasının İdarə Heyətinin müvafiq qərarı var. Onlar peşə qaydalarını pozduqlarına və peşə fəaliyyətləri ilə bir araya sığmayan əməllərinə görə MŞ-nin "qara siyahı"sına salınıblar. Onu da qeyd edim ki, MŞ-nin bu addımı çox uğurludur. Bu, ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Eyni zamanda, həqiqi jurnalistikaya, həqiqi sözə xidmət göstərən mətbuat nümayəndələri tərəfindən də yüksək dəyərləndirilir. Mətbuatımızın daha da saflaşması, daha da sağlamlaşması, neqativ hallardan təmizlənməsi bütövlükdə sosial sifarişdir. Ona görə də, MŞ-nin mövcud istiqamətdəki fəaliyyəti davam etdiriləcək.

Sualınıza gəldikdə isə, onu deyim ki, "qara siyahı"dakı bəzi qəzetlər MŞ-yə fəaliyyətlərində müyyən dönüş yaratdıqlarına dair müraciətlər ünvanlayırlar. Fevral ayından etibarən Şurada yaradılan "apellyasiya qrupu" daxil olan müraciətləri araşdırıb müvafiq rəylər çıxararaq, İdarə Heyətinə təqdim edəcək. Artıq aparılan araşdırmalar müəyyən nəşrlərin öz fəaliyyətlərində müəyyən müsbət dönüşlər etdiklərini söyləməyə əsas verir. Lakin bununla bağlı son qərar İdarə Heyəti tərəfindən veriləcək.

- MŞ-nin təsis etdiyi "Ali Media" mükafatı sahiblərinə çatdırılmadan bəzi mətbu orqanlar bununla bağlı müəyyən ziddiyyətli mövqelər sərgiləyirlər. Mətbuat Şurasının bu cür hallara reaksiyası necə olur?

- MŞ-nin təsis etdyi "Ali Media" mükafatı mətbuat nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Bu, çox vacib bir addımdır ki, MŞ qeyri-dövlət təşkilatı olaraq məlum mükafatın təsis olunmasında zəruri nəticəyə nail olub. Hər bir jurnalist və mətbu orqan isə buna çox hörmətlə yanaşmalıdır. Bəzi qəzetlər, jurnalist təşkilatları da müəyyən mükafatlar təsis edir. Bunların təsir gücü isə olduqca zəif olur. Ammamedia mükafatını təsis etməklə buna təkcə jurnalistlərin deyil, ümumilikdə, cəmiyyətin marağını cəlb etməyi prioritet sayır. Düşünürəm ki, "Ali Media" mükafatı öz həqiqi dəyərini daim qoruyacaq, indi fərqli düşünən insanlar onun mahiyyətini anlayacaqlar.

- "Ali Media" mükafatına layiq görüləcək jurnalistlərin sayı barədə nə deyə bilərsiniz?

- Bununla bağlı artıq MŞ-də müəyyən müzakirələr gedir və Mətbuat Şurası İdarə Heyətinin yekun qərarından sonra mükafatlar öz sahiblərinə çatacaq.

- Vüqar müəllim, "Freedom House" təşkilatı Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı qərəzli hesabat yayıb. Ümumilikdə, bu cür yanaşmaları bir mətbuat nümayəndəsi kimi necə qarşılayırsınız?

- Azərbaycanda sözfikir azadlığı ən yüksək səviyyədə təmin olunub. Ölkəmizdə 4500-ə yaxın mətbuat orqanının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsinin özübunun sübutudur. Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra, hər bir sahəyə olduğu kimi, mətbuata da xüsusi diqqət və qayğı göstərilməyə başlandı. Azərbaycanda bu sahənin inkişafı, müstəqil mətbuatın uğurlu fəaliyyəti, mətbuatın texniki imkanlarının yaxşılaşdırılması, nəşriyyatların müasir avadanlıqlarla təmin edilməsi üçün dövlət səviyyəsində çox mühüm tədbirlər reallaşdırılıb. Söz azadlığının geniş şəkildə təsbit edilməsi üçün 1998-ci ilin avqust ayının 6-da ulu öndərimiz Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərində senzuranın aradan qaldırılması kimi mühüm hadisə baş verib. Həmçinin, 1999-cu ildə "KİV haqqında" Azərbaycan Respublikası Qanununun, digər hüquqi-normativ aktların  qəbulu həyata keçirilib.

