Qəhrəmanlar unudulmur
Şərəfli ölümün
mübarək Mübariz
Bu gün Azərbaycanın
qəhrəmanlıq kəhkəşanını
yeni bir ad, bir ünvan
titrədir: Biləsuvar
rayonu, Əliabad kəndi, 22 yaşlı milli qəhrəman Mübariz İbrahimovun doğulub boya-başa çatdığı ünvan.
Elə bu qəhrəmanlıq ünvanına respublikamızın
bütün regionlarından
ziyarətə gələnlərin
ardı-arası kəsilmir.
"Lider" TV-nin
"Səda +" proqramının
aparıcısı Mətanət
Ağamirlinin təşkilatçılığı
ilə qadın jurnalistlərdən ibarət
təşkil etdiyi qrup da qəhrəmanın
boya-başa çatdığı
kəndə baş çəkdi. Təşkil
olunan bu aksiyada millət vəkili Qənirə Paşayeva ,"İctimai"
TV, ATV, SİA, "Day.az" saytı, "Səs" və "Xalq qəzeti”nin nümayəndələri Şəhid
Mübariz İbrahimovun
doğulub boya-başa
çatdığı Biləsuvar
rayonunun Əliabad kəndində oldular. Kəndin girəcəyində Mübarizin
yaşadığı evin
üstündə Azərbaycanın
üçrəngli bayrağı
dalğalanırdı. Evə
yaxınlaşanda həyətdə
həm rayon sakinləri, həm də respublikamızın
müxtəlif regionlarından
ziyarətə gələn
çoxlu insanlar yığışmışdı. Bizi Mübarizin atası və yaxınları qarşıladı. Şəhidin
atası Ağakərim
kişinin gözlərindən
qəm-kədər yağırdı.
Amma bu kədərin
arxasından bir təmkin və qürur da boylanırdı...
Şəhidin atası Ağakərim İbrahimov
bizimlə söhbəti
zamanı oğlunun ölümündən qabaq
yazdığı məktubu
olduğu kimi söylədi: "Canım
atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə
görüşəcəyik. Mənim üçün bol-bol dua edin.
Vətənin dar günündə ürəyim
dözmür. Allah xatirinə bunu eləməliyəm. Ən
azından ürəyim
sərinlik tapar. İnşallah, bu şərəfsizlərin üstünə
gedəcəyəm. Şəhid
olsam, ağlamayın.
Əksinə, sevinin ki, o mərtəbəyə
yüksəldim. Allah böyükdür. Vətən
sağ olsun. Haqqınızı halal eləyin. Oğlunuz İbrahimov Mübariz".
Şəhid atası qəhrəman oğlunun şəkillərini göstərir.
Onun haqqında titrək səslə danışır. Mübarizin
qardaşı həyətdəki
bir stulu göstərir. Orada Qarabağ sözü yazılıb. Köhnə
və itmək üzrə olan cizgilərlə yazılmış
yazının Mübarizə
məxsus olduğunu deyirlər.
Mübarizin atası oğlunun gələcək
haqqında danışdığı
sözləri xatırlayır:
"Hərdən "Zalımın
düşməni, məzlumun
dostuyam", "Ata, fəxr et ki,
sənin aslan ürəkli oğlun var" kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı.
Ağakərim kişi ağır xəbəri necə aldığından
da danışdı. Nə qədər ağır olsa da: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf
gedin. Sonra da məktubunu tapmışdılar. Danışanda
da deyirəm ki, o, mənə
qalib gəldi, arzusuna çatdı. Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə,
həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim
ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki? Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O
da əsgərin üstünə qışqıraraq,
"qayıt dala, sənlik deyil", deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə
də getdim. Həmin tərəflərə
baxdım. Amma..."
Mübarizin uşaqlığından
danışan ata onun vətənə bağlı bir gənc olduğunu da söylədi:
"1994-cü ildə Mübariz
birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə
oynayan insan deyiləm. O, əsgər
mahnısı çaldıraraq
təkid etdi ki, mən də
onunla oynayım. Əslində, bu hadisə mənim yadımda elə də qalmamışdı.
Bu yaxınlarda onun müəllimləri mənə danışdı.
Hər bir vəchlə vətənin
bayrağını ucalığa
qaldırmağı düşünürdü.
Namaz qılardı. Çox tərbiyəli
idi. Ən acığı gələn
şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi.
Deyirdi ya hərbçi olacaq, ya da idmançı.
Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı". Şəhid
atası bunu deyir və gözləri
dolur. Danışmağa
çətinlik çəkirdi.
Qardaşı isə Mübarizin sözlərindən
sitat gətirir. Deyir ki, Mübariz
"mən evlənməyəcəm,
mənim yolum başqadır", kimi sözlər deyərdi. Qardaşı onu da bildirdi ki,
Mübariz həmişə
üstündə Azərbaycan
sözü yazılmış,
bayrağı həkk
olunmuş paltarlar geyərmiş. Dostları
da onun uşaqlığından
danışır, Mübarizin
mərd bir insan olduğunu deyirlər.
Qeyd edək ki, bölgədə hərəkət edən avtomaşınların üzərində
qəhrəmanın şəkilləri
asılıb. Gənclər
paltarlarının sinələrinə
Mübarizin şəkilini
vuraraq rayonda yürüş keçiriblər.
Hamı onun cəsədinin erməni əsgərlərinin əlində
qalmağından narahatdır.
Elə onun ailəsi də.
"Oğlum Mübariz
İbrahimov şəhidlik
zirvəsinə ucalmaqla,
həm də onun bu hərəkəti Azərbaycan gənclərinə
bir örnək olması ilə sevinirəm" sözlərini
deyən qəhrəmanın
anası Şamama İbrahimova onu da bildirdi ki,
oğlum Allahını,
Vətənini, xalqını
sevən oğul idi. Allahdan bütün analara Mübariz kimi oğul qismət eləməyi arzu edərdim: "Fəxr edirəm ki, bu gün oğlum
öz arzusuna çatıb. İnşallah,
Mübariz kimi oğullarımız düşmən
tapdağı altında
qalan torpaqlarımızı
azad edəcək və oğlumun da ruhu şad
olacaq".
Millət vəkili Qənirə Paşayeva şəhidin atasına, anasına, əzizlərinə
təsəlli verdi: "Bizim milli
qəhrəmanımız, şəhidimiz
Mübariz İbrahimov
öz əməli ilə elə bir zirvəyə çatdı ki, o, dünyadan köçəndə, bu
vətən, torpaq ona "halal olsun" dedi. Ən vacibi isə hər kəs onun tutduğu
hərəkətdən qürur
duydu, fəxr elədi. Həmçinin,
Azərbaycan gəncləri
üçün bir örnək də qoyub getdi". Artıq şəhidin ata yurdunu tərk edib böyük qürur hissi ilə geri qayıdırıq.
Çünki bu gün hər birimizin qəlbində vətən sevgisi aşıb-daşır. Ona
görə də hamı qəhrəman Mübarizdən danışır.
Deməli, vətənə,
torpağa bağlılıq
hər bir azərbaycanlının mənəvi
dünyasında özünə
yer tutur. Vətənin ağır günündə
düşmənə qarşı
mübarizədə canını
əsirgəməyən xalqımızın
igid oğlanlarının
adı Azərbaycanın
qürur yeri, qürur mənbəyidir. Əlbəttə, Mübariz
kimi igidi olan torpaq basılmazdır.
Yerin behiştlik, ruhun şad olsun, Mübariz! Şərəfli ölümün
mübarək! Vətən
sağ olsun!
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 31 iyul.- S. 7.