Azərbaycanda Yeni
Azərbaycan Partiyası ilə rəqabət aparmaq
gücünə malik partiya
yoxdur
Nizami Cəfərov: "Radikal müxalifət hər
zaman boş danışıqlarla heç nəyə nail
olmayıb və olmayacaq da"
- Nizami müəllim, seçkiləri ölkənin ictima-siyasi həyatındakı rolunu
necə şərh edərdiniz?
- Azərbaycanın ictimai-siyasi həyatında parlament seçkiləri prezident
seçkilərindən sonra ən mühüm
məsələdir və
demokratikləşən cəmiyyətin
inkişafının göstəricisidir.
İndiyə qədər nə qədər seçki
keçirilibsə, hamısı çox
yüksək səviyyədə başa çatıb. Çox
aydın şəkildə hiss olunur ki, hər seçkidə seçicilərin fəallığı
artır, seçimdə keyfiyyət göstəricisi yüksəlir.
Beləliklə də, Azərbaycanın parlamenti
dünyanın ən müasir parlamentləri
səviyyəsinə qalxır. Bu, Azərbaycanda
gedən iqtisadi, ictimai-siyasi,
mənəvi, mədəni, intellektual
inkişafın nəticəsidir. Beynəlxalq təşkilatlarının,
qeyri-hökumət təşkilatlarının müşahidəçi,
analitik-təhlilçi qismində bu ilin payızında keçiriləcək parlament seçkilərinə cəlb
olunacağı şübhəsizdir.
Qarşıdan gələn parlament
seçkilərində əvvəlki dövrlərin təcrübələri
nəzərə alınacaq və seçkilər çox
yüksək demokratik ab-havada
keçiriləcək. Demokratik prinsiplərin
bərqərar olduğu ölkəmizdə
insanların seçkiyə getməsi, seçim
etməsi, öz seçki
hüquqlarını gerçəkləşdirə bilməsi
üçün hər cür
şərait mövcuddur.
- Azərbaycanda seçki ənənəsi demokratik
mühitin prinsipinə nə dərəcədə
uyğundur?
- Beynəlxalq qurumlar
müxtəlif mərhələlərdə dəfələrlə
Azərbaycanda keçirilən seçkiləri qiymətləndiriblər.
Hər seçkidən-seçkiyə demokratiyanın,
seçkilərin obyektivliyinin
yüksəlməsi qeyd olunub. Azərbaycanda azad şəkildə
keçirilən bələdiyyə, parlament və prezident
seçkiləri demokratiyanın göstəricisi hesab olunub. Yəni hər
seçkilərdən sonra, həmişə bu cəhət
qeyd olunub ki, ölkəmizdə çox yüksək səviyyəli
seçki keçirilir.
- Azərbaycan Seçki Məcəlləsinə
Venesiya Komissiyasının tövsiyələri əsasında
dəyişikliklər edilib. Bu dəyişiklikliyi
necə dəyərləndirirsiniz?
- Seçki Məcəlləsinə
Yeni Azərbaycan Partiyasının təklifi ilə son dəyişikliklər
edilib. Bu dəyişiklik Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsinə
çox ciddi bir töhfə olacaqdır. Azərbaycan
Seçki Məcəlləsində beynəlxalq təcrübə
hər zaman nəzərə alınıbdır. Seçki
kampaniyasının müddətinin azaldılmasını Azərbaycan
cəmiyyəti də, dünyada da qəbul edir.
Çünki vaxtı
uzatmağa ehtiyac da yoxdur. Zaman keçdikcə həm beynəlxalq
təcrübəni, həm də Azərbaycanın
özündə qazanılmış seçki təcrübəsini
nəzərə alaraq edilən bu dəyişikliklər kifayət
qədər müsbət və mütərəqqi dəyişikliklərdir.
Mən tərəfdarıyam ki, seçki kampaniyası
müddəti gələcəkdə bir az da
azadılsın.Bütün dairələrin seçiciləri
seçdikləri millət vəkilinin fəaliyyətini izləməlidir.
Eyni zamanda, düşünməlidirlər ki, onları
hansı millət vəkili daha yaxşı təmsil edəcək.
