Qaradağ rayonu İcra Hakimiyyətində mətbuatın 135 illiyi ilə bağlı tədbir keçirilib
Dünən Qaradağ rayonu İcra Hakimiyyətində 22 iyul Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illiyi münasibəti ilə media nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, təbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilk olaraq bütün mətbuat işçilərini bayram münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
O, Azərbaycanda mətbuatın inkişaf tarixindən danışaraq bildirib ki, bu gün Azərbaycanda azad mətbuatın inkişafı üçün lazımi şərait yaradılıb. İcra başçısının sözlərinə görə, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan mətbuatı inkişaf etməyə başlayıb, xüsusilə o zaman ölkə prezidentinin sərəncamı ilə media orqanlarının Azərbaycan Nəşriyyatına olan borclarının silinməsi mətbuatın inkişafına daha da təkan verib. İcra başçısı hazırda bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib: "Prezidentin sərəncamı ilə mətbuata birdəfəlik yardımlar ayrılıb. Ötən il Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurası yaradılıb. Bu da bu gün dövlət səviyyəsində Azərbaycan mətbuatına nə dərəcədə diqqət və qayğının olduğunu göstərir".
Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı o cümlədən son dövrlərdə rayon ərazisində aparılan quruculuq və abadlıq işlərindən danışıb. Onun sözlərinə görə, bu yaxınlarda Lökbatan qəsəbəsində Heydər Əliyev adına park və küçə salınıb, Bakı-Astara, Bakı-Qazax yolu müasir standartlara uyğun olaraq bərpa edilib, qəsəbələrdə ambulatorlar tikilib, Um Bakı qəsəbəsində 120 nəfər şagirdlik yeni məktəb inşa edilib, yollar yenidən asfaltlaşdırılıb. S.Mikayılov qeyd edib ki, bundan başqa, bu yaxınlarda rayonda Qafqazda ən böyük liman tikilib istifadəyə veriləcək və "Akkord" Şirkətlər Qrupuna aid mərmər zovudunun açılışı olacaq. Daha sonra icra başçısı bir daha jurnalistləri təbrik edib. Jurnalistlər də öz növbəsinə icra başçsına təşəkkürlərini bildiriblər. Sonda S.Mikayılov bəzi media nümayəndələrini mükafatlandırıb.
MƏLAHƏT
Səs.- 2010.- 23 iyul.- S. 8.