"Jurnalistlər böyük mənəvi və zehni enerji sərf edirlər"

 

Zeynal Məmmədli: "Əkinçi"nin strateji hədəfləri maarifçilik, demokratik düşüncə və sivil cəmiyyət üzərində qurulmuşdu"

 

- Zeynal müəllim, son vaxtlar mətbuatın durumu ilə bağlı müzakirələr aparılır və bu sahədə yaranmış ziddiyyətli məsələlər diqqət mərkəzindədir. Mili mətbuatın bugünkü durumu bir peşəkar media mütəxəssisi olaraq sizi qane edirmi?

- Burada iki vacib məsələ var. Medianın və cəmiyyətin bir-birinə qarşılıqlı təsiri faktorundan söhbət gedir. Media cəmiyyətin tərkib hissəsidir və buna görə də medianın durumu cəmiyyətdən asılıdır. Yəni, cəmiyyətdə baş verən ən xırda bir tendensiya, sözsüz ki, mediaya da öz təsirini göstərir. Amma gəlin görək, mediada baş verən hadisələr cəmiyyəti düşündürürmü və ona təsir edirmi? Bu məsələnin ikinci tərəfi sual altındadır.

Son vaxtlar mətbuatla bağlı ölkədə müşahidə olunan proseslər bir daha göstərdi ki, cəmiyyət öz həyatında medianın rolunu və təsirini sanki hiss etmir. İndi artıq mətbuatın durumu ilə bağlı müzakirələr yalnız mediada çalışanların daxili işi kimi qalır. Bu, onu göstərir ki, Azərbaycan mediası cəmiyyətin ondan gözlədiklərini hələ etməyib. Etsəydi, dəstəklənə bilərdi və cəmiyyətin önündə gedərdi, amma bu, tam tərsinədir. Belə davam etsə, Azərbaycanda media cəmiyyətin nəinki önündə, heç arxasında da gedə bilməyəcək.

- Tez-tez belə fikirlər səslənir ki, mətbuatın əksər hissəsi siyasiləşib və müstəqil mətbuat demək olar ki yoxdur, təhqir, böhtan və şantaj baş alıb gedir və s. Sizcə, bu durum nədən qaynaqlanır?

- Müstəqil mətbuatın olmamasının əsas səbəblərindən biri də qəzetlərin maliyyə azadlığının olmamasıdır. Baxın, Azərbaycanda media bazarının durumu ilə bağlı hamımızın inanacağı akademik sorğular hələ keçirilməyib. Amma qeyri-hökumət təşkilatlarının keçirdiyi bəzi sorğulara baxsaq, görərik ki, Azərbaycan oxucusunun dairəsi ildən-ilə daralmaqdadır.

- Son vaxtlar bu istiqamətdə səslənən fikirlərdə və irəli sürülən təkliflərdə qeyd olunur ki, mətbuatı siyasi təsir və tabeçilikdən çıxarmaq, onların maliyyə müstəqilliyini yaratmaq lazımdır ki, mətbuat bitərəf və obyektiv prinsiplərlə fəaliyyət göstərsin.

- Cəmiyyətin özündə bütövlükdə durum dəyişməsə, bütün bunlar boş xəyal olaraq qalacaq. Əgər partiyalara elektron mediada və rəsmi dövlət qəzetlərində söz demək imkanı yaradılsa, təbii ki, bunlar özlərinin qəzetlərini buraxmaqda maraqlı olmayacaqlar. Azərbaycanda bu sahədə durum öyünüləsi olmadığından, hər kəs ağlına və ağzına gələni yazır. Bu tendensiya da artıq mətbuat azadlığının başa düşülmə tərzinə çevrilib.

Adamların köşklərdən həvəslə qəzetləri almasını da görmürük. Əgər biz istəyiriksə qəzetləri müstəqil edək- müstəqil olmaq sözünün arxasında "mən necə istəsəm, elə də yazaram" prinsipi dayanmır- onda onların maliyyə qaynağı şəffaf olmalıdır. Biz deyə bilərikmi ki, filan qəzetin maliyyə qaynağı şəffafdır? Buna cəmiyyətdə ən azı şübhələr var...

- Mediada kimisə təhqir edən, şantaj, böhtan və qarayaxma ilə məşğul olan jurnalistlərə qarşı hansı tədbirlər görülməlidir?