Seçicilərlə seçilənin münasibəti daimi
olaraq davam etməlidir. Sovet sosialist dövrünü
yaşamış bir millətik. Məlum məsələdir
ki, sovet dövründə
seçkilər çox formal bir şəraitdə
keçib. Demokratiyayla üst-üstə düşməyən
müəyyən prinsiplər var idi. Ulu öndər Heydər
Əliyevin böyük iradəsi sayəsində ölkəmizdə
demokratiya bərqərar olundu. Bütün seçkilər tam
azad, şəffaf, demokratik şəraitdə keçirilməyə
başladı. İnsanlara
seçim azadlığı verildi , sərbəst
seçkilərdə iştirak etmə hüququ qazandılar.
Əvvəllər seçki kampaniyasına çox vaxt ayrılırdısa, indi bu problem
aradan qaldırılır.
- Seçkilərdə özünü doğrulda bilməyən, ictimai dəstəkdən
məhrum olan müxalifət partiyaları indidən parlament
seçkiləri ilə bağlı əsası olmayan
ittihamlar səsləndirirlər. Onların bu cür məntiqsiz mövqeyini necə şərh edərdiniz?
- Müxalifətin
məntiqsiz mövqeyi, bir qayda olaraq, missiya olubdur. İqtidarın gördüyü
hər müsbət işi pisləmək
onların adətidir. Məlumdur ki,
dağıdıcı, aqressiv, radikal müxalifət
hər zaman kənardan boş danışıqlarla heç
nəyə nail olmayıb və
olmayacaqdır. Amma çox
müsbət bir haldır ki,
onlara inananların sayı get-gedə
azalır və demək olar ki, yox səviyyəsindədir.
Çünki Azərbaycanda gedən
prosesləri hər bir vətəndaş görür. Təbiidir ki, get-gedə müxalifətin müxalifətçilik
etməsi cəmiyyətdə maraq doğurmur və müxalifətin miqyası da daralır. Əslində, belə də
olmalıdır. İndidən müəyyən provakasyon xarakterli fikirlər
söyləməyə başlayırlar ki,
guya
seçkilər anti-demokratik
olacaqdır.Onların boş fikirləri seçkilərin uğurla, müvəffəqiyyətlə
keçməsinə heç vaxt mane olmayacaqdır.
- Parlament seçkilərinin azad, demokratik və
yüksək rəqabət şəraitində keçəcəyi
bəlli olsa da, bu seçkilərin liderinin, qalibinin kim
olacağının siz tərəfindən qeyd olunması
maraqlı olardı?
- Əlbəttə,
seçkilərin qalibi YAP
olacaqdır. YAP-ın bütün addımları
xalqın və dövlətin rifahına hesablanıb. Hər
kəs güvəndiyi, inandığı, dəstəklədiyi
insana səs verməlidir. Hər bir Azərbaycan vətəndaşı
qürur hissi yaşayaraq, dövlətin sabahı
üçün öz iradəsini ortaya qoyacaqdır.
Seçicilər inandıqları millət, dövlət
üçün bir vətəndaş məsuliyyəti
yaşayan namizədlərə səs verəcək. Bu gün
kənardan hər hansı bir qüvvənin cəmiyyətin
istəyinə müdaxiləsi mümkün deyil. Azərbaycan
xalqı bugünkü inkişafından çox
razıdır. Yeni Azərbaycan Partiyası bu gün, nəinki
ölkə hüdudları daxilində, eyni zamanda, beynəlxalq
arenada özünə möhkəm və layiqli bir yer
qazanıb. Üçüncü çağırışda
parlamentin, keyfiyyəti, iş qabiliyyəti kifayət qədər
yüksək idi və qarşıdan gələn parlament
seçkilərində də YAP böyük səs
çoxluğu ilə qalib gələcək. Parlamentimiz
müxtəlif tərkib etibarı ilə çox rəngarəngdir.Bütün
sahələri təmsil edən millət vəkilləri var.
Azərbaycan Prezidentinin yürütdüyü siyasəti, bir
qayda olaraq, dəstəkləyirik. Bu gün Azərbaycan cəmiyyəti
inkişafın ən yüksək mərhələsindədir.
Ölkəmizin əldə etmiş olduğu iqtisadi-siyasi
potensial imkan verir ki, istənilən məsələdə ən
yüksək səviyyəli nəticə əldə edilsin.
AYLANA RZAYEVA
Səs.- 2010.- 10 iyul.- S. 6.