Azərbaycan mətbuatının dünəni və bugünü

 

"Səs" qəzeti milli mətbuatımızın yaranmasının 135 illiyi ilə bağlı dəyirmi masa keçirdi

 

(Əvvəli ötən saylarımızda)

 

Ənənəvi olaraq, ölkənin ictimai-siyasi və sosial həyatında böyük önəm kəsb edən və ictimai maraq doğuran məsələlər ətrafında "Səs" qəzeti tərəfindən təşkil olunan dəyirmi masalar cəmiyyətdə böyük maraqla izlənməkdədir. Çünki bu dəyirmi masalarda tarixi, milli-mənəvi dəyərlər, sosial məsələlər, hökumət, dövlət, millət vəkilləri, siyasi, ictimai təşkilat rəhbərləri tərəfindən müzakirə olunur. Azərbaycan Milli Mətbuatının 135 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin vermiş olduğu Sərəncam həm mətbuat işçiləri, həm də ölkə ictimaiyyəti tərəfindən böyük diqqətlə qarşılanır. Məhz bu baxımdan da, "Səs" qəzeti olaraq, milli mətbuatımızın 135 illiyi ərəfəsində keçirilən dəyirmi masanın da mövzusu mətbuatın dünəni, bugünü və gələcək inkişafı ilə bağlı məsələlər ətrafında oldu.

Dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli, "Konstitusiya" Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, AzərTAc-ın baş direktor müavini Dağbəyi İsmayılov, BDU-nun professoru, "Xəzər" TV-nin siyasi icmalçısı Qulu Məhərrəmli iştirak edirdi.

 Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzetinin yaranması ilə Azərbaycan milli mətbuatının əsasının qoyulduğunu bildirdi. Qeyd etdi ki, milli mətbuatımızın yaranması və onun keçmiş olduğu şərəfli tarixi yol Azərbaycan mətbuatının bugünü və gələcəyi üçün böyük örnəkdir: "İntibah dövrünün əsas atributu sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının milli kimliyini və tarixi dəyərlərini, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynamışdır. Bu baxımdan da, müstəqilliyə qədər olan dövr Azərbaycanda milli mətbuatın adı ilə bağlıdır. Çünki Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirməyə çalışıb. Məhz ölkəmiz ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu dövrlərin ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşamaqda idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşırdı. Elə bu məqsədlə də ulu öndərimiz Heydər Əliyev tərəfindən dəfələrlə mətbuat işçilərinə müxtəlif yardımların edilməsi, redaksiyaların maddi-texniki bazalarının formalaşdırılması, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurularaq, sonradan ləğv edilməsi ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının bugünkü inkişafını və gələcək perspektivini təmin etmişdir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına böyük diqqət və qayğı davam etməkdədir. Mətbuatın inkişafı, söz azadlığının təmin edilməsi və qəzet redaksiyalarının texniki təchizatının təmin edilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin birbaşa səyi nəticəsində KİV-lərə birdəfəlik  yardımların edilməsi və ən nəhayət, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və Milli Mətbuatın 135 illik yubileyinin qeyd olunması barədə Sərəncamı ölkəmizdə mətbuatın imkanlarını daha da genişləndirmişdir.  Ona görə də, bu gün Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsinə qədəm qoymaqdadır."

 Bəhruz Quliyev dəyirmi masa iştirakçılarına Azərbaycan mətbuatının tarixi, keçmiş olduğu şərəfli yol, bugünü və gələcək perspektivləri ətrafında  müzakirələrin aparılmasının vacibliyini bildirdi.

 

 

"Səs" qəzetinin əməkdaşı:

- Əliməmməd müəllim, mətbuatın cəmiyyətin müxtəlif təbəqələri ilə əməkdaşlığı qeyd olundu. Sizcə, qarşı tərəf mətbuatla əməkdaşlıqda nə dərəcə də maraqlıdır? Siz vətəndaş cəmiyyəti institutunun təmsilçisi, eyni zamanda, dövlət qurumlarından birinin yanında ictimai komitənin rəhbəri kimi mətbuatla əlaqəni hansı formada qurursunuz?

