Azərbaycan mətbuatının dünəni və bugünü

 

"Səs" qəzeti milli mətbuatımızın yaranmasının 135 illiyi ilə bağlı dəyirmi masa keçirdi

 

Ənənəvi olaraq, ölkənin ictimai-siyasi və sosial həyatında böyük önəm kəsb edən və ictimai maraq doğuran məsələlər ətrafında "Səs" qəzeti tərəfindən təşkil olunan dəyirmi masalar cəmiyyətdə böyük maraqla izlənilməkdədir. Çünki bu dəyirmi masalarda tarixi, milli-mənəvi dəyərlər, sosial məsələlər, hökumət, dövlət, millət vəkilləri, siyasi, ictimai təşkilat rəhbərləri tərəfindən müzakirə olunur. Azərbaycan Milli Mətbuatının 135 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin vermiş olduğu Sərəncam həm mətbuat işçiləri, həm də ölkə ictimaiyyəti tərəfindən böyük diqqətlə qarşılanır. Məhz bu baxımdan da, "Səs" qəzeti olaraq, milli mətbuatımızın 135 illiyi ərəfəsində keçirilən dəyirmi masanın da mövzusu mətbuatın dünəni, bugünü və gələcək inkişafı ilə bağlı məsələlər ətrafında oldu.

Dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli, "Konstitusiya Araşdırmaları Fondu”nun sədri Əliməmməd Nuriyev, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, "AzərTac"ın baş direktor müavini Dağbəyi İsmayılov, BDU-nun professoru, "Xəzər" TV-nin siyasi icmalçısı Qulu Məhərrəmli iştirak edirdi.

 Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzetinin yaranması ilə Azərbaycan milli mətbuatının əsasının qoyulduğunu bildirdi. Qeyd etdi ki, milli mətbuatımızın yaranması və onun keçmiş olduğu şərəfli və tarixi yol Azərbaycan mətbuatının bu günü və gələcəyi üçün böyük örnəkdir: "İntibah dövrünün əsas atributu sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının milli kimliyini və tarixi dəyərlərini, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynamışdır. Bu baxımdan da, müstəqilliyə qədər olan dövr Azərbaycanda milli mətbuatın adı ilə bağlıdır. Çünki Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirməyə çalışıb.  Ölkəmiz ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu dövrlərin ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşamaqda idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşırdı. Elə bu məqsədlə də ulu öndərimiz Heydər Əliyev tərəfindən dəfələrlə mətbuat işçilərinə müxtəlif yardımların edilməsi, redaksiyaların maddi-texniki bazalarının formalaşdırılması, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurularaq, sonradan ləğv edilməsi, ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının bugünkü inkişafını və gələcək perspektivini təmin etmişdir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına böyük diqqət və qayğı davam etməkdədir. Mətbuatın inkişafı, söz azadlığının təmin edilməsi və qəzet redaksiyalarının texniki təchizatının təmin edilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin birbaşa səyi nəticəsində KİV-lərə birdəfəlik  yardımların edilməsi və ən nəhayətdə, KİV-in İnkişafına  Dövlət Dəstəyi Fondunun yaradılması və Milli Mətbuatın 135 illik yubileyinin qeyd olunması barədə Sərəncamı ölkəmizdə mətbuatın imkanlarını daha da genişləndirmişdir.  Ona görə də, bu gün Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsinə qədəm qoymaqdadır."

 Bəhruz Quliyev dəyirmi masa iştirakçılarına Azərbaycan mətbuatının tarixi, keçmiş olduğu şərəfli yol, bugünü və gələcək perspektivləri barədə müzakirələrin aparılmasının vacibliyini bildirdi. 

