Söz və mətbuat
azadlığının inkişafına daim əməli
kömək göstərilir
"Azərbaycan" qəzetinin baş redaktoru, Milli
Məclisin deputatı, Mətbuat Şurası İdarə
Heyətinin üzvü Bəxtiyar Sadıqovun yar.org.az- a
müsahibəsi
- Bəxtiyar
müəllim, hazırda bütün ölkə miqyasında
milli mətbuatımızın 135 illik yubileyi qeyd
olunmaqdadır. Öncə Azərbaycan milli
mətbuatının yaranması barədə bir qədər
məlumat vermənizi xahiş edirik. "Əkinçi"
qəzeti hansı şəraitdə və necə meydana
gəldi?
- 22 iyul 1875-ci ildə Azərbaycan milli
mətbuatının əsasını qoyan
"Əkinçi" qəzetinin ilk nömrəsi
işıq üzü gördü. "Əkinçi"nin
meydana gəlməsi həm ümumi tariximizdə, həm
də mədəniyyət və fikir tariximizdə çox
mühüm hadisə idi. Amma bu çox ağır
və çətin dövr idi. Əvvəla, həmin
dövrdə Azərbaycan çar Rusiyasının
tərkibində idi və bu rejim müsəlmanlara ana
dillərində qəzet nəşr etməyə icazə
vermirdi. Digər çətinlik onda idi ki, hələ
qəzet haqqında insanların böyük
əksəriyyətinin də heç bir
təsəvvürü yox idi. Nəhayət, bu çətin
yola qədəm qoyan Həsən bəy Zərdabinin
özünün də problemləri çox idi. İlk
növbədə, tələb olunan vəsait
çatmırdı. Bundan əlavə, texniki vəsaitlər,
mətbəə, şriftlər yox idi. Qəzetin yazarları
yox, oxucuları bəlli deyildi. Amma Həsən bəy
Zərdabi vətən eşqi ilə döyünən
böyük qəlb sahibiydi! O, öz xalqına xidmət
etmək istəyirdi və istedadı daxilində başqa yol
tanımırdı: "Hər kəsi
çağırıram gəlməyir, göstərirəm
görməyir, deyirəm eşitməyir. Amma baxdım
gördüm ki, insanları çağırmaqdan,
göstərməkdən, deməkdən özgə yol yoxdur.
Heç olmaz ki, doğru söz yerdə qalsın". Bu inam
və qətiyyət onun bütün varlığına hakim
kəsilmişdi. Ona görə də
Həsən bəy Zərdabi xalqı irəliyə aparmaq,
mədəni səviyyəni yüksəltmək, insanları
savadlandırmaq, elmə istiqamətləndirmək, maarifləndirmək
üçün doğru yol seçdi və qəzet
nəşr etmək qərarına gəldi. Həmin
dövrdə Azərbaycanda general-qubernator işləyən
Staroselski qafqazlılara rəğbət bəsləyirdi.
Çünki xanımı gürcü qızı idi.
H.Zərdabi onunla yaxşı münasibətdə idi və
qubernatordan Azərbaycan dilində qəzet nəşr etmək
üçün icazə almağa nail oldu. Bu
qəzet nəşrinin ikinci ən böyük
çətinliyi onda idi ki, qəzetə senzor nəzarəti
olacaqdı. Staroselski bunu da öz üzərinə
götürdü. Beləliklə, bizə sonsuz fəxr və
qürur bəxş edən "Əkinçi" qəzeti
XIX əsrdə dünyaya gəldi. "Əkinçi"nin
nəşr olunması Azərbaycan ziyalılarını
hədsiz sevindirdi, xalqına xidmət etmək istəyən
insanlara dəyərli hədiyyə oldu. Onlar bu
qəzetin ətrafına toplaşdılar və
"Əkinçi" maarifçiliyi təbliğ
etməyə başladı. Qəzet bu məsləkinə sona
qədər sadiq qaldı. Senzura tərəfindən
təzyiqlər, maliyyə çatışmazlığı
və digər çətinliklər səbəbindən
1877-ci ildə bağlandı. Bununla belə,
"Əkinçi"nin açdığı yol
öz faydasını verdi və onun ardınca müxtəlif
mətbu orqanlar çap olunmağa başladı.
