Hələ sovetlər
dövründə Ulu Öndərimizin qayğısı
nəticəsində peşəkar jurnalist kadrları
yetişdi
"Azərbaycan" nəşriyyatının
baş direktoru Ağabəy Əsgərovun yap.org.az-a
müsahibəsi
- Ağabəy müəllim,
bildiyimiz kimi, iyulun 22-də Azərbaycan milli
mətbuatının yaradılmasının 135 ili tamam olur.
İlk öncə istərdik ki, Azərbaycan
mətbuatının keçdiyi yol haqqında fikirlərinizi
bildirəsiniz...
- Azərbaycan mətbuatı
çox zəngin bir tarixə malikdir. Hazırda
135 yaşını qeyd edən milli mətbuatımız
böyük inkişaf yolu keçib. Bildiyiniz
kimi, Azərbaycan milli mətbuatının ilk qaranquşu
"Əkinçi" qəzeti olub. Ümumiyyətlə,
milli mətbuatımızın fəaliyyətini dörd
mərhələyə bölə bilərik. Birinci mərhələ 1875-ci ildən 1918-ci ilə
qədər olan müddətdir; ikinci mərhələ
1918-1920-ci illər; üçüncü mərhələ
sovet dövrünü, dördüncü mərhələ
isə müstəqillik qazandıqdan sonrakı dövrü
əhatə edir. Bilirsiniz ki, çar
Rusiyasında türkdilli mətbuatın fəaliyyətinə
süni maneələr yaradılırdı. Çar hökuməti anlayırdı ki, Azərbaycan
milli mətbuatının inkişafı milli şüurun
inkişafına gətirib çıxaracaq. Bu da
gələcəkdə müstəmləkə
üçün təhlükə ola
bilər. Amma bütün maneələrə
baxmayaraq Azərbaycan ziyalıları həmin mətbu
orqanlarda toplaşıb milli ideyaları inkişaf
etdirdilər. 1918-1920-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu zaman
mətbuatımız inkişaf edirdi və yeni
nəşrlər yaranmışdı. "Azərbaycan"
qəzeti isə rəsmi mətbuat kimi fəaliyyət
göstərirdi. Sovetlər hakimiyyəti
dövründə isə senzura var idi, söz və mətbuat
azad deyildi. 1991-ci ildə Azərbaycanın
dövlət müstəqilliyi bərpa olunduqdan sonra xeyli sayda
müstəqil mətbuat orqanları fəaliyyətə
başlayıb. Amma mən deməzdim ki,
onların hamısı yüksək səviyyədə olub
və müasir tələblərə cavab verir. Onların arasında adlarını jurnalist qoyub amma
bu sahəyə aidiyyəti olmayan adamlar da var. 1990-cı
illərin əvvəlində Azərbaycan mətbuatı
çox ağır durumda idi. O zamankı hakimiyyət
özünü demokratik təqdim etməyə
çalışsa da, milli mətbuata dövlət
səviyyəsində güclü təzyiqlər var idi. Təəssüf ki, bu gün
cəmiyyətimizdə "reket jurnalistika" deyilən
problem mövcuddur. Amma bütün bu
problemlərə baxmayaraq Azərbaycan milli mətbuatı
inkişaf edir, yeni-yeni uğurlara imza atır. Təbii ki, ölkəmizdə bütün
sahələrin inkişafı Ulu Öndər Heydər Əliyevin
adı ilə bağlıdır və bu mənada
mətbuatımızın da inkişafından
danışarkən bu faktı qeyd etməmək mümkün
deyil. 1993-cü ildə Ümummilli Lider
Heydər Əliyev ikinci dəfə hakimiyyətə
gələndən sonra Azərbaycan jurnalistikasına çox
böyük qayğı göstərilib. 1998-ci
ildə senzura ləğv edildi. KİV-lərin
maddi çətinliklərinin aradan qaldırılması
üçün addımlar bu gün də atılmaqdadır.
Yəni, o zamandan etibarən bizim
çoxsaylı problemlərin həlli istiqamətində
əhəmiyyətli tədbirlər reallaşmaqdadır.
