Azərbaycan 2010-cu ilin ilk yarısında: faktlar nə
deyir?
Prezident İlham Əliyevin hökumətin cari ilin ilk
yarısının yekunlarına həsr olunmuş
müşavirəsində açıqladığı faktlar
Azərbaycanın böyük inkişaf yolunu davam etdirdiyini
ortaya qoyub.
"Azərbaycanda bütövlükdə
bu il də keçən ildəki kimi uğurlu iqtisadi
inkişaf davam etmişdir. Baxmayaraq ki, keçən il maliyyə
və iqtisadi böhran dünyada gedən proseslərə
çox güclü təsir göstərmişdir. Azərbaycanda
2009-cu ildə iqtisadi inkişaf baxımından çox
yüksək göstəricilər əldə olunmuşdur.
2010-cu ildə də bu müsbət meyillər davam etmişdir
və iqtisadiyyatımızın bütün sahələrində
inkişaf var, tərəqqi var. Bu rəqəmlər bir daha
onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar
düzgün istiqamətdə aparılır"- Azərbaycan
Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin 1-ci
yarısının sosial-iqtisadi yekunlarına dair iclasında
dediyi bu sözlər Azərbaycanda real vəziyyəti daha
yaxşı ifadə edir.
İqtisadi inkişaf tempi davam etdirilir
Müşavirədə qeyd
olunub ki, 6 ayda iqtisadi inkişaf 3,7 faiz təşkil
etmişdir. Nəzərə alsaq ki, keçən ilin iqtisadi
inkişafının bazası çox yüksək idi, bu,
çox yüksək göstəricidir. Ümumiyyətlə,
bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri
çoxşaxəlidir və qeyri-neft sektorunun inkişafına
üstünlük verilir. Bu, Azərbaycan hökuməti
üçün prioritet məsələdir. Neft-qaz sektorunda
da əldə edilmiş uğurlar ölkənin ümumi
inkişafına böyük təkan verir.
Dövlət
başçısı hökumətin iclasında bildirib ki, sənaye
potensialının inkişafında müsbət meyillər
davam etmişdir. "Biz sənaye potensialını iki yerə
bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz,
qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu,
gördüyümüz işlərin bariz nümunəsidir.
Çünki bu günə qədər Azərbaycanda
aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun
inkişafı istiqamətində atılan addımlar bax,
bugünkü reallıqları təmin edir.
Bundan sonra da qeyri-neft sektoruna
xüsusi diqqət göstəriləcək və qeyri-neft
sektorunun 15 faizdən çox artması Azərbaycan
iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat
olduğunu göstərir. Altı ayda 25 milyon ton neft, 13 milyard
kubmetr qaz hasil edilib. Bizim məqsədimiz neft amilindən
uğurla istifadə edib Azərbaycanın bütün sahələrini
inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə
çatmışıq. Biz növbəti illərdə bu
meyilləri gücləndirməliyik. Elə etməliyik ki,
uzun illər, onilliklər bundan sonra Azərbaycan
iqtisadiyyatı neft amilindən öz
asılılığını maksimum dərəcədə
azaltsın".
Göründüyü kimi,
Prezident İlham Əliyev hər zaman ölkə
iqtisadiyyatında əsas prioritet olaraq qeyri-neft sektorunu göstərir
və qeyd edir ki, güclü inkişaf etmiş və
böyük gəlir gətirən neft-qaz sektorunun hesabına
digər sektorların da inkişaf etdirilməsi siyasəti həyata
keçirilməlidir.
Digər iqtisadi göstəricilər
də ümumiyyətlə, müsbət mənzərədən
xəbər verir. Son 6 ayda inflyasiya 4,9 faiz təşkil
etmişdir. Bu, normal rəqəmdir. Əhalinin pul gəlirləri
isə 9 faiz artmışdır. Bu, onu göstərir ki,
2009-2010-cu illərin tarixdə böhranlı illər kimi
qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının
gəlirləri artır və inflyasiyanın templərini də
qabaqlayır.
Azərbaycanın
iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. 2009-cu ildə
böhran ilinə baxmayaraq, beynəlxalq reytinq agentlikləri Azərbaycanın
kredit reytinqini artırıblar. Bu onu göstərir ki, ölkədə
aparılan islahatlar çox uğurludur.
