Xalçaçılıq
sənətimiz YUNESKO-nun dünyanın şah
əsərləri sırasına daxil ediləcək
Əlisəfa Nuriyev: "Çində və Pakistanda
istehsal olunan xalçalar Azərbaycanı təmsil edə
bilməz"
Xalçaçılıq
sənəti xalqın milli mədəniyyəti tarixində
müstəsna yer qazanmışdır. Tarixi
qədim bir dövrü əhatə edən
xalçaçılıq
sənəti müxtəlif naxış elementləri
və təsvirlərlə bəzədilən xovlu və
xovsuz növlərə ayrılaraq, dəyələrin,
çadırların, alaçıqların, habelə,
evlərin və digər binaların divar bəzəklərində,
döşənməsində istifadə edilir, eyni zamanda,
yüksək estetik əhəmiyyət kəsb edir. Belə bir nadir sənət
nümunələrindən olan xalçaçılıq
sənətinin dünyanın şah əsərləri
sırasına daxil edilməsi ilə bağlı YUNESKO-ya
təqdimatı, əlbəttə ki, bu sənət
növünün dünya dövlətləri
tərəfindən birmənalı olaraq qəbul
edilməsinə gətirib çıxarır.
Xalçaçılıq sənəti dünyanın bir
sıra ölkələrində yayılmış olsa da,
qətiyyətlə deyə bilərik ki, bu sənət
növünün beşiyi Azərbaycandır. Burada toxunan
və istehsal edilən xalçalar dünyada müqayisə
edilməyən nümunə tək qəbul olunur.
Azərbaycan xalçasının dünya mədəni
irsində yer alması Azərbaycan xalçasının bir
uğuru, nailiyyəti kimi əks-səda doğuracaq.
Azərbaycan xalçasının bugünkü
vəziyyəti, eləcə də, istehsal prosesində yeni
texnologiyanın meydana gəlməsi bu sənət
növünə təsirini göstərirmi?
Əlbəttə, yeni meyarlar, tələbatın
dəyişməsi xalçalara da münasibətdə bir
qədər fərqliliyə gətirib
çıxarıb. Azərxalça Yaradıcılıq İstehsalat
Birliyinin direktoru Əlisəfa Nuriyev "Səs"
qəzetinə verdiyi müsahibəsində bu sənət
növünün ənənələr üzərində
inkişaf etdiyini diqqətə çatdırdı. Onun
sözlərinə görə, xalçaçılıq
sənəti müasir dövrümüzdə də
öz kökü üzərində inkişafdadır:
"Xalçaçılığın istehsalı,
tərtibi zahirən bir qədər asan görünsə
də, onu yaradanların gərgin əməyinin
çətinliyi dərk olunmalıdır. Azərbaycan
xalçasının ənənələrini qorumaq
ümumxalq işidir. Bildiyimiz kimi, müasir
həyatımızda Azərbaycan xalçasına qarşı
güclü təbliğat aparılır. Belə ki,
ermənilər tərəfindən milli-mənəvi
dəyərlərimizin, sənətimizin oğurlanması bir adətə
çevrilmişdir. Azərbaycanın vizit kartına
çevrilən dəyərləri öz adlarına
çıxaraq dünya dövlətlərində tarixi
keçmişlərini təsdiqləmək məqsədi
ilə ermənilərə məxsus olduqlarının
göstərməyə çalışırlar.
Xalçaçılıq sənəti ilə bağlı
bir sıra problemlərimiz mövcuddur. Pakistan,
Əfqanıstan və Çin istehsalı olan Azərbaycan
xalçaları dünya bazarına çıxarılıb
müxtəlif adda təqdim edilir. Bu da milli xalçaçılıq
sənətimizə öz təsirini
göstərməkdədir. Avropa Şurası
tərəfindən saxta mallara qarşı mübarizə
aparmaq üçün bir qanun
müəyyənləşdirilib. Bu və ya digər
qanunları əsas götürüb biz
xalçalarımızın dünyada qorunmasına doğru
addım atmalıyıq.
Vaxtilə
Azərxalça Yaradıcılıq İstehsalat birliyinin
direktoru olmuş Kamil Əliyev deyirdi ki,
peyğəmbərdən (s.a.s) soruşurlar ki, dünyada
ən ürəkaçan şey nədir? O
isə belə cavab verib, ilk övladın yumşaq xalça
üzərində gəzməsi. Çox qəribədir ki,
insan həyata ayaq açdığı ilk gündən
belə yumşaq xalça üzərində
hərəkət edir, dünyadan köçəndə
də məhz xalça ilə yola salınır. Bunun
çox maraqlı məqamları vardır. Azərbaycana qonaq
gələn şəxsə təqdim olunan gözəl
əşya xalçadır. Azərbaycandan qonaq
gedərkən xarici dövlətlərə aparılıb
ən dəyərli hədiyyə olaraq təqdim olunan da yenə
xalçadır. Xalça Azərbaycanın çox
fərqli bir milli sərvətidir. Ermənilər dünya
ictimaiyyətinə bizi vəhşi bir xalq kimi təqdim
etsələr də, bütövlükdə
dünyamızı özündə əks etdirən
xalçamız Azərbaycanın məxsusi
dəyərlərini özündə
cəmləşdirir."
