Müstəqil mətbuatın formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Prezident İlham Əliyevin Sərəncamı ilə mətbuat nümayəndələrinə fəxri adların verilməsi, qəzet və agentliklərə birdəfəlik yardımların edilməsi ilə bağlı "Səs" qəzeti növbəti dəyirmi masa keçirib

 

(Əvvəli ötən sayımızda)

 

Ölkənin ictimai-siyasi və sosial həyatında böyük əhəmiyyət kəsb edən və ictimai maraq doğuran məsələlər ətrafında "Səs" qəzeti tərəfindən təşkil olunan dəyirmi masalarda hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə müzakirələrin qurulması   cəmiyyətdə böyük maraqla izlənməkdədir. Azərbaycan Milli Mətbuatının 135 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin vermiş olduğu Sərəncam ölkəmizin bir sıra bölgələrində keçirilən silsilə tədbirlər, jurnalistlərə fəxri adların verilməsi və qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi media nümayəndələri və ölkə ictimaiyyəti tərəfindən dövlətimizin mətbuata yüksək diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Məhz bu baxımdan da, "Səs" qəzetində keçirilən növbəti dəyirmi masanın da mövzusu bu məsələlər ətrafında oldu.

Dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, əməkdar jurnalist Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı Bəhruz Quliyev, "AzərTAc"ın baş direktor müavini, əməkdar jurnalist Dağbəyi İsmayılov, "Bakı Xəbər" qəzetinin baş redaktoru,  "Tərəqqi" medalı mükafatçısı Aydın Quliyev, "İki Sahil" qəzetinin baş redaktorunun birinci müavini, əməkdar jurnalist İsmayıl Hacıyev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı Elçin Mirzəbəyli, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri, "Tərəqqi" medalı mükafatçısı Zemfira Məhərrəmli, "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimova, "Azərbaycan" qəzetinin şöbə redaktoru, əməkdar jurnalist Xalid Niyazov iştirak edirdi.

 Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzetinin yaranması ilə Azərbaycan Milli Mətbuatının əsasının qoyulduğunu bildirdi. Qeyd etdi ki, milli mətbuatımızın yaranması və onun keçmiş olduğu şərəfli və tarixi yol Azərbaycan mətbuatının bugünü və gələcəyi üçün böyük örnəkdir: "İntibah dövrünün əsas atributu sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının milli kimliyinintarixi dəyərlərinin, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynamışdır. Bu baxımdan da, müstəqilliyə qədər olan dövr Azərbaycanda milli mətbuatın adı ilə bağlıdır. Çünki Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirməyə çalışıb. Məhz ölkəmiz ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu dövrlərin ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşamaqda idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşırdı. Elə bu məqsədlə də ulu öndərimiz Heydər Əliyev tərəfindən dəfələrlə mətbuat işçilərinə müxtəlif yardımların edilməsi, redaksiyaların maddi-texniki bazalarının formalaşdırılması, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurularaq, sonradan ləğv edilməsi, ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının bugünkü inkişafını və gələcək perspektivini təmin etmişdir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına böyük diqqət və qayğı davam etməkdədir. Mətbuatın inkişafı, söz azadlığının və qəzet redaksiyalarının texniki təchizatının təmin edilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin birbaşa səyi nəticəsində KİV-lərə birdəfəlik  yardımların edilməsi və ən nəhayətdə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və Milli Mətbuatın 135 illik yubileyinin qeyd olunması barədə Sərəncamı, mətbuat nümayəndələrinə fəxri adların verilməsi, qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verilmiş sərəncamlar media nümayəndələri və ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Məhz bu amillər də ölkəmizdə mətbuatın imkanlarını daha da genişləndirəcəkdir.  Ona görə də, bu gün Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsinə qədəm qoymaqdadır."

