Azərbaycanda iqtisadiyyatın inkişafı dayanıqlı xarakter daşıyır

 

Xanhüseyn Kazımlı: "Azərbaycan 2010-cu ildə də investisiyaların cəlb edilməsi sahəsində uğurlu siyasətini davam etdirib"

 

- Xanhüseyn müəllim, son 6 ayın sosial-iqtisadi göstəricilərini necə qiymətləndirərdiniz?

- Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir. Bu səbəbdən də, Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Bu ilin ilk 6 ayında iqtisadi inkişaf 3,7% təşkil edib. Bildiyimiz kimi, keçən ilin iqtisadi inkişafın bazası yüksək idi. Lakin bu il çox yüksək göstəricilər müşahidə olunur. O, cümlədən, qeyri-neft sektorunun inkişafına üstünlük verilib. Göstəricilərə nəzər salsaq, görərik ki, sənaye potensialının inkişafında müsbət meyillər davam edib. Neft sektorunda artım 2,4%, qeyri-neft sektorunda isə 15,3% olub. İnflyasiyanın 4,9% təşkil etməsi və  əhalinin pul gəlirlərinin 9% artdığı müşahidə olunub. Cənab Prezidentinqeyd etdiyi kimi, qlobal böhrana baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiya tempini qabaqlayır. Hətta bu kimi amillər  ölkədə böyük maliyyə resursları yaradılmasına imkan verir. Qeyd etmək lazımdır ki, Azərbaycanın valyuta ehtiyatları da artaraq, 20 milyard dollardan 24,7 milyard dollara çatıb. Əlbəttə, bu ehtiyatlar imkan verir ki, iqtisadi sahədə istənilən infrastruktur layihəsini özümüz öz gücümüz  hesabına icra edə bilək. Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində uğurlu siyasətini davam etdirib. Hazırda Azərbaycana xaricdən investisiya gəlməsi davam edir. Ölkə iqtisadiyyatına 6 ayda 3,8 milyard dollar sərmayə qoyulub. Bunun müəyyən hissəsi xarici sərmayələrdir. Bütün bunlar çox sevindirici haldır. Cənab Prezidentimizinqeyd etdiyi kimi, bu gün Azərbaycanın maliyyə imkanları, məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatları ölkədaxili investisiyaların həcminin ildən-ilə artmasına imkan yaradır. İşsizliyin aradan qaldırılması yönümdə görülən işlərdə də yüksək artım müşahidə olunub. Azərbaycanda altı ayda 36 min yeni yeri açılıb. Bundan əlavə, Azərbaycanda son altı ildə təxminən 900 min yeni yerləri açılıb ki, onlardan 600 mindən çoxu daimi yerləridir. Neft-qaz sektorunda bütün işlər plan üzrə gedir. Altı ayda 25 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilib. Şübhəsiz ki, bu hasilatın böyük əksəriyyəti ixrac edilir. Bundan başqa, ölkənin müdafiə potensialın gücləndirdirilməsi yönündə də inkişaf özünü göstərib. Bir şeyiqeyd etmək yerinə düşər ki, bu yaxınlarda büdcəyə dəyişiklik edilmişdir. Hazırda, dövlət büdcəsi 15 milyard dollar səviyyəsindədir. Hətta 500 milyon dollar vəsait hərbi xərclər üçün əlavə olaraq ayırılıb. Azərbaycanın bütün hərbi xərcləri 2 milyard 150 milyon dollardır ki, bu da Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu da, ordumuzda ruh yüksəkliyindən əlavə, daha da müasirləşmə yönündə öz təsirini göstərəcəkdir.

    

- Ötən ilin eyni dövrü ilə müqayisədə, ölkə iqtisadiyyatına qoyulan investisiyanın həcmini necə təhlil edərdiniz?

- Qeyd etdiyimiz kimi, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayenin müəyyən hissəsi xarici sərmayələrin payına düşür. Bu gün Azərbaycanın maliyyə imkanları, məhz xarici sərmayə hesabına milli gəlir və valyuta ehtiyatları ölkə daxili investisiyaların həcminin ildən-ilə artmasına əsas yaradır. Ölkə üzrə 3,8 milyard dollar sərmayənin 3 milyard dolları daxili sərmayələrdir. Bütün bunlar onu deməyə əsas verir ki, bu il artım yetərincə yüksək göstəriciyə malikdir. Buna səbəb daxili imkanlar hesabına, daxili investorların vəsaitlərinin iqtisadiyyata yönəldilməsi hesabına mümkün olmuşdur. Bu da onu göstərir ki, Azərbaycan artıq investisiya cəlb edən ölkələr sırasından investisiya qoyan ölkələr sırasına daxil olub. Bütün bunlar ölkənin iqtisadi potensialının qüdrətini və iqtisadiyyatın bütün sahələrində inkişafın sürətlə getdiyini deməyə əsas verir.

- Belə olan şəraitdə Milli Məclis tərəfindən Rəqabət Məcəlləsi haqqında qanunun qəbul olunmasına ehtiyac olduğu rəyi yaranır...

