Ailə-uşaq problemləri dövlətin
əsas prioritetidir
Hadi Rəcəbli:
"Ailə institutunun
tam bərqərar olunması
günün vacib məsələsidir"
Sabahımız olan uşaqlara qayğı və diqqət hər bir dövlətin siyasətində önəmli
yer tutur. Çünki hər bir xalqın,
millətin gələcəyi
uşaqlardır. Azərbaycan dövləti
də daim uşaqların sağlam böyüməsi, yaxşı
oxuması və hərtərəfli inkişafının
qayğısına qalır.
Bu mənada, ulu öndərimiz Heydər Əliyevin dünyanın gələcəyi olan uşaqların və gənclərimizin formalaşması
sahəsində apardığı
genişmiqyaslı işlər,
demək olar ki, əvəzsizdir. Ümummilli liderimizin
əsasını qoyduğu
ənənələr isə
bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. 2009-cu
ilin uşaq ili elan
olunması da Prezidentin bu istiqamətdə gördüyü
işlərə sübutdur.
Ölkə Prezidenti İlham
Əliyev çıxışlarında
ailə-uşaq problemlərinin
Azərbaycan dövləti
və cəmiyyəti
üçün böyük
əhəmiyyət daşıdığını
önə çəkməklə,
qeyd edir ki, ölkəmizin inkişafı, müstəqilliyimizin
daha da möhkəmləndirilməsi
və milli dəyərlərin tam şəkildə
bərqərar olunması
üçün ailə
dəyərləri daim
yüksək tutulmalıdır.
Bəs görəsən, ölkə
parlamentariləri səslənən
fikir və mülahizələr, qarşıya
qoyulan vəzifələr,
xüsusilə də,
ailə-uşaq məsələləri
barədə nə fikirdədirlər? Bununla
bağlı, suallarımızı
cavablandırmaq məqsədilə
parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbliyə müraciət
etdik:
- Əvvəla, regionların
sosial-iqtisadi inkişafını
nəzərdə tutan
dövlət proqramları
sübut edir ki, Azərbaycan dünyada yaşanan böhrandan yayınan ölkələrdəndir. İkincisi,
son illərin uğurlu
nəticələri, bir
daha göstərir ki, Azərbaycanın, bütün gərgin proseslərə baxmayaraq, sosial siyasətə ayırdığı vəsaitlər,
bütövlükdə, sosial
proqramlar qüvvədə
qalır, onlar növbəti illərdə
və mərhələlərdə
də ardıcıl olaraq həyata keçiriləcək. Xüsusilə, ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən iclaslarda prezidentimizin təbirincə
desək, sosial müdafiə, sosial məsələlərin həlli
birbaşa ölkənin
prioritet məsələlərindən
və istiqamətlərindən
olaraq qalmaqdadır.
Hesab edirəm ki, bunlar da olduqca
vacib və əhəmiyyətli məqamlardır.
Yeri gəlmişkən, xatırlayırsınızsa,
mən bir neçə dəfə bildirmişdim ki, sosial maraqların aqreqasiyası deyilən bir siyasi texnologiya
var və bu sosial maraqların
aqreqasiyası prinsipi ilə yeni-yeni işlər həyata keçirilməlidir. Özünüz də görürsünüz
ki, artıq bu tezisin əsasında
xeyli işlər görülüb və görülməkdədir. Məsələn, infrastrukturun
möhkəmlənməsi, regionların inkişafı,
sahibkarlığın, orta
və xırda biznesin genişlənməsi,
yeni-yeni iş yerlərinin açılması
buna əyani sübutdur.
- Hadi müəllim,
ailə məsələsində
nikaha girənlərin
sayı ilə bağlı ürəkaçan
fikir söyləmək
olarmı?
- Bilirsiniz,
onu birmənalı şəkildə qeyd etmək olar ki, bu gün
Azərbaycanda dərk
edib, nikaha girənlərin sayı çoxluq təşkil etməkdədir. Yəni, qeyri-ciddi, nikaha
girənlərin sayı
günü-gündən azalmaqdadır.
Bu gün Azərbaycanda
nikaha girənlərin son bir il, il yarımın
göstəricilərinə əsasən, nikaha girənlərin sayı haradasa 83 min nəfər olub - orta yaş
həddi kişilər
üçün təxminən
27,4, qadınlar üçün
isə 23,3 yaş təşkil edib.
Bu, onu göstərir ki, artıq ailənin məsuliyyəti, onun nə demək olduğu nikaha girənlərimiz, ailə quranlarımız tərəfindən daha dərindən dərk olunur. Bu, eyni
zamanda, ondan xəbər verir ki, nikah, ailə
çox məsuliyyətli
məsələdir və
ailənin sosial müdafiəsi yenə də gücləndirilməlidir.
Bundan başqa, bir məqama da diqqət çəkmək
istərdim. Son statistikaya
əsasən, nikaha girənlərin 83 minindən
təxminən 5 mini 18 yaşa
qədər olan gənclərimiz, qızlarımızdır.
Bu, əlbəttə, ilk baxışdan o qədər
də təəccüblü
gəlmir. Daha doğrusu,
bu göstərici, bu rəqəm böyük görünmür.
Amma bununla belə, bunun özü çox düşündürücü
bir məsələdir.
Biz fikirləşirik ki, bununla bağlı
yenidən Ailə Məcəlləsinə qayıtmaq
və ona müəyyən düzəlişlər
etmək vaxtıdır.
Yəni,
nikaha girən qızlar üçün
erkən nikah yaş həddini 18 yaşa qaldırmağı
nəzərdə tuturuq.
Onu da məlumat üçün qeyd edim ki, bu
gün nikaha girənlər arasında
18-24 yaş həddində
olanlar əsas təşkil edir. Onların sayı təxminən 52 mindir. Bundan başqa, 24-35 yaş
arasında nikaha girənlərin sayı isə təxminən 20 mindir.
- Məqamı düşmüşkən,
övladlığa götürmə
ilə də bağlı məsələ
ətrafında fikirlər,
mövqelər birmənalı
deyil. Siz bir komitə sədri olaraq, bu haqda nə
fikirdəsiniz?
- Dünya
təcrübəsi göstərir
ki, ictimai tərbiyə ailə tərbiyəsini əvəz
edə bilməz. Çünki ailədə böyüyən
uşaq daha təminatlı, cəmiyyət
üçün daha xeyirli olur. Bu yerdə millət
vəkili, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanımın ailə-uşaq problemlərinin
həlli istiqamətində
həyata keçirdiyi
işləri, onun Azərbaycan qadınlarının
sonuncu qurultayındakı
çıxışını, xüsusilə, qeyd etmək istərdim. Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdəki işlərini,
fəaliyyətini vurğulamaq
istərdim. Bir sözlə,
onu diqqətə çatdırmaq istərdim
ki, bu gün
Azərbaycan dövlətinin
əsas prioritetlərindən
biri ailə institutunun tam bərqərar
olunması, ailə-uşaq
problemlərinin həllini
tapmasıdır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 2 iyun.- S. 10.