Ümummilli lider Heydər
Əliyevin ideyaları Azərbaycanı uğurlu
gələcəyə aparır
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 41-ci ildönümü münasibətilə iyulun 14-də Kürdəmir rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının "İşıqlı yolun başlanğıcı. 14 iyul 1969-cu il -Azərbaycanın yeni inkişaf tarixi" mövzusunda elmi-praktiki konfrans keçirildi.
Heydər Əliyev Muzeyinin konfrans zalında keçirilən tədbirdə rayon icra hakimiyyətinin işçiləri, YAP rayon təşkilatının şura üzvləri və fəalları, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, gənclərin nümayəndələri iştirak edirdilər.
Elmi-praktiki konfransı YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli açaraq bildirdi ki, Azərbaycanın xilaskarı, ümummilli lider Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də hakimiyyətə gəlişi ölkəmizi siyasi, iqtisadi, mədəni və sosial həyatının yüksək səviyyədə inkişafına səbəb oldu. Bu inkişafı ölkə əhalisinin bütün təbəqələri gördü. Ümummilli liderimizin xalqına olan sevgisi, bağlılığı hər bir insan üçün nümunə olmalıdır. "Ölkəmizi müstəqil dövlət quruculuğuna aparan yol, əslində, 1969-cu ildən - Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayıb. Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü ulu öndərin adı ilə sırf bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub.
A.Kərimli vurğuladı ki, xalqımız çox yaxşı başa düşürdü ki, Heydər Əliyevdən başqa heç kim Azərbaycanı yüksək səviyyədə idarə edə bilməz və heç kim ölkəmizi çətin vəziyyətdə Onun qədər güclü qoruya bilməz. Azərbaycan müstəqillik qazandıqdan sonra, 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı çətin vəziyyətdən qurtardı və bütün dünyada tanıtdı. Ölkəmiz gündən-günə inkişaf etdi və bütün sahələrdə uğurlar qazandı.
Elmi-praktiki konfransda rayon mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev, YAP rayon təşkilatı qadınlar şurasının sədri E.Şıxəliyeva, rayon təhsil şöbəsinin metodisti, YAP rayon təşkilatı gənclər birliyinin idarə heyətinin üzvü Xaqani Qurbanov, rayon ziyalılar cəmiyyətinin sədri Oqtay Babayev çıxış edərək, hələ ötən əsrin 70-80-ci illərində respublikamızın inkişafında Heydər Əliyevin misilsiz rolundan, Azərbaycan xalqı qarşısında ulu öndərin böyük xidmətlərindən, onların sırasında ən əsası müstəqil Azərbaycan dövlətinin qurulmasından danışdılar. Onlar qeyd etdilər ki, ümummilli liderin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf etməkdədir. Bu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir, əhalinin rifah halı daha da yüksəlir və ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənir. Xalq bu siyasəti dəstəkləyir və onun davamlı omlasını istəyir.
Çıxışlar bitdikdən sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Vasif Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 41-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və yekun sözü söylədi. Bununla da, konfrans öz işini başa çatdırdı.
Rəfiqə KAMALQIZI
Səs.- 2010.- 15 iyul.- S. 7.