Önəmli cəhət ondan ibarətdir ki, yeni
nəşrlər "Əkinçi"ni
ənənəsini davam etdirdilər.
- Bəs "Molla
Nəsrəddin" jurnalı mətbuat tariximizdə hansı
yeniliklərlə tanınır?
- Sonrakı
nəşrlər sırasında "Molla
Nəsrəddin" jurnalı xüsusi yer tutdu. Jurnal
"Əkinçi"nin ənənələrini yeni üslubda
davam etdirdi. Həm də bu yeniliklər çoxcəhətli
idi. Cəlil Məmmədquluzadənin ətrafına
toplaşan jurnalist, şair, yazıçı və
rəssamlar bu üslubu təkmilləşdirərək
əbədi məktəb səviyyəsinə
yüksəltdilər. Onlar
güldürə-güldürə
düşündürməyi, düşündürə-düşündürə
öyrətməyi bacarırdılar. Əsasən tənqidi
realizmə üstünlük verirdilər. "Molla
Nəsrəddin"çilər cəmiyyətdəki
nöqsanları gülə-gülə islah etməyə
çalışırdılar. Jurnalın dili də çox
sadə və anlaşıqlı idi. "Özü
danışan" karikaturalar verilirdi və hətta savadı olmayan
insanlar da ona baxıb mənasını asanlıqla başa
düşürdülər. "Molla Nəsrəddin"
"Əkinçi" ənənəsinə sadiq qalmaqla
milli mətbuatımızın inkişafında yeni
mərhələni təşkil etdi. Sonrakı
dövrlərdə də bir çox nəşrlər meynada
gəldi. Bununla da artıq mətbuat Azərbaycanda
özünə vətəndaşlıq hüququ qazandı.
İnsanlar mətbuatsız keçinə bilmədiklərini
başa düşdülər.
- 1918-1920-ci illərdə
mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti
dövründəki mətbuat barədə nə deyə
bilərsiniz?
- 1918-ci ilin may ayında Şərqdə ilk demokratik
respublika - Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
Mürəkkəb bir dövr idi. Çoxsaylı siyasi
partiyalar fəaliyyət göstərir, müxtəlif
əqidələrə qulluq edən qəzetlər
çıxırdı. Qəzetlər arasında həm fikir
mübarizəsi gedirdi, həm də müxtəlif
əqidəli insanlar bir-birlərilə
çəkişirdilər. Amma bu dövrün əsas
qəzeti "Azərbaycan" idi. Bu qəzet
yeni yaradılan Azərbaycan hökumətinin mətbu
orqanı olaraq müstəqil Azərbaycanı təbliğ
edirdi, Azərbaycanı dünyaya tanıtdırırdı.
Qəzet həm də o dövrdə baş verən
hadisələr, parlamentin qəbul etdiyi qanun və qərarlar
barədə xalqa məlumat verirdi. Bu qəzet
müstəqil dövləti quranlara, yaradanlara kömək
göstərən orqan idi. Təəssüf ki, onun da talehi
"Əkinçi" kimi oldu, cəmi iki il yaşadı.
Çünki artıq müstəqil Azərbaycan
dövləti qırmızı imperiya tərəfindən
işğal olunmuşdu.
- Sovetlər dövründə
də Azərbaycanda xeyli sayda mətbuat orqanları
nəşr edilirdi. Bəs bu mətbuatın xarakterik
xüsusiyyətləri nədən ibarət idi?
