Yazıb-yaşayan sənətkar
40-ın qovşağından
aralanmamış
50-yə yetişdim, gəlib yaşadım.
- deyən Kamandar Eyvazlı Qədim Borçalı mahalının yetişdirdiyi sözlü-söhbətli sənətkarları sırasında özünün deyimi, yaradıcılıq manevri ilə seçilən və sevilən simadır. Yaşının 50-ci baharında bu dünyanın söz bulağından su içməklə mənəvi aləmini zənginləşdirən Kamandar Eyvazlı bir əsrin yarısında həyatın rənginin çalarlarından yaratdığı çələngi oxucusunun ixtiyarına vermişdir.
Kamandar Eyvazlının ailəsi, valideynləri, əzizləri necə inanaydılar ki, bir vaxt o da şeir, sənət aləminə qoşulacaq, şeirləri ilə Azərbaycan poeziyasının rövnəqlənməsində xüsusi yer tutacaq. Dünyanın qəribə qanunları var. Bu qanunlar kimini arzularına qovuşdurur, kimini də tamam gözləmədiyi bir aləmə atır. Sərt dünyanın sərt qanunları... Çox şükür ki, mənim həmsöhbətim həyatda müəyyən mənada uğurlu yol seçmiş, yaxşı mənada "həyatı üzünə gülmüş" bir insandır. Doğrudur, hər bir insan kimi onun da həyatda qarşılaşdığı pisliklər, çətinliklər çox olub. Lakin çox şükürlər ki, bunların hamısının öhdəsindən öz ağılı, kamalı ilə gələ bilib. Ən əsası isə, bu gün sənətdə öz çəkisi, öz yeri var Kamandar Eyvazlının. Onun şeirlərini oxuduqca dünəninə boylanır, bu gününə sevinirsən, sabahına inamla baxırsan. Bax, əsil mənada budur insana, sənətə olan məhəbbət, şeirə olan vurğunluq. Şairin yaradıcılıq irsini vərəqlədikcə insana məhəbbət, şirinlik duyulur, adi bir sözlə insan qəlbinin dərinliyinə sirayət edirsən. Onun nəzmə çəkdiyi "Dəymə" şeirində olduğu kimi yaratdığı canlı obraz bir portretə çevrilir:
Gül içində gəzən
qız,
Gülün xətrinə dəymə.
Özündən aralayıb,
Əlin xətrinə dəymə.
Nə düşübdü
beyninə
Heç nə gəlmir eyninə?
Aç, tökülsün
çiyninə,
Telin xətrinə dəymə.
Gözəl, zərif bir qız surətini məxsusi bir şəkildə təqdim edən şair dilinin səmimiliyi onun poeziyasına bir axıcılıq gətirir. Cavanlıq özü bir gözəllikdir. Bu gözəlliyi isə insanlara tanıdan, sevdirən məhz sənət adamları - şairlər, bəstəkarlar, rəssamlardır. Deyərdim ən gözəl duyğuları dinləndirən, insanları sevindirən, sevdirən sənət adamları ilahinin dünyaya bəxş etdiyi varlıqlardır. Bu varlıqları qorumaq, dəyərləndirmək hamının borcudur. Adi bir məclisdə gözəl bir şeir dinləmək, ürəyəyatımlı mahnıya qulaq asmaq insana nə qədər xoşdur. İnsan həmin an sanki dünyanın bütün dərd-qəmindən, kədərindən, qayğılarından uzaq olub, öz ürək dünyasında yeni, gözəl bir aləm qurur. Bu gözəl aləmi - qəlb dünyasını bizim üçün quran, yaşadan isə çox vaxt dəyərincə qiymətləndirə bilmədiyimiz sənət adamlarıdır. İnsan bir gün özünü bu aləmdən - mahnıdan, şeirdən, mətbuatdan kənarda necə görə bilər?
Kamandar Eyvazlının şeirlərində çox vaxt aşıq, saz havalarının xoş ətrini duyuruq. Bəlkə bu da onun doğulduğu, boya-başa çatdığı Borçalı elinin abı-havasındandır. Doğma torpağını ürəkdən sevən, vaxt tapan kimi doğma Kəpənəkçi kəndinə "qaçan" şairin şeir ruhu da öz torpağından, onun səfalı təbiətindən doymur. "Kənd lövhəsi" şeirində təbiət lövhəsini yaradaraq, onun bədii təsvirinə nail olur:
Dağlardan aralı gülməyir üzüm,
Xəyalım dağlarla
hər gün görüşür.
Axşamım, sabahım, gecəm-gündüzüm,
O ellə, obayla,
kəndlə ötüşür.
