Müstəqil mətbuatın
formalaşması ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır
Prezident İlham Əliyevin Sərəncamı ilə
mətbuat nümayəndələrinə fəxri adların
verilməsi, qəzet və agentliklərə birdəfəlik
yardımların edilməsi ilə bağlı "Səs"
qəzeti növbəti dəyirmi masa keçirib
(Əvvəli ötən
saylarımızda)
Azərbaycanın
ictimai-siyasi və sosial həyatında böyük əhəmiyyət
kəsb edən və ictimai maraq doğuran məsələlər
ətrafında "Səs" qəzeti tərəfindən
təşkil olunan dəyirmi masalarda hökumət və
dövlət nümayəndələrinin, millət vəkillərinin
iştirakı ilə müzakirələrin qurulması cəmiyyətdə böyük
maraqla izlənməkdədir. Azərbaycan Milli Mətbuatının
135 illiyinin yüksək səviyyədə qeyd olunması ilə
bağlı Prezident İlham Əliyevin vermiş olduğu Sərəncam,
ölkəmizin bir sıra bölgələrində
keçirilən silsilə tədbirlər, jurnalistlərə
fəxri adların verilməsi və qəzet redaksiyalarına,
informasiya agentliklərinə birdəfəlik yardımların
edilməsi media nümayəndələri və ölkə
ictimaiyyəti tərəfindən dövlətimizin mətbuata
yüksək diqqət və qayğısının bariz
nümunəsi kimi qiymətləndirilir. Məhz bu baxımdan
da, "Səs" qəzetində keçirilən növbəti
dəyirmi masanın da mövzusu bu məsələlər ətrafında
oldu.
Dəyirmi masada "Yeni
Azərbaycan" qəzetinin baş redaktoru, əməkdar
jurnalist Hikmət Babaoğlu, YAP Siyasi Şurasının
üzvü, "İki Sahil" qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş
redaktoru, "Tərəqqi" medalı
mükafatçısı Bəhruz Quliyev, "AzərTAc"ın
baş direktor müavini, əməkdar jurnalist Dağbəyi
İsmayılov, "Bakı Xəbər" qəzetinin
baş redaktoru, "Tərəqqi"
medalı mükafatçısı Aydın Quliyev,
"İki Sahil" qəzetinin baş redaktorunun birinci
müavini, əməkdar jurnalist İsmayıl Hacıyev,
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, "Tərəqqi"
medalı mükafatçısı Elçin Mirzəbəyli,
"Səs" İnformasiya Agentliyinin icraçı direktoru
Vəli Vəliyev, Ombudsman Aparatının mətbuat xidmətinin
rəhbəri, "Tərəqqi" medalı
mükafatçısı Zemfira Məhərrəmli, "Yeni
Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar
jurnalist Şəmsiyyə Kərimova, "Azərbaycan" qəzetinin
şöbə redaktoru, əməkdar jurnalist Xalid Niyazov
iştirak edirdi.
Dəyirmi masada giriş
sözü ilə çıxış edən "Səs"
qəzetinin baş redaktoru Bəhruz Quliyev 1875-ci ildə Həsən
bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi"
qəzetinin yaranması ilə Azərbaycan milli mətbuatının
əsasının qoyulduğunu bildirdi. Qeyd etdi ki, milli mətbuatımızın
yaranması və onun keçmiş olduğu şərəfli
və tarixi yol Azərbaycan mətbuatının bugünü
və gələcəyi üçün böyük örnəkdir:
"İntibah dövrünün əsas atributu sayılan
"Əkinçi" qəzeti Azərbaycan xalqının
milli kimliyinin və tarixi dəyərlərinin, eyni zamanda,
dilimizin qorunub-saxlanmasında böyük rol
oynamışdır. Bu baxımdan da, müstəqilliyə qədər
olan dövr Azərbaycanda milli mətbuatın adı ilə
bağlıdır. Çünki Azərbaycan mətbuatı
öz üzərinə düşən vəzifəni həmişə
böyük şərəflə yerinə yetirməyə
çalışıb. Məhz ölkəmiz ikinci dəfə
öz milli müstəqilliyinə qovuşduğu dövrlərin
ilk illərində də mətbuatımız böyük təlatümlər
və çətinliklər yaşamaqda idi. 1993-cü ildə
xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi
hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev,
bütün sahələrdə olduğu kimi, mətbuatın
inkişafına da böyük diqqət və qayğı ilə
yanaşırdı. Elə bu məqsədlə də ulu
öndərimiz Heydər Əliyev tərəfindən dəfələrlə
mətbuat işçilərinə müxtəlif
yardımların edilməsi, redaksiyaların maddi-texniki
bazalarının formalaşdırılması, qəzetlərin
"Azərbaycan" nəşriyyatına olan
borclarının dondurularaq, sonradan ləğv edilməsi,
ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media
nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının
bugünkü inkişafını və gələcək
perspektivini təmin etmişdir. Eyni zamanda, ulu öndər Heydər
Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev
tərəfindən də Azərbaycan mətbuatına
böyük diqqət və qayğı davam etməkdədir.