 

Əliməmməd Nuriyev:

- İlk öncə, bildirim ki, "Medianın problemlərinə dəstək" adlı layihəni həyata keçirmək də, əslində, mətbuatla bağlı səslənən problemin həllinə yönəldilə bilər. İkinci bir tərəfdən isə jurnalistika fakültəsində studiyaların yaradılması faktdır. Əsas məsələ ondan ibarətdir ki, deyilən problemlərin həlli strukturlaşdırmaq prosesindən keçməlidir. Jurnalistikada müəyyən problemlərin  yaranmasının digər səbəbi isə sosial problemlərlə əlaqədardır. Bu gün əsas subyekt kimdir və onu hərəkətə gətirən nədir? Vurğulamaq istərdim ki, əgər jurnalistin sosial problemləri həll olunmursa, sözsüz ki, həmin şəxsin yüksək bir kadr kimi yetişməsi də müəyyən çətinliklər yaradır. Doğrudur, sosial müdafiəsi kifayət qədər təmin olunmayan mətbuat nümayəndəsinin digər problemləri də ortaya çıxıb. Belə ki, kontraktların baş tutmaması, əmək müqaviləsinin bağlanmaması mətbuatda yaranan problemlərin daha da artmasına gətirib çıxarır. Lakin bütün bunlara baxmayaraq, mətbuata dövlətin diqqət və qayğısı artıq neçə illərdir ki, həyata keçirilir. Belə ki, ölkə Prezidentinin sərəncamına əsasən, mətbuat nümayəndələri evlə təmin edilir, dövlət tərəfindən mükafatlandırılır, fəaliyyətləri qiymətləndirilir. Bütünlükdə bu işlər növbəti illərdə mətbuatın daha yüksək səviyyədə inkişafına yeni imkanlar yaradır. Ancaq istərdim ki, jurnalistlər özləri də hardasa ən çox sosial problemlə bağlı, daha dəqiq desək, evlərin tikilməsi ilə bağlı layihə hazırlasınlar və ölkə Prezidentinə müraciət etsinlər. İnanıram ki, dövlət başçısı bu təklifi çox yüksək səviyyədə qəbul edər.

Digər tərəfdən, vətəndaş cəmiyyəti və media əlaqələri ilə bağlı   məsələyə gəldikdə isə, bu sahədə böyük işlər görülür. Belə ki, mətbuatla müxtəlif formada əlaqələr yaradırıq. Həmçinin, vətəndaş cəmiyyətinin media ilə əlaqələri arasında çox ciddi bir tədris mübadiləsi aparırıq. Qaldı ki, jurnalistikanın problemləri məsələsinə, bildirmək istərdim ki, jurnalistikanı tədqiqi ixtisas kimi başa düşürəm. Çünki onun tədris prosesi praktikaya daha yaxın olan ixtisas sahəsidir. Ən vacib məsələlərdən biri də jurnalistikanın, bütövlükdə, medianın inkişafına təsir göstərən faktorları üzə çıxarmaq lazımdır. Bu gün dövlət maksimum dərəcədə bu prosesdə iştirak edir. Hesab edirəm ki, dövlət tərəfindən mətbuata güzəştlərin edilməsi, dəfələrlə mətbuat borclarının silinməsi, fondun yaradılması, yubileylər ərəfəsi mətbuat nümayəndələrinin fəaliyyətlərinin yüksək qiymətləndirilməsi və mükafatlandırılması və s. bu kimi məsələlər ölkə Prezidentinin diqqət və qayğısının nəticəsidir. Bu da başa düşülən bir prosesdir. Çünki mediasız demokratik cəmiyyət mümkün deyil. Ancaq onu da düşünürəm ki, dövləti daha çox yükləmək olmaz. Ona görə də, yaranmış bu demokratik mühitdən faydalanaraq, mətbuat da fəaliyyətini daha da inkişaf etdirmək üçün səylərini genişləndirməlidir. Yəni yuxarıda qeyd etdiyim kimi, mətbuat nümayəndələri uğurlu layihələr və təkliflər irəli sürməklə ortaya çıxan problemlərin həllinə nail ola bilər. Bir faktı da vurğulamaq lazımdır ki, medianın funksiyası bununla bitmir, həmçinin, medianın digər funksiyası həm də ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsinə yönəldilir. Çünki media sosial məsuliyyət məsələsini daha yaxşı hiss edir.

