Ümummilli lider Heydər Əliyev
Azərbaycanı dünyaya tanıtdı
Ziyafət Əsgərov: "Ulu öndər Heydər
Əliyevin böyük iradəsi sayəsində, bu gün Azərbaycan
xalqı ən yüksək zirvələri fəth etməyə
qadirdir"
- Ziyafət müəllim, ulu öndər Heydər
Əliyevin 1969-cu il 14 iyulda
respublika rəhbərliyinə gəlişini necə dəyərləndirirsiniz?
- Ulu öndər
Heydər Əliyev böyük bir yolun
başlanğıcını qoyub. Bu yol güclü, qüdrətli,
zəngin, lider yolu deməkdir. 1969-cu il iyulun 14-də ulu
öndər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər
seçildi. Hər bir azərbaycanlı bunu çox yüksək
qiymətləndirir. Ulu öndər Heydər Əliyev Azərbaycanın
müstəqilliyinə inanırdı. Biz Heydər Əliyevin siyasətindən
danışanda müstəqil Azərbaycanın quruculuğunu
aydın şəkildə görürük. Ümummilli lider
Heydər Əliyevin gələcək müstəqil dövlətin
köklü əsaslarını hakimiyyətinin ilk
dövründə yarada bilmişdi. Azərbaycan dövlətçiliyinin
söykəndiyi təməl prinsipləri ulu öndər Heydər
Əliyev tərəfindən yaradılıbdır.
Ulu öndərimiz Heydər Əliyevin
Azərbaycana rəhbər
seçilməsi, Azərbaycanı idarə etməsi
Sovet Azərbaycanın tarixində yeni bir mərhələnin
başlanğıcını qoydu. O vaxt Azərbaycan sovet
müttəfiq respubikaları içərisində geridə qalmış respublikalardan
biri idi. Sovet Azərbaycanında ulu öndərin fəaliyyəti Azərbaycanın dövlət
müstəqilliyinə
hesablanmışdı.
Ulu öndərin hakimiyyətə
gəlişindən sonra Azərbaycanda xalq təsərrüfatının
bütün sahələrində inkişaf başlandı. Sənayedə,
kənd təsərrüfatında,
mədəniyyət sahəsində,
incəsənət, kino, teatr, rəssamlıq və digər sahələrdə də intibah dövrü başlandı.
Bu, əlbəttə, ulu öndər Heydər Əliyevin
şəxsiyyəti, titanik fəaliyyəti,
işgüzarlığı, dərin
məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi
ilə bağlı idi.
Azərbaycan ulu öndərin
rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet
respublikaları içərisində birinci yerə keçdi.
Bu isə, sovet dövrü üçün çox
böyük bir hadisə idi. Ulu öndər Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilə rüşvətxorluğa,
korrupsiyaya qarşı mübarizə gücləndirildi. Azərbaycanda insanların dövlətçilik
şüurunun möhkəmləndirilməsi istiqamətində
ulu öndərin xidmətləri
əvəzsizdir.
Ulu öndər Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman
kəsiyində ittifaq miqyasında iqtisadi-sosial baxımdan
özünü təmin etməyə qadir olan respublikalar
sırasına daxil oldu. Ulu öndər Heydər Əliyevin
yaratdığı müstəqil Azərbaycan dövləti
1969-cu ildə başladığı siyasətin məntiqi
davamıdır. Ulu öndər, ümummilli lider Heydər Əliyev
hakimiyyətə gələndən sonra separatçı
qüvvələri yerbəyer elədi, insanlarda cəmiyyətə,
dövlətə, məmləkətə inam yaratdı,
insanlar küçələrə azad surətdə
çıxmağa başladılar.
Azərbaycana uğur gətirən
müxtəlif layihələrə imza atıldı. Azərbaycanda
bugünkü inkişafın təməlini qoyan ulu öndər
Heydər Əliyev yolu var və təbii ki, ulu öndərin
qoyduğu yol hər bir azərbaycanlı üçün
müqəddəs yoldur. Hər bir azərbaycanlının
borcudur ki, Azərbaycan dövlətinin daha da yüksəlməsində
öz töhfəsini verməlidir.
-Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra məşhur avqust plenumda qarşıya qoyulan vəzifələrin
icra olunması nəyə hesablanır?
- Bu vəzifələr Azərbaycanın
birinci növbədə hərtərəfli irəliyə getməsinə
hesablanır. Ulu öndər Heydər Əliyev hakimiyyətə
gəlməmişdən öncə Azərbaycan geridə
qalmış aqrar bir ölkə
hesab olunurdu. Avqust plenumunda qarşıya qoyulan əsas məqsəd
və vəzifələr ondan ibarət idi ki, Azərbaycan sənaye-aqrar
dövlətinə çevrilməlidir. Ölkəmizin hərbi
dövlət quruculuğunda da
xeyli işlər görüldü. Cəmşid
Naxçıvanski adına məktəb
ulu öndərimizin xeyir-duası ilə
açıldı.