Bir-birinin ardınca muncuq kimi düzülmüş misralar sanki rəssamın gözəl tablosunu göz önündə canlandırır, insanı ana təbiətə səsləyir, belə gözəl bir diyarda doğulduğumuza görə Tanrıya şükür edirik. Kamandar Eyvazlının şeirlərini oxuduqca onun nə qədər böyük ürək sahibi olduğunun bir daha şahidi olursan. İnstitutu bitirdikdən sonra dörd il Laçında ədəbiyyat müəllimi işləyən Kamandar Eyvazlını bu gün də Laçın həsrəti, Laçın qübarı rahat qoymur. "Laçın həsrəti" poemasında bu özünü büruzə verir:
Hərdən ürəyimə qəriblik
çökür,
Yaman darıxıram Laçından ötrü.
Bir də o yerlərə
qaytarır, çəkir,
O dağlar, dərələr,
o çiçək ətri.
Payızdı... Yarpaqlar
saralıb yəqin,
Yollar yoldan
çıxıb, cığırlar itib.
Dörd il
yaşadığım sahmanlı evin,
İndi daşında da ot-ələf bitib.
Müəllifin çırpınan qəlbinin
səsi, istisi, vətənə olan segisi, ilahi hissləri
dil açıb o mənzərənin, o torpağın
ab-havasınıyaşadır. "Yatıram, dururam, Laçın deyirəm, Laçın... qurumayan yaşdı gözümdə..."-deyən şairin səmimi hissləri inandırıcı, bənzərsidir.
Şair bu gün də, sabah da
unudulmayacaq Laçın
həsrətindən yana-yana
danışır, lakin
ümidləri doğrulacaq,
yəqin ki, doğma torpaqlarımız
özümüzə qaytarılacaq.
Bax, o zaman kövrək şair qəlbi daha həvəslə, daha ehtirasla doğma torpaqlarımızı
vəsf edən gözəl sənət nümunələri bəxş
edəcək istəkli
oxucularına.
Şair qəlbi doğma Laçında yadellilərin
gəzməsinə qarşı
hayqırır, dözmür,
üsyan edir.
Kamandar Eyvazlı hərdən
pessimist hisslərə də
qapanır. Doğmalarını itirən şair
bəzən ümidsizliyə
düşür, nə
edəcəyinə qərar
kəsdirə bilmir.
Bu baxımdan onun
"Söylədim" şeiri
diqqəti daha çox cəlb edir:
Payız soldu, qış
əridi, yaz güldü,
Çaya baxıb ömür getdi söylədim.
Nə dəryadı,
nə daşqındı,
nə seldi,
Çaya baxıb ömür getdi söylədim.
Şairin belə pessimist olmağa haqqı yoxdur, deyərdim ərklə. Çünki onu, ailəsini, üç gözəl balasını az-çox tanıdığımdan, şairin
həyatdan gileylənməyə,
ümidsizliyə qapanmağa
ən azı haqqı yoxdur. Xalq şairi, hamımızın
doğması, istəklisi
İlyas Tapdığın
gözəl qızı
Gültəm xanım
şairə nəinki
təkcə ömür-gün
yoldaşı kimi əzizdir, həm də onun şeirlərini
ilk oxucusudur. Çox
qəribədir ki, bu ailədə hər iki valideyn
- həm Kamandar Eyvazlı, həm də onun xanımı
Gültəm İlyas
qızı öz şeirləri, imzaları
ilə daim mətbuat aləmində görünürlər.
Bu yaxınlarda Kamandar Eyvazlının 50 yaşı
tamam oldu. Bu münasibətlə Azərbaycan
Yazıçılar İttifaqında
şairin yubileyi təntənəli şəkildə
keçirildi. Sənət dostları,
şairlər bu istedadlı şairi təbrik etdilər, ona daha böyük
uğurlar arzuladılar.
Sonda şair özünün təzəcə
yazdığı "Yaşadım"
şeirini oxucularına
ərməğan etdi:
Qarşımda ağ kağız, xəyalımda
söz,
Beynimdə fikirlər, ürəyimdə
köz,
Ayları arxada qoyub düpbədüz,
Bir əsri yarıya bölüb yaşadım.
Neçə naxışdan ruhu təzələnən şair
aranda çiçəkdən,
dağda yağışdan,
tənəli sözdən,
baxışdan qorxmayaraq
yaşayıb ömür
yolunun enişində-yoxuşunda
izini salıb.
Mən də öz adımdan, istəkli oxucular adından şairi ürəkdən
təbrik edir, həmişə ürəkdən
gülməyi, ürəkdən
sevinməyi arzulayıram. Ömrünün ən gözəl, müdrik çağlarını
yaşayan Kamandar Eyvazlıya bundan sonra da biri-birindən
gözəl şeirlər
yazmağı, şair
qəlbinin yorulmamasını
arzulayıram.
Elmira Musaqızı
Səs.- 2010.- 14 iyul.- S. 12.