1949-cu
ildə aparılan arxeoloji axtarışlar zamanı
xalçanın yaşının 2500 il olduğu qeyd olunur. Tədqiqatların nəticəsi göstərib ki,
bu, məhz türk dünyasına məxsus olan xalça
növüdür. Əlisəfa Nuriyev bildirdi ki, İpək
yolu üzərində olan dövlətlərin bir çoxunda
xalça sənəti mövcuddur. Amma bütün
ölkələrdə istehsal olunan xalçalardan
Azərbaycan xalçası daha qiymətli və daha
zəngindir: "Müasir dövrümüzdə
Azərbaycan xalçaçılıq sənətinə
dövlət tərəfindən xüsusi bir diqqət
yetirilir. Prezidentin sərəncamına əsasən
paytaxtımızda xalça muzeyi inşa etdirilir.
Azərbaycanın, bütövlükdə, tarixini, milli
mənşəyini və s. özündə ehtiva edən
muğam sənəti qədər xalçaçılıq
dəyərli bir sənət növüdür. Azərbaycan
muğamının, aşıq sənətinin, Novruz
bayramının YUNESKO tərəfindən dünyanın
şah əsərləri sırasına daxil
edilməsindən sonra xalçaçılıq
sənətinin də təqdimi çox
ürəkaçandır. Bütün bu uğurlara,
nailiyyətlərə baxmayaraq, bəzi
xalçaçılıq sənəti ilə bağlı
xoşagəlməz hallara da diqqəti yönəltmək
istərdim. Qeyd etdiyim kimi, Çində və Pakistanda
dünya bazarına çıxarılan xalçalar
Azərbaycanı təmsil edə bilməz. Həmin
xalçalar ucuz başa gələn məmulatlar
əsasında istehsal olunur və bu cür ucuz, keyfiyyətsiz
xalçalar, hətta Azərbaycan bazarında da uğur
qazanmır. Həmin xalçaların istehsalında iki
məqama xüsusilə diqqət yetirmək istərdim.
Birincisi texnoloji prosesin düzgün aparılmamasına,
ikincisi isə toxuculuq məmulatlarının insan
orqanizminə ziyan ola biləcək kimyəvi liflərlə
zənginliyinə. Bu kimyəvi liflər insan orqanizminə
öldürücü təsirə malikdir. Belə ki, qan-damar
sisteminin zəifləməsinə, nəfəs borularına
və s. mənfi təsirini göstərir. Kimyəvi
birləşmələrdən hazırlanmış bu
liflər güclü tozsoran vasitəsilə
təmizlənərkən, hətta naxışların
itməsinə gətirib çıxarır. Azərbaycan
xalçasının təbliğatı, deyərdim ki,
qənaətbəxş deyil. Televiziya,
bütövlükdə desək, informasiya vasitələri bu
təbliğatda güclü bir mexanizmə çevrilə
bilməz. Mən deyərdim ki, Azərbaycan
xalçasının təbliği üçün daha
geniş məkanlara yol açılmalıdır.
Məktəblərdə Azərbaycan xalçasına həsr
olunmuş fakültativ dərslər verilməlidir. Eyni zamanda, dəftərlərin üzərinə
çəkilən əcaib şəkillərin yerində
məhz Azərbaycan xalçasının fonunda
müəyyən ornamentləri vermək olar ki, bu da uşaqlarda
milli sənət növümüzə olan maraq hissini
gücləndirər. Eyni zamanda,
vətənpərvərlik hissinin aşılanmasında da
qüvvəyə malikdir. Azərbaycan
xalçaçılıq sənəti qrup və
tiplərə bölünür. Təbriz, Qazax, Gəncə
və s. hər bir ərazinin öz milli
xüsusiyyətləri əsasında xalça
üzərində ornamentlər gözəl bir təsvir
yaradır. Azərbaycan xalçaları sənət sahəsi
kimi həm coğrafi mövqeyinə, həm də
naxış, kompozisiya, rəng həlli və texniki
xüsusiyyətlərinə görə şərti olaraq
xalçaçılıq məktəbinə
bölünür. Burada hər bir ərazinin
təbiətinə uyğun olaraq rənglərdən
istifadə olunur. Azərbaycanın şimal-şərqində
yerləşən Quba xalça mərkəzi üç
hissəyə-dağlıq, dağətəyi və ovalıq
hissələrə bölünür. Quba
xalçalarının bəzəyini həndəsi
naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati,
bəzən isə heyvan motivləri təşkil edir. Bu
məktəbin xalçalarında medalyonlu çeşni
üslubu da geniş yayılmışdır. Bakı
məktəbi olan Abşeronun kəndlərinin
xalçalarına gəlincə isə burada hazırlanan
xalçalar daha yumşaqlığı, rənglərinin
intensivliyi, bədii elementlərinin orijinallığı
və naxışlarının incəliyi ilə seçilir.