Strateji valyuta ehtiyatlarının xeyli artması çox
önəmlidir
Azərbaycanda artıq
güclü maliyyə ehtiyatları yaradılıb. Uğurlu
neft siyasəti nəticəsində bu gün Azərbaycan
öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən
Azərbaycanın valyuta ehtiyatları artmış- 20 milyard
dollardan 24,7 milyard dollara çatmışdır və bu,
bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki,
Azərbaycan iqtisadi sahədə istənilən məsələni,
istənilən infrastruktur layihəsini təkbaşına həyata
keçirə bilər. Prezident İlham Əliyevin dediyi kimi,
bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda
islahatların aparılması, şəffaflığın təmin
olunması və şəffaflıqla bağlı
bütün mütərəqqi təşəbbüslərə
qoşulmağımız, bax, bu böyük ehtiyatın
yaranmasına gətirib çıxarmışdır.
Dövlət
başçısı hər zaman neft gəlirlərinin
saxlanması və idarə olunmasında şəffaflığın
vacibliyini önə çəkir. "Bu, Azərbaycan
xalqının sərvətidir. Bildiyiniz kimi, Neft Fondunun gəlirləri
və xərcləri haqqında mütəmadi qaydada ictimaiyyətə
məlumat verilir. Bu, çox şəffaf qurumdur, neft gəlirlərinin
uğurla idarə edilməsində və ədalətli
bölünməsində Azərbaycan dünya miqyasında
nümunə kimi göstərilir. Əlbəttə ki, əldə
edilmiş təcrübə və bu sahədə görülən
işlər artıq bizə deməyə imkan verir ki, Azərbaycanın
strateji valyuta ehtiyatları gələcəkdə də
artacaqdır. Əlbəttə, bu valyuta ehtiyatları Azərbaycanın
uğurlu inkişafını və müstəqil siyasətini
təmin edəcəkdir. Çünki iqtisadi müstəqillik
siyasi müstəqilliyin əsas amilidir"-cənab İlham Əliyev
dövlətin güclü maliyyə ehtiyatlarına malik
olmasının nə dərəcədə öəmli
olduğunu vurğulayır .
Göründüyü kimi,
ölkə başçısı strateji ehtiyatların səmərəli
istifadəsi və gələcək nəsillərə
çatdırılması işinin yüksək səviyyədə
qurulmasını yüksək qiymətləndirir. Şübhə
yoxdur ki, xalqın sərvətlərindən əldə
olunmuş gəlirlərin şəffaf şəkildə xalqa
çatdırılması insanlarımızın bu
günkü və gələcək rihafına xidmət edəcək.
İqtisadiyyata sərmayə qoyuluşu artır
Ötən illərdə
olduğu kimi, Azərbaycan 2010-cu ildə investisiyaların cəlb
edilməsi sahəsində öz uğurlu siyasətini davam
etdirmişdir. Baxmayaraq ki, demək olar, bütün maliyyə
qurumları, beynəlxalq səviyyəli şirkətlər və
ölkələr öz xərclərini kəskin şəkildə
azaldırlar, Azərbaycana xaricdən gələn
investisiyaların həcmi, prosesi davam edir. Bütövlükdə,
ölkə iqtisadiyyatına 6 ayda 3,8 milyard dollar sərmayə
qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir.
Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi
ölkəmizə investisiyaların gətirilməsinə
kömək göstərmişdir. Azərbaycan
adambaşına düşən birbaşa xarici sərmayənin
həcminə görə bütün dövrlərdə bu
bölgədə ən qabaqcıl yerlərdə olub.
Cənab Prezident
müşavirədə dediyi kimi, bu gün maliyyə
imkanlarımız, məhz xarici sərmayənin nəticəsində
yaradılmış milli gəlir və valyuta
ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki,
biz daxili investisiyaların həcmini ildən-ilə artıraq.
Qeyd edək ki, 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir,
həm dövlət proqramları çərçivəsində,
eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti
nəticəsində qoyulmuş vəsaitdir.
Son 6 ayın göstəriciləri
arasında ən əhəmiyyətlisi məhz qeyri-neft
sektorunun artmasıdır. Qeyri-neft sektorunun 15,3 faiz artması
uğurlu iqtisadi siyasətimin nəticəsidir.
Azərbaycanda bu gün
özəl sektorda fəaliyyət göstərən şirkətlər
güclənir. Azərbaycan dövləti onlara öz dəstəyini
göstərir. Dövlət şirkətləri müasir
sistemə keçirlər. Azərbaycan dövlət şirkətlərində
müasir mühasibat, audit və idarəetmə sistemi tətbiq
olunur. Dövlət başçısı bununla bağlı
deyir: "Biz bu prosesləri dəstəkləyirik və
strateji xəttimiz ondan ibarətdir ki, dövlət nəzarətində
olan bütün şirkətlər beynəlxalq səviyyəli
şirkətlər kimi fəaliyyət göstərsinlər.
