Azad mətbuat və mətbuat
azadlığı
Əslində, bunlar tamam ayrı-ayrı
anlayışlardır. Azərbaycanda mətbuat
azadlığı var, azad mətbuatın olması isə, elə
mətbuatın özündən asılıdır
Son vaxtlar müxalifət mediasında ölkədə
mətbuat azadlığının olmaması haqda qərəzli
yazıların sayı artıb. Bu cür yazıların
müəllifi öz cızmaqaralarında dövləti,
hakimiyyəti və xalqı təhqir edir və yazının
sonunda da şikayətlənirlər ki, jurnalistlərə azad
fikir səsləndirməyə imkan verilmir, mediaya təzyiqlər
var-filan. Elə bu yazıların özü ölkədə
mətbuat azadlığının olduğunu göstərir.
Qarşıdan Milli Mətbuatımızın
135 illik yubileyi gəlir. Böyük maarifçi Həsən
bəy Zərdabinin 1875-ci ildə əsasını qoyduğu
"Əkinçi"dən üzü bu yana milli mətbuatımız
keşməkeşli bir yol keçib. Müxtəlif ictimai
formasiyalarda fəaliyyət göstərən mətbuatımız
özünün cəmiyyətdə rolunu qoruyub saxlayıb.
Hazırda da Azərbaycan
mətbuatı özünün ən peşəkar və
demokratik şəraitdə işləmək
dövrünü yaşayır. Lakin bəzi mətbuat vasitələrində
ölkədə mətbuat azadlığının
olmadığı haqda məqalələr yazılır. Bu
yazıları o jurnalistlər yazırlar ki, hər gün
ağılına gələn yalan və təhqirləri cəmiyyətə,
dövlət rəhbərlərinə yağdırsalar da,
onlara "gözün üstə qaşın var" deyən
yoxdur.
Adama deyərlər ki, bəs
mətbuat azadlığı, söz azadlığı yoxdursa,
uzun illərdir siz necə ağlınıza və
ağzınıza gələni yazırsınız, kimi istəsəniz
təhqir edirsiniz? 9 milyon əhalisi olan ölkədə 3 mindən
artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan
keçib, kim necə istəyir qəzet-jurnal buraxır, kimin
ağlına nə gəldi yazır, bəs bunlar mətbuat
azadlığı deyil nədir?
Pessimist müxalifət mətbuatı və ya
tirajlanan mənfi enerji
Müxalifətyönlü
və "müstəqil" qəzetləri bircə dəfə
nəzərdən keçirmək kifayətdir ki, onların qərəz
və böhtan sindromundan əziyyət çəkdiklərinin
başa düşəsən. Bu qəzetlərin səhifələrində
yalnız kiçik nöqsanların şişirdilməsi,
dövlət məmurlarının təhqir və tənqidi,
xalqın "acından ölməsi", sosial problemlərin
"partlayış" həddinə gəlib
çatması kimi böhtanlar yer alır. Bu tip mətbuat
vasitələrinin manşetləri, bir qayda olaraq, ancaq qan,
ölüm, qırğın, ittiham, təhqir və
söyüş dolu başlıqlardan ibarətdir.
Xarici ölkədə
yaşayan adam (təbii ki, Azərbaycandakı reallıqdan xəbəri
olmayan) bunları oxuyanda pessimizmə qapılaraq,
düşünür ki, ey dili-qafil, bu ölkə cəhənnəm
imiş ki... Ölkə vətəndaşı isə, real
durumu yaşadığından bu cür yazıların məqsədli
və qərəzli xarakter daşıdığını
gözəl anlayır. Bəlkə, elə buna görə
get-gedə belə qəzetlərin tirajı azalır?