- Əlbəttə, bu, çox mühüm bir məsələdir. Fikrimcə, bu məsələ haqqında müəyyən işlər görülür. Rəqabət şəraitinin yaradılması, Azərbaycan iqtisadiyyatının güclənməsinə və daha da inkişaf etməsinə birmənalı şəkildə yardımçı olacaqdır. Bildiyim qədər qanun layihəsi işlənilir və tez bir zamanda hazır olacaqdır. Bu qanun hər kəsi əhatə edəcək qədər şəffaf olacaqdır. Qanun azad iqtisadiyyataiqtisadi əlaqələrin genişlənməsinə bir növ şərait yaradacaqdır. O cümlədən, qanunvericilik təminatı istiqamətində də böyük işlər görülür. Ölkə Prezidenti, eləcə də, Milli Məclis tərəfindən də bu barədə təkliflər irəli sürülürqanunlar qəbul olunur. Bundan əlavə, qəbul olunmuş qanunlara əlavə və dəyişikliklərə də üstünlük verilir. Onu da qeyd etmək lazımdır ki, qanunların biri-birini tamamlaması və ziddiyyətlərin tamamilə aradan qaldırılması uğurla həyata keçirilir. Sadalanan hallar ölkədə iqtisadiyyatın tənzimli inkişafına yüksək səviyyədə şərait yaradır. Onu da qeyd edim ki, totalitar sovet rejimindən xilas olmuş və müstəqilliyini yeni əldə etmiş bir ölkənin bu dərəcədə inkişaf etməsi tarixi uğurdur.

- Azad iqtisadi zonalar haqqında qanunun əhəmiyyətini necə qeyd edərdiniz?

- Ümumiyyətlə, azad iqtisadi zonaların yaradılması bugünün  zamanın aktual tələbidir. Hər bir dövlətin iqtisadiyyatının, ərazisinin, sosial həyatının bir çox özünəməxsusluğu vardır. Bu, özünəməxsusluq azad iqtisadi zonaların yaradılmasında da, Ümumdünya Ticarət Təşkilatına qəbulolma prosesində də, dövlətin ümumxalq maraqları varbu maraqlar mütləq nəzərə alınır. Bəzi ekspertlərin fikirlərinə görə, azad iqtisadi zonaların yaradılmasında Azərbaycan nədənsə geri qalır. Xeyr, bu, qətiyyən belə deyil. Bu, çox yanlış bir fikirdir. Məncə, bu, məsələyə bu dərəcədə kor-koranə surətdə yanaşmaq düzgün deyildir. Bütün bunların hamısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Onu da qeyd edim ki, bu qayğının nəticəsində, Azərbaycan 30-40 faiz inkişaf etmiş ölkənin içərisində hər nəfərə düşən ümumi daxili məhsul (ÜDM) hesabına birinci yerdədir. Əlbəttə ki, bu, çox sevindirici bir haldır.

- Ötən il ilə müqayisədə bu il iqtisadiyyata qoyulan investisiyanın az qala 90 % yerli sahibkarlığın payına düşür. Bu faktı ilə əlaqələndirərdiniz?

- Bunun bir çox səbəbi var. Bir səbəbini , cənab Prezidentin ölkə iqtisadiyyatına, bilavasitə, sahibkarlığa göstərilən xüsusi qayğısı kimi qiymətləndirmək olar. Əlbəttə, qeyd olunan rəqəmlər sahibkarlığın Azərbaycanda yüksək səviyyədə inkişaf etməsindən xəbər verir. Azərbaycanda iqtisadi siyasət praqmatik xarakterə malikdir. Ölkəmizdə sahibkarlığın inkişafına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerlixarici adamlarının fəaliyyətini stimullaşdırır. Qeyri-neft sektorunda artıma müasir bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq sahibkarlığın və özəl sektorun inkişafı dövlətin diqqət mərkəzindədir. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafına təkan verən dövlət proqramları bu siyasətin istiqamətlərini özündə əks etdirir. Bu strategiyanın fundamentallığının təminatında neft sektoru ilə bərabər qeyri-neft sektoru da mühüm əhəmiyyət daşıyır.

- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi aktualdır. İndiki halda...

- Azərbaycanın bu təşkilata qoşulmasında bir çox dövlətlərin və təşkilatların müəyyən maraqları vardır. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Hazırda ölkəmizin ÜTT-yə qəbulu istiqamətində danışıqları uğurla davam etdirilir. Fikrimcə, hər bir dövlət hansısa bir təşkilata qoşularsa, bütün məsələləri bir müddət müzakirə etməli və müəyyən bir qərara gəlməlidir. Məncə, Azərbaycanın hazırda tutduğu mövqe, ölkənin imkanlarının məhdudluğundan yox, əksinə, genişlənməsindən xəbər verməkdədir. Əlbəttə, bizim üçün Azərbaycanın maraqları hər şeydən üstündür.  2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericiliyin ÜTT standartlarına uyğunlaşdırılmasına dair fəaliyyət planı təsdiqlənmişdir. Azərbaycan ÜTT-nin qaydaları və normalarına əsaslanan zəruri islahatları davam etdirir.

 

 

Bəxtiyar MƏMMƏDOV

 

Səs.- 2010.- 24 iyul.- S. 8.