Mətbuatın yüksək
səviyyədə inkişaf
etməsi üçün
dövlət hər cür şərait yaradıb
Vüsalə Mahirqızı: "Azərbaycan
mətbuatı hazırda inkişaf
mərhələsindədir"
- Vüsalə
xanım, bildiyiniz kimi, milli mətbuatın
135 illiyi ilə əlaqədar olaraq tədbirlər keçirilir.
Bu tədbirlərdə
agentlik olaraq siz necə iştirak
edirsiniz?
- İlk öncə,
onu qeyd etmək istəyirəm ki, mən Mətbuat
Şurasının üzvü
kimi dəvət olunduğumuz tədbirlərdə
çox fəal iştirak edirəm. İndiyə qədər keçirilən ən müxtəlif dövlət
qurumlarının, qeyri-hökumət
təşkilatlarının keçirdiyi tədbirlər
olub, mükafatlandırmalar
olub. Yəni, bu və ya
digər şəkildə,
demək olar ki, hər birində
"APA"-nın və
yaxud da "APA" qrupuna daxil olan
digər "Lent.az"-ın
əməkdaşlarından biri mükafatlandırılıb.
Yeri gəlmişkən,
mən bütün qurumlara təşəkkür
edirəm. Bildiyiniz kimi, cənab Prezidentin Milli Mətbuatın 135 illiyi ilə əlaqədar olaraq Sərəncamı olmuşdur ki, bu mərasim dövlət səviyyəsində
qeyd olunsun və redaksiyalardan mükafatlandırmaq üçün
təşəbbüslər irəli sürülsün.
Biz də həmin Sərəncama uyğun olaraq, bir neçə nəfərin mükafatlandırılması
üçün namizədliyini
və təqdimatını
vermişik.
- Azərbaycan
mətbuatının hazırkı
durumunu necə qiymətləndirirsiniz?
- Hesab edirəm
ki, Azərbaycan mətbuatı hazırda inkişaf mərhələsindədir.
Öz sahəm barədə deyə bilərəm ki, Azərbaycanda internet-media özünün çiçəklənmə
dövrünü yaşayır.
Ölkə mətbuatı
öz üzərində
dövlət qayğısını
hiss edir. Bununla bağlı, KİV-ə Dövlət Dəstəyi
Fondu yaradıldı. Bir neçə il bundan qabaq
mətbuat orqanlarında
yaranan bəzi problemləri aradan qaldırmaq, cəmiyyətlə
mətbuat arasında tənzimlənmə mexanizmini
həyata keçirmək
üçün Mətbuat
Şurası yaradıldı.
Belə hesab edirəm ki, bu sahədə
MŞ-nin kifayət qədər effektli təsiri oldu. Bunun ardından MŞ bu ili "reketçiliyə"
qarşı mübarizə
ili elan etdi və bununla
bağlı aparılan
işlərin də özünə görə
böyük bir nəticəsi oldu. Ən azından cəmiyyətə biz bu mesajı verə bildik ki, Azərbaycanda medianı sevməyənlər,
onun vasitəsi ilə asan qazanc əldə etmək istəyənlərlə
yanaşı, Azərbaycanda
sağlam media da var və
bu media öz problemlərini bilir və buna
qarşı mübarizə
aparır. Düşünürəm
ki, MŞ-nin gördüyü iş kifayət qədər effektli oldu. Bundan başqa, KİV-ə Dövlət Dəstəyi Fondu yaradıldı. Bildiyiniz kimi, Azərbaycan mediasının bu gün ən böyük problemi iqtisadi problemdir. Yəni, media cəmiyyətin digər sahələrinə adekvat
inkişaf etmir. Medianın özünü
müstəqil biznes sahəsi kimi dolandırması, hələ
ki, mümkün deyil. Bununla bağlı, cənab Prezident KİV-ə Dövlət Dəstəyi
Fondunu yaratdı. Əlbəttə, hələ
ki, biz sözügedən
bu fondun effektli işi barədə bir o qədər ağız dolusu danışa bilmərik. Lakin bir neçə
ildən sonra milli mətbuatımız bu fondun dəstəyindən
kifayət qədər
yararlanacaq. Amma mən yenə də ölkə mətbuatının ən
böyük problemindən
danışmaq istəyirəm.
Azərbaycan media qurumları heç bir halda müstəqil
biznes qurumuna çevrilmək istəmir.
Hələ də bir qrup insan
var ki, mediaya
ideoloji vasitə kimi baxırlar. Düşünürəm ki, mediaya kapital
qoyan və mediadan kapital götürən, media holdinqlər
yaradan media oliqarxları
yaranmalıdır. Mən bu
sözü deməkdən
qəti şəkildə
qorxmuram. Dünyanın inkişaf etmiş ölkələrində medianın
inkişafına nəzər
salaq. O ölkələrdə
ki, məhz mediadan pul qazanan,
media vasitəsilə böyük
iş adamına çevrilən insanlar var, o ölkələrdə
media inkişaf edib. Həmin insanların öz media qurumları var.