Eyni zamanda, insanların sosial-iqtisadi həyat tərzinin
yaxşılaşdırılması, bir sözlə, Azərbaycanın
yüksək bir məqama qalxması baxımından, avqust
plenumda qarşıya qoyulan vəzifələrin çox
böyük rolu oldu. Ümummilli lider Heydər Əliyev
bütün bu işlərin öhdəsindən çox
böyük məharətlə gəldi. Ulu öndər Heydər
Əliyevin böyük iradəsi sayəsində, bu gün Azərbaycan
xalqı ən yüksək zirvələri belə fəth etməyə
qadirdir. Ulu öndər Heydər Əliyev və Azərbaycan
adı bir-birinə sıx
bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycanı,
Azərbaycan xalqını dünyaya tanıtdı.
-1993-cü ildə ulu öndər Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə 1969-cu illər
arasında oxşar və fərqli cəhətlər nədən
ibarətdir?
-Fərqli cəhət ondan ibarətdir ki, biz 1993-cü ildə formal olaraq artıq müstəqil
dövlətdə yaşayırdıq. Hər kəsə məlumdur
ki, 1993-cü ilə qədər Azərbaycanda durum heç də
ürəkaçan deyildi. Azərbaycan dövlətinin təhlükə
altında qalmasına baxmayaraq, ulu öndər Heydər Əliyev
xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə
gəldi. Əgər ulu öndər Heydər Əliyev o zaman
hakimiyyətə gəlməsəydi, Azərbaycan müstəqilliyi
təhlükə altında qalardı.
Oxşar cəhət isə
ondan ibarətdir ki, ümummilli
lider Heydər Əliyev yenə də əvvəlki tükənməz
gücü ilə Azərbaycanı qurub-yaratmağa
başladı. Çünki bu dəfə söhbət ulu
öndər Heydər Əliyevin
arzuladığı müstəqil Azərbaycanın
qurulmasından gedirdi. Ulu öndərin yenidən hakimiyyətə
qayıtması Azərbaycanın qurtuluşu idi. Azərbaycanı
dünyanın müxtəlif
bölgələrindən tanımağa
başladılar, ulu öndər ölkəmizin problemlərini
dünyaya çıxartdı. Bu mənada, 15 iyun 1993-cü il tarixi Azərbaycan
xalqının qızıl səhifəsidir.
Bu səhifə getdikcə
daha da dəyərli olacaqdır. Ona görə dəyərli
olacaqdır ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan tarixinə
sınaq tarixi idi. Ümummilli
lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mən
ömrümün qalan hissəsini də xalqıma
bağışlayıram, bütün gücümlə
çalışacam ki, dövlətim müstəqil və bu
müstəqillik əbədi olsun. Bu gün artıq Azərbaycan
dövləti dünyanın nüfuzlu dövlətləri ilə
rəqabətə girir, dünyanın ən inkişaf
etmiş dövlətləri ilə danışıqlara gedir,
və onlarla münasibətlər qurur.
Azərbaycan dövlətinə
müstəqil, hüquqi, beynəlxalq bir dövlət kimi
yanaşırlar. Azərbaycanda gedən prosesləri
yaxşı mənada qəbul edirlər. Xaricdən gələn
qonaqlar Azərbaycanın inkişafını dəstəkləyir
və Azərbaycanın, Bakı şəhərinin çox dəyişdiyini,
güclü, sürətli inkişaf etdiyini söyləyirlər.
- Hakim Yeni Azərbaycan Partiyası qarşıdan gələn
parlament seçkilərinə necə hazırlaşır?
-Ulu öndər Heydər Əliyev
ideyalarının tərənnümçüsü olan bu güclü
siyasi təşkilat Azərbaycan xalqının istək və
arzularının yeganə təminatçısıdır. Bu
gün Azərbaycan cəmiyyəti inkişafın ən
yüksək mərhələsindədir. Ölkəmizin əldə
etmiş olduğu iqtisadi-siyasi potensial imkan verir ki, istənilən
məsələdə ən yüksək səviyyəli nəticə
əldə edilsin.
Azərbaycanda son dövrlərdə
keçirilən bütün seçki prosesləri hər bir
zaman çox azad və açıq şəkildə
keçirilib. Bu gün Azərbaycan da söz, nüfuz sahibi
olan partiya iqtidar partiyasıdır və bu partiyaya üzv olan gənclərin sayı həddən
artıq çoxdur və ölkənin ən aparıcı
partiyasıdır. YAP çox yüksək səviyyədə
təşkil olunmuş bir partiyadır. Bu partiyanın
bütün strukturları fəaliyyət göstərir.
Ümumiyyətlə, YAP
seçkilərə yalnız seçki ərəfəsi
hazırlaşmır. Seçim bir gün ərzində
baş vermir, seçim bütün bu illər ərzində
baş vermir.Çünki seçici seçdiyi insanın fəaliyyətinə
nəzarət edir. İllər ərzində
müəyyən proseslər gedir, rayon partiya təşkilatları
ilə əlaqələr gücləndirilir, müxtəlif tədbirlər,
seçicilərlə görüşlər keçirilir. YAP
hər an öz işində çox ciddi olubdur.
