Ekologiyamızı qoruyaq:
hər yeni fikir, hər
yeni ideya bizi uğura daha da
yaxınlaşdırır
XX əsrin ikinci yarısından əhalinin sürətli artımı, elmi-texniki inqilab biosferdə deqradasiya proseslərini gücləndirməkdədir.Təbii mühitin dəyişilməsi isə insanların sağlamlığına, yaşayış tərzinə mənfi təsir göstərir. Nəhəng okeanlar, qitələr meridianlara bölünsə də, ümumi evimiz olan yer kürəsində gedən qlobal iqlim dəyişiklikləri bəşəriyyəti narahat etməyə bilməz. Alimlər sübut etmişlər ki, yer üzünün müxtəlif sahələrindəki atmosferdə gedən proseslər arasında sıx əlaqə mövcuddur. Dünyanın ucqar nöqtəsində baş verən təbii fəlakətin, ekoloji faciənin digər ərazidə mənfi əks-sədası danılmaz bir faktdır. Məhz buna görə ekologiya elmi canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqə haqqında sintetik bioloji təlimdir. Sağlam genefondun qorunması istiqamətində həyat qədər vacib olan bu təlimin dərindən öyrənilib inkişaf etdirilməsində dünya dövlətləri də maraqlıdır. Sənaye tullantıları suyun, torpağın zəhərlənməsi, iqlimin dəyişilməsi, atmosferin qaz tərkibinin pozulması, meşələrin qırılması, yanması qlobal iqlim dəyişikliklərinə səbəb olur. Bu problemlərin həllində dünya alimləri öz səylərini birləşdirməklə ekoloji faciələrin qarşısını almaq mümkündür.
Ekoloji siyasətin həyata keçirilməsi istiqamətində respublikamızda Avropa standartlarına uyğun müvafiq qanunvericilik bazası yaradılmış, beynəlxalq təşkilatlarla əlaqələr genişləndirilir. 2003-cü ildə ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "Ekoloji cəhətdən dayanaqlı soisal-iqtisadi inkişafa dair" Milli Proqram və 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycanda Ekoloji Vəziyyətin Yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" ekoloji siyasətin daha da təkmilləşdirilməsi , onun tətbiq edilməsi üçün imkanlar yaratdı. Ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanaqlı inkişaf" prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının Ekoloji Konvensiyası"nda respublikamızda ətraf mühitin mühafizəsində mövcud olan problemlərin həlli yolları öz əksini tapmışdır.
Ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas məqsəd və vəzifəsi gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi üçün ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə etməklə davamlı inkişafa nail olmaqdır. Respublikamızda sosial-iqtisadi proseslər sürətlə inkişaf etdiyinə görə, ekoloji siyasətdə yeni metod və prinsiplər üzə çıxır.
Bu gün dövlətimiz əhalinin ekoloji təhsilinə, maarifləndirilməsinə xüsusi əhəmiyyət verir. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, təhsil və ətraf mühitin mühafizəsi ilə bağlı qanunlardan, beynəlxalq müqavilələrdən ibarətdir. Bu qanunun təsir dairəsinə ekoloji təhsil prinsiplərini özündə əks etdirən və dövlət təhsil standartlarına uyğun fasiləsiz ekoloji təhsil və maarifləndirmə sistemi daxildir. Orta və ali məktəblərdə bu istiqamətdə məqsədyönlü tədbirlər, maarifləndirmə işləri aparılır. Yeniyetmə və gənclərdə doğma torpağına, təbiətə məhəbbət aşılandıqca tariximizə, mədəniyyətimizə vətəndaş mövqeyindən yanaşma hissi onlarda daha tez formalaşır. Sağlam düşüncəyə malik gənclərdə vətənprvərlik hisslərinin oyanmasında ekoloji siyasətin özünəməxsus rolu var. Ekoloji maarifləndirmə-ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş ekoloji bilik və təcrübənin qarşılıqlı əlaqəsidir.