Qaldı ki, "vətəndaş jurnalistikası" məsələsinə, bildirim ki, bu, şərti termindir. Bu termindən ilkin mənbə kimi istifadə etmək olar. Gəlin bir anlığa əvvəlki mətbuatımıza qayıdaq. "Molla Nəsrəddin" jurnalı bir məktəb idi. Bir redaksiya böyük bir məktəbin yaranması demək idi. Ancaq təəccüb doğuran odur ki, bu gün yüzlərlə nəşr olunan qəzet və jurnallarımız bir məktəb kimi fəaliyyət göstərmir. Bilirsiniz, universitetin jurnalistika fakültəsini bitirən məzun artıq redaksiyada növbəti məktəb keçir. Ancaq fakültəni bitirən tələbələr redaksiyalara ixtisaslı kadr kimi daxil olmur. Çünki onlar nəzəriyyəni öyrənsələr də, bu sahədə təcrübələri zəif olur. Bütün bu deyilənlərin yekunu olaraq, vurğulamaq istərdim ki, dövlətimiz tərəfindən mətbuata göstərilən qayğıya cavab olaraq ixtisaslı kadrlara daha çox ehtiyac var.

 

"Səs" qəzetinin əməkdaşı:

- Bu, bir faktdır ki, cəmiyyətin hər bir sahəsinin idarə olunması elmi əsaslara söykənməlidir. Sizcə, bu gün Azərbaycan  jurnalistikası bu əsaslara nə dərəcədə riayət edir?

 

Elçin Mirzəbəyli:

