"Yeddi
gözəl" poeması qırğız dilində
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun və Bakıda fəaliyyət göstərən "Avromed" şirkətinin sifarişi ilə Qırğızıstan paytaxtındakı "Biyiktik" nəşriyyatında dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poeması qırğız dilində çapdan çıxmışdır.
Kitabın baş məsləhətçisi AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, məsləhətçiləri Cavanşir Feyziyev, Nüsrət Məmmədov, Hikmət Məmmədov və Qafar Əliyevdir.
Qırğız dilində ilk dəfə nəşr olunan poemanın tərcüməsi şair Eqemberdi Ermatova məxsusdur. Bu yaxınlarda isə Bişkekdə daha bir Azərbaycan ədibinin - görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin üçcildlik seçilmiş əsərləri qırğız dilində işıq üzü görəcəkdir. Xatırladaq ki, indiyədək Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində "Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi" əsəri, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyevin ulu öndər Heydər Əliyev haqqında rus dilində "Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı" kitabı, Mir Cəlal Paşayevin qırğız dilində "Bir gəncin manifesti" povesti, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə rus və ingilis dilində hazırlanmış "Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar" kitabı və digər əsərlər nəşr olunmuşdur.
Zümrüd
Səs.- 2010.- 3 iyul.- S. 12.