- Sovet
dövrü mətbuatının özünəməxsus
xüsusiyyətləri vardı. Bu dövrdə
çoxsaylı repressiyalar oldu, KİV-in üzərinə
çox ciddi senzura qoyuldu. Mətbuat bir tərəfdən
dövlət nəzarətində idi, digər
tərəfdən isə bu sistemdə insanların
savadlandırılmasına, elmə xüsusi diqqət
yetirilirdi. Eləcə də mətbuatın sayı
çoxalırdı. Ona görə də bu dövrün
bütün ziddiyyətlərinə baxmayaraq, Azərbaycan
mətbuatı inkişaf etdi, jurnalistika forma və məzmun
baxımından xeyli zənginləşdi. Görkəmli
qələm sahibləri yetişdi. Bütövlükdə
bu dövrdə Azərbaycan mətbuatı kommunust
ideologiyasına xidmət göstərsə də, xalqın
maraqları nəzərə alınan, milli mənafeyə
xidmət edən bir sıra məsələlərə -
dilimizin, mədəniyyətimizin, milli-mənəvi
dəyərlərimizin qorunmasına və təbliğinə
xüsusi diqqət yetirilirdi.
- Bəxtiyar müəllim,
müasir Azərbaycanın inkişaf və tərəqqisi
Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Bu mənada Ulu Öndərimizin milli
mətbuatımızın inkişafındakı
xidmətləri hansılardır?
-
Azərbaycanın müstəqil milli mətbuatının
inkişafında Ulu Öndər Heydər Əliyevin çox
böyük xidmətləri olub. Bununla bağlı bir
neçə faktı xatırlamaq istəyirəm.
Əvvəla, qeyd edim ki, müstəqillik dövründə
dövlət başçılarının imzası ilə
mətbuatla bağlı üç mühüm sənəd
qəbul olundu. Bunlardan birincisi 27 mart 2000-ci ildə Ulu
Öndər Heydər Əliyev tərəfindən
"Azərbaycan milli mətbuatının
yaradılmasının 125 illiyi haqqında"kı
fərmandır. Bu fərmanın həm də çox
böyük tarixi əhəmiyyəti var. Əvvəla,
fərmanda "Əkinçi" qəzetinin
fəaliyyətinə yüksək qiymət verilir. Eyni zamanda,
digər qəzetlərin meydana gəlməsi,
mütərəqqi ruhlu qələm sahiblərinin
fəaliyyəti dəyərləndirilir. Təbii ki, milli
mətbuatımızın yaranması və
inkişafındakı bütün müsbət
cəhətlər ulu öndərin imzaladığı
fərmanda qeyd olunmuşdur. Burada eyni zamanda tövsiyə
olunurdu ki, Azərbaycan mətbuatının da tarixi yenidən,
ağ ləkələrdən təmişlənmiş halda
yazılsın. AXC-Müsavat iqtidarı dövründə
belə bir fikir meydana atılmışdı ki, "sovet
dövründə yaranmış mətbuat heç
nəyə yaramır, çünki sovet ideologiyasına
xidmət edirdi". Amma Ulu Öndər Heydər Əliyev bu
yanaşmanın qeyri-obyektivliyini göstərdi, həmin
dövrün mətbuatına düzgün və prinsipial
münasibətini bildirdi. Göstərdi ki, sovet
dövründə mətbuatla bağlı mövcud vəziyyət,
kommunist ideologiyasının təbliği təbii və
məcburi idi. Bununla belə, həmin dövrdə mətbuat
inkişaf etdi, yeni jurnalist nəsli meydana gəldi, elm, maarif,
mədəniyyət yüksəldi, Azərbaycan dilinin
təmizliyi qorundu. O zaman mətbuat səhifələrində
milli-mənəvi dəyərlərimiz, ənənələrimiz
də təbliğ edilirdi. Beləliklə də mətbuat
həmin dövrdə öz vəzifəsini yerinə yetirib
və buna görə də sovet dövrü
mətbuatını yalnız qara boyalarla təsvir
etməyə ehtiyac yoxdur. Onu da vurğulamaq istəyirəm ki,
həmin fərmanla Ulu Öndər Heydər Əliyev
Azərbaycan milli mətbuatının yubileylərinin
ölkə miqyasında təntənəli şəkildə
keçirilməsi ənənəsinin də
əsasını qoydu. Ulu Öndər Heydər
Əliyevin Azərbaycan milli mətbuatı
qarşısında ən böyük xidməti 123 il hökm
sürən senzura nəzarətinin birdəfəlik
ləğvi, KİV-in dövlət nəzarətindən
çıxarılması və
müstəqilləşməsinə şərait yaratması
oldu.
