Böyük şəxsiyyətlər tarixdə əməlləri ilə qalırlar

 

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən 41 il ötür

 

İyul ayı Azərbaycan tarixində bir hadisə ilə daha çox yadda qalıb. 1969-cu ilin iyulunda ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayıb. Məhz həmin dövrdən Azərbaycan özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün həmin tarixdən 41 illik bir zaman keçir. Lakin xalqımızın orta yaşlı nəsli həmin dövrü unutmayıb. Çünki Azərbaycan xalqının bir millət kimi inkişaf etməsi, respublikasının iqtisadi gücünün artması kimi tarixi proseslər məhz 1970-ci ildən  start götürmüşdü.

Azərbaycanın tərəqqisində Heydər Əliyevin rolu əvəzedilməzdir

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib. Bunların sırasında ən əsası müstəqil Azərbaycan dövlətinin qurulması üçün hələ sovetlər dönəmində bazanın yaradılmasıdır. Hələ ötən əsrin 70-80-ci illərində sovet dönəmində respublikamızın inkişafında böyük işlər görən ümummilli lider Heydər Əliyev tariximizə qurucu insan kimi daxil olub. Məhz buna görə, Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır. Böyük öndərin ideyaları dövlətimiz və xalqımız üçün həmişə lazım olacaq. Heydər Əliyevin böyüklüyü zaman keçdikcə daha əzəmətli görünəcək.

Heydər Əliyevin dahiliyi, böyüklüyü ondadır ki, onun xidmətləri təkcə onun davamçıları, partiyasının üzvləri tərəfindən deyil, həm də bütün ölkə ziyalıları və dünyanın tanınmış şəxsləri tərəfindən etiraf olunur. Hamı qəbul edir ki, Azərbaycanın tərəqqisində Heydər Əliyevin rolu əvəzedilməzdir. Heydər Əliyev və Azərbaycan dövlətçiliyi mövzusunda hələ uzun illər müzakirələr aparılacaq. Amma fakt odur ki, müstəqil dövlətimizin möhkəmlənməsi üçün atılan addımların əhəmiyyəti çox böyükdür.

İstər 1970-ci illərdə, istərsə də, müstəqillik dövründə Azərbaycan xalqının dünyada tanınmasında, dövlətimizin beynəlxalq aləmdə möhkəmlənməsində Heydər Əliyev amili müstəsna rol oynayıb. Azərbaycanda bütün sahələrin inkişafı ulu öndərimizin adı ilə bağlıdır.

Heydər Əliyev özünəməxsus düşüncə tərzi və fenomenal qabiliyyəti sayəsində sovet imperiyasının ən kəskin vaxtında Azərbaycanı, Azərbaycan xalqını qoruyub. Əlində olan imkanlardan istifadə edərək respublikada, həm iqtisadi, həm mədəni, həm elmi, həm də digər sahələrdə inkişafın əsasını qoyub.

Dünya tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır

Böyük şəxsiyyətlərin yalnız doğum tarixi olur, onların ölüm tarixləri olmur. Böyük şəxsiyyətlər millətin inersiyasından qopurlar. Heydər Əliyev də millətin ehtiyacından doğulmuş şəxsiyyətdir. Belə insanları millət nə qədər duyarsa, nə qədər dərk edərsə, bu millətimizin xeyirinədir.

Heydər Əliyevin əsərləri hər yerdə var. Azərbaycanın hər bir kvadrat kilometrində Onun yurdu var, adı var ki birbaşa Onun adı ilə bağlıdır. Heydər Əliyev təkcə dünyaya gəlməsi ilə yox, dünyadan getməsi ilə də xalqın gen yaddaşına hopmuş tarixi şəxsiyyətdir.

Heydər Əliyev bütün dünyaya göstərdi ki, Azərbaycan təkcə ərazisinin 10-dan biri üzərində yaranmış, millətin 10 faizinin yaşadığı bir bir ölkəyə aid məfhum deyil. O göstərdi ki, 50 milyonluq bir millətin rəhbəridir. Millətimiz tarixin heçbütün dövrlərində özü ilə, müstəqil dövləti ilə fəxr edə bilməyib. Bundan sonra isə həmişə fəxr edəcəyik ki, biz Azərbaycanda yaşayırıq, azərbaycanlıyıq, türkük. Heydər Əliyevin ən böyük uğuru da elə bundan ibarətdir.

