Mətbuatımızın inkişafı üçün hər cür şərait yaradılıb

 

Bildiyiniz kimi, milli mətbuatın 135 illiyi ilə əlaqədar olaraq, tədbirlər keçirilir. Bu tədbirlərdə redaksiya olaraq siz necə iştirak edirsiniz? Azərbaycan mətbuatının hazırkı durumunu necə qiymətləndirirsiniz? Bu suallarla bağlı qəzet baş redaktorlarına müraciət etdik.

 

Aydın Quliyev,

"Bakı Xəbər" qəzetinin baş redaktoru:

 

- İlk öncə, onu qeyd etmək istəyirəm ki, Mətbuat Şurasının idarə heyətində təmsil olunuramsözsüz ki, bu tədbirlərin qərar verilməsində mən də iştirak etmişəm və mətbuatımızın 135 illiyi ilə əlaqədar olaraq, tədbirlərin həyata keçirilməsində də müəyyən mərhələlərdə yaxından iştirak edirəm. Bir sözlə, hələlik, Mətbuat Şurasının tədbirlər silsiləsində qəzetin baş redaktoru olaraq iştirak edirəm. Lakin sözügedən tədbirlərdə bütün redaksiyanın hansısa formada iştirakı lazım gələrsə, kollektivimizböyük məmnuniyyətlə tədbirlərə qoşulacaq.

  Fikrimcə, illər öncə, mətbuatın vəziyyəti daha çox bədbin əhvali-ruhiyyələrdə olurdusa, hazırda normal səviyyədədir. Bir sözlə, indiki zamanda Azərbaycan mətbuatı inkişafa doğru gedir, jurnalistlərimizin sosial vəziyyəti nisbətən yaxşılaşır və qəzetlərin maddi-texniki bazası əvvəlki illərlə müqayisədə yaxşıdır. 2009-ci ildə Prezidenti yanında Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə mətbuatın inkişafında yeni bir mərhələ başlayıb. Bu mərhələ özünün kəmiyyət və keyfiyyət göstəriciləri ilə əvvəlki mərhələdən müsbət mənada xeyli fərqlənir. Ümumən mətbuatın vəziyyəti ilə əlaqədar bədbin deyiləm.

 

Akif Aşırlı,

"Şərq" qəzetinin baş redaktoru:

 

- Milli mətbuatın 135 illiyi ilə bağlı olaraq, tədbirlər keçirilir. Baxmayaraq ki, özüm Mətbuat Şurasının idarə heyətinin üzvüyəm, hələ ki, heç bir tədbirə dəvət almamışam. Ancaq sözügedən tədbirlərdə yüksək səviyyədə iştirak etməyə hazırlaşırıq. Əgər bununla bağlı hansısa tədbirə dəvət olunacağıqsa, böyük məmnuniyyətlə iştirak edəcəyik.

Bizim 135 illik şərəfli bir tariximiz var. Azərbaycan mətbuatı, xalqımızın mədəni inkişafında, onun fikrinin dövlətçilik istiqamətində formalaşmağında, xalqlar içərəsində öz yerini tapmağında, dövlət quruculuğu prosesində öz fəaliyyətini həmişə təkmilləşdirib xalqa xidmətdə olubdur. Düşünürəm ki, bu gün ölkə mətbuatının inkişafında bəzi problemlər var. Ancaq biz ümid edirik ki, mətbuatda olan problemlər öz həllini tezliklə tapacaq. Ümumiyyətlə, Azərbaycan dövləti daim mətbuatımıza diqqət göstərib onun inkişafında maraqlı olubdur.

 

 

Müəllif: Gülyanə AĞAKƏRİMOVA

 

Səs.- 2010.- 6 iyul.- S. 10.