Azərbaycan mətbuatının dünəni və bugünü

 

"Səs" qəzeti milli mətbuatımızın yaranmasının 135 illiyi ilə bağlı dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

Ənənəvi olaraq, ölkənin ictimai-siyasi və sosial həyatında böyük önəm kəsb edən və ictimai maraq doğuran məsələlər ətrafında "Səs" qəzeti tərəfindən təşkil olunan dəyirmi masalar cəmiyyətdə böyük maraqla izlənməkdədir. Çünki bu dəyirmi masalarda tarixi, milli-mənəvi dəyərlər, sosial məsələlər, hökumət, dövlət, millət vəkilləri, siyasi, ictimai təşkilat rəhbərləri tərəfindən müzakirə olunur. Azərbaycan Milli Mətbuatının 135 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin vermiş olduğu Sərəncam həm mətbuat işçiləri, həm də ölkə ictimaiyyəti tərəfindən böyük diqqətlə qarşılanır. Məhz bu baxımdan da, "Səs" qəzeti olaraq, milli mətbuatımızın 135 illiyi ərəfəsində keçirilən dəyirmi masanın da mövzusu mətbuatın dünəni, bugünü və gələcək inkişafı ilə bağlı məsələlər ətrafında oldu.

Dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli, "Konstitusiya” Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, AzərTacın baş direktor müavini Dağbəyi İsmayılov, BDU-nun professoru, "Xəzər" TV-nin siyasi icmalçısı Qulu Məhərrəmli iştirak edirdi.

 Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzetinin yaranması ilə Azərbaycan milli mətbuatının əsasının qoyulduğunu bildirdi. Qeyd etdi ki, milli mətbuatımızın yaranması və onun keçmiş olduğu şərəfli və tarixi yol Azərbaycan mətbuatının bugünü və gələcəyi üçün böyük örnəkdir: "İntibah dövrünün əsas atributu sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının milli kimliyini və tarixi dəyərlərini, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynamışdır. Bu baxımdan da, müstəqilliyə qədər olan dövr Azərbaycanda milli mətbuatın adı ilə bağlıdır. Çünki Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirməyə çalışıb. Məhz ölkəmiz ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu dövrlərin ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşamaqda idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşırdı. Elə bu məqsədlə də ulu öndərimiz Heydər Əliyev tərəfindən dəfələrlə mətbuat işçilərinə müxtəlif yardımların edilməsi, redaksiyaların maddi-texniki bazalarının formalaşdırılması, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurularaq, sonradan ləğv edilməsi ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının bugünkü inkişafının və gələcək perspektivini təmin etmişdir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına böyük diqqət və qayğı davam etməkdədir. Mətbuatın inkişafı, söz azadlığının təmin edilməsi və qəzet redaksiyalarının texniki təchizatının təmin edilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin birbaşa səyi nəticəsində KİV-lərə birdəfəlik  yardımların edilməsi və ən nəhayətdə, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və Milli Mətbuatın 135 illik yubileyinin qeyd olunması barədə Sərəncamı ölkəmizdə mətbuatın imkanlarını daha da genişləndirmişdir.  Ona görə də, bu gün Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsinə qədəm qoymaqdadır."

 Bəhruz Quliyev dəyirmi masa iştirakçılarına Azərbaycan mətbuatının tarixi, keçmiş olduğu şərəfli yol, bugünü və gələcək perspektivləri ətrafında  müzakirələrin aparılmasının vacibliyini bildirdi.

 

QƏLƏMİNƏ HÖRMƏT EDƏN JURNALİST ŞƏXSİ - QƏRƏZLİYƏ, AMBİSİYALARA YOL VERMƏMƏLİDİR

 

Dağbəyi İsmayılov:

- O vaxt Naxçıvan Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirib, kəndimizdə iki il müəllim işlədikdən sonra jurnalistika fakültəsinə daxil olmaq istədim. Lakin gördüm ki, müəllimlik və jurnalistika ixtisası üst-üstə düşmür. Doğrudur, o vaxt müəllim işləsəm də, mətbuata məqalələr yazmağa böyük həvəsim var idi. Müəyyən müddət ərzində bu sahədə işlədim və istədiyim fakültəyə daxil oldum. Bütün bunları deməkdə məqsədim odur ki, jurnalistika fakültəsinə daxil olmaq heçjurnalist peşəsinə nail olmaq deyil. Yaxşı jurnalistin yetişməsi mətbuatımızın inkişafı deməkdir. Bir faktı da xatırlatmaq istərdim ki, biz tələbə olarkən Moskvanın jurnalistika fakültəsinin tələbə və müəllimləri universitetimizdə qonaq oldular. "İzvestiya" qəzetinin müxbiri fakültəmizin müəllimi Şirməmməd Hüseynova belə bir sualla müraciət etdi: "Bu fakültədə oxuyan uşaqlar sizcə, xarici ölkələrdən məlumatlar vermək bacarığına malik olacaqlarmı? Ş.Hüseynov verilən suala çox dəqiq bir cavab verdi: "Onların xaricdən xəbər verməsi vacib deyil. Naxçıvandan mənə xəbər versələr, böyük uğurdur".

