Azərbaycan -Türkiyə
biznes forumu keçirilib
Bakı Biznes Mərkəzində İqtisadi
İnkişaf Nazirliyinin
dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) və Türkiyə Xarici Ticarət Müstəşarlığının
təşkilatçılığı ilə Azərbaycan-Türkiyə
biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və
Türkiyə tərəfdən
dövlət rəsmiləri
ilə yanaşı, kənd təsərrüfatı,
ticarət, turizm, qida sənayesi, maliyyə, neft və qaz, tikinti,
sənaye və digər sahələrdə
fəaliyyət göstərən
200-ə yaxın iş
adamı iştirak edib.
Tədbirdə çıxışına ümummilli lider Heydər Əliyevin "Biz bir millət,
iki dövlətik"
kəlamı ilə başlayan iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində
Azərbaycan iqtisadiyyatının
davamlı olaraq inkişaf etdiyini, ölkədə əlverişli biznes və investisiya mühitinin yaradıldığını,
ixrac imkanlarının
genişləndiyini bildirib.
Nazir qeyd edib
ki, Türkiyə və Azərbaycan arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əlaqələr
yüksələn xətt
üzrə inkişaf
edir. Xüsusilə də, son illərdə
reallaşdırılan regional
əhəmiyyətli layihələr
nəticəsində ölkələr
daha da yaxınlaşıb.
"Müstəqillik illərində
Azərbaycan iqtisadiyyatına
80 mlrd. dollar investisiya yatırılıb
ki, bunun da yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan iqtisadiyyatı
bu gün Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni təşkil
edir", - deyən Ş.Mustafayev Türkiyə
şirkətlərinin Azərbaycan
iqtisadiyyatının inkişafında
mühüm rol oynadığını vurğulayıb.
Nazir ölkələr
arasında ticarət dövriyyəsinin artırılmasına
münbit zəmin yarandığını da
qeyd edib.
Türkiyə Respublikasının Xarici Ticarət üzrə dövlət naziri Zəfər Cağlayan Azərbaycana səfərindən məmnunluğunu
ifadə edib, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi
üçün real imkanların olduğunu, əməkdaşlığın inkişafında biznes forumların, işgüzar görüşlərin
əhəmiyyətini vurğulayıb.
Dağlıq Qarabağ probleminə xüsusi toxunan dövlət naziri "Türkiyə işğal olunmuş torpaqların Azərbaycana
qaytarılması və
Qarabağ probleminin tezliklə həllini istəyir. Bu, bütün Türkiyənin
istəyidir",- deyə
bəyan edib.
Dövlət naziri birgə fəaliyyətin müsbət nəticələr
verəcəyini söyləyib.
Türk şirkətlərinin
gəmi inşaatı,
kənd təsərrüfatı,
inşaat və s. sahələrdə həyata keçirilən
layihələrdə iştirakını
mümkün sayıb.
"Azərbaycanla Türkiyə
arasında xarici ticarət dövriyyəsini
2,2 milyarddan 5 milyard dollaradək çatdırmaq
üçün biz heç bir səyimizi əsirgəməməliyik"-
deyə o bildirib.
Tədbirdə AZPROMO-nun prezidenti
Adil Məmmədov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı
direktoru Əfqan İsayev, Naxçıvan
Muxtar Respublikasının
İqtisadi İnkişaf
Nazirliyinin nümayəndəsi
Orxan Novruzov, Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının prezidenti
Məmməd Musayev, Türkiyənin İxracatçılar
Məclisinin direktorunun müavini
Bülent Aymen və Azərbaycan-Türkiyə
İşgüzar Şurasının
rəhbəri Cengiz Gül çıxış
edərək iki ölkə sahibkarları arasında əlaqələr
barədə məlumat
vermiş, işgüzar
əməkdaşlığın daha da genişlənməsində
özəl bölmənin
xüsusi əhəmiyyətini qeyd ediblər.
Tədbirdə, həmçinin,
Azərbaycan haqqında
film nümayiş olunmuş, yerli şirkətlər tərəfindən
Azərbaycanda potensial
investisiya layihələrinin
təqdimatı keçirilmişdir.
Elçin Bayramlı
Səs.- 2010.- 30 iyul.- S. 10.