- Məsələn, yüksək cərimə tətbiq etmək olar. Və bu cərimə onu növbəti səhv addımdan çəkindirəcək. Bu məsələnin özü də mürəkkəbdir. Bəziləri anlamalıdırlar ki, adi vətəndaşlar iri məmurlardan daha çox müdafiəyə möhtacdırlar. Media sadə vətəndaşların hüquqlarını qorumalıdır. Əgər biz Avropaya inteqrasiya oluruqsa, bu, bizim təfəkkürümüzdə möhkəm oturmalıdır.

- Mətbuat Şurasının KİV-ə Dəstək Fondunun və digər jurnalist təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz? Bunların mətbuatın inkişafında və problemlərinin həllində rolu nə dərəcədə ola bilər?

- Bu məsələdə iki tərəf var. Bir bötüvlükdə cəmiyyət var, bir də jurnalistlər və onların təşkilatları. Cəmiyyət nə qədər fəal olsa, biz bu qurumların fəaliyyətinə daha dolğun və obyektiv qiymət verə bilərik. Biz totalitar bir sistemdən çıxmışıq. Yəni, "evdə yeməmişik, qonşuda görməmişik" ki, bu ictimai təşkilatlar necə olmalıdır. Bu baxımdan müyyən qədər təcrübəsizlik var.

Arzu edərdik ki, həmin qurumlar öz fəaliyyətlərini gücləndirsinlər. Mətbuat Şurası üzvləri cəmiyyətin strateji hədəflərini görmək və ölkəmizin dünyaya inteqrasiyasına kömək etmək baxımından öz düşüncələrini ortaya qoymalıdır. Bu məsələlər geniş auditoriyalarda müzakirə olunmalıdır, fikirlər ortaya qoyulmalıdır və çıxış yolları birgə axtarılmalıdır.

- 135 il öncədən başlayan, müxtəlif quruluşlardan və fərqli sistemlərdən keçib bu günə gələn Azərbaycan mətbuatının tarixi xronologiyasına nəzər salanda, hansı qəna- ətə gəlmək olar: mətbuat inkişaf cəhətdən irəli gedir, yoxsa geri?

- Bu dövrlərdə ziqzaqlar olub. Gah irəli getmişik, gah da geri. Mən mətbuatın və jurnalistlərin bugünkü durumuna baxıram və Zərdabiyə rəhmət oxuyuram. "Əkinçi"nin strateji hədəfləri maarifçilik, demokratik düşüncə və sivil cəmiyyət üzərində qurulmuşdu. Mən "Əkinçi" qəzetini bugünədək çıxan qəzetlər arasında ən peşəkar qəzet hesab edirəm. Əgər bir media mütəxəssisinin gözündə bizim mətbuat tariximizin ən peşəkar qəzeti "Əkinçi"dirsə, deməli, mətbuatımız geriləyib.

- Azərbaycan mediasında ən kəskin problemlərdən biri kimi "reket mətbuat" adı verilən bölümün fəaliyyət sferasının genişlənməsi göstərilir. Ekspertlər bunun müxtəlif səbəblərini göstərirlər- bəziləri bunu ölkəmizdə KİV-in qeydiyyatının son dərəcə asan olması ilə, digərləri isə, asan yolla çoxlu pul qazanmaq istəyi ilə bağlayırlar. Siz necə düşünürsünüz?

- Mən düşünürəm ki, bu tendensiyanı təkcə KİV-in qeydiyyatının asan olması ilə bağlamaq doğru olmazdı. Ümumiyyətlə, dünyada "reket mətbuat" anlayışı yoxdur. Əminəm ki, bu söz yalnız Azərbaycanda işlənir. Bu da sovet yaşayış tərzinin məhsuludur. Digər postsovet ölkələrində buna yaxın sözlər işlənib, ancaq "reket mətbuatı", "reket jurnalistikası" şəklində yalnız Azərbaycanda işlənir. Bu, əsasən, ona görə baş verir ki, ölkədə media bazarı tam inkişaf etməyib.

Azərbaycanda reklam bazarı medianı cəzalandıra bilsəydi, yəni, mətbuat oxucunun qəzet-jurnalları alıb-almamağı, oxuyub-oxumamağın sayına görə reklamverənin verdiyi pulların kəsilməsi ilə cəzalansaydı, o zaman bütün bunlar baş verməzdi və o cür qeyri-peşəkar mətbuat ortalıqda ola bilməzdi. Üstəlik də, "reket" jurnalistlər məgər yalnız ayda-ildə bir dəfə çıxan o  qəzetlərdə var? Xeyr, belə söhbət yoxdur. Çox tanınmış qəzetlərdə də var! Özü də orada söhbət 5-10 dollardan gedirsə, burada 5-10 min dollardan gedir!

