14 iyul ulu öndərin böyük missiyaya başladığı gündür

 

Heydər Əliyev siyasəti Azərbaycanın bugününün və gələcəyinin təminatıdır

 

1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərlik dövrünün başlanması Azərbaycanın dövlət müstəqilliyinə gedən yolun başlanğıcı idi. Lideri olmayan dövlət heç vaxt tanına, beynəlxalq aləmdə nüfuz qazana, üzləşdiyi taleyüklü problemləri həll edə bilməz. Lideri olmayan dövlətin xalqı həmişə narahat yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tarixi bir missiyanı uğurla, fədakarcasına yerinə yetirərək Azərbaycan dövlətinin, Azərbaycan xalqının taleyində müstəsna rol oynamışdır. Təsadüfi deyildir ki, dünyanın ən nüfuzlu dövlət başçıları, siyasi xadimləri Heydər Əliyevi XX əsrin yetişdirdiyi böyük şəxsiyyətlərdən hesab edir.

 

YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov: "41 il ərzində ümummilli liderimiz Heydər Əliyev bütün fəaliyyəti ilə ictimai şüura daxil oldu, xalq üçün, dövlət üçün yaratdı, qurdu".

 

- Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu il iyulun 14-də ali rəhbər şəxs vəzifəsinə gəlməsi heç da təsadüfi deyildir. Sadəcə, O, rəhbər seçilmirdi, bu, milli oyanışın başlanğıcı idi. Ümummilli liderimiz Heydər Əliyev şəxsiyyəti vasitəsilə Azərbaycan xalqı özünün tarixini, mədəniyyətini, layiq olduğu yeri bir daha cəmiyyətə göstərə bildi. Ulu öndər xalqın içərisindən çıxmışdı, xalqın istəklərini, keçmişini kifayət qədər yaxşı bilirdi. Ona görə də, Onun fəaliyyətində, ilk növbədə, azərbayacançılıq çox qabarıq surətdə özünü göstərməyə başladı. Doğrudur, dövr bir çox məhdudiyyətlərlə bağlı idi. Açıq şəkildə bir çox məsələləri demək olmurdu. Ancaq bununla belə, Heydər Əliyev həmin məhdudiyyətlər içərisində azərbaycançılığı gücləndirə bildi. İmkanlardan istifadə edərək, Azərbaycanda iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına güclü təkan verirdi. Qısa bir müddətdə ölkəmiz aqrar sənaye bölgəsindən sənaye aqrar bölgəsinə çevrildi. Bu illər ərzində Azərbaycanda 250 yeni müəssisə tikildi. Hər müəssisədə 300-500 nəfər işlə təmin edildi. Kənd təsərrüfatı mexanikləşdirildi. Ən yeni texnikalar gətirildi. Kənd yerlərində əhalinin güzəranı yüksəlməyə başladı. Elmin, mədəniyyətin inkişafına çox böyük diqtət yetirildi. Ümummilli liderimiz Heydər Əliyevin dövründə bir neçə ali məktəb açıldı. Mövcud ali məktəblərin maddi-texniki bazası və onun potensialı möhkəmləndi. Onun apardığı məqsədyönlü siyasət nəticəsində gənclərimiz ölkəmizdən kənardakı ali məktəblərdə təhsil almağa başladılar. İlk Azərbaycan diasporunun əsası, məhz həmin dövrlərdə qoyuldu.

İndi Azərbaycandan kənarda yüksək dövlət vəzifələrində, biznesdə, mədəniyyət sahəsində çalışan insanların böyük bir qismi, məhz ümummilli liderimizin dövründə ölkəmizdən kənar ali məktəblərə göndərilən şəxslərdir. Azərbaycanda milli oyanış kifayət qədər gücləndi, dilimizin statusu möhkəmləndi. Məhz Heydər Əliyevin uzaqgörənliyi, böyüklüyü bundan ibarət idi. Heydər Əliyev böyük siyasətçi, böyük lider olaraq dövrünü qabaqlayırdı, müasirlərinin təsəvvür etmədiyi, o dövr üçün fantastik olan layihələrin həyata keçiriliməsinə nail olurdu. Bakıda hərbi məktəbin açılması belə layihələrdən biri idi. Təsadüfi deyildi ki, Heydər Əliyev SSRİ təhlükəsizlik orqanlarında general səviyyəsinə yüksəlmiş ilk azərbaycanlı idi. Bu proses bilavasitə hərbi çağırışdan, ortaali hərbi məktəblərə qəbuldan başlayırdı. Türk mənşəli xalqların nümayəndələri (məsələn, özbəklər, azərbaycanlılar və s.) hərbi xidmət zamanı, əsasən, fəhlə batalyonlarına salınır, hərbi məktəblərə qəbulda onlara az yer ayrılırdı. Bu, "böyük qardaş" siyasəti idi, məqsədi də aydın idi. Sovet dövründə onun qarşısını almaq çətin idi. Amma Heydər Əliyev dühası bu "çətin işi"in də öhdəsindən gəlmişdi, hələ sovet dövründə Azərbaycanın gələcək dövlət müstəqilliyini fikirləşərək, ilkin milli hərbi kadr korpusunu yarada bilmişdi. İlk illərdə O, azərbaycanlı gənclərin SSRİ-nin hərbi məktəblərində təhsil almasını təşkil etmiş, Bakıda general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdu. İndiki generalların çoxu, məhz həmin məktəbin yetirmələridir. Ümummilli liderimizin həyatı bunu tam deməyə əsas verir ki, Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev başa düşək.