Onların dövlətə məxsus olduğu o demək deyil
ki, onlar dövlət tərəfindən idarə
olunmalıdır, yaxud da hansısa başqa yolla idarə
olunmalıdır. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri
geniş tətbiq olunub və dövlət mülkiyyətində
strateji əhəmiyyət daşıyan şirkətlər
kommersiya şirkətləri kimi fəaliyyət göstərməlidirlər,
beynəlxalq bazarlara çıxmalıdırlar və beynəlxalq
bazarlarda investisiya layihələrini davam etdirməlidirlər".
Göründüyü kimi,
ölkə başçısı özəl sektorun
inkişafının və iqtisadiyyata qoyulan yerli sərmayənin
önəmini ortaya qoyur. Məqsəd ölkə
iqtisadiyyatını tarazlı və davamlı
inkişafını təmin etməkdir.
Sosial siyasət əsas prioritetlərdən biri kimi
“Biz həmişə
olduğu kimi sosial məsələlərə xüsusi diqqət
veririk və bu sahədə də nəzərdə
tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur.
Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram
üzrə, cədvəl üzrə görürük. Deyə
bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda
orta əməkhaqqı təxminən 400 dollar, orta
pensiyaların həcmi təxminən 130 dollar təşkil
edir. Bu rəqəmlər ildən-ilə artır və ilin
birinci yarısında da artım müşahidə
olunubdur"- Azərbaycan Prezidentinin hökumətin
iclasında söylədiyi bu sözlər dövlətin əhalinin
sosial müdafiəsinə nə qədər böyük
önəm verdiyini göstərir . Azərbaycanda yoxsulluq kəskin
şəkildə aşağı düşür. Son 6 ildə
yoxsulluq şəraitində yaşayanların sayı 4 dəfə
aşağı düşmüşdür. Hazırda ölkə
əhalisinin cəmi 11 faizi yoxsulluq şəraitində
yaşayır.
Qeyd edək ki, ölkədə
güclü sosial infrastrukturun yaradılması- xəstəxanalar,
məktəblər, idman qurğuları, mədəniyyət
ocaqlarının tikilməsi üçün konkret işlər
görülür. Bakıda və bölgələrdə ilin
birinci yarısında açılan gözəl, müasir
sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir.
Azərbaycanda regionların
inkişafı proqramı uğurla davam edir və regionlarda gedən
quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın
yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə
inkişaf var, hər bir bölgədə sosial-iqtisadi
proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın
bölgələri yaradılmış vəziyyətdən
uğurla istifadə edirlər.
Azərbaycanda son 6 ayda 36 min
yeni iş yerləri açılmışdır. Son altı
6 ildə isə təxminən 900 min yeni iş yerləri
açılmışdır ki, onlardan 600 mindən çoxu
daimi iş yerləridir. Bütövlükdə, Azərbaycanda
işsizliklə bağlı olan məsələlər
çox uğurla həll olunur. İşsizliyin aradan
qaldırılması istiqamətində çox önəmli
addımlar atılır.
Bu il sahibkarlara 100 milyon
manatdan çox kreditlər veriləcəkdir. Bu da kiçik və
orta biznesin inkişafına böyük dəstək olacaq.
Özəl sahibkarlığın dövlət tərəfindən
dəstəklənməsi regionların inkiaşfına öz
böyük töhfələrini verməkdədir.
Bu il Azərbaycanda
"Ekologiya ili" elan edilib və ilin birinci yarısında
bu sahədə görülən tədbirlər öz nəticəsini
verir. Azərbaycanda son 6 ildə milli parkların, qoruqların,
yasaqlıqların ərazisi iki dəfə artıbdır.
İndi Azərbaycan ərazisinin 10 faizi məhz milli parklar,
qoruqlar, yasaqlıqlardır.
Artıq Azərbaycanda bu il
bir neçə milyon ağac əkilib. Təkcə Bakı və
Abşeron yarımadasında 800 min ağac əkilib. Dövlət
başçısı qeyd edir ki, bu tədbirləri biz ancaq
"Ekologiya ili"ndə görməməliyik. Bu, daimi proses
olmalıdır və Azərbaycanda ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün kompleks
tədbirlər görülməlidir.
Ordu quruculuğu və müdafiə sənayesi inkişafdadır
Bildiyiniz kimi, bu yaxınlarda
büdcəyə dəyişiklik edilmişdir və
bütövlükdə, bizim dövlət büdcəmiz
hazırda 15 milyard dollar səviyyəsindədir. Bunun 2.1
milyardı hərbi xərclərə ayrılıb ki, bu da
Ermənistanın bütün dövlət büdcəsinə
bərabərdir.