Mətbuatın
tirajının nədən aşağı düşməsinin
səbəblərini axtaranlar məsələyə bu kontekstdən
baxmalıdırlar- bu, oxucu etirazıdır. Adamlar onların
hissləri ilə oynanılmasını sevmirlər, öz
dövlətlərinin, seçdikləri rəhbərlərinin
təhqir olunmasına, milli maraqların, dövlət mənafeyinin
tapdanmasına dözmək fikrində deyillər. Məhz bu səbəbdən
həmin qəzet-jurnalların tirajı sürətlə
aşağı düşür. Oxucuların istədikləri
müxalifət qəzetlərini almasına ki, qadağa
qoyulmayıb. Bəlkə qəzet köşklərində
ancaq rəsmi qəzetlər satılır?
Müxalifət mətbuatının
yazdığına görə, guya xalqın sosial durumu
çox ağırdır. Belə iddialarda bulunan adını
jurnalist qoymuş adamın qolundan tutub ölkə ərazisində
bir qədər gəzdirmək pis olmazdı. Onda görərdi
ki, "yoxsul ölkədə bahalı avtomobil əlindən
tərpənmək olmur, saysız-hesabsız kafe-restoranlar, əyləncə
və istirahət mərkəzləri ağzınadək
müştəri ilə doludur, ticarət mərkəzlərində
şıdırğı alver gedir, istirahət və əyləncə
mərkəzləri adamla doludur, işçi axtaran
elanların sayı-hesabı yoxdur, ölkə böyük bir
tikinti meydanına dönüb- on minlərlə müasir mənzillər
tikilir və ölkə vətəndaşlarına
satılır, əksəriyyət bahalı paltarlar geyinir, ən
son model bahalı mobil telefonlar gəzdirir... və s. Yoxsul
ölkə beləmi olur, "jurnalist" qardaşım? Əgər
sən həqiqi yoxsul ölkə görmək istəyirsənsə,
onda Səidə Qocamanlıya qoşul get Ermənistana və
ya Gürcüstana, gör orda durum necədir.
Bəzən müəlliflər
bir qədər də qabağa gedərək, bütün milləti
və ya xalqın böyük bir qrupunu təhqir edirlər. Məsələn,
mitinqə, nümayişə çıxmayan xalqı kölə,
məzlum, bədbəxt və burada qələmə ala bilməyəcəyim
(jurnalist etikam buna imkan vermir) daha ağır sözlərlə
təhqir edirlər. Bax, bu, artıq ultra azadlıqdır!
Bundan o yana "söz" azadlığı olmur!
Ölkə mətbuatını
izləyəndə, görməmək mümkün deyil ki, Azərbaycanda
tam bir mətbuat azadlığı var. Əgər
olmasaydı, bu qədər qərəzli jurnalist, bu qədər
müstəqil və müxalifət qəzetləri, bu qədər
şantaj, böhtan və təhqir dolu yazılar olmazdı.
Ölkədə elə bir məmur yoxdur ki, mətbuatda təhqir
və ya tənqid olunmasın. Kimin kefi nə istəyir və
necə istəyir, elə də yazır.
Bu gün sözügedən
mətbuat cəmiyyətin üzərinə fasiləsiz olaraq
mənfi enerji yükləməklə məşğuldur.
Bütün bu hallar sonda mətbautın, jurnalistikanın
nüfuzuna xələl gətirir, medianın "4-cü
hakimiyyət" statusunun itirilməsini şərtləndirir.
Peşəkar jurnalistika ilə qeyri-peşəkar
jurnalistikanın fərqi
Şəxsi
maraqlarından çıxış edərək, şantaj və
böhtanla məşğul olan bu jurnalistlərdən
soruşmaq lazımdır ki, ay vətəndaş, məgər
bu ölkədə heç yaxşı işlər
görülmürmü, heç bir sahədə inkişaf
getmirmi, təmiz adamlar yoxdurmu, tərifəlayiq hadisələr
baş vermirmi?
Təbii ki, bunları həmin azad olmayan yazarlar
da görür, amma bunları yazmaq sərf eləmir. Nədən
ki, çörəkləri ağ yalandan
çıxır.