 

 

"BU GÜN AZƏRBAYCAN  JURNALİSTİKASI ÇOX CİDDİ İNKİŞAF YOLUNDADIR"

 

Cahangir Məmmədli:

 - İlk növbədə, onu da qeyd edim ki, belə bir tədbirin keçirilməsi Azərbaycan mətbuatına böyük hörmətin tərkib hissəsidir. Əlavə edim ki, bu hörmət Prezident İlham  Əliyevin mətbuatın 135 illik yubileyi ilə bağlı vermiş olduğu Sərəncamdan başlayır elə bu cür tədbirlər də məhz mətbuatımızın yubileyinə töhfə olacaq tədbirlər sırasına aiddir. Çünki mətbuata göstərilən hər bir diqqət ayrı-ayrılıqda jurnalistlərə göstərilən qayğının bir nümunəsidir. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti azad söz, azad mətbuat problemlərini tam mənada həll etməyi qarşıya məqsəd qoyub və əsas prinsip kimi görür. Dövlətimizin iradəsi bu problemin həll olunması üçün də zəruri addımları atmaqdadır. Mətbuatımızın 135 illik tarixi, sözün əsil mənasında, böyük bir tarix hesab olunur. Azərbaycan mətbuat tarixinin formalaşmasının xalqımızın həyatında çox böyük bir önəmi var. Ümumilikdə isə, mətbuat demokratik prinsiplərin əhatə olunmasında ən başlıca vasitədir. Ona görə də, hansı cəmiyyət özünü demokratik görmək istəyirsə, demokratik dəyərlərə yiyələnmək istəyirsə, mətbuatın inkişafına diqqət yetirməlidir. Məhz bu baxımdan da, bu gün ölkəmizdə mətbuata, söz azadlığına böyük diqqət və qayğı göstərilir. Elə bu diqqətdən irəli gələn bir keyfiyyətdir ki, Azərbaycan mətbuatı bu gün yeni jurnalistika deyilən bir aləmə qədəm qoyur. Bu jurnalistika tam mənası ilə göydəndüşmə bir ideya deyil. Yeni jurnalistika, ilk növbədə, 135 ildə keçmiş olduğu tarixi yola və qazanmış olduğu ənənələrə söykənir. Digər tərəfdən isə, dünyanın, beynəlxalq aləmin, Qərb dünyasının qabaqcıl təcrübəsi də burada əsas götürülür. Onu da qeyd edim ki, bir çox hallarda Azərbaycan mətbuatının Qərb standartlarına əsaslandığı bildirilir. Amma Həsən bəy Zərdabinin buraxmış olduğu qəzetin səhifələrində tərəfsizlik, qərəzsizlik və dəqiqlik prinsipinə necə əməl etdiyini söyləmək olar. Məhz həmin materiallara yenidən diqqət salanda açıq şəkildə görmək olur ki, H.Zərdabi özünün ilk qəzeti ilə Azərbaycanın ilk milli qəzeti tərəfsiz, qərəzsiz və dəqiq informasiyanın tərəfdarı olub. Bu amilonun təcrübəsində daha geniş anlamda həyata keçirilib. Ona görə də, belə bir addım böyük bir məktəb rolunu oynamış olub. H.Zərdabinin özündən sonra gələn Azərbaycan mətbuatının nümayəndələri bu məktəbdən bəhrələnib. Bundan sonra isə, Azərbaycanda yeni məktəblər meydana çıxdı. Əgər H.Zərdabi məktəbi bir tipoloji fakt olmuşdursa, onun ətrafında yaranan Azərbaycan jurnalistikasının sonrakı inkişafında mətbuatın çox geniş tipoloji spektri yarandı. Hətta elə bir mühit yetişdi ki, 1906-cı ildə Molla Nəsirəddin kimi, böyük bir satirik jurnal meydana çıxdı. Beləliklə də, Azərbaycan mətbuatında satirik jurnalistikanın da əsası qoyulmuş oldu. Bununla yanaşı, "Fyuzat" ədəbi məktəbi yaradıldı. Ona görə də, tam cəsarətlə demək olar ki, 1900-cü illərdə fəaliyyət göstərən mətbuat orqanlarının böyük əksəriyyəti millətə xidmət edən, milli müstəqilliyə çağırış notları ilə çap edilən bu qəzetlərin hər biri bir məktəb rolundadır. Məhz bu məktəbin davamı və nəticəsi Azərbaycan Xalq Cümhuriyyəti deyilən bir faktı ortaya qoymuş oldu. Bu fakt isə Şərq dünyasında birinci olaraq müstəqil respublikanın yaranmasına gətirib çıxarmış oldu.  Sonrakı dövrlərdə isə sovet dövrü mətbuatı meydana çıxmış oldu. Bunu isə sovet jurnalistikası adlandırırdılar. Məhz belə bir absurdrus jurnalistikasının dəmir senzurası altında 1804-cü ildən 1991-ci ilə qədər davam edən senzuranın altında Azərbaycan mətbuatı fəaliyyətini davam etdirdi. Nəhayət isə, biz mətbuatın dəmir senzura sistemindən tam mənası ilə imtina etdik. 1992-ci ildə qəbul olunmuş KİV haqqında qanun və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası birdəfəlik olaraq senzuranı qadağan etdi. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə birdəfəlik olaraq senzuranın qalıqları tamamilə aradan qaldırıldı. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri haqqında qanun  beynəlxalq aləmdə və Avropa sisteminə söykənərək, tam demokratik prinsiplərə əsaslanır. Bu mənada, Azərbaycan jurnalistikasının qanunvericilik bazası da yarandı və bu bazanın əsasında Azərbaycan jurnalistikası böyük sürətlə inkişaf etməkdədir. Ona görə də, bu gün Azərbaycan  jurnalistikası çox ciddi inkişaf yolundadır. Hazırda Azərbaycanda iqtidaryönlü, müstəqil və müxalifətyönlü mətbuat vasitələri mövcuddur. Ulu öndər Heydər Əliyev də bildirmişdir ki, bir tərəfdə iqtidar, digər tərəfdən müxalifət, ortada isə müstəqil mətbuat mövcuddur.  Hər iki mətbuat yaxınlaşaraq, ortada müstəqil bir mətbuat formalaşmalıdır. Bu gün isə, Azərbaycanda, belə bir sistem mövcuddur. Ona görə də, atılan bütün addımlar Azərbaycanda, yaxın gələcəkdə müstəqil mətbuatın formalaşmasına gətirib çıxaracaq.