Əhali arasında ekoloji təbliğatın gücləndirilməsi, orta ümumtəhsil məktəblərində ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı tədris saatlarının artırılması mühüm məsələlərdəndir. Son illər Milli Məclis tərəfindən qəbul olunmuş ətraf mühitlə bağlı bir sıra qanunlar bu sahədə mövcud olan boşluqların doldurulması üçün böyük imkanlar açır. Azərbaycan Respublikası bu günə kimi 20 konvensiyaya qoşulmuşdur.
2003-cü ildən başlayaraq, ənənəvi olaraq hər il Ümummilli Lider Heydər Əliyevin anadan olması münasibəti ilə yaşıllaşdırma aksiyası keçirilir. Bu aksiyada gənclərlə bərabər, millət vəkilləri, ziyalılar aktiv iştirak edirlər. Minlərlə ağac, gül tingləri əkilir. Bildiyiniz kimi, hələ qədimdən ağac əkmək ən müqəddəs iş hesab olunub. Hava, su, torpaq, od ünsürlərinə ulu əcdadlarımız böyük ehtiramla yanaşıblar. Bu gün də təbiətə məhəbbətimiz qədim mədəni-tarixi köklərə bağlıdır. İşğal altında qalan ərazilərimizdə torpaqlarımız öz sahibini gözləyir.
Ekologiya mövzusuna toxunanda işğal altında qalmış ərazilərin vəziyyəti hər birimizi daha çox narahat edir. Dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, basdırılan minalar bu ərazilərin torpaq örtüyünə, bitki aləminə güclü zərər vurmuşdur. Dağ meşələri ucdantutma qırılır, nadir bitki və heyvanların kökü kəsilir. Kənd təsərrüfatına ağır zərbə vurulur. Bu ərazidə müvəqqəti olduğunu bilən ermənilər ərazilərimizin təbii ehtiyatlarından, faydalı qazıntı yataqlarından amansızlıqla istifadə edirlər. Torpaqlarımız tezliklə işğaldan azad edildikdən sonra, ilk növbədə, bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına işğalçı tərəfi hesabına vurulan ziyanın ödənilməsi tələb olunmalıdır.
Ətraf mühitin mühafizəsinə xüsusi önəm verən ölkə Prezidenti cənab İlham Əliyev 2010-cu ili ölkədə "Ekologiya ili" elan edib. Ekologiya ili çərçivəsində respublikanın hər yerində yaşıllaşdırma işləri böyük vüsət almışdır. Ölkə başçısı İlham Əliyev xanımı Mehriban Əliyeva şəxsən yaşıllaşdırılma aksiyasında iştirak edirlər. Prezident öz çıxışlarının birində qeyd etmişdir: "İki yüz ilə yaxındır ki, Abşeron yarımadasında neft hasil olur. Deyə bilərəm ki, ekoloji tədbirlərə o qədər də böyük əhəmiyyət verilməyib. Çünki Sovet İttifaqı zamanında daha çox hasilata üstünlük verilib. Ancaq biz indi neftlə çirklənmiş bütün o mədənləri təmizləməliyik. Artıq işlər başlanıb, Bibiheybətdə böyük işlər görülüb, buruqların ətrafında təmizlik işləri aparılır, parklar salınır. Hər tərəf meşəlik olmalıdır, parklar olmalıdır, gözəl təbiət olmalıdır."
Abşeron yarımadasında neft tullantıları, digər zərərli maddələrlə çirklənmiş torpaqların və göllərin bərpası, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması, dəniz suyunun duzsuzlaşdırılması istiqamətində artıq dövlət səviyyəsində geniş tədbirlər görülməkdədir.
Fərəhli haldır ki, Bakıda aparılan abadlıq işləri ilə bərabər parkların, yeni meydanların salınması şəhərimizdəki yaşıl arxitekturanı daha da gözəgəlimli etmişdir.
Ekologiya ili davam edir. Ekologiya mədəniyyətinə yiyələnmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir. Həqiqətən də, ekologiyamızı qorumaq üçün hər yeni fikir, hər yeni ideya bizi uğura daha da yaxınlaşdırır.
Sevinc Nəzərova
Səs.- 2010.- 8 iyul.- S. 10.