Sadəcə,
bəzilərinə sərf edir ki, media sahəsində tam
anarxiya yaransın və nəticədə təhqir və
şantaja görə cəzasız qalsınlar. Belə bir
analogiya dünyanın heç bir ölkəsində yoxdur.
Örnək kimi gördüyünüz Avropa və
Amerikada hər ay onlarla jurnalist qanunsuz əməlinə
görə qanuni olaraq cəzalandırılır, onlarla
jurnalist qətlə yetirilir, onlarla media qurumu haqda sərt cəza
tədbirləri görülür. İnanmırsınızsa,
açın baxın xarici mətbuatı və müqayisə
edin- hansı ölkədə jurnalistlər təzyiqə məruz
qalmırlar, Azərbaycanda yoxsa, dediyiniz ölkələrdə.
Bu kimi tələblər
onu göstərir ki, müxalifət mətbuatı peşəkar
jurnalist böhranı keçirir. Çünki peşəkar
jurnalistlər yalnız fakta, etik normalara və obyektivliyə əsaslanırlar
və bu səbəbdən də, yazanda sanballı məqalə
yazırlar. Məlum olduğu kimi,
müasir jurnalistikanın əsas problemlərindən biri
operativlik və obyektivlik arasında seçim etmə
üsuludur.
Əsil
jurnalistlər hər hansı informasiya daxil olduqda onu tam dəqiqləşdirməmiş,
tərəflərin və ekspertlərin fikrini öyrənməmiş
və konkret fakt əldə etməmiş yazı yazmırlar
və operativliyi obyektivliyə qurban verməkdən çəkinmirlər. Çünki
düzgünlüyü aydınlaşdırılmamış
operativ məlumatdansa, obyektivliyi təsdiq olunmuş gecikmiş
informasiya daha üstündür.
Qeyri-peşəkarlar
isə, hətta şayiələri, dezonformasiyaları və
sifarişli şantajları belə ucuz sensasiya xatirinə tələsik
yayımlamaqla məşğuldurlar. Nədən ki, bu "jurnalistlər"
müasir jurnalistika texnologiyaları haqda təlim və ya təcrübə
keçməyiblər, ona görə də informasiyanın
necə alınması, hansı mənbələrdən təsdiqlənməsi,
faktların hansı yolla əldə edilməsi, tərəflərin
mövqelərinin verilməsi, ekspert fikrinin alınması və
s. bu kimi jurnalistika texnologiyalarından xəbərsizdirlər.
Bu gün
müxalifət mətbuatında çalışanların əksəriyyəti
də məhz elə bu cür jurnalistlərdir. Ona görə də, bu qəzetlərin
səhifələrində tirajlanan yazıların faktoloji
yükü az olur, jurnalist
neytrallığı kənara qoyulur, obyektivlik isə hiss
olunmur. Əksinə, yazının elə ilk
cümlələrindən qərəzlilik, subyektivlik və
fakta əsaslanmamaq hiss olunur.
Amma müxalifət
mətbuatında əsl peşəkar jurnalistlərin
mövcudluğunu etiraf etməmək ədalətsizlik
olardı. Belə
jurnalistlər az deyil. Amma təəssüf
ki, bu media mənsubları çalışdıqları mətbuat
orqanının tələblərinə, strategiyasına və
siyasi xəttinə qarşı çıxa bilmədiyindən
yazılarını da tələb olunan kontekstdə
yazırlar. Bir çox hallarda onların
peşəkar olduğunu bilən sifarişçilər, həmin
jurnalistlərə şantaj xarakterli yazılar sifariş edirlər.
Yaxşı pul müqabilində
vicdanlarını arxa plana keçirən peşəkarlar isə,
dilimizin imkanlarından və informasiyanın psixoloji təsir
texnologiyasından geniş istifadə edərək,
yazının faktoloji yükünün
olmadığını və qeyri-obyektivliyini
ört-basdır edirlər.