Onun şəxsiyyəti, qoyduğu kurs hər bir vətəndaş tərəfindən nə qədər dərk edilərsə, Heydər Əliyev siyasətinin Azərbaycanda həyata keçirilməsinin uğurları da bir o qədər böyük olar. Heydər Əliyev hər bir dahi şəxsiyyətlər kimi, ona görə tarixdə yaşamaq haqqına sahib olub ki, O bir tarixi şəxsiyyət olaraq mənsub olduğu xalqı özünün ideyalarında, fəaliyyətində, siyasətində ifadə edib.

Heydər Əliyev Azərbaycana 30 ildən çox rəhbərlik edib. Ulu öndər bütün tarixi şəxsiyyətlər kimi Azərbaycana bu qədər rəhbərlik etmək haqqını özündə saxlaya bilib ki, Azərbaycan xalqı Onda özünün ifadəsini görürdü. Xalq Onun fəaliyyətində özünün istək və arzularını görürdü. Əgər bu olmasaydı, O, 1969-cu ildən başlayıb kiçik bir zaman fasiləsi ilə 2003-cü ilədək Azərbaycana rəhbərlik edə biməzdi.

1993-cü ildə Azərbaycanın müstəqilliyini qoruyan Heydər Əliyevə əsil qiyməti uzun illərdən sonra tarix verəcək. Azərbaycanın ən yeni tarixinin bir hissəsi Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqillik dövründə hakimiyyətə gəldiyi vaxt O, bu siyasəti davam etdirib. Həmin illərdə ölkəmiz çox ağır durumda idi, xalqın vəziyyəti pisləşir, torpaqlarımız işğal olunur, xalq vətəndaş müharibəsinə sürüklənirdi. Və bu zaman Heydər Əliyev şəxsiyyətinə xalqın yenidən ehtiyacı yarandı və O, yenə də ortaya çıxıb öz xalqı və dövləti üçün əlindən gələn hər şeyi etdi.

Həmin ağır vəziyyətdə xalqın çağırışına cavab verən ümummilli liderimiz yeni Azərbaycanı qurmaq, yaratmaq üçün meydana çıxdı. Ulu öndər Yeni Azərbaycan yaratmağa qərar vermişdi- müstəqil, güclü, zəngin yeni Azərbaycan! Və O, buna nail oldu.

Zaman keçdikcə, Onun böyüklüyü daha əzəmətli görünəcək

Bu gün Heydər Əliyevin bizə qoyub getdiyi güclü, müstəqil və zəngin Azərbaycan var. Bu ölkə artıq bütün dünyada özünə nüfuz qazanıb və dünya millətləri arasında millətimizin də imzası var. Bu imza Heydər Əliyevə məxsusdur.

Çox gözəl haldır ki, böyük öndərin yaratdığı müstəqil və güclü yeni Azərbaycanı bu gün Prezidentimiz İlham Əliyev idarə edir, inkişaf etdirir, yeni tariximizi yazır. Ölkəmiz bu gün çox böyük inkişaf yolundadır. Azərbaycan artıq dünyanın güclü dövlətləri sırasındadır. Hazırda Azərbaycan Avropanın enerji təminatının qərargahına çevrilib.

Neft kontraktları ilə bağlı danışıqlar aparılanda, o zaman çoxları bunu qeyri-reallıq kimi qəbul edirdi. Həqiqətən də, həmin vaxt ölkədə hədsiz qarışıqlıq var idi. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biriodur ki, həmin çətin vəziyyətdə böyük işlər həyata keçirdi. O bilirdi ki, dünyada silahdan da güclü olan böyük ideyalardır və bu ideyalar həyata keçirilməlidir.

Heydər Əliyev xalqın gen yaddaşında əbədi yaşamağa layiqdir. Zaman keçdikcə, Onun böyüklüyü daha əzəmətli görünəcək. Çünki zaman keçdikcə, məlum olacaq ki, ikinci belə böyük şəxsiyyət yaranmayıb.

Bu gün Azərbaycan tək Cənubi Qafqazda yox, bütün dünyada sülhün və təhlükəsizliyin, enerji probleminin həllində dünyaya öz töhfələrini verir. Bütün bunlar Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir.

Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirməsi ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 15 iyul.- S. 3.