- Bu geniş və əhatəli sualdır. İlk növbədə, təhsil sistemi ilə bağlı fikir söyləmək istərdim. Çünki bugünkü jurnalistikanın problemlərinin özülü və kökü məhz təhsil sistemindən başlayır. Lakin bu problemin həlli təkcə jurnalistika fakültəsinin üzərinə qoyula bilməz. Çünki Azərbaycanda təhsil sisteminin inkişafına yanaşmanın özündə müəyyən dəyişiklik olmalıdır. Əgər hüquqşünas jurnalist olmaq istəyirsə, o zaman onun bu fakültədə oxumasının heç bir əhəmiyyəti yoxdur. Çünki həmin şəxs nə hüquqşünas, nə də jurnalist olmaq istəyində deyil. O, nədənsə bəhrələnmək istəyir. Bütün bunların əsasında peşə seçmək deyil, hardasa müəyyən vaxt əldə etməklə, istəyinə nail olmaqdır. Ona görə də, bütün bu deyilən səbəblərin qarşısını almaq üçün, ilk növbədə, ali məktəblərə daxil olarkən, düzgün seçim aparılmalıdır. İlk növbədə, fərdi yanaşma prinsipi əsas götürülərək, azad düşüncəli insan yetişdirilməsinə nail olmaq lazımdır. Media nümayəndəsi kimi hesab edirəm ki, jurnalistlərin ən böyük problemi maddi-texniki baza və sosial problemlərlə bağlı olan məsələlərdir. Bu məsələlər son zamanlar, mütəmadi olaraq, qaldırılır və fərdi yanaşma üsulları ortaya çıxır. Dövlət tərəfindən göstərilən diqqət və qayğının daha da artırılması irəli sürülür. Lakin bu məsələlərin həllinin ümumi mexanizmi tapılmadan, fərdlərin bu prosesdə iştirakına qətiyyən yol vermək olmaz. Çünki fərdlərin münasibəti istər-istəməz fərdi xarakter daşıyacaq və problemin kökünün aradan qaldırılmasına yardım göstərə bilməyəcək. Doğrudur, müəyyən mərhələdə müəyyən məsələdə jurnalistin problemini həll edəcək, lakin ümumilikdə bu problemin əhatəli həllinə nail olunmayacaq. Bütün bunlara rəğmən səslənən problemlərin köklü həllinə nail olmaq üçün konkret bir mexanizm irəli sürülməlidir. Yəni bu, ya qanunvericilik şəklində olmalıdır, ya da, bütövlükdə ölkənin jurnalist birliklərinin irəli sürdükləri təkliflərə əsasən, layihələr şəklində həyata keçirilməlidir. Hesab edirəm ki, "Səs" qəzeti redaksiyasının, ənənəvi olaraq, keçirdiyi bu dəyirmi masalarda çox ciddi və əhəmiyyətli mövzular ətrafında müzakirələrin aparılması müsbət bir haldır. O cümlədən, mətbuatla bağlı bu gün keçirilən bu dəyirmi masa zamanı səsləndirilən dəyərli fikirlərin nəticəsi olacaq. Ancaq bir təklifi də irəli sürmək istərdim ki, universitetdə "İctimai əlaqələr" fakültəsinin fəaliyyət göstərməsi ixtisaslı jurnalist kadrının yetişməsində mühüm rol oynayar. Çünki dünyanın ayrı-ayrı universitetlərində belə bir fakültə fəaliyyət göstərir. Azərbaycanda da belə bir fakültənin fəaliyyət göstərməsi vacibdir. Təbii ki, burada jurnalistikanın əlifbası itmir, nəzəri biliklər qalır. Bu fakültənin tədqiqi təkcə ayrı-ayrı mətbuat orqanlarında çalışan jurnalistləri formalaşdırmaqla kifayətlənmir, həmçinin, ayrı-ayrı dövlət qurumlarının ictimai əlaqələri ilə məşğul olanları da formalaşdırır. Bu baxımdan da, belə bir fakültənin tədqiq edilməsinə ehtiyac duyulur. 

 

"Səs" qəzetinin əməkdaşı:

- Burada mətbuatla bağlı müxtəlif fikirlər səsləndi. Həm sovet mətbuatı, həm də müasir müstəqil mətbuatımızın inkişafı və keçdiyi dövrlə bağlı fikirlər səsləndirildi. Bu baxımdan "Diffomasiya haqqında" qanunun qəbul edilməsi daha çox israr edilir. Aydın müəllim, sizcə, bu qanunun qəbul edilməsi qəzetlərin insanların şəxsiyyətini təhqir etməsi, müxtəlif ittihamlar səsləndirmələri hüdudları aşmayacaq ki?

 

Aydın Quliyev:

