Müstəqil mətbuatın formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

(Əvvəli ötən sayımızda)

 

Prezident İlham Əliyevin Sərəncamı ilə mətbuat nümayəndələrinə fəxri adların verilməsi, qəzet və agentliklərə birdəfəlik yardımların edilməsi ilə bağlı "Səs" qəzeti növbəti dəyirmi masa keçirib 

Ölkənin ictimai-siyasi və sosial həyatında böyük əhəmiyyət kəsb edən və ictimai maraq doğuran məsələlər ətrafında "Səs" qəzeti tərəfindən təşkil olunan dəyirmi masalarda hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə müzakirələrin qurulması   cəmiyyətdə böyük maraqla izlənməkdədir. Azərbaycan Milli Mətbuatının 135 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin vermiş olduğu Sərəncam, ölkəmiizin bir sıra bölgələrində keçirilən silsilə tədbirlər, jurnalistlərə fəxri adların verilməsi və qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi media nümayəndələri və ölkə ictimaiyyəti tərəfindən dövlətimizin mətbuata yüksək diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Məhz bu baxımdan da, "Səs" qəzetində keçirilən növbəti dəyirmi masanın da mövzusu bu məsələlər ətrafında oldu.

Dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, əməkdar jurnalist Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı Bəhruz Quliyev, "AzərTAc"ın baş direktor müavini, əməkdar jurnalist Dağbəyi İsmayılov, "Bakı Xəbər" qəzetinin baş redaktoru,  "Tərəqqi" medalı mükafatçısı Aydın Quliyev, "İki Sahil" qəzetinin baş redaktorunun birinci müavini, əməkdar jurnalist İsmayıl Hacıyev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı Elçin Mirzəbəyli, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri, "Tərəqqi" medalı mükafatçısı Zemfira Məhərrəmli, "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimova, "Azərbaycan" qəzetinin şöbə redaktoru, əməkdar jurnalist Xalid Niyazov iştirak edirdi.

 Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzetinin yaranması ilə Azərbaycan milli mətbuatının əsasının qoyulduğunu bildirdi. Qeyd etdi ki, milli mətbuatımızın yaranması və onun keçmiş olduğu şərəfli və tarixi yol Azərbaycan mətbuatının bugünü və gələcəyi üçün böyük örnəkdir: "İntibah dövrünün əsas atributu sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının milli kimliyinin və tarixi dəyərlərinin, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynamışdır. Bu baxımdan da, müstəqilliyə qədər olan dövr Azərbaycanda milli mətbuatın adı ilə bağlıdır. Çünki Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirməyə çalışıb. Məhz ölkəmiz ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu dövrlərin ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşamaqda idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşırdı. Elə bu məqsədlə də ulu öndərimiz Heydər Əliyev tərəfindən dəfələrlə mətbuat işçilərinə müxtəlif yardımların edilməsi, redaksiyaların maddi-texniki bazalarının formalaşdırılması, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurularaq, sonradan ləğv edilməsi, ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının bugünkü inkişafını və gələcək perspektivini təmin etmişdir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına böyük diqqət və qayğı davam etməkdədir. Mətbuatın inkişafı, söz azadlığının təmin edilməsi və qəzet redaksiyalarının texniki təchizatının təmin edilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin birbaşa səyi nəticəsində KİV-lərə birdəfəlik  yardımların edilməsi və ən nəhayətdə, KİV-in İnkişafına dair Dövlət Dəstəyi Fondunun yaradılması və milli mətbuatın 135 illik yubileyinin qeyd olunması barədə Sərəncamı, mətbuat nümayəndələrinə fəxri adların verilməsi, qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verilmiş sərəncamlar media nümayəndələri və ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Məhz bu amillər də ölkəmizdə mətbuatın imkanlarını daha da genişləndirəcəkdir.  Ona görə də, bu gün Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsinə qədəm qoymaqdadır."

 Bəhruz Quliyev dəyirmi masa iştirakçılarına məhz cənab Prezident İlham Əliyevin milli mətbuat günü ilə bağlı vermiş olduğu sərəncamlardan irəli gələn məsələlərin media təmsilçiləri üzərində qoymuş olduğu vəzifələr ətrafında müzakirələrin aparılmasının vacibliyini bildirdi.

