Akademik Milli Dram Teatrında əsaslı təmir-bərpa
işləri aparılır
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı yenidənqurma və təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
Teatrdan verilən məlumata görə, bu sənət məbədi yeni mövsüm ərəfəsində öz qapılarını teatrsevərlərin üzünə açacaqdır.
Yenidənqurma və təmir-bərpa işlərinə 2008-ci ilin noyabrında başlanılan Akademik Milli Dram Teatrının binasının 5 min kvadratmetrlik fasad hissəsinə yeni üzlük vurulmuş, dam örtüyü dəyişdirilmişdir.
Teatr binasının ətrafına hasar çəkilmiş, dekorasiyaların daşınması üçün xüsusi keçid tikilmişdir. Təmir və yenidənqurma zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Fasadın kürsü hissəsi də şəbəkəli dizayn əsasında yenidən bərpa edilmişdir. Azərbaycanın 6 məşhur dramaturqunun büstləri bərpa olunaraq yenidən fasadın görməli yerində qoyulmuşdur.
Foyedəki tağlar və tavandakı milli naxış və ornamentlər burada çalışan bərpaçıların yüksək bədii zövqündən soraq verir. Teatrın səs-akustika və səhnə-işıqlandırma sistemləri də müasir layihə və texnologiyalar əsasında yenidən qurulur.
Teatrda bərpa və yenidənqurma işlərini "Sanur" şirkətinin mütəxəssisləri həyata keçirirlər.
Artıq teatrın zallarında, rəssam otağında, lojada və yardımçı otaqlarda işlər tam başa çatdırılmışdır. Binanın arxasında hər biri 200 kubmetrlik 2 su anbarı inşa olunmuşdur. Teatrın ərazisində Şərq memarlığı üslubunda tağvari yeni giriş qapısı və hər cür şəraiti olan qonaq otağı tikilmişdir.
Layihəyə uyğun olaraq, teatrın ətraf ərazisində də geniş abadlıq işləri aparılır.
Teatrın binası əsaslı təmirdən sonra yeni mövsümdə tam müasir standartlara cavab verəcək şəkildə teatrsevərlərə təqdim olunacaqdır.
Zümrüd
Səs.- 2010.- 30 iyul.- S. 12.