- Azərbaycan ikinci
dəfə dövlət müstəqilliyi qazandıqdan sonra
ölkəmizdə xeyli sayda mətbu orqanlar meydana
gələrək fəaliyyət göstərir.
Ümumiyyətlə, dövlət müstəqilliyi
qazanıldıqdan sonra milli mətbuatımız hansı
inkişaf mərhələlərini keçib?
- 1988-ci
ildə artıq qırmızı imperiyanını
laxladığı hiss olunurdu. O zamanlar SSRİ
miqyasında "yenidənqurma" adlı oyun meydana
atılmışdı. Həmin vaxt mitinq, kütləvi
aksiyalar keçirilirdi, Azərbaycan xalqı Moskvanın
qərəzli siyasətinə etiraz olaraq Qarabağı qorumaq
məqsədilə meydanlara çıxmışdı. Bu
dövrdə artıq bir sıra mətbu orqanlar öz
fəaliyyətlərində sərbəstliyə
başladılar. Məsələn, mərhum jurnalist
Nəcəf Nəcəfovun redaktoru olduğu "Molodyoj
Azerbaycana" qəzeti müstəqil fikirlər
səsləndirirdi. Hətta bəzi çoxtirajlı
qəzetlər vardı ki, məxsus olduğu
təşkilatın fəaliyyətindən deyil, ölkə
miqyasında baş verən məsələlərdən
yazırdılar. Belə bir şəraitdə müstəqil
mətbuatın meydana gəlməsi müşahidə olunurdu.
Amma o dövrdə müstəqil mətbuatın
yaranmasını və fəaliyyətini
şərtləndirən hüquqi baza mövcud deyildi.
Onların fəaliyyəti qanunlarla tənzimlənmirdi.
Hətta AXC-Müsavat hakimiyyəti dövründə
özlərini demokrat adlandıran bəylər nəinki
mətbuata senzura nəzarətini ləğv etdilər,
əksinə hərbi senzura adı ilə onu bir az da
sərtləşdirdilər. Yalnız Ulu
Öndər Heydər Əliyev xalqın təkidli
tələbi ilə ikinci dəfə hakmiyyətə
qayıtdıqdan sonra bu sahədə də ciddi
dəyişiklik yaratdı. Ölkə miqyasında
önəmli məsələləri həll etdikdən,
ictimai-siyasi sabitlik bərpa olunduqdan onun 6 avqust 1998-ci ildə
mətbuata senzura nəzarətini ləğv edən
sərəncam bu dəyişikliyin və
yeniləşmənin əsasını təşkil etdi!
Hətta o dövrdə müxalifət mətbuatı belə
senzuranın ləğvinin tez olduğunu iddia edirdi. Amma zaman
neçənci dəfə sübut etdi ki, Heydər Əliyev
nə qədər cəsarətli və prinsipial addım
atıb! Bunun ardınca isə Mətbuat və İnformasiya
Nazirliyi ləğv olundu. Müstəqil
mətbuatın fəaliyyətini tənzimləyən
möhkəm hüquqi baza yaradıldı. Mətbuat
haqqında, məlumat toplamaq azadlığı haqqında,
dövlət sirlərinin mühazifəsi haqqında və digər
beynəlxalq standartlara cavab verən qanunvericilik bazası
yaradıldı. Bununla da Azərbaycanda söz və
mətbuat azadlığı tam və əsaslı
şəkildə təmin olundu! Növbəti
mərhələdə, yəni 1998-ci ildən sonra isə Ulu
Öndər Heydər Əliyevin fəaliyyəti
nəticəsində müstəqil mətbuatın
formalaşması prosesi getdi. Bu, 2003-cü ilə qədər
olun dövrü əhatə edir. 2003-cü ildə Mətbuat
Şurası yaradıldı. Bu, mətbuatın inkişafının
yeni mərhələsi idi. Yəni dövlət
nəzarətindən çıxarılan mətbuat artıq
bu qurum vasitəsilə ardıcıl şəkildə öz
problemləri ilə məşğul olmağa başladı.