"Reket" qəzetlərin adlarına baxaq- nə qədər gurultulu adları var- "parlament", "dövlət", "hüquq", "prezident" və s. Dövlət qurumlarının adlarını götürüb qanunsuzluq edir, rüşvət alır, nə bilim, daha nələr edirlər. Bu "reket mətbuat" adlandırılan, uydurma bir mətbuat gerçəkliyi, medianın üz qarası olan dırnaqarası mətbuat pis məqsədlər üçün bir mexanizmdir. İkinci bir tərəfdən bazar işləsə, bu problem birdəfəlik aradan qalxar.

 

- Bəzi məlumatlara görə, ölkə üzrə 50 mindən artıq jurnalist vəsiqəsi paylanıb və bu rəqəmin daha çox ola biləcəyi haqda ciddi söhbətlər var. Getdikcə də bu prosesin miqyası və sürəti artır. Bunun qarşısını necə almaq olar?

- Bunun artmasının qarşısını almaq üçün görülməli olan tədbirlərdən biri də Mətbuat Şurasının vahid vəsiqə formasının tətbiq edilməsi ola bilər. Şuradan verilmiş vəsiqələr təsdiq edir ki, bu, müəyyən tərbiyə öhdəliyi olan media qurumudur. Onlarda belə vəsiqələr varmı? Təbii ki, yoxdur. Televiziyalarda o tipli qəzetlər rüsvay edilsə, görün necə olacaq? Bunlar, adətən, bölgələrə gedir axı. O bölgədəkinin xəbəri olacaq ki, hansı qəzet nədir.

Araşdırılmalıdır ki, o qəzetlərin maliyyəsi haradandır, çünki o qəzetlər satılmır ki, deyəsən, satışdan qazanırlar. Reklam verən də yoxdu onlara. Bəs nəyin hesabına çıxırlar? O qədər nəşriyyat məsrəflərini, işçilərin əməkhaqqını, ofis və avadanlıq xərclərini necə əldə edirlər? Bunu aydınlaşdırmaq və sübut etmək çətin deyil.

- Bir media eksperti olaraq print medianın gələcəyini necə görürsünüz? O baxımdan ki, getdikcə çap nəşrləri elektron mediaya uduzur, qəzet-jurnalların satışı aşağı düşür, reklam bazarı zəifləyir. İnformasiyanın operativliyi cəhətdən rəqabətə davam gətirə bilməməsini də əlavə etmək olar.

- Yox, mən belə deməzdim. Bizim mətbuat bilməlidir ki, onların internet saytları mütləq olmalıdır. Bu yolla onlar saatbasaat dəyşmək imkanı əldə edərlər və operativlikdə hətta televiziyanı və radionu qabaqlaya bilərlər.

 

- Amma iş orasındadır ki, qəzetlərin satışdan əldə etdikləri gəlir azalır...

- Bunlar normal qəzet buraxsalar, maliyyəni gələcək üçün hesablasalar, o zaman internet oxucularının hesabına da reklam ala bilərlər. Media təşkilatlarının fəaliyyəti artmalıdır. Qəzetçilər, nəhayət, başa düşməlidirlər ki, onlar reklam bazarı ilə bağlı ümumi mövqeyə gəlməlidirlər.

- Bəziləri iddia edir ki, media artıq "dördüncü hakimiyyət" statusunu itirib.

- Belə deməzdim. Media ümumi prinsiplərdən və ümumi maraqlardan dolayı bir araya gəlməyə məhkumdur. Bu, sonuncu çıxış yoludur. İstər iqtidar qəzeti olsun, istər müxalifət qəzeti, istər də neytral qəzetlər. Cəmiyyətdə birinin nüfuzu düşəndə, mexaniki olaraq o birilərə də inam azalır. Bunu bilsinlər!

- Zeynal müəllim, bir media mənsubu olaraq mətbuata və jurnalistlərə nə arzu edərdiniz?

- Bu gün harda çalışmasından asılı olmayaraq, jurnalistlər böyük mənəvi və zehni enerji sərf edirlər. Cəmiyyətin mənəvi-psixoloji durumunda onların rolu böyükdür. Jurnalistlərimizi təbrik edirəm və onlara məsləhət görürəm ki, peşəkarlıqlarını durmadan artırsınlar. Mən arzu edirəm ki, jurnalistlər cəmiyyətə göstərsinlər və sübut etsinlər ki, biz sizə lazımıq.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 17 iyul.- S. 11.