Mətbuatın inkişafı, söz
azadlığının və qəzet redaksiyalarının texniki
təchizatının təmin edilməsi ilə bağlı
ölkə başçısı cənab İlham Əliyevin
birbaşa səyi nəticəsində KİV-lərə birdəfəlik yardımların edilməsi və ən
nəhayətdə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması və milli mətbuatın 135 illik yubileyinin
qeyd olunması barədə Sərəncamı, mətbuat
nümayəndələrinə fəxri adların verilməsi,
qəzet redaksiyalarına və informasiya agentliklərinə
birdəfəlik yardımların edilməsi, jurnalistlərin
sosial şəraitinin yaxşılaşdırılması ilə
bağlı verilmiş sərəncamlar media nümayəndələri
və ölkə ictimaiyyəti tərəfindən
böyük rəğbətlə qarşılanmaqdadır. Məhz
bu amillər də ölkəmizdə mətbuatın
imkanlarını daha da genişləndirəcəkdir. Ona görə də, bu gün Azərbaycan
mətbuatı öz inkişafının ən yüksək
mərhələsinə qədəm qoymaqdadır."
Bəhruz Quliyev dəyirmi masa iştirakçılarına məhz cənab
Prezident İlham Əliyevin
milli mətbuat günü
ilə bağlı vermiş olduğu sərəncamlardan irəli gələn
məsələlərin media təmsilçiləri
üzərində qoymuş olduğu vəzifələr ətrafında
müzakirələrin aparılmasının vacibliyini bildirdi.
"Səs" qəzetinin əməkdaşı:
- Milli mətbuatın 135 illiyi ilə əlaqədar
verilmiş Sərəncam jurnalistlərin peşəkarlığının
daha da artırılmasında və onların sosial-iqtisadi
durumunun yaxşılaşdırılmasında hansı yeni
imkanlar yaradacaq?
PREZİDENT SƏRƏNCAMLARI CƏMİYYƏTİN
MƏTBUATA MÜNASİBƏTİNİN DƏYİŞMƏSİNDƏ
TƏSİRLİ ROLA MALİKDİR
Aydın Quliyev:
- Öz növbəmdə, aktual məsələ ilə bağlı bu cür dəyirmi masanın keçirilməsinə görə, "Səs" qəzetinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Qeyd edim ki, mətbuata dövlətin dəstəyi təkcə mətbuatın tələbi və sifarişi deyil, bu, eyni zamanda, cəmiyyətin sifarişi idi. Məhz cənab Prezidentin milli mətbuatın 135 illiyi ilə bağlı vermiş olduğu sərəncamları da bu ictimai tələbə və sosial sifarişə uyğundur. Digər bir məqam isə ondan ibarətdir ki, mətbuatımızda jurnalistlərin sosial durumu, redaksiyaların vəziyyəti, media nümayəndələrinin peşəkarlıq səviyyəsi bizləri narahat edən məsələlər sırasında idi. Ona görə də, cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla sadaladığımız bu problemlərin həlli üçün birmənalı şəkildə əlverişli şərait yaranmış olur. Jurnalistlərə və redaksiyalara maddi yardımların edilməsi, sözsüz ki, mətbuat nümayəndələrinin vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Eyni zamanda, jurnalistlərin mənzil probleminin həllində də verilmiş Sərəncamın əhəmiyyəti böyük olacaqdır. Jurnalistlər arasında peşəkarlıq səviyyəsinin artırılması, qəzetlərin maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində atılan addımlar yaxın gələcəkdə özünün müsbət nəticələrini göstərəcəkdir. Media nümayəndələrinə fəxri adların və medalların verilməsi də jurnalistlər arasında sağlam rəqabət mühitinin yaranmasında mühüm rol oynamış olacaq. Cənab Prezident tərəfindən imzalanmış sərəncamların digər bir prinsipial cəhəti ondan ibarətdir ki, bütün cəmiyyətin mətbuata, jurnalistlərə münasibətinin dəyişməsində təsirli rol oynayacaq. Çünki atılmış olan addımlar cəmiyyət, dövlət və mətbuat münasibətlərinin tənzimlənməsində ən prinsipial cəhətləri özündə ehtiva etməklə yanaşı, eyni zamanda, böyük bir yanaşma nümunəsini də ortalığa qoymuş olur. Eyni zamanda, dövlətin mətbuata göstərdiyi diqqət və qayğı bir məsələni də təsdiqlədi ki, mətbuatımızın problemlərinin həlli yolları ölkə daxilindədir. Artıq bundan sonra hər hansı bir mətbu orqan nümayəndəsinin, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin müəyyən məsələlərə görə qapısını döyməsinə ehtiyac qalmayacaq. Bəlkə də hansısa maraqlı şəxslər bu cür halları özləri üçün "böyük qəhrəmanlıq" hesab etsələr də, bu yolla mətbuatın problemlərini həll etmək düzgün variant deyil. Bir faktı qeyd edim ki, mətbuatın inkişafı naminə irəli sürülən ən ağıllı təkliflər lazımi səviyyədə qiymətləndirilir və bundan sonra da qiymətləndiriləcək. Ona görə də, tam əminliklə deyə bilərik ki, bu gün ölkəmizdə mətbuatın hazırkı durumu dövlətimizin diqqət mərkəzindədir. Bu baxımdan da, inanırıq ki, gələcəkdə də mətbuatın inkişafı naminə dövlətimiz tərəfindən ən zəruri və prinsipial addımlar atılacaq.