Xalçaların bəzəklərində həndəsi
formalı göllər, əyri xətli nəbati elementlər
üstünlük təşkil edir. Bakı qrupuna aid
xalçaların rəng koloritində əsasən tünd
göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən
istifadə edilir. Bu xalçaların əksəriyyəti
toxunduğu kəndin adını daşıyır. Şirvan
xalçalarının zəngin və mürəkkəb
naxışlı kompozisiyaları orta əsrlərdən
məşhurdur."
Birliyin
direktoru onu da bildirdi ki, Azərbaycan xalçası sovet
dönəmində Qafqaz xalçası kimi
tanınmışdır. Almaniyada yaşayan təbrizlilər
deyir ki, Berlində beş il əvvəl Azərbaycan
xalçasına aid olan kitablar indi yoxdur: "Azərbaycan
xalçaları ilə bağlı kitablar
yığışdırılıb, erməni Qafqaz
xalqlarına məxsus olan xalçaların tarixi və
qrupları, növləri haqqında məlumatlar,
vəsaitlər yerləşdirilib. Moskvada çap olunan
qəzetlərin birində Azərbaycan xalçasına aid
yazı çap olunmuş və erməni xalçası
adı ilə təqdim edilmişdir. Qriqoryev adında bir
tədqiqatçının yazdığı əsər,
mən deyərdim ki, Qriqoryanın pulu ilə qələmə
alınmışdır".
Ə.Nuriyev onu da qeyd etdi ki,
dünyada tanınan
Azərbaycan xalçaları texniki xüsusiyyətlərinə
görə seçilir. Belə ki, bu xalçaların iki
növü var: xovlu və xovsuz xalçalar. Xovsuz
xalçalar toxuculuq sənətinin ən erkən dövrünə
təsadüf edir. Azərbaycan xalça sənəti öz
yüksək bədii texniki keyfiyyətinə, xovsuz
toxunuşunun müxtəlifliyinə görə
fərqlənir. Digər ölkələrin xalça
sənətində isə bu nümunələr az miqdarda
təmsil olunur. Xovsuz xalçaların, ümumiyyətlə,
xalça sənətinin yaranmasının əsasını
onların ilk sadə nümunələri olan həsir,
çətən, buriya təşkil edir. Xovsuz xalçalar
öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament
zənginliyinə və rəng koloritinə görə
bir-birindən fərqlənən 8 növə
bölünür.
Azərbaycan
xalça sənətinin inkişafı bir neçə
istiqamətdə davam edərək çoxcəhətli
xarakter daşımışdır. Respublikanın rayon və
kəndlərində xalça sənəti
ənənələri ayrı-ayrı xalça ustaları
tərəfindən davam etdirilir. Onların ənənəvi
çeşnilərdə toxuduqları xalçalarda klassik
kompozisiyalara yaradıcı münasibət qabarıq
şəkildə özünü göstərir. Eyni zamanda,
xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış
elementləri meydana gəlir. Yeni yaranan
çeşnilərdə nisbətən əyri
xətlərlə işlənmiş nəbati
naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirik
və romantik üslubda yaradılmış süjetli
kompozisiyalara meyil üstündür.
Xalça sənətinin digər
bir qolu peşəkar rəssamlar tərəfindən davam
və inkişaf etdirilir. Onların yaratdıqları yeni
ornament və çeşnilər əsasında toxunan
xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində
mühüm əhəmiyyət kəsb edir. Bu
xalçaların kompozisiya, rəsm həlli və
koloritində bəzən klassik kanonların pozulmasına
baxmayaraq, müxtəlif bədii və texniki vasitələr
mövzunun açılmasına kömək edir.
Azərbaycanda
xalçaçılığın inkişafı
üçün mühüm tədbirlər həyata
keçirilmişdir. Xalçaçılıq sənət
kimi texniki peşə məktəblərində, uşaq
rəsm qalereyalarında və digər yerlərdə
öyrədilir. Ə.Nuriyev Azərbaycan xalça
sənətinin elm sahəsi kimi öyrənilməsi və
professional rəssamların yaradıcılığında
müasir inkişafı Azərbaycanın xalq rəssamı
Lətif Kərimovun adı ilə bağlı olduğunu
bildirdi. Şərq, o cümlədən, Azərbaycan
xalçası və dekorativ - tətbiqi sənətinin mahir bilicisi, görkəmli
ornamentalist-rəssam, tədqiqatçı-alim kimi tanınan
L.Kərimov uzun illər Azərbaycan xalçalarını
tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni
ornamentlərlə zənginləşdirmiş,
ənənəvi bəzək elementləri əsasında yeni
dekorativ motivlər yaratmışdır.
Xalça
sənətinin inkişafının digər bir qolu
"Azərxalça" İstehsalat Birliyinin
fəaliyyətidir. "Azərxalça"nın sex və
emalatxanalarında toxunan xalçalarda ənənəvi
naxış və rənglərdən ustaların yaradıcı
şəkildə etdiyi dəyişmələr klassik
xalça kompozisiyalarının sayını artırıb
zənginləşdirir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2010.- 24 iyul.- S. 12.