Milli Mətbuatın 135 yaşı təntənə ilə qeyd edildi

 

Prezident İlham Əliyevin Milli Mətbuatın 135 illik yubileyi münasibətilə imzaladığı sərəncamları ölkə jurnalistlərinə böyük diqqət və qayğının əyani təzahürüdür

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə, milli  mətbuatın 135 illik yubileyi bütün ölkə səviyyəsində təntənə ilə qeyd edildi. Bu təntənəyə dövlət başçısının iyulun 22-də imzaladığı sərəncamlarla daha böyük rəng qatıldı. Jurnalistlərə fəxri adlar, mükafatlar təqdim edildi, mətbuat orqanlarına maliyyə yardımları ayrıldı, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrıldı. Bu yazımızda mətbuatımızın tarixi, bugünü haqda qısa təhlil aparmağa çalışacağıq.

 

"Əkinçi"nin açdığı cığır

 

XIX əsrin II yarısında dünya və Azərbaycanda gedən inkişaf prosesi milli mətbuatımızın yaranması zərurətini ortaya çıxardı. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi uzun mübarizədən sonra çar üsul-idarəsi şəraitində türk dilində "Əkinçi" qəzetinin çap edilməsi üçün icazə aldı. Xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk sayı nəşr edildi və bununla da milli mətbuatımızın əsası qoyuldu.

 "Əkinçi" qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunub.

Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə "Əkinçi" misilsiz iş görüb. Ümumilikdə, 56 sayı işıq üzü görən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edilib və müxtəlif mövzularda xəbərlər və məqalələr dərc olunub.

Qəzetə maraq oyatmaq məqsədilə Həsən bəy Zərdabi "Əkinçi"ni geniş kütlələr arasında pulsuz yaymalı olub. Eyni zamanda, bu cəfakeş insan dövrünün görkəmli ziyalılarını qəzet ətrafında toplaya bilib. Həsən bəy Zərdabi ilk gündən "Əkinçi" vasitəsilə ən başlıca vəzifəsini-xalqı maarifləndirməyin təbliğini öz qarşısında məqsəd qoyub. Ən başlıcası isə Həsən bəy məhz "Əkinçi"nin səhifələrində milli oyanışın xüsusiyyətlərini, milli birliyi yaratmaq məsələsini qoyub.

 "Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir. Bu qəzet cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyub.

 "Əkinçi"dən sonra hər bir azərbaycanlıda qəzetə, oxumağa, məlumatlanmağa həvəs yaranıb. Məhz bu təcrübədən yararlanan maarifpərvər ziyalılarımız bir-birinin ardınca yeni mətbuat orqanlarının əsasını qoyublar.

 

Milli mətbuatımız I respublika dövründə

 

Azərbaycan Demokratik Respublikası dövründə milli mətbuatımız daha da inkişaf etdi və milli ideyaları təbliğ etmək, milli mədəniyyətimizi yaşatmaq, xalqın maariflənməsi, savadlanması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işini daha böyük əzmlə davam etdirdi. ADR hökumətinin rəhbərlərinin bir çoxu milli mətbuat məktəbinin yetirmələri idi.

ADR dövründə ölkədə 130 adda qəzet çıxırdı, onun 60-ı türk, 52-i rus dilində, qalanları isə erməni dilində idi. Nəsib bəy Yusifbəyli hökumətin başçısı kimi and içərkən mətndə söz və mətbuat azadlığı ilə bağlı ayrıca bənd var idi. Hökumət söz və mətbuat azadlığının toxunulmazlığını öz üzərinə götürürdü.

İkinci fakt isə 1919-cu ilin oktyabrında Azərbaycan hökumətinin söz və mətbuat azadlığı ilə bağlı rəsmi qərarı idi. Bu qərara görə mətbuatda hər cür senzura aradan qalxdı.

ADR dövrünün qabaqcıl ziyalılarının işıqlı fikirləri, tarixi xidmətləri, gərgin fəaliyyətləri Azərbaycanı müstəqil və suveren dövlətçiliyə aparan bir yolun başlanğıcı idi. Bununla belə, dövr kifayət qədər mürəkkəb və çətin idi. Lakin bu çətinliyi aradan qaldırmağa çalışan milli ruhlu mətbu orqanları "Həyat"ın, "Füyuzat"ın, "İrşad"ın, "İqbal"ın yolunu davam etdirən "Açıq söz", "İstiqbal", "Azərbaycan", "Bəsirət", "Qurtuluş", "Qurtuluş yolu" var idi.