 

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı:

 

- 14 iyul 1969-cu il tarixi gündə ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi xalqımızın və ölkəmizin uğurlu gələcəyinin təmin olunması idi. Ulu öndərimizin Azərbaycan rəhbərliyinə gəlişi dövründə respublikada, sözün əsil mənasında, baxımsızlıq hökm sürürdü, iqtisadiyyat sürətlə geriləyir, sosial problemlər artırdı. Onu da qeyd edim ki, bu dövrdə müstəqillikdən danışmaq ölümə bərabər idi. Müstəqil Azərbaycan haqqında yalnız düşünmək olardı, müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaratmaq olardı. Heydər Əliyev də bu yolu tutdu. Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa bir müddətdə Azərbaycan inkişaf edərək respublikada keçirilən sosializm yarışlarının qalibinə çevrildi. Hazırda müstəqil Azərbaycanın bütün əhəmiyyətli sənaye və istehsal sahələri, elm və mədəniyyət mərkəzləri Heydər Əliyevin adı ilə bağlıdır. İqtisadiyyat ölkənin dayağı, sütunu olduğu kimi, energetika da iqtisadiyyatın əsası, qan damarıdır. Ulu öndərimiz Heydər Əliyev də, ilk növbədə, energetika sahəsini inkişaf etdirməkdən, müstəqil elektrik enerjisi sistemini yaratmaqdan başlayaraq, hələ sovet dövründə Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək kimi çətin, böyük cəsarət, böyük qabiliyyət, böyük siyasət tələb edən nəhəng layihəni həyata keçirirdi. Buna yalnız Heydər Əliyev dühası qadir idi. 1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyevin yenidən ölkəmizə rəhbərlik etməsi, Azərbaycanı parçalanmaqdan qurtardı, müstəqilliyini itirməsinin, birmənalı olaraq, qarşısını aldı. Bunun nəticəsidir ki, paralel olaraq, ölkəmiz bir neçə problemi həll etməli oldu. Həm müstəqilliyini möhkəmləndirdi, həm yeni demokratik-hüquqi dövlət qurdu, həm ordunu möhkəmləndirdi, həm də beynəlxalq aləmdə mübarizə apardı. O, həmçinin, iqtisadiyyatda islahatlar apardı, Dağlıq Qarabağ məsələsində öz prinsipial mövqeyini qoruya bildi. Onun qurduğu dövlət, göstərdiyi yol bu günuğurla davam etdirilir. Ən önəmlisi isə odur ki, bu siyasət bu günlə, indi ilə yekunlaşan, bitən deyil. Bu siyasəti bu gün və gələcəkdə də davam etdirən ulu öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev uğurla aparır.

 

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva: "Bu gün tariximizin ən parlaq səhifəsidir"

 

- Hər şeyin gerçək dəyər və əhəmiyyəti müqayisədə aşkarlanır. Bu gün birmənalı şəkildə qeyd etmək olar ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütün parametrlərinə, statistikqeyri göstəricilərinə və nəhayət, Azərbaycan xalqının canlı yaddaşındakı yerinə görə bütün müqayisələrdən yüksəkdir.

41 il öncə başlanan yol Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olub. Və ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Heydər Əliyevdən, Onun böyükmüdrik rəhbər dühasından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib. Təsadüfi deyil ki, başabəla liderlərin, bivec hakimiyyətlərin "idarəçiliyinə" altı il tab gətirən Azərbaycan xalqı 1993-cü ilin yayında müstəqil dövlətçiliyimiz, milli gələcəyimiz uçurumun kənarında dayananda, Azərbaycanı vətəndaş qarşıdurması, zülmət və parçalanma gözləyəndə yenə öz gerçək liderinə, Heydər Əliyev müdrikliyinə üz tutdu. Bu, xalqın liderinin xalqın çağırışına səs verib, onun hüzuruna qayıdışı idi. Bu, eyni zamanda, xalqın artıq qəribsədiyi güvənli, təhlükəsiz və arxayın həyata qayıdışı, sabaha inam və etimadının bərpası idi...

Bu 41 ildə Heydər Əliyev daima zirvədə olub. Bilavasitə hakimiyyətdə olub-olmamasından asılı olmayaraq. Çünki onu bu zirvəyə xalq, Onun etimadı və inamı yüksəldib. Ümummilli liderimiz Heydər Əliyev bu illər ərzində çox zirvələr fəth edib. Amma onun fəth etdiyi ən böyük zirvə xalqının qəlbindədir. Ondan yüksək, uca zirvə yoxdur. Bu illər ərzində Heydər Əliyevin fəaliyyətini, etdiklərinin mahiyyətini anlayıb nəticə çıxarmaq üçün öncə o zirvənin möhtəşəmliyini dərk etmək gərəkdir. İndi Heydər Əliyevi hər kəs tənqid edə bilər. Heydər Əliyevin Azərbaycanda bərqərar etdiyi azad cəmiyyət, sərbəstlik, özgəfikirliyə dözüm - demokratik cəmiyyətin bütün bu nemətlərindən indi hər kəs bəhrələnə bilir. Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 41 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 14 iyul.- S. 6.