Ötən dövrlərlə müqayisə etdikdə
görürük ki, mətbuatımızın öz tarixi
boyu bu gün olduğu qədər yüksək inkişaf
dövrü olmayıb. Bilirsiniz ki,
vaxtilə Ulu Öndər Heydər Əliyev
tərəfindən qəzetlərin "Azərbaycan"
nəşriyyatına olan borcu donduruldu. Bütün
bunların nəticəsi olaraq isə Ulu Öndər
Heydər Əliyev mətbuatın dostu elan olundu. Daha sonra isə Prezident İlham Əliyev həmin
borcları birdəfəlik ləğv etdi. Eyni zamanda, bu dövrlərdə jurnalistlərin
dövlət tərəfindən
mükafatlandırılması ənənəsi qoyuldu. Bu sırada mətbuata maddi dəstək göstərilməsi
də xüsusi qeyd olunmalıdır. Cənab İlham
Əliyevin Sərəncamı əsasında Azərbaycan
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması mən deyərdim ki,
mətbuata ikinci nəfəs verdi. Bu, mətbuata dövlət qayğısının
ən böyük göstəricilərindən biridir. Bütün görülən işlər
mətbuatımızın müstəqilliyinin təmin
olunmasına, heç kimdən asılı olmadan maddi
təminatının gücləndirilməsinə xidmət
edir. Bu baxımdan fond müxtəlif
layihələr həyata keçirir ki, mətbuatın maddi
təminatına, jurnalistlərin sosial vəziyyətinin
yaxşılaşdırılmasına kömək edir.
- Siz Ulu Öndər Heydər
Əliyevin mətbuata qayğısından
danışdınız. Ümumiyyətlə,
Ulu Öndərimiz sovet dövründə Azərbaycana
rəhbərlik edərkən mətbuatın inkişafına
nə kimi qayğı göstərib? Bu
haqda nə deyə bilərsiniz?
- Ulu
Öndərimizin qeyd etdiyiniz dövrdə mətbuatın
inkişafına dəstəyinin əsas
nümunələrindən biri məhz bugünkü
"Azərbaycan" nəşriyyatıdır. Məhz Ulu
Öndər Heydər Əliyev bu binanı tikdirib. Əvvələr Bakıda fəaliyyət
göstərən mətbu orqanlar pərakəndə
fəaliyyət göstərsələr də, bu bina tikilib
istifadəyə verildikdən sonra burada toplaşıblar.
Heydər Əliyev tərəfindən qəzet
və jurnalların səmərəli fəaliyyəti
üçün bütün imkanlar yaradıldı. 40 ilə yaxındır ki, bu bina istifadə edilir.
Ulu Öndər Heydər Əliyev o zaman
nəşriyyat üçün xaricdən avadanlıqlar
alıb gətirdi. Təbii ki, O, öz
nüfuzu sayəsində bu işlər üçün
Moskvadan lazımi qədər xarici valyuta ala bilmişdi. Onu
da qeyd edim ki, iki il öncə Prezident
İlham Əliyevin göstərişi əsasında
nəşriyyata ən müasir avadanlıqlar alınıb
verilib. Hətta postsovet məkanında da
belə avadanlıq yoxdur. Bu avadanlıqlar
nəticəsində mətbu orqanlar rəngli, yüksək
keyfiyyətlə nəşr olunmaq imkanına malikdirlər.
Eyni zamanda, burada çalışan
mütəxəssislər də çox
peşəkardırlar. Onu da qeyd etmək
lazımdır ki, hələ sovetlər dövründə Ulu
Öndərimizin qayğısı nəticəsində
peşəkar jurnalist kadrları yetişdi. Eyni zamanda, ali məktəblərdə jurnalistika
ixtisası üzrə təhsilə ciddi diqqət yetirilirdi,
milli mətbuatımızın tarixi dərindən
öyrənilirdi. Əlbəttə, sovet
dövründə mətbuat azad deyildi və bütün
kütləvi informasiya vasitələri vahid ideoloji
xəttə xidmət edirdilər və bu çərçivədən
kənara çıxa bilməzdilər. Amma
məsələ burasındadır ki, sovetlər
dönəmində Heydər Əliyevin fəaliyyəti
nəticəsində mətbuatın maddi-texniki bazası
möhkəmləndirildi və yeni peşəkar jurnalist
nəsli formalaşdı. Bu amil isə
müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan
üçün çox vacib rol oynadı.