Mətbuat Şurasının Nizamnaməsi, Jurnalistlərin
Peşə Davranışı Qaydaları qəbul olundu. Beləliklə,
Mətbuat Şurası müstəqil mətbuatın
inkişafına öz yardımını
göstərməyə başladı. Dördüncü
mərhələ isə möhtərəm Prezident İlham
Əliyevin adı ilə bağlıdır. Bilirsiniz ki, 31 iyul
2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı
ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Konsepsiyası təsdiq olundu. Son dərəcə mükəmməl sənəd
olan bu konsepsiya müstəqil mətbuata dövlət
dəstəyinin formalarını özündə əks
etdirir və mətbuatın inkişafına dövlətin
yardımını təmin edir. 3 aprel 2009-cu ildə isə bu
konsepsiya əsasında Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin inkişafına Dövlət Dəstəyi
Fondu yaradıldı. Bununla da dövlət mətbuatın
işinə müdaxilə etmədən müxtəlif qrant
layihələri elan etmək, jurnalistlərin fərdi
müsabiqələrini keçirməklə mətbuata yardım,
dəstək göstərir. Bu yolla həm KİV-lərin
maddi-texniki bazası möhkəmlənir, həm də
jurnalistlərin sosial vəziyətinin
yaxşılaşmasına təmin olunur. Azərbaycan
iqtidarı atdığı bu addımlarla bir daha söz
və mətbuat azadlığının real şəkildə
təminatında maraqlı olduğunu nümayiş etdirir.
- Prezident İlham
Əliyev Azərbaycan milli mətbuatının 135 illik
yubileyinin keçirilməsi haqqında sərəncam
imzalayıb və hazırda bu sərəncam icra
olunmaqdadır. Ümumiyyətlə, dövlət
başçısının imzaladığı
sərəncamda hansı mühüm məsələlər
əksini tapıb və onların əhəmiyyəti nədir?
- 10 iyun
2010-cu il tarixində imzalanmış sənəd milli
mətbuatımızın yubileylərinin qeyd olunması
haqqında özündən əvvəlki iki sərəncamla
səsləşir. Bu sərəncamda da mətbuatımızın
keçdiyi yola nəzər salınır və bu yol
müsbət qiymətləndirilir. Sənəddə
mətbuatın inkişafına kömək edən
ayrı-ayrı məqamlar vurğulanır, bu yöndə Ulu
Öndər Heydər Əliyevin xidmətləri
göstərilir və eyni zamanda, əvvəlki
sərəncamlardan fərqli olaraq Azərbaycan milli mətbuatının
və jurnalistikasının qarşısında yeni
vəzifələr qoyulur. Bu vəzifələr
hansılardır? Birincisi, ötən dövr ərzində
Azərbaycan iqtisadi cəhətdən inkişaf edib,
demokratikləşmə prosesi dərinləşib,
cəmiyyət həyatının bütün
sahələrində çoxsaylı
yeniləşmələr baş verib. Ona görə də
Azərbaycan mətbuatı qarşısındakı
vəzifələr də yeniləşməlidir. Bu
vəzifələri Prezident İlham Əliyev belə
xarakterizə edib: "Bu gün Azərbaycan
mətbuatı müasir informasiya cəmiyyəti
quruculuğunda, sosial ədalət və
şəffaflığın təmin edilməsində, milli
həmrəyliyin və tolerantlığın
möhkəmləndirilməsində, demokratik
özünüdərkin, siyasi mədəniyyətin
inkişafında, milli-mənəvi və
ümumbəşəri dəyərlərin qorunub
saxlanması və təbliğində mühüm rol
oynamalı, tədris və maarifləndirmə sahəsində
fəaliyyətini gücləndirməlidir". Bu, mətbuat
qarşısında qoyulan vəzifələrlərdir. Eyni
zamanda, jurnalistika qarşısında da yeni
vəzifələr qoyulur. Sərəncamda qeyd olunur: "Azərbaycan jurnalistikası
peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək
milli şüur və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl etməli,
söz və məlumat azadlığından sui-istifadənin
qarşısı qətiyyətlə
alınmalıdır". İrəli sürülən yeni
vəzifələr arasında mən bir neçəsini
diqqətə çəkmək istəyirəm. Birincisi,
peşəkarlığın yüksəldilməsidir.