"Səs" qəzetinin əməkdaşı:
- Azərbaycan mətbuatında
milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik
ruhunun yüksəldilməsi və bu sahədəki vəziyyəti necə
xarakterizə edərdiniz?
AZƏRBAYCAN MİLLİ MƏTBUATININ
135 İLDƏ QAZANMIŞ OLDUĞU MİLLİ-MƏNƏVİ
MİRAS BUGÜNKÜ MƏTBUATIMIZIN ETİK VƏ ƏXLAQİ
DƏYƏRLƏNDİRMƏ SİSTEMİNİ TƏŞKİL
EDİR
Xalid Niyazov:
- Cənab Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında proqram xarakterli nitq söylədi. Dövlət başçısı nitqində jurnalistlərin peşəkarlıq, vətənpərvərlik, milli-mənəvi dəyərlər, söz azadlığı, mətbuatın siyasiləşməsi və s. məsələlərə toxundu. Onu da qeyd edim ki, milli-mənəvi dəyərlər bizim cəmiyyətdə abstrakt bir anlayış deyil. Çünki xalqımızın milli-mənəvi dəyərləri universal bir dəyərdir. Milli-mənəvi dəyərləri olmayan və milli-mənəvi köklərə istinad etməyən cəmiyyət heç vaxt irəli gedib, inkişaf edə bilməz. Bu zərurətdən də, sadalanan məsələlərdə məhz ən böyük məsuliyyət medianın üzərində düşür. Çünki mətbuat bilavasitə cəmiyyətlə, xalqla təmasda olaraq, həmin dəyərlərin çatdırılmasında mühüm rol oynayır. Bu baxımdan da Azərbaycan milli mətbuatının 135 ildə qazanmış olduğu milli-mənəvi miras bugünkü mətbuatımızın etik və əxlaqi dəyərləndirmə sistemini təşkil edir. Ona görə də, bu gün mətbuatın üzərinə böyük vəzifə düşür. Bir məsələni də qeyd edək ki, bu gün milli-mənəvi dəyərlərin işıqlandırılması işi mətbuatda konseptual mahiyyət kəsb etməlidir. Çünki vətənpərvərlik hissi olmayan xalqın gələcəyi də şübhə altındadır. Mətbuatın qarşılaşdığı digər anlaşılmaz vəziyyətlər isə onun peşəkarlıq səviyyəsi ilə bağlıdır. Ona görə də, dövlətimizin mətbuatın daha da peşəkarlaşmasında böyük marağı var. Jurnalist nə qədər kamil, peşəkar olsa, o, ətrafdakı prosesləri də düzgün qiymətləndirməyi bacarar. Mətbuatda bir məsələ isə siyasiləşmə ilə bağlıdır. Bu məsələ 1990-cı illərin əvvəllərindən qaynaqlanan bir prosesdir. Məhz bu gün qəzetlərdə bu cür halların qalması isə həmin dövrdən qalma prinsiplərlə əlaqəlidir. Çünki bu gün Azərbaycan cəmiyyəti siyasi deyil, vətəndaş cəmiyyəti prinsipinə söykənir. Bu baxımdan da, qəzetlər azad və müstəqil fəaliyyət prinsipinə üstünlük verməlidir. Ona görə də, inanırıq ki, mətbuatımız bu prinsipləri əsas tutaraq, öz inkişafının ən yüksək nöqtəsinə çatmış olacaq.