Nə zaman ki, biz iqtisadi cəhətdən müstəqil
olan, biznes strukturu olan media yarada biləcəyik, o zaman həmin media həm də siyasi cəhətdən müstəqil olacaq, heç bir yerdən asılı olmayacaq və pulu olduğu üçün peşəkarları
cəlb edəcək,
seçim imkanları
artacaq. Bundan sonra, media tirajlı
media olacaq. Oxucumuz çox
irəli gedib, çox peşəkardır.
Amma ona verə biləcəyimiz
peşəkar oxucunun haqqı səviyyəsində
olmalıdır.
- Jurnalistlərə fəxri
adların, mükafatların
verilməsindən "reket"
jurnalistlərinin yararlanması
nə dərəcədə
mümkündür?
- Hesab edirəm ki, bu, mümkün
olmayacaq. Çünki
namizədləri baş
redaktorlarla yanaşı,
həm də MŞ təqdim edib. Düşünürəm ki,
Prezident Administrasiyasında
ictimai-siyasi şöbə
kifayət qədər
bu sahəni yaxşı bilir və media qurumlarını
tanıyırlar. Hesab
edirəm ki, bu seçim son dərəcə ədalətli olacaq. Eyni zamanda, Mətbuat Şurasının açıqladığı
"reket" qəzetlərin
siyahısı mövcuddur.
Yəni, hesab edirəm ki, bu problemlə qarşılaşmayacağıq.
- Dövlət-cəmiyyət-mətbuat
əlaqələrinin qurulmasında
Mətbuat Şurasının
rolunu yetərincə hesab edirsinizmi?
- Mətbuat Şurasının
üzvü olduğumdan,
hesab etmirəm ki, MŞ bütün missiyalarını artıq
yerinə yetirib. Əgər belə olsaydı, ona heç ehtiyac olmazdı. Amma cəmiyyətlə media arasında əlaqələrin
tənzimlənməsində MŞ nə edə bilərdisə, bəlkə
də ondan artığını edib.
Hər halda, Mətbuat Şurası əlindən gələni
edib. Belə bir misalı çəkmək olar ki, 1990-ci illərdə, eləcə də, 2000-ci illərin əvvəllərində
mətbuat orqanlarının
məhkəmələrə verilməsi halları həddən artıq çox idi. Artıq bu, adət halını
almışdı. Mətbuat
Şurası yaranandan
sonra, müraciətlərin
böyük bir hissəsi, demək olar ki, 90 faizi
MŞ-yə ünvanlandı.
MŞ bununla bağlı,
belə bir tədbir həyata keçirdi ki, artıq problemlər məhkəmələr vasitəsilə
deyil, masa arxasında həll olunmağa başladı. Bu, Mətbuat Şurasının
Azərbaycan mətbuatına
verdiyi ən böyük töhfədir.
Digər
tərəfdən, MŞ dediyim
kimi, "reketçiliyə" qarşı
mübarizə ili elan etdi və
bununla bağlı, MŞ-nin İdarə Heyətinin bütün üzvlərinə qarşı
həmin "reket"
mətbuatlar ailə həyatından tutmuş,
ən müxtəlif məsələlərə qədər
ən ağlagəlməz
şəkildə
böhtanlar irəli sürdülər. Amma buna baxmayaraq, MŞ öz işini davam etdirir. Ola bilər ki, biz həmin
"media qurumları"
ilə bacarmırıq.
Amma Azərbaycanda Mətbuat Şurası bununla cəmiyyətə mesaj verdi ki,
Azərbaycanda mediaya qara yaxmaq istəyən
insanlar bütün Azərbaycan mediasını
"reket" adlandıra
bilməzlər. MŞ etiraf
etdi ki, mətbuatımızda belə
bir problem var və həmin
problemin aradan qalxması üçün
buna qarşı mübarizə aparır. Bu işdə MŞ-yə daxil olmayan media qurumları
da ona kömək
edirlər və bununla da, cəmiyyətdə
belə bir təsəvvür yaradıldı
ki, Azərbaycanda qeyri-ciddi "reket" mətbuatla yanaşı, çox ciddi mətbuat da fəaliyyat göstərir.
Bir sözlə, insanlara çatdırıldı
ki, "reket" mətbuatın şantajları
qarşısında aciz
qalmaq yox, bununla bağlı Mətbuat Şurasına müraciət etmək lazımdır. Bütün
bunlar, onu deməyə əsas verir ki, bu
gün Mətbuat Şurası öz işini çox yüksək səviyyədə
qurub və qarşıda duran problemlərin həllində
də fəal rol oynayacaq.
Gülyanə Murad
Səs.- 2010.- 15 iyul.- S. 9.