2005-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı xüsusi Sərəncamla "Əməkdar jurnalist" adının bərpa olunması və ölkənin aparıcı media nümayəndələrini dövlət ali mükafatları ilə təltif olunması jurnalistikaya, eləcə də, müstəqil mətbuatın inkişafına çox böyük töhfədir. Mütəmadi olaraq, hər il aparıcı qəzet redaksiyalarına maliyyə yardımları edilirbunun miqdarı getdikcə artır. Bir sözlə, dövlətin bu sahə ilə bağlı addımları Azərbaycanda mətbuatın diqqətdə olduğunu təsdiqləyir. Ölkəmizdəki söz və mətbuat azadlığı dünyanın bir çox ölkələri üçün nümunə göstərilə bilər. "Freedom House" təşkilatına gəldikdə, bu qurum həmişə Azərbaycanın uğurlarına qısqanclıqla yanaşır. Ölkəmizdə medianın inkişafını kor olanlar görməyə bilər. Bu gün hər bir insan çox sərbəst şəkildə öz fikirlərini ifadə edə bilirsə, kimliyindən asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir şəxs qəzet təsis edə bilirsə burada uğursuzluqdan yox, uğurdan danışmaq lazımdır.

- ATƏT-in keçmiş mətbuat komissarı Mikloş Haraştinin ənənəvi ampulasından çıxış etməsinin arxasında dayanan maraqlı məqamlar nədən ibarətdir?

- M.Haraşti kimiləri həmişə radikal qrupların fikirlərini əsas götürürlər. Amma onlar  anlamalıdırlar ki, çox yanlış yoldadırlar. Çünki bu gün Azərbaycanda medianın inkişafını görməmək, sadəcə olaraq, mümkün olan bir məsələ deyil. M.Haraşti hələ ATƏT-in mətbuat komissarı vəzifəsində çalışdığı zaman əksər ölkələrdə qəbuledilməz şəxs hesab olunurdu. Çünki bu şəxs xəstə təxəyyülün məhsulu olan ideyalarla, təkliflərlə çıxış edirdi. Əksər hallarda bu cür təkliflər müəyyən maraqlar naminə bəzi dövlətlərin və təşkilatların sifarişi əsasında verilirdi. 2008-ci ilin martın 1-i və 2-də Ermənistanda hakimiyyətin kütləvi qətliamlar həyata keçirdiyi, onlarla jurnalisti həbsə atdırdığı zaman bu dil "qəhrəmanı" susmağa üstünlük vermişdi. Çünki Yerevandakı dostları ona daha rahat həyat yaşamaq üçün bank hesabına vəsaitlər köçürmüşdülər. Ona görə də, gözü onun-bunun əlində olan M.Haraştinin Azərbaycanda söz və mətbuat azadlığının yetərli olmaması ilə bağlı cəfəng fikirlərinə ciddi yanaşmağa dəyməz. 

- Vüqar müəllim, Mətbuat Günü ərəfəsində jurnalsitlərə arzunuz nədir və Azərbaycan mətbuatının perspektivini necə görürsünüz?

- Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ölkəmizdə təntənəli surətdə qeyd olunmaqdadır. Bu böyük və əlamətdar hadisə münasibətilə bütün mətbuat nümayəndələrini, eyni zamanda, Azərbaycan ictimaiyyətini ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər bir jurnalist dövlətimizin  inkişafı və xalqımızın rifahı naminə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin. Hər bir jurnalist öz vicdanına, qələminə söykənərək, haqqın, ədalətin carçısına çevrilməlidir.

 

 

Rəfiqə Kamalqızı,

 

Tapdıq Qurbanlı

 

Səs.- 2010.- 6 iyul.- S. 6.