Mediaya çirkli pullar axını və ya reket mətbuat
Son illərdə
ölkə mediasının qara yarasına çevrilən
"reket mətbuat" sektoru sürətlə
"inkişaf" edir. Azərbaycanda qəzet-jurnal təsis etmək,
informasiya saytı açmaq o qədər asan və
rahatdır ki, çoxları bu həvəsə düşərək,
pul qazanmağın çirkli üsullarından istifadə etməyə
çalışırlar. Mətbuatla, jurnalistika ilə
heç bir bağlılığı, bu sahədə nə
təhsili, nə təcrübəsi, nə də gücü
olmayan adamlar bir qəzet açıb başlayırlar özləri
kimi "kolxoznik"lərə jurnalist vəsiqələri
paylamağa və mədəni dilənçiliklə pul
qazanmağa. Bu zaman çoxsaylı üsullardan
istifadə edirlər. Bu üsulları təxminən belə
təsnifatlaşdırmaq olar:
1. Şantaj və ya hədə-qorxu yolu ilə;
2. Yalvar-yapışla çay pulu və yol pulu istəməklə;
3. "Diplom" və "Fəxri Fərmanlar" verməklə;
4. Tərifli yazı hazırlamaq vədi ilə;
5. Özlərini dövlət orqanının əməkdaşı
kimi təqdim etməklə.
Belə halların
nəticəsində son vaxtlar jurnalistlər cəmiyyətin
gözündən düşüb. Yəni qurunun oduna
yaş da yanır.
Bir sıra qəzetlər
və jurnalistlər isə, xaricdən maliyyələşir
(baxmayaraq ki, ölkə qanunvericiliyinə görə, bu,
qadağandır) və ölkə daxilində öz missiyalarını
həyata keçirirlər. Belələri, ölkədə
milli, dini ayrı-seçkilik salmaq, cəmiyyəti
parçalamaq, siyasi böhran vəziyyəti yaratmaq və s.
bu kimi çirkin işlərlə məşğuldurlar. Dəfələrlə deyilsə də, yazılsa
da, bu sahədə, hələ ki, ciddi tədbir görülməyib.
Hökumət bu məsələdə hədsiz
dözümlülük nümayiş etdirir. Dövlət bu sahədə nizamlayıcı tədbirlərə
əl atsa, o saat həmin "jurnalistlər" bir haray-həşir
qoparacaqlar ki, "vay qoymayın, söz azadlığı
pozuldu".
Mətbuat
nümayəndələri cəmiyyətdə gedən prosesləri
dolğun və düzgün qiymətləndirməlidirlər. Qeyri-konstruktiv
mövqedən, təhqiramiz ifadələrdən, təzyiqlərdən,
yersiz iddialardan və şantajdan əl çəkilməlidir.
Normal və haqlı tənqidi heç kim
pis qəbul etmir. Əslində, insanların
öz hüquqlarını, şərəf və ləyaqətlərini
qorumaları təbii sayılmalıdır. Ona görə də, belə hallarda məhkəmə
qanuna əsaslanan cəzalanma qərarı verməyə bilməz.
Ölkədə
müxalif fikirli adamlar özləri də tənqidə
dözmürlər. Azad mətbuatın davasını döyənlər,
azad və doğru sözü həzm edə bilmirlər.
Müxalifət liderlərini hansısa qəzetdə
tənqid edəndə, çox sərt reaksiya verirlər, amma
öz qəzetlərində kimi istəyirlər təhqir və
şantaj etdirirlər. Tabeliklərində
olan jurnalistlərdən böhtan, qərəz və şantaj
yüklü yazılar tələb edən "liderlər",
problem yarananda yaxasını kənara çəkirlər.
Bütün
bunlar onu göstərir ki, Azərbaycanda mətbuat
azadlığı, söz azadlığı var,
çatışmayan bircə azad mətbuat və azad
jurnalistlərdir.
Elçin Bayramlı
Səs.- 2010.- 15 iyul.- S. 11.