Sovet dövrü mətbuatı ilə müstəqil Azərbaycanın müasir dövr mətbuatı arasında fərqli cəhətlər çox böyükdür. Çünki sovet dövründə mətbuat ideoloji bir sistem idi. Yəni müəyyən çərçivələr əhatəsində fəaliyyət göstərirdi. Həmin dövrdə yazının özündə hansısa bir sözyaxud da ifadə işlədirdinsə, həmin dəqiqə onun qarşısı alınırdı. Çünki o vaxt ciddi senzura var idi. Lakin buna baxmayaraq, o dövrün özünün də ayrı bir müsbət xüsusiyyətləri də var idi. Belə ki, hansısa fikri demək istədikdə onu sətiraltı ifadələrlə verirdik. Bu isə bizi çox sevindirirdi ki, əsl mətbuat işçisi sətiraltı ifadənin nə demək olduğunu başa düşəcək. Bu gün isə mətbuatda tamam başqa ab-hava yaranıb. Belə ki, kim nə istəyir onu yazır və istədiyi ifadəni işlədir. Çünki bu günsenzura var, nə də nəzarət. Bu gün gərək hər bir jurnalist özü yazdığı yazıya nəzarət etməlidir. Əsl mətbuat işçisi, qələminə hörmət edən jurnalist şəxsi qərəzliyə, ambisiyalara yol verməməlidir. Bu məsələlərdə redaktorların, təcrübəli jurnalistlərin nəzarəti güclü olmalıdır. Lakin olan yerdə nöqsan da olur. Ancaq bu nöqsanın haradan qaynaqlandığını araşdırmaq lazımdır. Doğrudur, bu gün müasir mətbuatımız güclü inkişaf yolundadır. O vaxt 60-80 dərəcə lenotiv maşınının istiliyi altında hər hansı bir sözü dəyişmək üçün çox ciddi çətinliklərlə üzləşirdik. Bu gün isə hər hansı bir materialı düyməni basmaqla azadlıb və yaxud da artırırsan. Bütün bunlar isə mətbuatımızın sürətli inkişafından xəbər verir.

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TƏHSİL SAHƏSİNƏ GÖSTƏRDİYİ DİQQƏT VƏ QAYĞININ NƏTİCƏLƏRİ GÖZLƏRİMİZ ÖNÜNDƏDİR

 

Cahangir Məmmədli:

- Bu günlərdə Avstriya Universitetinin jurnalistika fakültəsinin rəhbərliyi bizim universitetin jurnalistika fakültəsində qonaq oldu. Həmin görüş zamanı qonağa belə bir sualla müraciət etdim: "Sizin tələbələr universiteti bitirib getdikdən sonra istehsalatda onları necə qarşılayırlar? Cavabı bu oldu ki, həmin tələbələr istehsalatda nəzəriyyəni yaxşı bilirlər, ancaq yazı yazmaqda problemləri böyükdür". Bilirsiniz, bu gün informasiya texnologiyası, elə bil ki, qəzet prosesini, jurnalistikanın özünü qabaqlayıb. Buna görə də, bizim bu problemlərimizin aradan qaldırılması üçün müəyyən yardımlar olunmalıdır. Məsələn, tələbə studiyası çox yüksək səviyyədə olmalıdır. Doğrudur, görüş zamanı qonaqlardan bu məsələyə də açıqlanma verilməsini istədim. Sual etdim ki, üç milyonluq əhalisi olan Avstriyanın dövlət büdcəsindən univerisitetlərə vəsait ayrılırmı? Onlar isə bildirdilər ki, bu büdcənin universitetə heç bir aidiyyətı yoxdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının nəticələri gözlərimiz önündədir. Dövlət rəhbərinin sərəncamına əsasən, universitetin iki il öncə yeni tədris korpusunun tikilməsinə dövlət tərəfindən müəyyən miqdarda maliyyə vəsaiti ayrıldı. Bu gün həmin binanın müasir tələblərə uyğun tikilib, tələbələrə təhvil verilməsi hər kəsin böyük sevincinə səbəb olub. Lakin bütün bunlarla yanaşı, müasir tələbə studiyasının olması vacibdir. Bir məsələni də qeyd etmək istərdim ki, Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan puldan jurnalistika fakültəsinə kömək edilməlidir. Fond bizi jurnalistikadan, qəzetlərdən ayırmamalıdır.

