Azərbaycanın həyata keçirdiyi ekoloji siyasət beynəlxalq müstəvidə yüksək
qiymətləndirilir
Ekologiya və
Təbii Sərvətlər
Nazirliyinin beynəlxalq
əməkdaşlıq şöbəsinin
rəisi Emin Qarabağlının yap.org.az-a
müsahibəsi
- Emin müəllim,
məlum olduğu kimi, bütün ölkələrdə hər
il 5 iyun tarixi "Ümumdünya Ətraf Mühit Günü" kimi qeyd olunur. İstərdik
ki, belə bir günün xüsusi qeyd olunmasının önəmi
haqqında fikirlərinizi
bildirəsiniz...
- Əlbəttə, bu məsələnin əhəmiyyəti
böyükdür. Ümumiyyətlə,
dünyada bir sıra məsələlərlə
bağlı xüsusi
təqvimlər var. Bu baxımdan, qeyd etdiyiniz hadisə də dünyada ətraf mühitin qorunmasına verilən önəmin ifadəsidir. Qeyd edim ki, 5 iyun
"Ümumdünya Ətraf
Mühit Günü"nün qeyd olunması
16 dekabr 1972-ci ildə
Birləşmiş Millətlər
Təşkilatının Baş
Assambleyasının 27-ci sessiyasında
elan edilib. Eyni zamanda, Baş Assambleyanın həmin sessiyasında BMT sistemində
yeni təşkilat -
BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb
ki, hər il bu təşkilat
tərəfindən "Ümumdünya
Ətraf Mühit Günü" keçirilir.
1972-ci ildən bəri
hər il "Ümumdünya Ətraf Mühit Günü" bütün dünyada müxtəlif şüarlar altında qeyd olunur. Builki
şüar isə
"Çoxlu növlər,
bir planet, bir gələcək" adı altında keçiriləcəkdir. Çox
əlamətdar haldır
ki, Bakı şəhəri BMT-nin Ətraf Mühit Proqramı tərəfindən
Avropanın üç
şəhərlərindən biri elan olunub.
Hər il BMT-nin Ətraf Mühit Proqramı Dünya Ətraf Mühit Gününün
Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş
şəhərlər elan
edir. Bu il İtaliyanın Genuya, İsveçrənin
Cenevrə şəhərləri
ilə bərabər Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər
seçilib.
- Sizcə, bütün Avropa üzrə seçilmiş üç
şəhər arasında
Azərbaycan paytaxtının
da olması hansı amillərlə bağlıdır?
- Ölkəmizin paytaxtının
bu statusa layiq görülməsini ölkə rəhbərliyinin
bu sahəyə ayırdığı xüsusi
diqqət nəticəsində
bu ilin ölkəmizdə
"Ekologiya ili" elan olunması və Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən
işlərin, həyata
keçirilən dövlət
və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirmək olar.
Eyni zamanda, bu hadisə beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük önəm verməsindən irəli gəlir. Azərbaycanda bu sahədə həyata keçirilən
böyük layihələrə
töhfə olaraq Bakı şəhəri Avropanın mərkəz elan etdiyi şəhərlərdən
biri kimi qəbul olunub.
- "Ümumdünya Ətraf Mühit Günü" ilə əlaqədar nazirlik tərəfindən
hansı tədbirlərin
görülməsi nəzərdə
tutulur?
- Həmin günlə
əlaqədar olaraq ağacəkmə və ağaclara qulluq kampaniyası keçiriləcək.
3 iyun tarixində UNEP-in Avropa bölməsinin direktoru Kristof Buvyenin Bakıya səfəri çərçivəsində ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov ilə birlikdə ağacəkmə
və ağaclara qulluq kampaniyasında
iştirakı planlaşdırılır.
Kampaniyada diplomatik korpusun və ictimai təşkilatların
da iştirakı nəzərdə tutulur. Aksiya çərçivəsində
Zığ-Hava Limanı
yolu ətrafında
1000-1500 ağacın əkilməsi
nəzərdə tutulur.
Daha sonra cənab Kristof Buviyenin Şirvan Milli Parkına səfəri olacaq. Azərbaycanın nadir incilərindən biri olan ceyranların yaşayış məskənlərinə-yasaqlıq
və qoruğun da daxil olduğu
milli parka səfər, elə bilirəm ki, qonağımız üçün
çox maraqlı olacaq. Səfər cəmi bir gün
planlaşdırılıb.
- Bəs digər iki şəhərdə hansı tədbirlərin keçirilməsi gözlənilir?