 

"Səs" qəzetinin əməkdaşı:

- Müşfiq müəllim, dövlət-cəmiyyət-mətbuat  əlaqələrinin qurulmasında Mətbuat Şurasının rolunu kifayət qədər yetərli hesab etmək olarmı?

 

 

"JURNALİSTİKANIN SPEKTRİNƏ, FƏALİYYƏTİNƏ NƏZƏR SALSAQ, GÖRƏRİK Kİ, BU GÜN MƏTBUATIMIZ YÜKSƏLİŞ ƏRƏFƏSİNDƏDİR"

 

Müşfiq Ələsgərli:

 - Mətbuat Şurası yaranan gündən iradlarla təqlidetmə halları paralel gedir. Səslənən bu iradları təhlil edərkən, belə bir nəticəyə gəlmək olur ki, Mətbuat Şurasından gözləntilər və umacaqlar daha çoxdur. Bu iradların çoxu isə, MŞ-nin səlahiyyətlərinə aid olmayan iradlar üzərində qurulur. MŞ-nin təməl prinsipləri və fəaliyyət istiqamətləri müəyyənləşib. Bu isə, Azərbaycan jurnalistlərinin qurultayında  qəbul edilmiş məsələlərdən irəli gələn prinsipləri özündə ehtiva edir. Bir faktı da qeyd etmək lazımdır ki, MŞ Azərbaycan jurnalistlərinin qurultayında ona verilmiş olan səlahiyyətləri tam şəkildə yerinə yetirir. MŞ bəzən ona aid olmayan məsələlərə də müdaxilə edərək, zəruri qərarların çıxarılmasına nail olur. Amma MŞ-yə qarşı irəli sürülən iradları təhlil edərkən, belə bir nəticəyə gəlmək olur ki, əslində, səslənən iradlar MŞ-dən gözlənilən məsələlərlə bağlıdır. Eyni zamanda, son zamanlar MŞ-nin jurnalistikanın bütün spektrinə, sahələrinə bağlı apardığı fəaliyyətinə nəzər salsaq, görərik ki, bu təşkilat mətbuatın problemlərini həll etmək iqtidarında olan bir qurumdur.

