Şərqin ilk demokratik respublikası

 

YAP Gədəbəy rayon təşkilatı və RİH-in birgə təşəbbüsü ilə Respublika Gününə həsr edilən tədbiri keçirilib

 

Gədəbəy rayonunda 28 May Respublika Günü və rayonda Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Qızıl şirkətinin açılışının birinci ildönümünə həsr olunan geniş tədbir keçirilib. Tədbirdə YAP Gədəbəy rayon təşkilatının fəalları, idarə-müəssisə kollektivləri və rayon ictimaiyyəti iştirak etdilər. Görüşdə Gədəbəy rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə tədbir iştirakçılarını "Respublika Günü" münasibətilə təbrik etdi və işlərində uğurlar arzuladı. Natiq qeyd etdi ki, bir əsrdən artıq müddətdə çar Rusiyasının əsarəti altında qalan Azərbaycanın qədim dövlətçilik ənənəsi, Birinci Dünya müharibəsinin gedişi və baş verən daxili mübarizələrin mövcud olduğu çox mürəkkəb bir tarixi şəraitdə yenidən dirçəlməyə başladı. Müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışının məntiqi nəticəsi və tarixi zərurəti kimi yarandı. Uzaq minilliklərə qədər uzanan tariximizdə baş verən ən əlamətdar və önəmli hadisələrdən biri kimi nəzərdən keçirilən müstəqil cümhuriyyətin yaranması xalqımızın siyasi şüur səviyyəsinin yetkinliyindən xəbər verir.

Natiq öz çıxışında qeyri-neft sektorunun inkişafına da xüsusi  önəm verən ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə rayonda açılmış qızıl şirkətinin əhəmiyyətindən danışdı. Bildirdi ki, rayonumuzun iqtisadiyyatının əsasını  kənd təsərrüfatı təşkil etsə də, hazırda respublikamızın qızıl istehsalı payında öz keyfiyyətli qızılı ilə xüsusi yer tutur.

Tədbirdə Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Qızıl Şirkətinin rəhbəri Rza Vəziri Ermənistanla sərhədin 123 km-də  yerləşən Gədəbəy rayonunda bu şirkətin fəaliyyət göstərməsinin iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də siyasi əhəmiyyətindən danışdı. R.Vəziri ölkəmizdə həyata keçirilən bütün layihələrin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu işlərin İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsini vurğuladı.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, Gədəbəy rayon xalq aşıqlarının və incəsənət ustalarının  iştirakı ilə geniş konsert proqramı oldu.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 1 iyun.- S. 6.