- Ətraf Mühit Proqramı çərçivəsində
mərkəz elan olunmuş hər şəhərdə birgünlük
tədbirlərin keçirilməsi
nəzərdə tutulur.
Genuya şəhərində
çox məşhur
akvarium var. "Ümumdünya Ətraf Mühit Günü" çərçivəsində həmin akvariumun açılışı olacaq.
Açılışda şəhərin
meri də iştirak edəcək. Cenevrədə isə BMT-nin Ətraf Mühit Proqramının baş ofisi yerləşir. Orada tədbir keçirilən
gün UNEP-in binası hər kəs üçün açıq olacaq və hər kəs təşkilatın
fəaliyyəti ilə
maraqlana biləcək.
İnsanlar oradakı kitabxanalardan istifadə edə biləcəklər.
- Azərbaycanın ətraf
mühitin qorunması
sahəsində beynəlxalq
əməkdaşlığı barədə nə deyə bilərsiniz? Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi hansı addımları atır?
- Nazirlik beynəlxalq əməkdaşlıq sahəsində
aktiv fəaliyyət göstərir. Bir sıra Avropa ölkələri ilə bu sahədə ikitərəfli sazişlər
imzalanıb. Ötən
il Latviya hökuməti ilə ətraf mühitin mühafizəsi ilə bağlı hökumətlərarası
saziş imzalanıb. Bu sazişin həyata keçirilməsi
və ondan irəli gələn müddəaların reallaşdırılması
istiqamətində artıq
müəyyən işlər
görülüb. Həmçinin, müvafiq donor təşkilatları və
ətraf mühitin mühafizəsi sahəsində
fəaliyyət göstərən
beynəlxalq qurumlarla əməkdaşlıq edirik
və gələcəkdə
bir çox ikitərəfli əməkdaşlığın
genişləndirilməsi istiqamətində
işlər görməyi
planlaşdırırıq.
Konkret olaraq, Türkiyə ilə meşələrin mühafizəsi
sahəsində əməkdaşlığımız
var. Bizim ekspertlər təcrübə
mübadiləsi üçün
bu ölkəyə səfərlər edirlər.
Eyni zamanda, xatırlatmaq istəyirəm ki, Kioto protokolunun Təmiz İnkişaf Mexanizmi çərçivəsində
layihələrin həyata
keçirilməsi üzrə
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi
ilə Almaniyanın Ətraf Mühit və Nüvə Təhlükəsizliyi Nazirliyi
arasında anlaşma memorandumu imzalanıb.
Həmin
sənəd 2007-ci ildə
Almaniyanın Ətraf
Mühit, Təbiətin
Mühafizəsi və
Nüvə Təhlükəsizliyi
üzrə Federal Nazirliyinin Dövlət Katibi xanım Astrid Kluqun başçılıq
etdiyi nümayəndə
heyətinin Azərbaycana
səfəri çərçivəsində
Bakıda imzalanıb.
Eyni mövzuda Memorandum Danimarka Krallığının Ətraf
Mühit Nazirliyi ilə də imzalanıb. Həmçinin,
bizim Koreya Respublikası ilə sıx əməkdaşlığımız
mövcuddur. Koreya tərəfi ilə birgə Azərbaycanda ətraf mühitin qorunması üzrə baş planı işlənib hazırlanıb.
Həmin planın tələbləri çərçivəsində
fəaliyyət planı
həyata keçirilməkdədir.
- Ümumiyyətlə, ölkəmizdə
ətraf mühitin qorunmasına, ekologiya məsələlərinə xüsusi
diqqət yetirilir. 2010-cu ilin
"Ekologiya ili" elan olunması da bu diqqətin
göstəricisidir. Necə hesab
edirsiniz, beynəlxalq müstəvidə Azərbaycanın
bu istiqamətdəki siyasəti necə qarşılanır?
- Azərbaycan
hökumətinin həyata
keçirdiyi siyasətin
prioritetlərindən biri
ətraf mühitin mühafizəsidir. Bir daha qeyd etmək istərdim ki, ölkə rəhbərliyinin
bu sahəyə xüsusi diqqət və qayğısı və bunun nəticəsi
kimi görülən
işlər bir çox dünya dövlətlərinin diqqətini
cəlb edir. Ölkəmizin dinamik inkişafı,
iqtisadi və ekoloji siyasəti dünya ictimaiyyəti tərəfindən müsbət
qarşılanan və
diqqətlə izlənən
bir prosesdir və bu diqqət,
təbii ki, bizə qürur verir.
Səs.- 2010.- 1 iyun.- S. 7.