 

JURNALİSTİKA FAKÜLTƏSİNİN İNKİŞAFI İLƏ BAĞLI BÖYÜK LAYİHƏLƏR HAZIRLANIR

 

Qulu Məhərrəmli:

- Bu gün jurnalistika fakültəsinin inkişafı ilə bağlı böyük layihələr hazırlanır. Bu layihələrin həyata keçirilməsi jurnalist peşəsinin inkişafına birbaşa təsir göstərir. Bu gün nəyə görə bizim tədris qəzetimiz yoxdur? Qeyd edim ki, əslində var, ancaq çıxara bilmirik. Bilirsiniz, fakültənin ayrıca informasiya agentliyi, tədris qəzeti, radio studiyası, xəbər otağı olmalıdır. İnanıram ki, bunu universitetin rəhbərliyi və bütün kollektiv istəyir. Arzu edirəm ki, dediklərimiz tezliklə reallaşsın və yüksək jurnalist ixtisasına malik tələbələr yetişdirək.

 

JURNALİSTİKANIN İNKİŞAFI, MÜSTƏQİL QƏZETLƏRİN FORMALAŞMASI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

 

Hikmət Babaoğlu:

- İlk öncə, tədris və təhsillə bağlı məsələyə münasibət bildirmək istərdim. Elmləri nəzəriyyələşdirmək mümkün deyil. Çünki cəmiyyət dinamikelastik olduğu üçün, bu elmlər də cəmiyyətin arxasınca sürünür, onu qabaqlaya bilmir. Görünür, jurnalistikanın da belə bir keyfiyyəti var. Əlbəttə ki, biz sovet prosesində jurnalistikanın klassik nəzəriyyəsini öyrədə və aşılaya bilərik. Amma tədrisdən bir il sonra öyrətdiyimiz o bilik artıq köhnəlmiş olacaqdır. Çünki hər dəfə yeni-yeni komponentlər ortaya çıxır. Hesab edirəm ki, bütün bunlarla barışmalı olacağıq. Heçbiz oturub gözləməməliyik ki, hansısa bir universitet bizə ixtisaslı bir jurnalist göndərəcək. Sözsüz ki, bu problem hələ müəyyən müddət qalacaq. Qaldı ki, ardıcıllıqla deyilən senzuranın ləğv edilməsi, mətbuatda borcların dondurulması, ondan bir az əvvəl Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təmin olunması ilə bağlı xüsusi müddəaların salınması, nazirliyin ləğv edilərək, ictimai təşkilatla - Mətbuat Şurası ilə əvəz edilməsi, ölkə Prezidenti tərəfindən mətbuatın borclarının ləğv olunması, dövlət tərəfindən mətbuata göstərilən diqqət və qayğı - bütün bunlar Azərbaycan mətbuat tarixində özlüyündə müstəqil bir tarixi hadisədir. Bütün bunlar Azərbaycan mətbuatında yeni keyfiyyət dəyişikliklərini təmin edən qərarlardır. Birmənalı şəkildə qeyd etmək olar ki, jurnalistikanın inkişafı, müstəqil qəzetlərin formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranması da Azərbaycan mətbuatına göstərilən diqqət və qayğının davamıdır. Fond getdikcə inkişaf edir və fəaliyyətini genişləndirir. Bu gün Azərbaycanda söz və mətbuat azadlığı təmin edilib. Bəzi hallarda bu anarxik həddə çatır. Senzuradan danışılır, amma senzura başqa adla adlandırılsa, daha yaxşı olardı. Bu ifadəni daxilimizdəki vicdanjurnalist etikası sözləri ilə əvəz edərdim. Jurnalist cəmiyyət qarşısında məsuliyyət hissi daşımalıdır. Hiss edirəm ki, artıq Azərbaycanda bu proses gedir və inanıram ki, qəzetlər qərəzsiz materiallarla çıxış edəcəklər. Digər bir məsələyə də - jurnalistikanın, ümumiyyətlə, mətbuatın cəmiyyətə gətirdiyi bəlalardan danışmaq istəyirəm. Bu gün Azərbaycan mətbuatı ölkə daxilindəki mətbuatın problemlərindən danışır. Ancaq əslində, Azərbaycan mətbuatında, bütövlükdə, hər bir cəmiyyəti təhdid edən informasiyanın çox ciddi təsirlər var. Bu nədən ibarətdir? Bu informasiyalar insanların vental keyfiyyət dəyişikliyinə uğradacaq qədər güclüdür. Bu gün informasiya, mətbuat düşünən insanın hardasa informasiya mexanizminə çevrilir. Yəni düşünən insanın düşüncə qabiliyyətini əlindən alır və həmin insanlar informasiyaların çoxunda müəyyən çıxış əldə edə bilmirlər. Nəticədə, milli-mənəvi dəyərlərdən, etikadan uzaq, hardasa informasiya ilə idarə olunan bir kütlənin yaranmasına gətirib çıxarır. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada baş verən prosesdir. Bildiyimiz kimi, informasiya istehsalı və ötürülməsi 9 böyük məktəb tərəfindən mərkəzləşdirilib. Bunlar informasiyanı həm istismar, həm ideoloji vasitə kimi istifadə edirlər və beləliklə də, özlərinin imperialist siyasətlərini həyata keçirmək üçün istifadə edirlər. Bu, çox təhükəlidir. Bunu bu yaxınlarda M.Haraştinin iştirak etdiyi tədbirdə bir daha gördüm. Həmin informasiya ilə idarə olunan insanlar keçirilən tədbirdə məntiqə söykənməyən, faktlara əsaslanmayan fikirlər ortaya atırdılar. Əslində, bu insanları da iki qrupa bölürəm. Belə ki, bunlardan bir qrupu informasiya imperializminin yaratdığı informasiya ilə idarə olunan insanlar, digər bir qismi isə müəyyən maddi maraqları düşünən insanlardır. Hesab edirəm ki, hər birimiz bu məsələlərdə ayıq olmalıyıq. Çünki mətbuat orqanı, ilk növbədə, maarifləndirmə vasitəsinə çevrilib, sonra isə təbliğat, təşviqat, ideoloji vasitəsi kimi və nəhayət, idarəetmə vasitəsi kimi bu məsələlərdə daha operativ işlər görməlidir. Hesab edirəm ki, milli mətbuatımızın inkişafı obyektiv, qərəzsiz mətbu orqanı kimi inkişaf mərhələsinə keçir.