 

İMZALANMIŞ SƏRƏNCAMLARLA DÖVLƏTİMİZ NÖVBƏTİ DƏFƏ ÖZÜNÜN HƏR KƏSƏ QARŞI OLAN BİRMƏNALI MÖVQEYİNİ AÇIQ ŞƏKİLDƏ ORTAYA QOYMUŞ OLDU

 

Elçin Mirzəbəyli:

- Bu gün ictimai rəyi Azərbaycanın vacib məsələlərinə, Dağlıq Qarabağ probleminin həlli naminə və təbii ki, min illərdən gələn tarixi ənənələrimizin qorunması istiqamətinə yönəltməliyik. Çünki mətbuatın başlıca vəzifələri məhz bu cür prisiplərdən qaynaqlanır və dövlətimiz tərəfindən medianın inkişafı üçün ən zəruri addımlar atılır. Bu haldan sui-istifadə isə qətiyyən yolverilməzdir. Bir məqamı da, qeyd edim ki, imzalanmış sərəncamlarla Azərbaycan dövləti növbəti dəfə özünün hər kəsə qarşı olan birmənalı mövqeyini açıq şəkildə ortaya qoymuş oldu. Yəni burada və eyni zamanda, digər prinsipial məsələlərdə heç kim fərqləndirilmədi. Bir məqamı da xatırladım ki, cənab Prezident İlham  Əliyev hələ andiçmə mərasimində hər bir azərbaycanlının Prezidenti olacağını vurğulamışdır. Məhz bu addımlar da Azərbaycan Prezidentinin hər kəsə birmənalı, eyni mövqedən və bir vətəndaş kimi dəyər verdiyini sübuta yetirdi. Amma bütün bunlara baxmayaraq, çox təəssüflə qeyd etmək lazımdır ki, müxtəlif maraqlı dairələr ictimai rəydə çaşqınlıq yaratmaq üçün müəyyən vasitələrə əl atırlar. Onlara bir daha xatırlatmaq istəyirəm ki, mətbuat nümayəndələrinin hər birinə verilmiş adlar və ayrılmış vəsaitlər dövlətin özünə məxsusdur. Müəyyən çirkin niyyətli şəxslərin bu məsələlərdə müəyyən illüziyalarla çıxış etməsi isə onların mənəvi əxlaqı durumunun göstəricisi kimi qiymətləndirilir. Çünki bu tip şəxslər ancaq pula göz dikiblər. Bu cür şəxslərin Azərbaycanın yüksək medallarına, ordenlərinə fərqli münasibət bəsləmələri sırf əxlaq kodeksi ilə bağlıdır. Ona görə də, bu şəxslər danışdıqca özlərini dönə-dönə ifşa edirlər. Bütün bunlara rəğmən isə milli mətbuatın 135 illiyi ilə bağlı verilən sərəncamlar, keçirilən tədbirlər Azərbaycan Prezidentinin və dövlətinin bu tip düşüncələrdən nə qədər yüksəkdə dayandığını bir daha sübuta yetirmiş oldu.

 

CƏNAB PREZİDENTİN SƏRƏNCAMI CƏMİYYƏTİN AYRI-AYRI İNSTİTUTLARININ MƏTBUATA DİQQƏTİNİ STİMULLAŞDIRMIŞ OLDU

 

Hikmət Babaoğlu:

- Məlum olduğu kimi, cənab Prezident İlham  Əliyev tərəfindən milli mətbuat günündə imzalanmış üç Sərəncam mövcuddur. Bu sərəncamlardan biri jurnalistlərin əməyinin qiymətləndirilməsi, ikincisi isə, jurnalistlərin sosial problemlərinin həlli ilə bağlıdır. Cənab Prezident tərəfindən imzalanan sərəncamlar, eyni zamanda, jurnalistlərin peşə nüfuzunun artırılmasına xidmət edir. Digər bir tərəfdən bu addımlar jurnalistlərin sosial problemlərinin birdəfəlik həlli ilə yanaşı, Azərbaycan mətbuatına dövlətin xüsusi diqqət və qayğısı ilə bərabər, arzu etdiyimiz intellektlərin mətbuata axınını təmin edəcək. Bu baxımdan da, nəticə etibarilə, iyul ayının 22-də imzalanan sərəncamilar üç əsas məsələnin köklü surətdə həlli deməkdir. Birincisi jurnalistlərin sosial ehtiyaclarından doğan problemlərinin həllidir. Yəni, bu məsələnin yoluna qoyulması məhz təməli problemlərin, avtomatik olaraq, sıradan çıxmasını təmin etmiş olacaq. İkinci bir tərəfdən məlum Sərəncam cəmiyyətin ayrı-ayrı institutlarının mətbuata diqqətini stimullaşdırmış oldu. Burada üçüncü prinsip isə, intellektual gəncliyin mətbuata axını təmin edilmiş olacaq. Çünki mətbuat cəmiyyətin lokomotivi, aparıcısıdır. Bundan əlavə, mətbuat, eyni zamanda, maarifləndirmə funksiyasını yerinə yetirir. Eyni zamanda mətbuat cəmiyyəti irəliyə aparan institutlardan biri kimi qiymətləndirilir. Əgər burada intellektlər varsa, cəmiyyəti irəliyə aparmaq daha da asan olacaqdır. Ona görə də, məhz bizim peşəmizə göstərilən bu diqqət tələbəyə, gəncə, şagirdə də böyük stimul vermiş olacaq. Atılmış bütün zəruri addımlara, görülmüş işlərə görə, mətbuat nümayəndələri adından cənab Prezidentə öz təşəkkürlərimizi bildiririk.