 Bəhruz Quliyev dəyirmi masa iştirakçılarına məhz cənab Prezident İlham Əliyevin milli mətbuat günü ilə bağlı vermiş olduğu sərəncamlardan irəli gələn məsələlərin media təmsilçiləri üzərində qoymuş olduğu vəzifələr ətrafında müzakirələrin aparılmasının vacibliyini bildirdi.

 

YENİ DÖVRÜN TƏLƏBLƏRİNƏ UYĞUN OLARAQ, BU GÜN AZƏRBAYCAN MƏTBUATI İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR

 

Dağbəyi İsmayılov:

- Azərbaycanın müstəqilliyinin ilk illərində dövlətçiliyimiz böyük təhlükələr qarşısında idi. O dövrlərdə, nəinki mətbuat, bütün dövlət sahələri tamamilə iflic olmuşdur. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin bütün sahələrində olan problemlərin həllinə nail olmaqla yanaşı, mətbuat sahəsində də neqativ halların qarşısını aldı və tərəqqinin əsasını qoydu. Ulu öndərimiz Heydər Əliyev bütün bunlarla yanaşı, mətbuatı dövlət idarəçilik sistemindən, tənzimləmədən azad edərək, "Əkinçi" ənənələrinə söykənən bir sıra yeni-yeni mətbu orqanların yaranmasına şərait yaratmış oldu. Müstəqilliyimizin ilk illərində dövlətimizin özününmaddi imkanları zəif olduğuna görə, həmin şəraitdə mətbuatın borclarının dondurulması və sonradan silinməsi, xüsusən də, 1998-ci ildə milli mətbuat üzərində senzuranın ləğv edilməsi ölkədə medianın inkişafı üçün çox böyük təməl oldu. Təbii olaraq, bu ənənələri ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı, cənab Prezident İlham  Əliyev  böyük uğurla və əzmlə davam etdirir. Yeni dövrün tələblərinə uyğun olaraq, bu gün Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır. Azərbaycan mətbuatına göstərilən diqqət və qayğı, atılan zəruri addımlar medianın hərtərəfli inkişafı üçün böyük zəmin yaradır. Eyni zamanda, cənab Prezident İlham  Əliyev tərəfindən beş il bundan öncə də, mətbuatın 130 illiyinin qeyd edilməsi, bir sıra mətbuat nümayəndələrinin fəxri adlarla təltif edilməsi onu göstərir ki, Azərbaycan dövləti istənilən vaxt öz mediasına diqqət və qayğı ilə yanaşır. Həmin dövrdə də imzalanmış sərəncamlarla qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik yardım edilməklə, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bütün bunlar isə Azərbaycan mətbuatının inkişafına xidmət göstərən amillər sırasındadır. Onu da qeyd edim ki, Mətbuat Şurasının, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuatın tərəqqisi naminə dövlətimizin diqqət və qayğısının ənənələr əsasında davamı kimi qiymətləndirilir. Ona görə də, bu gün Azərbaycan mətbuatı özünün böyük mütəfəkkirləri ilə düzgün istiqamətdə inkişaf edir. İnanırıq ki, məhz bu cür zəruri addımların atılması, prinsipial qərarların qəbul edilməsi Azərbaycan mətbuatının perspektivi üçün böyük imkanlar açmış olur.

 

AZƏRBAYCAN MƏTBUATINDA ÇALIŞAN HƏR BİR JURNALİST PEŞƏSİNƏ BÖYÜK HÖRMƏTLƏ YANAŞMALIDIR

 

Zemfira Məhərrəmli:

