"Əqidə, ruh
və teatr"
Mədəniyyət və turizm nazirinin müavini, Azərbaycan Yazıçılar Birliyinin, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin, Rəssamlar İttifaqının, Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin üzvü, sənətşünaslıq namizədi Ədalət Vəliyevin "Əqidə, ruh və teatr (XX əsrin ikinci yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyasının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması)" monoqrafiyası çapdan çıxıb.
Əsasən, XX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti hüdudlarında gerçəkləşmiş, öz mövcudluq parametrlərini qazanmış milli teatr konsepsiyasının mahiyyətinin açılmasına, onun ictimai-siyasi vəziyyətlə, mənəvi-əxlaqı mühitlə əlaqəsinin aşkarlanmasına həsr olunmuş, girişdən və üç fəsildən ibarət olan kitabda qarşıya qoyulan məqsədə nail olunub. "Əqidə, ruh və teatr (XX əsrin ikinci yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyasının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması)" monoqrafiyasının yekun və nəticələrindən teatr tariximizin müasir mərhələsinin tədrisi, habelə, teatr tənqidi üzrə seminar dərsliyi kimi istifadə edilə bilər. Həmçinin, monoqrafiyanın materialları mühazirə və seminarların hazırlanmasında, aparılmasında metodik göstərici funksiyasını yerinə yetirməyə qadirdir. Monoqrafiyanın elmi redaktoru sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir. Məlumat üçün bildirək ki, indiyədək Ədalət Vəliyevin "Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri" monoqrafiyası, "Teatr sənətimiz: dünən, bu gün, sabah..." və "Yeni təməl" kitabları işıq üzü görüb.
Zümrüd
Səs.- 2010.- 15 iyul.- S. 12.