MƏTBUATA GÖSTƏRİLƏN
HƏR BİR DİQQƏT AYRI-AYRILIQDA JURNALİSTLƏRƏ
GÖSTƏRİLƏN QAYĞI DEMƏKDİR
Vəli Vəliyev:
- Azərbaycan mətbuatının 135 illik yubileyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində jurnalistlərin mükafatlandırılması yüksək səviyyədə qiymətləndirilməlidir. Prezident İlham Əliyevin ölkədə demokratiyanın və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində gördüyü ardıcıl işlər mətbuat sahəsində də özünü göstərməkdədir. Söz azadlığının, mətbuat azadlığının təmin olunması istiqamətində dövlət tərəfindən görülən işlər göz qabağındadır. Mətbuatımızın ildən-ilə daha da inkişafı bunu göstərən ən bariz nümunədir. Mətbuata böyük diqqət və qayğının əsası hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə senzura tamamilə aradan qaldırıldı. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri haqqında qanun beynəlxalq aləmdə Avropa sisteminə söykənərək, tam demokratik prinsiplərə əsaslanır. Bu mənada, Azərbaycan jurnalistikasının qanunvericilik bazası da yarandı və bu bazanın əsasında Azərbaycan jurnalistikası böyük sürətlə inkişaf etməkdədir. Ona görə də, bu gün Azərbaycan jurnalistikası çox ciddi inkişaf yolundadır.
Onu da qeyd edim ki, belə bir tədbirin keçirilməsi Azərbaycan mətbuatına böyük qayğının nümunəsidir. Bu qayğı Prezident İlham Əliyevin mətbuatın 135 illik yubileyi ilə bağlı vermiş olduğu Sərəncamdan başlayır. Elə bu cür tədbirlər də məhz mətbuatımızın yubileyinə töhfə olacaq tədbirlər sırasındadır. Çünki mətbuata göstərilən hər bir diqqət ayrı-ayrılıqda jurnalistlərə göstərilən qayğı deməkdir. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti azad söz, azad mətbuat problemlərini tam mənada həll etməyi qarşıya məqsəd qoyub. Dövlətimizin iradəsi bu problemin həll olunması üçün də zəruri addımlar atmaqdadır. Mətbuatımızın 135 illik tarixi, sözün əsl mənasında, böyük bir tarix hesab olunur. Azərbaycan mətbuat tarixinin formalaşmasının xalqımızın həyatında çox böyük bir önəmi var. Ümumilikdə isə, mətbuat demokratik prinsiplərin əhatə olunmasında ən başlıca vasitədir. Ona görə də, hansı cəmiyyət özünü demokratik görmək istəyirsə, demokratik dəyərlərə yiyələnmək istəyirsə, mətbuatın inkişafına diqqət yetirməlidir. Məhz bu baxımdan da, bu gün ölkəmizdə mətbuata, söz azadlığına böyük diqqət və qayğı göstərilir.
İsmayıl Hacıyev:
- İlk növbədə, mənə verilən fəxri ada görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mətbuat işçilərinin öz üzərində Prezident tərəfindən qayğı və diqqəti hiss etməsi üçün verilən mükafatlar və fəxri adlar çox böyük önəm kəsb edir. Eyni zamanda, mətbuatın 135 illik yubileyi münasibətilə Prezident tərəfindən qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının ayrılması, bir daha onu sübut etdi ki, ölkəmizdə daim mətbuata və mətbuat işçilərinə yüksək diqqət göstərilir. Bundan əlavə, Prezident tərəfindən jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 5 mln manat ayrılması da atılan addımların məntiqi davamı kimi qiymətləndirilir. Bütün bunlar isə, media nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir. Çünki dövlət başçısı tərəfindən ayrılan maliyyə yardımları müasir mətbuatımızın gələcək inkişafına öz müsbət təsirini göstərəcək və mətubatda yer alan neqativ halların, problemlərin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə öz töhfəsini vermiş olacaq. Biz mətbuat nümayəndələri də, öz növbəmizdə, bizə göstərilən yüksək diqqət və qayğını dəyərləndirməli, fəaliyyətimizlə bizə qarşı göstərilən etimadı doğrultmalıyıq.
Elçin Mirzəbəyli:
- İnanıram ki, Azərbaycan mətbuatı öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək, cəmiyyətimizin və dövlətimizin inkişafı naminə mühüm töhfələr vermiş olacaq. Çünki hər bir insan, hər bir media nümayəndəsi öz arxasında dövlətin dəstəyini hiss edirsə, inkişaf etmək və irəliyə getmək üçün heç bir problem qalmır.
Son olaraq belə bir dəyirmi masanın təşkilinə görə, "Səs" qəzetinin baş redaktoruna, onun kollektivinə minnətdarlığımızı bildiririk.
RƏFİQƏ KAMALQIZI,
TAPDIQ QURBANLI
Səs.- 2010.- 3 avqust.- S. 8-9.