Turizmin inkişafı turizm sektorunu ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevirir

 

Azərbaycan son dövrdə inkişaf tempini sürətləndirərək, dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında öz mövqeyi, eləcə də, mövcud potensialı ilə seçilir və özünəməxsus yer qazanmışdır. Qısa bir dövr ərzində əldə olunan nailiyyətlər ölkənin milli maraqlarının zəminində formalaşmış, eləcə də, dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai, siyasi və mədəni mövqe məhz belə imicin Azərbaycan ətrafında yaranmasına gətirib çıxarmışdır. Sözsüz ki, bu uğurlar, nailiyyətlər, Azərbaycanın iqtisadiyyatına, sosial rifahının yüksəlməsinə gətirib çıxarmışdır. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin bütövlükdə sferasının dəyişməsinə səbəb olmuşdur. Dövlət başçısı İlham  Əliyevin Azərbaycan iqtisadiyyatına neft sektoru tərəfindən gələn gəlirin bərabərində, eləcə də, ondan daha artıq bir şəkildə gəlir gətirə biləcəyi turizmin inkişafını zəruri hesab etməsi, əlbəttə ki, müəyyən faktorlara əsaslanır. Ölkənin yeraltı və yerüstü sərvətləri, mövcud iqlimin olması Azərbaycan turizmi üçün lazımi şəraitin olduğunu göstərir. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur.  Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. Dövlət Proqramında göstərilir ki, 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır. Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədi ilə ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyəti həyata keçirilir. Turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməklə səmərəli dövlət tənzimlənməsi və idarə edilməsi mexanizmlərinin yaradılması əsas şərtlərdəndir. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması məqsədi ilə görülən işlər davamlı olaraq həyata keçirilir. Turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması, ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması,  turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi,   turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması, turizm xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiq edilməsi və bu kimi yeniliklərin Azərbaycan turizm bazarında tətbiqi yaxın beş il ərizində tam şəkildə həllini tapacaq. Sözsüz ki, artıq bu və ya digər nailiyyətlər Azərbaycan turizm sektorunda özünü göstərir. Mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi, turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsil üzrə layihələrin həyata keçirilməsi, Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi də vacib şərtlərdəndir.

Kifayət qədər potensialın olması Azərbaycana qeyri-dövlətlərin axınını gücləndirir və ölkənin turizmin inkişafına stimul verir. İlham  Əliyev cənablarının "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin inkişafına dair Dövlət Proqramı"nı təsdiqləməsi Azərbaycanın turizm potensialının daha da sürətlənməsinə öz töhfələrini vermiş olur. Təbii ki, turizmin inkişaf mərhələsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilərək, öz inkişaf yoluna başlamışdır. Qeyd edək ki, hər il olduğu kimi, bu il də Azərbaycana səfər edən turistlərin sayı artmaqdadır. Statistik rəqəmlər və gələn gəlir göstərir ki, Azərbaycan turizmi ilbəil inkişaf edir və əhalinin sosial rifahının yüksəlməsi yönümündə dövlətin büdcəsindən gələn gəlirin əsas hissəsini təsdiq edir. Onu da qeyd edim ki, əvvəlki illərlə müqayisədə bu il xarici turistlər üçün qiymətlər aşağı salınmış və xidmət yüksəlmişdir. Bu da, onu göstərir ki, artıq Azərbaycanda turizm sektorunda çalışa biləcək ixtisaslı mütəxəssislər yetişməkdədir, eləcə də, bu sahənin mütəxəssisləri Azərbaycandan kənarda təcrübə keçərək, turizm yeniliklərini və xidmətlərini Azərbaycanda tətbiqinə nail olmuşlar. Müxtəlif görkəmdə və xidmətdə olan otellərin inşası buraya gələn axının yüksək səviyyədə təminatına əsas verir. Yayın ilk ayında artıq Azərbaycanın Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Masallı kimi istirahət zonalarında istirahət edənlərin sayının artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir. Ölkəmizə gələn turistlərin sayı ötən illərlə müqayisədə artmışdır. İlham  Əliyev cənablarının imzaladığı Dövlət Proqramına əsasən, dövlət büdcəsində turizmin inkişafına ayrılan vəsait məhz belə bir Azərbaycanda turizm məkanının yaradılmasına yönəlmişdir ki, bu, qısa bir zaman ərzində öz nəticələrini vermişdir.

Azərbaycan turizm mövsümünə hazırdır. Bu il daha çox turist axını gözlənilir. Tamamlanmış olan infrastruktur layihələri, o cümlədən, Bakı-Şamaxı və Bakı-Xaçmaz yolu turist axınına müsbət təsir göstərib. Ötən ilə nisbətən artıq yerli turizm müəssisələri daha çox rəqabətə hazır vəziyyətdədir. Bu yaxınlarda Azərbaycanda turizm mövsümünün açılışı ilə bağlı müvafiq tədbirlər keçiriləcək. Onu da qeyd edək ki, Avropa Birliyinin TACİS Proqramının həyata keçirdiyi "Peşəkar təhsil və elm sahəsində inkişaf strategiyası və bunun Azərbaycanın seçilmiş regionunda pilot tətbiqi" adlı layihə çərçivəsində Azərbaycanda turizm biznesi üçün 120 mütəxəssisin hazırlanması üçün hazırlıq işlərinə başlanılıb. Layihənin İdarə Komitəsi gələcəkdə Azərbaycan Turizm İnstitutunun və Mingəçevir Turizm Kollecinin tələbələrinin də belə tipli layihələrə cəlb olunması məsələləri üzərində iş aparırlar.

Artıq turizm sektorundan dövlət büdcəsinə gəlirlər daxil olur ki, bu da Azərbaycanın inkişafına, əhalinin maddi rifahının yüksəlməsinə və müxtəlifyönlü, səmərəli işlərin reallaşmasına sərf edilir. 5 il üçün nəzərdə tutulan proqram gələcəkdə də Azərbaycan turizminin ölkə iqtisadiyyatının sürətlənməsinə, xüsusilə də, dövlət büdcəsinə yatırılan gəlirin artmasına təsir göstərəcəyi danılmazdır. Azərbaycan ətrafında formalaşmış fauna, flora zənginliyi xarici turistlərin marağına səbəb olmuş və bu da onların istirahəti üçün gözəl bir məkan olaraq, Azərbaycanın seçilməsinə gətirib çıxarmışdır. Sevindirici bir haldır ki, müstəqillik dövrünün qısa bir zamanında Azərbaycan bu nailiyyətlərin qazanmasına müvəffəq olmuşdur.

 

 

Zümrüd BAYRAMOVA

 

Səs.- 2010.- 13 iyul.- S. 8.