- Azərbaycan Prezidenti milli
mətbuatımızın 135 illik yubileyinin dövlət
səviyyəsində keçirilməsi haqqında
Sərəncam imzalayıb. Hazırda
bu Sərəncamın icrası ilə bağlı
müxtəlif tədbirlər həyata keçirilir. Ümumən, bu cür tədbirlərin
əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan milli
mətbuatının 135 illik yubileyinin keçirilməsi
barədə Prezident İlham Əliyevin imzaladığı
Sərəncam mətbuata göstərilən diqqət və
qayğının bariz nümunəsidir. Bu
gün milli mətbuatın bazasının
möhkəmləndirilməsində, dövlət orqanları
ilə mətbuat arasında əməkdaşlığın
inkişafında məqsədyönlü tədbirlər
planı həyata keçirilir. Ümummilli
Lider Heydər Əliyevin siyasi iradəsi və böyük
əməyi sayəsində mətbuatda mövcud olan
maneələr aradan qaldırılıb, söz və
məlumat azadlığı prinsipləri bərqərar olub,
jurnalistikanın peşəkar, dəqiq və qərəzsiz fəaliyyətinə
təkan verilib. Azərbaycan mətbuatı
cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Vətəndaş cəmiyyətində
KİV-lərin özünəməxsus xüsusi yeri var. Məhz
bu səbəbdən də, dövlət daim milli
mətbuatımıza, onun inkişafına böyük
diqqət yetirir. Hesab edirəm ki, Prezident
İlham Əliyevin imzaladığı Sərəncam
təkcə mətbuatımızın yox, cəmiyyətimizin
inkişafına yönəlmiş addımdır.
- Ağabəy müəllim, hazırda
"Azərbaycan" nəşriyyatında nə
qədər mətbu orqan fəaliyyət göstərir? Ümumiyyətlə, burada nəşr olunan qəzet
və jurnalların sayı nə qədərdir?
- Hazırda nəşriyyatda
170-ə qədər qəzet və jurnallar yerləşir. Bütövlükdə isə 300-ə yaxın
mətbu orqan nəşr olunur. Amma bu
rəqəm vaxtaşırı olaraq dəyişir.
- Həmin mətbu orqanlar nəşriyyata
ödənişləri vaxtında edə bilirlərmi? "Reket jurnalistika" ilə mübarizə
çərçivəsində bu tipli nəşrlərə
qarşı hansı addımlar atılır?
- Bilirsiniz ki,
vaxtaşırı olaraq Mətbuat Şurasının
"reket jurnalistika" ilə bağlı qara siyahısı
elan olunur. Həmin siyahıda olan
qəzetləri biz nəşriyyatdan kənarlaşdırırıq.
Təsəvvür edin ki, bəzi
"jurnalistlərin" tam orta təhsili belə yoxdur. Həmin qəzet rəhbərləri
tərəfindən mənə ərizələr,
məktublar daxil olur. Hətta baş
redaktorların bu müraciətlərində xeyli sayda qrammatik
səhvlərə rast gəlmək mümkündür. Belə
baş redaktorun nəşr etdiyi qəzetin səviyyəsi
necə ola bilər? Borclara
gəlincə, belə hallar yenə də mövcuddur. Bu da nəşriyyatın fəaliyətinə
çətinliklər yaradır. Çünki
bizim də müəyyən ödənişlərimiz var ki,
onları gəlirlərimiz hesabına ödəməliyik.
Əgər bizə olan borclar ödənilmirsə, biz
də çətinlik çəkirik.
Ağabəy Əsgərov
Səs.- 2010.- 14 iyul.- S. 8.