Çünki biz siyasi mübarizədəyik, iqtidardayıq,
üzərimizə YAP olaraq böyük məsuliyyət
düşür və biz bu məsuliyyəti dərk edirik.
Bu gün Azərbaycandakı
ictimai-siyasi durum yüksək səviyyədədir.
Çünki ilk növbədə, Azərbaycan müstəqil
demokratik ölkədir. Azərbaycanda insan
hüquqlarının tam təmin olunması bugünkü
ictimai durumun əsas göstəriciləridir. Azərbaycanda
insanların seçkiyə getməsi, seçim etməsi
üçün yüksək şərait var. YAP-ın
bütün addımları xalqın və dövlətin
rifahına hesablanıb. Azərbaycan xalqı bugünkü
inkişafından çox razıdır. Yeni Azərbaycan
Partiyası bu gün, nəinki ölkə hüdudları
daxilində, eyni zamanda, beynəlxalq arenada özünə
möhkəm və layiqli bir yer qazanıb. Hər seçkidə seçicilərin fəallığı
artır, seçimdə keyfiyyət göstəricisi yüksəlir.
Beləliklə də, Azərbaycanın parlamenti
dünyanın ən müasir parlamentləri səviyyəsinə
qalxır. Bu, Azərbaycanda gedən
inkişafın nəticəsidir. Bütün seçkilər
tam azad, şəffaf, demokratik şəraitdə keçirilməyə
başladı. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin yürütdüyü siyasəti, bir qayda
olaraq, dəstəkləyirik.
-Parlament seçkiləri ərəfəsi müxalifət
düşərgəsində seçkiqabağı durum
müxalifətə parlamentdə təmsilçilik hüququ
qazandıra bilərmi?
- Müxalifət hansısa
yüksək bir səviyyədə deyil ki, Azərbaycanda
keçirilən parlament seçkilərində çoxluq təşkil
etsin. Müxalifət müasir
dünyayla heç vaxt
ayaqlaşa bilməyəcək.
Sosial bazası olduqca zəifdir, müxalifət
partiyaları arasında böyük ziddiyyətlər var. Bəzi
müxalifət partiyaları həddindən artıq
radikallıq nümayiş etdirirlər. Azərbaycanın
inkişafını görmək istəmirlər, ölkəmizin
əldə etdiyi uğurlara qısqanclıqla
yanaşırlar.
Azərbaycanda gedən
inkişafı, rəngarəng mexanizmi qavramaq istəmirlər,
yaxud da qavraya bilmirlər. Azərbaycan dövlətində
güclü, sivil müxalifət yoxdur. Bütün bu göstəricilərə
görə, müxalifət parlamentdə heç vaxt
çoxluq təşkil edə bilməyəcək. İndiki
müxalifətin şüuru 1990-cı il şüurudur.
Müxalifət Azərbaycanda
gedən sosial, iqtisadi, siyasi, hüquqi inkişafa
uyğunlaşmalıdır, əks halda, cəmiyyətdə heç bir
nüfuz qazanmayacaq. Hər halda, müxalifət öz səhvlərini
nə qədər tez anlasalar, bir o qədər
yaxşıdır. Onların radikal yanaşması o qədər
də problem yaratmır. Cəmiyyət tərəfindən
tanınmayan, qəbul olunmayan
insanın seçilmək imkanı olduqca məhduddur. O
qruplar Azərbaycanda kifayət qədər məhdud
qruplardır.
- Müxalifət düşərgəsində siyasi
dialoqa çevrilən birlik ideyasının
reallaşmasına necə baxırsınız?
-
Bu birlik ideyası müxalifətin boş-boş məntiqsiz danışıqlarıdır.
Çünki müxalifətçilərin tam əksəriyyəti
bir-birinə qarşıdır. Əgər onların birliyi
yoxdursa, parlamentdə təmsil olunmaq ehtimalı da çox
azdır. Müxalifətin ictimai-siyasi proseslərə ciddi təsir
göstərəcəyini düşünmək olmaz. Təbiidir
ki, get-gedə müxalifətin müxalifətçilik etməsi
cəmiyyətdə maraq doğurmur və müxalifətin
miqyası da daralır.
Azərbaycanın parlamenti
dünyanın ən müasir parlamentləri səviyyəsinə
qalxır. Hər bir Azərbaycan vətəndaşı
qürur hissi yaşayaraq, seçkilərə gedəcək və
ən layiqli namizədinə səs verəcəkdir.
Mən əminəm ki, həmişə olduğu kimi, parlament seçkilərində də Azərbaycan xalqı YAP-a dəstək olacaqdır.
AYLANA RZAYEVA
Səs.- 2010.- 14 iyul.- S. 9.