 

İNANIRAM Kİ, HƏR BİR VİCDANLI JURNALİST ONA GÖSTƏRİLƏN BU DİQQƏT VƏ QAYĞIDAN MƏHARƏTLƏ İSTİFADƏ EDƏRƏK, ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏNİ LAYİQİNCƏ YERİNƏ YETİRƏCƏK

 

Vüqar Rəhimzadə:

- Mətbuat Şurasının "reket" jurnalistikası ilə bağlı vermiş olduğu qərara əsasən bir sıra qəzetlərin məlum siyahıdan çıxarılması məsələləri həll ediləcək. Bunun üçün şurada faliyyət göstərən apelyasiya komissiyasına müraciət etmiş 26-ya yaxın qəzetin fəaliyyətinə yenidən baxılacaq və yekun qərar veriləcək. Eyni zamanda, bununla bağlı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun da uğurlu layihələri vardır. Çünki fond tərəfindən keçirilən fərdi jurnalist yazı müsabiqələri və digər müsabiqələrdə MŞ-nin qara siyahısında olan qəzetlərin nümayəndələri iştirak edə bilmirlər. Məhz MŞ-nin vermiş olduğu qərardan sonra öz fəaliyyətində müəyyən dəyişikliklər etmiş, mətbuat nümayəndələrinin də bu müsabiqələrdə iştirakı mümkün olacaqdır. Bir məsələni də qeyd edim ki, MŞ-nin atmış olduğunu bütün addımlar, vermiş olduğu qərarlar ictimai fikrə əsaslanır. Cəmiyyətin bilavasitə diqtəsi ilə şura tərəfindən zəruri addımlar atılıb və qərarlar verilir. Məhz aktual bir məsələni müzakirəyə çıxardığına görə də "Səs" qəzetinin rəhbərliyinə çox sağ ol deyirik və media nümayəndəsi olaraq bir daha bütün həmkarlarımızı, Azərbaycan ictimaiyyətini Milli Mətbuat Günündə imzalanmış sərəncamlar münasibətilə təbrik edirəm. Möhtərəm Prezidentimizə mətbuat nümayəndələri adından bu dərəcədə yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarımı çatdırıram. İnanıram ki, hər bir vicdanlı jurnalist dövlət tərəfindən ona göstərilən bu diqqət və qayğıdan məharətlə istifadə edərək, milli-mənəvi dəyərlərimizin təbliğində, dövlətimizin təməl prinsiplərinin və digər məsələlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.

"Səs" qəzetinin əməkdaşı:

- 1875-ci ildə Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin əsasını qoydu və tarixin bu ardıcıllığı ilə ulu öndərimiz Heydər Əliyev yüzlərlə qəzetin nəşrini, inkişaf strategiyasının əsasını müəyyənləşdirmiş oldu. Ümumilikdə isə, bu gün ulu öndərimiz Heydər Əliyevin mətbuata diqqət və qayğısı Onun ən layiqli davamçısı olan cənab Prezident İlham  Əliyev tərəfindən hansı formada uğurla həyata keçirilir?