- Bu dəyirmi masanı yüksək qiymətləndirirəm. Çünki mətbuatımızın 135 illiyi ərəfəsində "Səs" qəzetinin belə bir tədbir keçirməsi və bu dəyirmi masa ətrafında mətbuatımızla bağlı səsləndirilən dəyərli fikirlər vacib məsələlərdir. Bilirsiniz, bəzən jurnalistikanın problemlərinə o qədər səmimi yanaşırıq ki, nəticədə həmin problemi olduğundan artıq qabartmalı oluruq. Elə bir ölkə yoxdur ki, həmin ölkənin ayrı-ayrı sahələrində problemlər olmasın, eynilə də Azərbaycanda. Lakin bu gün mətbuatımıza dövlət dəstəyi və qayğısı hər kəsin gözü önündədir. Əvvəlki illərlə müqayisədə mətbuatımızın istər inkişafı, istərsə də sosial problemlərin həlli istiqamətində işlər aparılır. Yaxın gələcəkdə haqqında söhbət gedən problemlərin tamamilə aradan qaldırılmasına tam inanıram. Bu gün mətbuatımız yeni bir mərhələyə qədəm qoyub. 1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin yaratdığı mətbuat bu gün mərhələ-mərhələ inkişaf edərək, yüksək bir tarixi dövrə qədəm qoyub. Belə ki, son beş-altı il ərzində mətbuatın bütün ağırlığı və məsuliyyət yükü dövlətin üzərinə düşür və bu sahədəki problemlər dövlət tərəfindən həll edilir. Lakin bu, o demək deyil ki, ictimai təşkilatlara ehtiyac yoxdur. Çünki bəzi problemlər var ki, onlarla ictimai təşkilatlar, QHT-lər məşğul olurlar. Qaldı ki, "Diffomasiya haqqında" qanunun qəbul edilməsi, ictimaiyyətin, dövlətin və mətbuatın mövqeyi arasında bir konsensus olmalıdır. Çünki bu qanunun qəbul edilməsinə ehtiyac var, amma ciddi bir konsensus olmalıdır. Ümumiyyətlə, qarşıdan gələn mətbuatımızın 135 illiyi ilə bağlı keçirilən bu tədbirə görə, "Səs" qəzetinin rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirirəm. Həmkarlarımı bu tarixi günlə bağlı təbrik edir, onlara uğurlar arzulayıram.

 

Cahangir Məmmədov:

- Sonda belə bir fikrimi də bildirmək istərdim ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər var. Mətbuatda istər tənqid, istərsə də, təriflə bağlı yazılar verildiyi halda, bu gün tez-tez mətbuatın, söz azadlığının olmadığı haqqında fikirlər səslənir. Sual ortaya çıxır: necə olur ki, bir məmuru və yaxud da digər bir qurumu müxalifət qəzetləri tənqid edir və həmin müxbirə "gözün üstə qaşın var" deyən də olmur? Belə olan halda, hansı mətbuat və söz azadlığının boğulduğundan danışmaq ola bilər? Ona görə də, hər bir mətbuat nümayəndəsi qələminə hörmətlə yanaşmalı və mətbuatda obyektiv və qərəzsiz yazılarla çıxış etməlidir.

 

Bəhruz Quliyev:

- Bu gün belə bir fikir irəli sürürlər ki, bloggerlər azad olunmalıdır. Mən isə deyirəm ki, bloggerlər jurnalist sayılmır. Ona görə ki, 9 milyon əhalisi olan Azərbaycanın hər bir ailəsində internet var. Həmin adamların dedikləri kimi, hər bir ailənin 4-5 üzvü jurnalist sayılır? Belə çıxır ki, 9 milyon əhalinın hamısı blogger ola bilər və "Diffomasiya haqqında" qanunu qəbul eləyək və hamını məsuliyyətdən azad edək. Bu gün belə səviyyəsiz fikirlərlə çıxış edən M.Haraşti kimilərin məqsədi ancaq Azərbaycanda aparılan demokratik mühiti dağıtmaq və inkişafa sarsıdıcı zərbə vurmaqdır. Son altı ay ərzində dünyada peşə fəaliyyətini yerinə yetirərkən 18 jurnalist ölüb. Nəyə görə, buna reaksiya verilmir, ancaq Azərbaycanda bir bloggerin tutulması ilə bağlı hay-küy qaldırılır? Ona görə də, bu gün milli dəyərlərimizə qara ləkə yaxanlara qarşı birgə mübarizə aparmalıyıq. Sonda isə milli mətbuatımızın 135 illiyi münasibəti ilə sizləri, mətbuat nümayəndələrini və xalqımızı təbrik edirəm. Ulu öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevə isə mətbuata göstərdiyi diqqət və qayğıya görə, minnətdarlığımı bildirirəm.

 

 

RƏFİQƏ KAMALQIZI,

 

TAPDIQ QURBANLI

 

Səs.- 2010.- 10 iyul.- S. 8-9.