- Dövlətimizin mətbuata və mətbuat nümayəndələrinə göstərmiş olduğu yüksək diqqət və qayğı mediamızın daha da inkişafına, savadlı və intellektli jurnalist kadrlarının yetişdirilməsinə böyük təkan verən amildir. Bir məsələni də qeyd edim ki, müasir cəmiyyətdə demokratik dəyərlərin formalaşması olduqca önəmlidir. Çünki bu gün bütün dünya demokratik dəyərlər üzərində inkişafın tərəfdarıdır. Ölkəmizdə də mütərəqqi ideyaların tam bərqərar olmasında hər birimiz öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik. Məhz cəmiyyətin aparıcı qüvvəsi olan və demokratik prinsiplərin bərqərar olmasında, təbliğində üzərinə böyük məsuliyyət düşən mətbuat da bu istiqamətdə əhəmiyyətli dərəcədə işlər görməlidir. Bu gün Azərbaycan cəmiyyəti informasiya kommunikasiyalarının inkişafı ilə və onun vermiş olduğu imkanlarla daha da tərəqqipərvər ideyalar arxasınca gedir. Demokratik prinsiplər və dəyərlər dedikdə də məhz mətbuatın cəmiyyətə doğru, düzgün, tərəfsiz, qərəzsiz formada çatdırdığı informasiyalar, məlumatlar əsas götürülür. Eyni zamanda, bu gün Azərbaycan mətbuatında çalışan hər bir jurnalist öz peşəsinə böyük hörmətlə yanaşmalı və zəngin ənənələrə malik olan mediamızın inkişafı naminə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

 

HANSI CƏMİYYƏT ÖZÜNÜ DEMOKRATİK GÖRMƏK İSTƏYİRSƏ, MƏTBUATIN İNKİŞAFINA DİQQƏT YETİRMƏLİDİR

 

Şəmsiyyə Kərimova:

- Azərbaycan mətbuatının 135 illik yubileyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində jurnalistlərin mükafatlandırılması yüksək səviyyədə qiymətləndirilməlidir. Bu mənada, mən də, öz növbəmdə, mənə göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığımı bildirir və gələcəkdə də göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, tək mən yox, bütövlükdə, Azərbaycan mətbuatı ona göstərilən yüksək qayğı və diqqəti yüksək qiymətləndirəcək. Prezident İlham  Əliyevin ölkədə demokratiyanın və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində gördüyü ardıcıl işlər mətbuat sahəsində də özünü göstərməkdədir. Söz azadlığının, mətbuat azadlığının təmin olunması istiqamətində dövlət tərəfindən görülən işlər göz qabağındadır. Mətbuatımızın ildən-ilə daha da inkişafı bunu göstərən ən bariz nümunədir. Mətbuata böyük diqqət və qayğının əsası hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə cənab Prezident İlham  Əliyev tərəfindən böyük uğurla və əzmlə davam etdirilməkdədir. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə senzura tamamilə aradan qaldırıldı. Digər bir tərəfdən isə bu gün Azərbaycanda kütləvi informasiya vasitələri haqqında qanun beynəlxalq aləmdə Avropa sisteminə söykənərək, tam demokratik prinsiplərə əsaslanır. Bu mənada, Azərbaycan jurnalistikasının qanunvericilik bazası da yarandı və bu bazanın əsasında Azərbaycan jurnalistikası böyük sürətlə inkişaf etməkdədir. Ona görə də, bu gün Azərbaycan  jurnalistikası çox ciddi inkişaf yolundadır.

Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm ki, cənab Prezidentin Sərəncamı ilə jurnalistlərin sosial şəraitlərinin, mənzil şəraitlərinin  yaxşılaşdırılması ilə bağlı vəsaitlərin ayrılması və həm də qəzet redaksiyalarına birdəfəlik yardımların verilməsi, onu sübuta yetirir ki, Azərbaycan dövləti öz mətbuatının həmişə arxasındadır. Ona görə də, mətbuat da öz dövlətinə arxalanaraq inkişafını yüksək səviyyədə  davam etdirə bilər. Eyni zamanda, atılan bu zəruri addımlar həm də Azərbaycanda söz və mətbuat azadlığına olan yüksək qayğının göstəricisi kimi qiymətləndirilməlidir.

 

 

(Ardı var)

 

RƏFİQƏ KAMALQIZI,

 

TAPDIQ QURBANLI

 

Səs.- 2010.- 31 iyul.- S. 8-9.