Həmin mətbu orqanlarının ADR-in qurulmasında xidmətləri ölçüyəgəlməz dərəcədədir. Çünki həmin dövrdə kütlə şüuru milli özünüdərkin yüksək mərhələsində olmasa da, milli azadlıq ideyası özünün yeni mərəhələsinə daxil olurdu. Araşdırmalar da göstərir ki, bu dövr Azərbaycan mətbuatının uğurları birbaşa Azərbaycanın istiqlalı, dövlət müstəqilliyi ilə bağlıdır.

 

Milli Mətbuat sovet dövründə

 

Azərbaycan mətbuatı sovet dövründə böyük bir yol keçdi. Bu dövr siyasi rejimin nəzarəti, senzurası altında keçsə də, mətbuatımız cəmiyyətə layiqli dəyərlər aşılaya bildi. Müstəqilliyimizin bərpasından sonra isə, ölkədə mətbuatın yeni inkişaf dövrü başladı. Sovet qəlibindən azad olmuş mətbuat demokratik dəyərlərə, cəmiyyətə daha yaxşı xidmət etmək imkanı qazandı.

Sovet dövründə Azərbaycan mətbuatı böyük uğurlara nail olub. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə isə milli mətbuatımıza diqqət və qayğı artırılıb və mətbuatın problemləri həll olunub.

XX əsrin 60-cı illərində Azərbaycanda milli dəyərlərə diqqət artmışdı. Sovet adamı yavaş-yavaş da olsa, informasiya blokadasından çıxmağa başlayırdı. Azərbaycan mətbuatının ciddi tənqidi yazıları daha çox cənab Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin olunduğu vaxtdan başlayır. Məsələn, o dövrdə "Kommunist" qəzetində dərc  olunmuş "Milçək şirəyə qonar" kimi ciddi tənqidi yazı buna bariz misaldır.

Bu dövrdə satirik mətbuat orqanlarında da bir canlanma hiss olunurdu. Satirik "Kirpi" jurnalının nəşri, ümumiyyətlə, bədii yaradıcılıqda, jurnalistikada satiranın canlanmasına təkan verdi. Azərbaycan KP MK-nın 1967-ci ildə "Kirpi" jurnalı haqqında qərarında göstərilirdi ki, jurnalin reytinqi günbəgün artmaqdadır.

Ümumiyyətlə, Heydər Əliyevin həmişə diqqətdə saxladığı, böyük qayğı göstərdiyi sahələrdən biri də mətbuat olub. Ulu öndər hər zaman jurnalistləri cəmiyyətin aparıcı qüvvəsi hesab edib və onlara dəstək olub. Məhz belə yanaşma sovet dövründə Azərbaycan mətbuatının sürətli inkişafına gətirib çıxarıb.

 

Mətbuatımız III respublika dövründə

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə bir mətbuat bumu yaşandı. Yeni qəzet və jurnallar fəaliyyətə başladı. Lakin müstəqilliyin ilk illərində mətbuata təzyiqlər, jurnalistlərin döyülməsi halları var idi. Mətbuata senzura tətbiq edilirdi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra milli mətbuata dövlət qayğısı gücləndi. 1998-ci ildə Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən mətbuat üzərində dövlət tənzimlənməsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən, senzura ləğv olundu. Azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaratdı.

Mətbuat təsis etmək üçün bütün dövlət icazəvermə mexanizmləri ləğv olundu, mətbuat haqqında qanun tam liberallaşdırıldı, Avropa standartlarına uyğunlaşdırıldı. Mətbuat vasitələri və çap mediası dövlət vergilərindən azad olundu. Mətbuatın inkişafına dövlət qayğısını təmin edən bir neçə sərəncam imzalandı, o cümlədən, Azərbaycan mətbuatının dövlət nəşriyyatına olan borcları öncə 3 il donduruldu, sonra isə ləğv olundu. Bu borcların qiyməti təxminən yarım milyon dollardan artıq idi.