Prezident İlham Əliyev bu
faktorun münaqişənin həllində önəmli roy
oynayacağını qeyd edir. "Hərbi gücümüz
ölkəmizin Ermənistan-Azərbaycan münaqişəsinin
həlli işində həlledici rol oynaya bilər. Biz istəmirik
ki, bu, həlledici rol oynasın. Biz istəyirik ki, məsələ
danışıqlar yolu ilə, diplomatiya yolu ilə öz həllini
tapsın. Ancaq hərbi güc olan zaman əlbəttə ki,
bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir.
Biz hərbi qüdrətimizi
artırırıq və bunu edəcəyik. Azərbaycanda hərbi
məsələlərin həlli üçün ayrılan vəsait,
bildiyiniz kimi, çox böyük vəsaitdir. Biz bu vəsaiti
nə üçün xərcləyirik? Yəqin ki, hamıya
bəllidir. Biz hər an hazır olmalıyıq ki, öz
doğma torpaqlarımızı işğalçılardan
azad edək. Tam əminəm ki, bu gün Azərbaycanın belə
imkanları var. Biz hərbi gücümüzü böyük
dərəcədə artırmışıq, bundan sonra da
artıracağıq".
Danışıqlar prosesinin
gedişinə toxunan dövlət başçısı qeyd
edib ki, Azərbaycanın ərazi bütövlüyü
müzakirə obyekti deyil. "Azərbaycan dövlətinin
razılığı olmadan Dağlıq Qarabağa heç
bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz
parçasıdır. Yəni, birtərəfli qaydada Ermənistan,
yaxud da ki, qondarma Dağlıq Qarabağ
separatçıları, yaxud da ki, hansısa
üçüncü qüvvə Azərbaycanın
iştirakı və razılığı olmadan
Dağlıq Qarabağa heç bir status verə bilməz.
Ona görə Ermənistan tərəfi
deyəndə ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil
olacaq, bu, onların xülyasıdır. Danışıqlar
masasında olan sənəddə Dağlıq Qarabağın
statusu, statusunun müəyyən edilməsi haqqında hər
şey açıq-aydın göstərilibdir. Bir daha demək
istəyirəm ki, Azərbaycan dövləti öz
sözünü deyəcək və bu söz həlledici
söz olacaqdır".
Beləliklə, möhtərəm
Prezidentimiz bir daha vurğulayıb ki, Azərbaycan dövləti
və Azərbaycan xalqı isə heç vaxt Dağlıq
Qarabağı Azərbaycandan ayıra biləcək heç
bir status verməyəcəkdir.
Cənab Prezident Ermənistanın
mövqeyinə də toxunub: "Ermənistanda bəziləri
hesab edirlər ki, onlar müharibənin birinci mərhələsində
qalib gəldilər. Mən hesab edirəm ki, onlar məğlub
olublar. Azərbaycan isə atəşkəs müddəti ərzində
böyük və uğurlu yol keçmişdir. Biz bu gün böyük
zirvələrə çatmışıq. Dünya
miqyasında Azərbaycan böyük hörmətə malik
olan ölkədir, bölgədə həlledici rol oynayır.
Bizim iştirakımız olmadan heç bir məsələ
öz həllini tapa bilməz. Müharibənin birinci mərhələsi
heç nəyi sübut etmir. Bir şeyi sübut edir ki, Azərbaycan
xalqı və Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə
barışmayacaq və istənilən yolla öz ərazi
bütövlüyünü bərpa edəcəkdir".
* * *
Göründüyü kimi,
2010-cu ilin birinci yarısı ölkənin bütün sahələrdə
uğurlar əldə etməsi ilə müşayiət
olunub, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə
inkişaf tempi davam edib. Xarici siyasət və ordu quruculuğu
sahəsində də böyük üstünlük əldə
edilib. Qeyd edilənlər göstərir ki, ölkə
Prezidenti cənab İlham Əliyevin
başçılığı ilə Azərbaycan hökuməti
uğurlu siyasi və iqtisadi islahatlar aparmaqla Azərbaycanın
sürətli inkişafını davam etdirir. Dünya ölkələrinin
böhrandan əziyyət çəkdiyi bir zamanda Azərbaycanın
böyük uğurlar əldə etməsi məhz
düşünülmüş siyasətin və strateji fəaliyyətin
nəticəsidir.
Bəhruz Quliyev
Səs.- 2010.- 23 iyul.- S. 7.