 

DÖVLƏT BAŞÇISI TƏRƏFİNDƏN İMZALANMIŞ SƏRƏNCAMLAR AZƏRBAYCAN MƏTBUATININ DAHA DA YÜKSƏK SÜRƏTLƏ İNKİŞAFI ÜÇÜN MÜHÜM TƏMƏL OLACAQ

 

Dağbəyi İsmayılov:

- İlk öncə, ölkə başçısı Prezident  İlham  Əliyevə jurnalist həmkarlarımın əməyinə verdiyi yüksək qiymətə görə minnətdarlıqlarımı çatdırıram. Verilmiş olan qiymət və dəyər Azərbaycan mətbuatının inkişafına, dövlətin göstərdiyi yüksək qayğı və diqqətdir. Bu baxımdan da, hər bir jurnalist, mətbuat işçisi bu diqqətə, qayğıya görə öz mənəvi aləmindən, dövlətimizin yürütmüş olduğu düzgün siyasi xətt prizmasından irəli gələn mövqedən çıxış etməlidir. Eyni zamanda, bütün jurnalistlər öz əməyi ilə onlara verilmiş olan bu yüksək qiyməti doğrultmağa çalışmalıdırlar.

Bir faktı da, unutmaq olmaz ki, Azərbaycan mətbuatı 135 illik tarixində çox böyük keşməkeşli bir yol keçib. Bütün əziyyətlərinə, problemlərinə, qarşılaşmış olduğu çətinliklərinə baxmayaraq, Azərbaycan mətbuatının keçmiş olduğu yol çox şərəflidir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan mətbuatı keçmiş olduğu 135 illik tarixdə daha yeni ənənələrlə zənginləşib. Məhz bu il 135 illiyini qeyd etdiyimiz milli mətbuatın qazanmış olduğu ənənələrin sırasına cənab Prezident İlham  Əliyev tərəfindən yeni bir ənənə də əlavə edildi. Bir faktı da əlavə edək ki, mətbuatımızın tarixi ilə bağlı imzalanan sərəncamlar çox olub. Ulu öndərimiz Heydər Əliyev tərəfindən imzalanmış sərəncamlar istər sovet dönəmində, istərsə də, müstəqillik illərində Azərbaycan mətbuatına qarşı böyük diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilir. Onu da vurğulayım ki, Azərbaycan mətbuat tarixində məhz jurnalistlərin mənzil və məişət şəraitinin həlli baxımından cənab Prezidentin imzaladığı Sərəncama oxşar addım hələ dünyanın hər hansı dövlətində atılmamışdır. Bu baxımdan da, atılmış olan bu addım Azərbaycan mətbuat tarixində yeni bir ənənədir. İnanırıq ki, bu ənənə növbəti illərdə də dövlətimizin başçısı tərəfindən böyük həvəs və uğurla davam etdiriləcək. Bütün bunlar isə Azərbaycan mətbuatının daha da yüksək sürətlə inkişafı üçün mühüm təməl olacaq.

 

 

"Səs" qəzetinin əməkdaşı:

- Demokratik cəmiyyətin formalaşmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Sizcə, qəzetlər məsuliyyətin ciddiliyini kifayət qədər dərk edib, fəaliyyətlərini bu istiqamətdə səmərəli şəkildə qura bilirlərmi?

 

JURNALİSTƏ VERİLƏN MÜKAFAT BİR STİMUL, İNKİŞAFA TƏKAN VERƏN AMİLDİR

 

Zemfira Məhərrəmli:

- İlk olaraq, onu qeyd edim ki, artıq "Səs" qəzetinin redaksiyasında, ənənəvi olaraq, keçirilən dəyirmi masalar bizlər tərəfindən və ölkə ictimaiyyəti tərəfindən böyük diqqət və maraqla izlənməkdədir. Bu günlər cənab Prezident İlham  Əliyevin məlum Sərəncamı ilə yüksək ad alan bütün jurnalist həmkarlarımızı ürəkdən təbrik edirəm. Çünki jurnalistə verilən mükafat özü də bir stimul, inkişafa bir qədər də təkan verən amildir. Burada səsləndirildiyi kimi, bu gün ölkə hakimiyyəti bir daha öz milli mətbuatına sahib çıxdığını bütün Azərbaycan cəmiyyəti açıq şəkildə görmüş oldu. Çünki sahiblik hissi çox güclü hiss olduğundan milli mətbuatımız da bu qayğını daima öz üzərində hiss edəcəkdir. Bu baxımdan da, əgər hər hansı bir işə sahib çıxırsansa, demək, o, sənindir və bundan sonra da o, inkişaf və tərəqqi edəcək. Ona görə də, 2010-cu il ümumən mətbuatımızın şanlı yubileyi kimi tarixin səhifələrinə həkk olundu.

 

 

(Ardı var)

 

RƏFİQƏ KAMALQIZI,

 

TAPDIQ QURBANLI

 

Səs.- 2010.- 30 iyul.- S. 8-9.