Əgər indiyə qədər jurnalistikanın
qarşısında obyektiv, orperativ, qərəzsiz və
tərəfsiz informasiya toplayıb cəmyyətə yaymaq
vəzifəsi qoyulurdusa, indi peşəkarlığın
yüksəldilməsi də önə çəkilir. Bu,
çox vacib məqamdır! Artıq Azərbaycanda
təxminən 4500 KİV, informasiya agentliyi və jurnalist
təşkilatı qeydiyyatdan keçib. Çoxsaylı
insanlar başqa sahələrdən gələrək jurnalistika
ilə məşğul olurlar. Bunların bir hissəsi
istedadlı qələm sahibləridirlər. Amma onların
heç də hamısı peşəkarlıqlarını
artırmaq üzərində işləmirlər. Çox
təəssüf ki, son illərdə jurnalistikada
peşəkarlığın aşağı
düşməsi prosesi müşahidə olunur! Buna görə
də çox düzgün olaraq jurnalistlərin öz
üzərlərində işləmələri
vəzifəsi qarşıya qoyulub. İkinci vəzifə
yüksək milli şüur və
vətənpərvərlik prinsipidir. Bu da vacib və
dəyərli məsələdir. Üstəlik bu prinsip
KİV-lərin İnkişafına Dövlət
Dəstəyi Konsepsiyasında da geniş əksini tapıb.
Həmin konsepsiyada dövlətin maraqlı olduğu 20-dən
çox istiqamətdə mövzular göstərilir. Amma
onların sırasında vətənpərvərlik ön
mövqelərdə durur. Milli mənafeləri qorumaq hər
bir vətəndaşın borcudur! Digər
tərəfdən, torpaqlarımızın 20 faizi
işğal altındadır və onların geriyə
qaytarılmasında müharibə variantı istisna deyil! Biz
gənclərin vətənpərvərlik hisslərinin
gücləndirilməsinə xüsusi diqqət
yetirməliyik! Bu gün mətbuat müstəqildir, qəzet
sahibləri istədiklərini yaza bilirlər. Amma milli
maraqlarımız tələb edir ki, hər bir müstəqil
mətbuat da vətənpərvərlik və hərbi
vətənpərvərlik tərbiyəsinə böyük
diqqət yetirsin, milli maraqları qorusun. Nəhayət,
qarşıya qoyulan vəzifələrdən biri də
söz və mətbuat azadlığından
sui-istifadəyə qarşı qətiyyətli
mübarizədir. Təəssüf ki, qəzet
açmağın xeyli asan olmasından, ayrı-ayrı
insanların bu sahəyə gəlişində heç bir
problem yaşanmadığından şəxsi mənafe
güdənlərin də jurnalistikaya axını
güclənib. Bu gün biz şərti olaraq belə
qəzetləri "reket qəzetlər"
adlandırırıq. Onlar müstəqil mətbuatın
inkişafına böyük zəbə vururlar,
jurnalistikanı nüfuzdan salırlar! Ona görə də
Mətbuat Şurası belələrinə qarşı
kəskin mübarizə aparır! Mətbuat Şurası
öz prinsipial mübarizəsindən
dönməyəcək! Bu prosesdə cəmiyyətin
sağlam qüvvələri bizi dəstəkləyir. Söz
və mətbuat azadlığı bizim üçün
əziz olsa da, insanların şərəf və
ləyaqəti ondan heç də aşağı
səviyyədə dayanmır. Mətbuat insanların bu
haqqını da tanımalıdır. Biz Prezident İlham
Əliyevə minnətdarıq ki, imzaladığı
sərəncamda sözdən sui-istifadə edənlərə
qarşı mübarizənin zəruriliyini
göstərməklə, eyni zamanda bu məsələdə
dövlətin dəstəyini nümayiş etdirib!
Bəxtiyar Sadıqov
Səs.- 2010.- 20 iyul.- S. 9.