Milli mənliyin rəmzi - Azərbaycan

 

Azərbaycançılıq məfkurəsi, diaspora quruculuğu ulu öndərimiz Heydər Əliyev tərəfindən formalaşdırılmışdır

 

Milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşməsi dövlət quruculuğunun əsas vəzifələrindəndir. Bu, həm də vətəndaş mövqeyi, hər bir azərbaycanlının vətəndaşlıq hissidir. Təbii ki, bu mühüm vəzifənin yerinə yetirilməsi ideoloji, siyasi, sosial-iqtisadi məsələlərlə də bağlılığı var. Dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbiçiliyin təşkili Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu mənada, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli Fərmanı Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə koordinasiya edilməsi və dünya azərbaycanlılarının siyasiideoloji birliyinin təmin olunması baxımından əhəmiyyətli hesab olunur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətinin milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirilməsinə imkan verdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının dünyaya inteqrasiyası, iqtisadi-mədəni inkişafı, müstəqilliyimizin gerçək təsbitində böyük rol oynayan çoxsaylı xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlər keçirərək, onların problemləri ilə maraqlanmış, dəyərli tövsiyələrini vermiş, səfirliklərimizi bu işə cəlb etmiş, soydaşlarımızı ölkəmizin ictimai, iqtisadi, mədəni həyatında fəal iştiraka dəvət etmişdir.

Həmvətənlərimizin milli-mənəvi birliyində önəmli hadisə olan bu görüşlər, eləcə də, hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Azərbaycan xalqına müraciəti, bu münasibətlə respublikamızda və xaricdə keçirilən tədbirlər Heydər Əliyevin bəyan etdiyi prioritet məsələnin həllində - diasporumuzun mütəşəkkil qüvvə kimi formalaşmasında, lobbiçilik fəaliyyətimizin istiqamət və perspektivlərinin müəyyənləşməsində həlledici amillərdən olmuşdur.

2001-ci il mayın 23-də Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə, Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının 1 Qurultayının keçirilməsi haqqında fərmanı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə xidmət edirdi.

Elə həmin il noyabrın 9 və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının 1 Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Dünya Azərbaycanlılarının 1 Qurultayının keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesində əhəmiyətli dönüşə gətirib çıxaran addımlar oldu. Heç şübhəsiz, ulu öndərimiz Heydər Əliyev bu tarixi hadisənin reallaşdırılmasına nail olmaqla Azərbaycan diasporunun daha mütəşəkkil şəkildə və dinamik fəaliyyətinə əsas yaratmış oldu. Vacib məqamlardan biribundan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bu tədbirlərin hər biri xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın gerçəkləşdirilməsində yaxından iştirakına təminat yaratmış oldu. Bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsil milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanmışdır.

Diaspor quruculuğunun mühüm sahələrindən biri də xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hazırlanması və həyata keçirilməsidir. Bu siyasət uzun illər boyu Heydər Əliyevin bilavasitə məqsədyönlü fəaliyyəti sayəsində reallaşdırılmışdır. 2002-ci il dekabrın 27-də qəbul edilmiş "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu xaricdə yaşayan soydaşlarımız və həmvətənlərimiz qarşısında çox geniş perspektivlər açır və onların ölkəmizin milli mənafeləri ətrafında daha sıx birləşdirilməsini nəzərdə tutur. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir. Ulu öndərimiz Heydər Əliyevin ən layiqli varisi Prezident İlham Əliyev də diaspor quruculuğu sahəsinə xüsusi önəm verir. Dövlət Komitəsinin fəaliyyət göstərdiyi 8 il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməsi, diasporumuzun təşkilatlanması, ayrı-ayrı qurumların bir təşkilatda birləşməsi, bilavasitə, dünya azərbaycanlılarının lideri İlham Əliyevin səyi və birbaşa tövsiyələri əsasında həyata keçirilmişdir.

2006-cı ilin mart ayının 16-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı keçirilmişdir. Dünya Azərbaycanlılarının II Qurultayı tarixi məzmununa və ictimai əhəmiyyətinə görə, ilk Qurultaydan bir çox cəhətləri ilə seçilirdi. Bu fərqlərdən birincisi Azərbaycanın müstəqil dövlət olaraq keçdiyi inkişaf yolu ilə bağlıdır. Dünya azərbaycanlılarının II qurultayına dünyanın müxtəlif ölkələrindən ümumilikdə 1231 nümayəndə seçilmişdir. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr Rusiya Federasiyası (200), Türkiyə (116), Ukrayna (85), Almaniya (53), Gürcüstan (40), ABŞ (38), Fransa (27), Qazaxıstan (25), İsveç Krallığı (23), Böyük BritaniyaŞimali İrlandiya Krallığı (16), Belarus (15), Kanada (13), Niderland Krallığı (14), Latviya (14), Estoniya (13) və Avstriya (10) olmuşdur.

2007-ci il noyabrın 17-19-da yenə də Azərbaycan dövlət başçısının təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda-Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı da Prezident İlham Əliyevin türk xalqları arasında birliyin möhkəmləndirilməsinə verdiyi xüsusi önəmin göstəricisidir. 30 ölkədən 550 nəfər nümayəndə və qonağın dəvət olunduğu qurultayın işində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk xalqının lideri, cümhurbaşqanı Mehmet Əli Tələt, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəl, habelə, Türkdilli dövlətlərin yüksək dövlət və hökumət nümayəndələri iştirak etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diasporlobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərmək zərurətindən irəli gəlmişdir. Prezident İlham Əliyevin 2009-cu il 14 may tarixli fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin əsasnaməsi və strukturu təsdiqlənmişdir.

Xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, kütləvi informasiya vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaqinkişaf etdirmək, eləcə də, Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini öyrənmək məqsədi ilə müxtəlif yönlü təşkilati, informasiya, maddi və mənəvi yardım göstərirlər.

Xarici ölkələrdə yeni cəmiyyət və birliklərin yaradılmasına diqqət yetirməkdədir. Bunun nəticəsidir ki, Belarus Azərbaycan icmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Özbəkistan Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Azərbaycan-Norveç Assosasiyası öz qüvvələrini  bir mərkəzdə birləşdirmək niyyəti ilə  bu sıraya qatılmışlar. Aparılmış məqsədyönlü işlər nəticəsində yalnız 2004-cü ildə Avropada  MDB məkanında, o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç,  Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə    və ABŞ-da  40 yaxın  yeni Azərbaycan icmaları  yaradılmışdır. Avropa Azərbaycanlıları Konqresinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) təsis olunması bizim əsas nailiyyətlərimizdən sayıla bilər. Hazırda da diaspor təşkilatlarının yaradılması prosesi davam edir.

     

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 13   iyul.- S. 5.