 

 "Səs" qəzetinin əməkdaşı:

- Qulu müəllim, Azərbaycanda jurnalistlər necə yetişdirilir və ümumilikdə, bu sahədə ixtisaslaşma hansı səviyyədədir?

 

 

"AZƏRBAYCAN MƏTBUATININ İNKİŞAFI İLƏ BAĞLI ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ UĞURLAR MÖVCUDDUR"

 

Qulu Məhərrəmli:

- İlk növbədə, belə bir müzakirələrin təşkilinə görə, "Səs" qəzetinin rəhbərliyinə təşəkkürlərimi çatdırıram. Amma bir şeyi qeyd edim ki, biz burada hər şeydən danışsaq da, nəticə etibarilə heç nədən danışmayacağıq. Konkret olaraq, onu qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan mətbuatının inkişafı ilə bağlı nəzərəçarpacaq dərəcədə uğurlar mövcuddur. Bunun bariz nümunəsi olaraq, Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını nümunə göstərmək olar. Yəni 5-10 il əvvələnəzər salsaq, görərik ki, bu gün Azərbaycanda dərc edilən qəzetlərin kağız, mətbəə problemləri mövcud deyil, enerjitexniki təchizat məsələləri də, demək olar ki, həll edilib. Təbii olaraq, qeyd olunmalıdır ki, bu gün Azərbaycan mətbuatının müəyyən mənada, keyfiyyət problemləri mövcuddur. Tarixə nəzər salsaq, "Əkinçi" qəzetindən bir dövr, yəni XX əsrin əvvəllərinə qədər bu qəzetin meydana çıxması intibah ərəfəsi bir impuls kimi qiymətləndirilir. Onu da qeyd edim ki, 1875-ci ilin 22 iyulundan öncə, yəni Həsən bəy Zərdabidən öncə, Mirzə Şəfi Vazehlə Mirzə Fətəli Axundov qəzet çap etdirməyə cəhd göstərsələr də buna nail ola bilmədilər. Çünki o vaxtın senzurası və nəzarəti, qoyulan tələblər çox ciddi problemlər hesab olunurdu. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının yaranması intibahın yaranması demək idi. Bu da 1918-ci ildə istiqlal düşüncəsinin formalaşdırılmasını təmin edilmiş oldu. Sovet dövründə fəaliyyət göstərən mətbuatın da bir sıra üstünlükləri ilə yanaşı, problemləri də mövcud idi. Amma onun əsas üstünlüklərindən biri o idi ki, məhz sovet dövründə Azərbaycanda jurnalist kadrlarının hazırlanmasına başlanıldı. Böyük Vətən müharibəsindən sonra 1946-cı ildə Bakı Dövlət Universitetində filologiya fakültəsi tərkibində jurnalistika şöbəsi yaradılmışdır. Məhz bundan sonra, yəni 1969-cu ildə BDU-da müstəqil jurnalistika fakültəsinin fəaliyyəti başladı. Artıq bundan sonra hər il müəyyən sayda jurnalist kadrlar mətbuat orqanlarına işləməyə göndərilirdi. Yəni bu gün burada əyləşənlərin bir çoxu yaş etibarilə o dövrün kadrları hesab olunur. Ona görə də, bizlər o vaxtkı tədrislə, indiki tədrisi də müqayisə edə bilirik. Bir məsələni də qeyd edim ki, bugünkü şəraitdə bir çox sahələrdə kadrlarla bağlı problemlər hələ də mövcuddur. Yəni yeni jurnalistikanın tələbləri və proses tədrisi qat-qat qabaqlamış olur. Çünki bu gün Azərbaycan jurnalistika təhsilinin bütövlükdə fəlsəfəsinin dəyişməsinə böyük ehtiyac var. Digər bir tərəfdən isə, jurnalistika fakültəsinin intellektual imkanları hesabına bəzi şeyləri həll etmək mümkün olur. Amma bu gün özəl universitetlər də daxil olmaqla, 10-a yaxın ali tədris müəssisəsində jurnalistika fakültəsi fəaliyyət göstərir. Ona görə də, tədrisin fəlsəfəsində dəyişikliyin edilməsi artıq bir zərurətə çevrilir. Çünki dünənə qədər belə bir tendensiya mövcud idi ki, jurnalistika fakültəsini bitirən tələbə nə bilir?! Bu gün isə, bu yanaşma tamamilə dəyişərək, jurnalistika ixtisasına yiyələnmiş kadrın nə bacarması məsələsi öz aktuallığını göstərməkdədir. Yəni jurnalistika ixtisasına yiyələnmiş kadr istənilən bir mətbuat orqanında və yaxud televiziya vasitəsində ona verilən tapşırığı yerinə yetirə bilirmi? Ona görə də, bugünkü jurnalistika daha çox texnologiya ağırlıqlıdır. Məhz bu bacarıqları və vərdişləri də biz jurnalistika fakültəsində təhsil alan tələbələrə öyrətməliyik. Burada da prinsipcə, təhsilin keyfiyyət standartları dəyişilmir. Çünki jurnalistikada fakültəsində təhsil alan tələbə, təbii olaraq, müəyyən dünyagörüş əldə etməlidir. Ona görə də istənilən jurnalist incəsənəti, tarixibir neçə xarici dili bilməlidir. Bunun ardınca isə, yeni bir mərəhələ kimi, ixtisas fənlərini çox gözəl mənimsəməlidir. Eyni zamanda, bu gün jurnalistika fakültəsində ixtisaslaşma məsələsi çox azdır. İkinci bir məqam isə, ondan ibarətdir ki, praktika ilə tədrisin əlaqəsi çox zəifdir. Ona görə də, jurnalistika fakültəsində təhsil alan tələbələri istehsalat təcrübəsinə göndərən zaman onlar böyük çətinliklərlə üzləşirlər, xüsusən də, televiziyalar bu tələbələri istehsalat təcrübəsinə qəbul etmək istəmirlər. Bununla yanaşı, qəbulla bağlı da xüsusi problemlər mövcuddur. Yəni bir abituriyent, hüquqşünas olmaq istəyir, ancaq jurnalistika fakültəsinə qəbul olunur. Amma qəbul sistemində dəyişiklik edilməsi də problemin həllinə kömək etməyəcək. Çünki tələbə qabiliyyət imtahanından keçib, jurnalistika fakültəsinə daxil olursa, bununla da demək olmaz ki, problemin həlli mümkün olacaq. Çünki indiki jurnalist əvvəlki jurnalist kadrlarla müqayisədə özünü fəda etmək baxımından, çox çətin bir situasiyaya düşüb.