Bundan başqa, mətbuata güzəştli kreditlər ayrıldı. Beş il müddətinə güzəştli kreditlərin verilməsi ilə bağlı 5 milyon dollardan artıq pul ayrıldı. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəfələrlə Prezident fərmanı və sərəncamı ilə onların maddi durumunun yaxşılaşdırılması tədbirləri görüldü. Mətbu orqanlara birdəfəlik yardımlar göstərildi. Bütün bunlar ölkə mətbuatının çətin durumdan çıxmasını və inkişaf etməsini stimullaşdırdı.

 

Milli mətbuat son 6 ildə

 

Prezident İlham Əliyev 2003-cü ildə Azərbaycanın dövlət başçısı seçildikdən sonra bu siyasət davam etdirildi. Media azadlığı, jurnalist sərbəstliyi təmin olundu. Jurnalistlərin azad şəkildə informasiya toplamaq, hazırlamaq, yaymaq, istənilən sahələr üzrə tənqidi yazılar yazmaq, istənilən obyekti tənqid etmək, ictimai əhəmiyyət kəsb edən məsələləri ictimai müzakirəyə çıxartmaq və onlar ətrafında sərbəst fikir mübadiləsi aparmaq imkanları yaradıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 130 illiyinin keçirilməsi haqqında 2 tapşırıq verdi. Həmin il Mətbuat Şurası yeni ofislə təmin edildi, onun texniki təchizat məsələləri həll edildi. 

Son 3 ildə medianın inkişafı ilə bağlı dövlət xüsusi bir təşəbbüslə çıxış edib, medianın inkişafını şərtləndirən xüsusi bir Dövlət Proqramı qəbul olunub. Bundan başqa, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu qurumun büdcəsinə vəsait ayrılıb və onun vasitəsilə medianın işini stimullaşdırmaq, dövlətin bu sahəyə qayğısını mərkəzləşdirmiş şəkildə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidentinin sərəncamları ilə 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasına ayrılıqda 10 min manat birdəfəlik maliyyə yardımı verildi.

Azərbaycan Prezidentinin 2005-2008-ci illərdə imzaladığı sərəncamlarla 300 nəfərə yaxın KİV əməkdaşı prezident təqaüdünə, fəxri adlara layiq görüldü, orden və medallarla təltif olundular.

 

Mətbuata analoqu olmayan dövlət qayğısı

 

Azərbaycan Prezidentinin Sərəncamı ilə milli mətbuatın 135 illiyi münasibətilə tədbirlərin maliyyələşdirilməsi və KİV-lərə birdəfəlik maliyyə yardımının göstərilməsi üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manat ayrıldı. Həmin sərəncamla 40 gündəlik qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinə isə ayrı-ayrılıqda 10 min manat verildi. 280 min manat isə tədbirlərin maliyyələşdirilməsi üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna verildi.

Azərbaycan Prezidentinin 21 iyul 2010-cu il tarixli sərəncamları ilə 92 nəfər mükafatlandırıldı. Onlardan 38 nəfər "Əməkdar jurnalist", 15 nəfər "Əməkdar mədəniyyət işçisi", 1 nəfər "Əməkdar mühəndis" adı aldı və 38 nəfərə "Tərəqqi" medalı verildi.  Qeyd edək ki, "Tərəqqi" medalına layiq görülənlər arasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin də adı vardır.

2010-cu il iyulun 22-də isə Azərbaycan Prezidenti Mətbuat Şurasının yeni müasir binasının açılış mərasimində iştirak etdi, Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdü, milli mətbuatın inkişaf tarixi, müasir durumu və inkişaf perspektivləri, habelə, mətbuatın qarşısında duran mühüm vəzifələrlə bağlı geniş proqram xarakterli nitq söylədi.

Azərbaycan Prezidentinin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Sərəncamı ilə Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı.

Göründüyü kimi, Azərbaycanda söz və məlumat azadlığının, KİV-lərin maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Azərbaycan dünyada yeganə ölkədir ki, dövlət KİV-lərin inkişafı məsələlərinə bu qədər diqqət və həssaslıqla yanaşır. KİV əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Sərəncam dünyada analoqu olmayan addımdır. Bütün bunlar Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyi yüksək qiymətin göstəriciləridir.

Azərbaycan Prezidenti bir daha sübut etdi ki, Azərbaycan dövləti demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və qarşısında duran vəzifələri tam məsuliyyətlə və artıqlaması ilə yerinə yetirir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 24 iyul.-S. 4-5.