 

"SƏS" QƏZETİ ƏN AKTUAL MƏSƏLƏLƏRİ MÜZAKİRƏYƏ ÇIXARARKƏN GÖRÜNTÜ YARATMAQ MƏQSƏDİ GÜDMÜR

 

Bəhruz Quliyev:

- Qeyd etmək istərdim ki, "Səs" qəzeti ənənəvi olaraq, ən aktual məsələləri müzakirəyə çıxararkən görüntü yaratmaq məqsədi güdmür. Eyni zamanda, heç bir maddi yardım haqqında da düşünmür. Ölkəmizdə gedən bütün sahələr üzrə uğurlu proseslər və inkişafları əhatə edən mövzularla bağlı respublikamızın regionlarında da belə tədbirləri keçiririk. Məncə, bu dəyirmi masaların keçirilməsinin mətbuatın ictimaiyyət arasında maarifləndirmə işinin aparılması baxımından önəmi çox böyükdür.

 

JURNALİSTİKANIN ÖZÜNƏMƏXSUS STANDARTLARI VAR

 

Müşfiq Ələsgərov:

- Təhsillə bağlı yekunda mən də fikrimi söyləmək istərdim. Müzakirələr zamanı bir çox problemlərə toxunuldu. Xüsusilə, çap mətbuatı məsələsi müzakirə olundu. Doğrudur, çap mətbuatı ilə bağlı ayrı-ayrı qlobal təşkilatlar müxtəlif fikirlər səsləndirərək, bu mətbuatın beş ildən on ilə qədər sıradan çıxacağını bildirirlər. Bu isə jurnalistlərin fəaliyyətində müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Belə bir fikir ortaya çıxır ki, əgər çap mətbuatı on ilə qədər sıradan çıxarsa, o zaman jurnalist ordusunun həyatı necə olacaq? Ortalığa "vətəndaş jurnalistikası" deyilən yeni bir texnoloji model çıxır. İndi gələn informasiyalar telefonya internet vasitəsilə yayılır. Bunun adını "vətəndaş jurnalistika"sı qoymuşuq. Əslində, götürdükdə isə, bu jurnalistika deyil. Jurnalistikanın özünəməxsus standartları var. Mənə elə gəlir ki, qlobal səviyyədə gedən müzakirələrlə Azərbaycan mediasında cərəyan edən prosesləri ümumiləşdirib gündəmə çıxarmalıyıq. Çünki bu məsələ çox ciddi məsələdir.

 

 

(Ardı var)

 

RƏFİQƏ KAMALQIZI,

 

TAPDIQ QURBANLI

 

Səs.- 2010.- 9 iyul.- S. 8-9.