 

Bəhruz Quliyev:

- Bu gün universitetlərdən bizim redaksiyaya istehsalat təcrübəsinə gələn tələbələrin əksəriyyəti gələcəkdə jurnalist kimi fəaliyyət göstərməyəcəkləri barəsində fikirlər səsləndirirlər. Amma çox maraqlıdır ki, onlar ömürlərinin bir neçə ilini məhz bu ixtisasa yiyələnmək üçün həsr edirlər. Ona görə də, belə bir anlaşılmaz tendensiya mövcuddur ki, jurnalistika fakültəsində təsadüfən təhsil alan tələbələr gələcək jurnalist kadrlar kimi, yetişə və formalaşa bilməyəcəklər.

 

Dağbəyi İsmayılov:

- İlk növbədə, burada, jurnalistika təhsili ilə bağlı səslənən fikirlərə öz mövqeyimi bildirmək istəyirəm. Çünki bu gün jurnalistika təhsili ilə bağlı hələ də müəyyən problemlər qalmaqdıdır. Bu gün AzərTac-ın özünə də istehsalat təcrübəsinə gələn tələbələrin böyük əksəriyyəti jurnalistika ixtisasına həvəssiz yanaşırlar. Demək olar ki, istehsalata göndərilən və təcrübə vasitəsilə müəyyən prinsipləri öyrənmək tələb olunan 10 tələbədən 7-si jurnalistika ixtisasına sevgi ilə yanaşmır. Bu isə, qəbul zamanı təsadüfi adamların jurnalistika fakültəsinə düşməsi ilə əlaqəlidir.

 

 

(Ardı var)

 

Tapdıq QURBANLI,

 

Rəfiqə KAMALQIZI

 

Səs.- 2010.- 8 iyul.- S. 8-9.