Prezident İlham Əliyevin
imzaladığı Sərəncam milli poeziyanın söz
ustadının sənətinə diqqətin nümunəsidir
"Mən vücudumda olan ətimi xalqımın
yolunda çürütdüm. Əgər ömür
vəfa etsəydi, sümüklərimi də xalqımın
yolunda qoyardım"
Çoxəsrlik poeziyamızın parlaq
ənənələrini layiqincə yaşatmaqla
bərabər, ədəbiyyatımızı
keyfiyyətcə yeni mərhələyə
yüksəldərək, onu ictimai məfkurə
baxımından daha da zənginləşdirən söz
ustası kimi geniş şöhrət tapan Mirzə
Ələkbər Sabir bədii-ictimai fikir tariximizdə
yeni ədəbi məktəbin banilərindən biridir. "Molla Nəsrəddin" jurnalı
ətrafında formalaşmış ədəbi
cərəyanın aparıcı simalarından olan
mütəfəkkir şairin yüksək istedadla yaratdığı
əsərlərin başlıca mövzusunu mənəvi
saflığa, mədəni yüksəlişə və maariflənməyə
çağırış təşkil etdiyindən, o,
Azərbaycan ədəbiyyatının klassikləri
sırasındadır.
Milli
mədəniyyətimizin inkişafına misilsiz
töhfələr vermiş Mirzə Ələkbər Sabirin
150 illik yubileyinin təntənəli surətdə
keçirilməsini təmin etmək məqsədi ilə
dünən Prezident İlham
Əliyev cənablarının imzaladığı
Sərəncam Azərbaycan milli poeziyasının görkəmli
söz ustadının sənətinə olan diqqətin bir
nümunəsidir.
Prezidentin
Sərəncamı əsasında
Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar
Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə
Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata
keçirəcəklər. Bu irimiqyaslı tədbirlər
planına müvafiq olaraq, görkəmli şairin həyat
və fəaliyyəti geniş səpkidə qeyd
olunacaqdır.
Azərbaycan
ədəbiyyatına töhfələrini vermiş şairin
irsi milli düşüncəmizə, milli ruhumuza
dəyərlər aşılayan bir xəzinədir. Bu
xəzinənin daxilində insanı bir varlıq olaraq
yaşadan və ucaldan keyfiyyətlər var ki, zamanın
mühakiməsində bu dəyərlər
bəşəriləşir. Bu
və ya digər keyfiyyətləri Mirzə Ələkbər
Sabirin keçdiyi yaradıcılıq və həyat yolunda
görə bilirik.
Kiçik
yaşlarından əziyyətli, yoxsul bir ömür
yaşayan Sabirin həyat təcrübəsi,
qarşılaşdığı insanlar və
yaşadığı mühit qələm sahibi etdi. Onun həyat bioqrafiyasına
diqqət etdikdə, görürük ki, atası kiçik
baqqal dükanı olan dindar bir insan olduğundan, balaca
Ələkbəri də gələcəkdə ruhani
görmək istəyirdi. Buna görə oğlu səkkiz
yaşına çatanda, onu mollaxanaya qoymuşdu. Mollaxanada şagirdlərin
ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər
Quranı oxuyub başa vurmadan yazı yazdığı
üçün mollası tərəfindən falaqqaya
salınıb döyülmüşdü. Onu sıxan
yalnız mollaxanadakı dözülməz qanun-qaydalar,
maraqsız keçən dərslər idi. Evdə ata və
anası səkkiz yaşlı oğullarını oruc
tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin
uşaq vaxtı yazdığı üç misralıq ilk
şerində bu acı həqiqət çox təsirli
ifadə olunur
Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.
Sabir 12 yaşına
qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid
Əzimin açdığı yeni üsullu
məktəbə keçmişdi. Bu məktəb onun
üçün faydalı olmuş, xüsusilə, biliyinin
və şairlik istedadının inkişafına kömək
etmişdir. Müəllimi
Ələkbərə fars dilindən
şeirlər tərcümə etdirir, sonra bu
tərcümələri oxuyub ona məsləhətlər
verir, məktəbli şairin yaradıcılıq
həvəsini artırırdı.
Seyid Əzim
öz şagirdinin tərcümələri ilə
bərabər, orijinal şeirlərini də oxuyub redaktə
edirmiş. Lakin
bir-iki il sonra atası Ələkbəri
təhsildən ayırıb öz dükanında
köməkçi işlədir. Ancaq elmə
və ədəbiyyata həvəsi sönməyən gənc
yenə oxuyub yazmağında davam edir. Dostu
Abbas Səhhətin yazdığına görə, Sabir
alış-verişdən ziyadə oxuyub-yazmağa
həvəs göstərdiyi üçün atası
hirslənib, tez-tez onu məzəmmət edirmiş. Hətta onun şeir dəftərini də
cırıb atmışdır. Atasının
bu hərəkəti gənc Sabirə ağır təsir
etsə də, onu mütaliədən və şeir yazmaqdan
çəkindirə bilmir. Əksinə,
bu münasibətlə yazdığı bir qitəsində,
o, şeir dəftərinin atası tərəfindən
cırılmasına cavab olaraq şairlikdən əl
çəkməyəcəyini, atası onu bir də
incidərsə, Şamaxıdan çıxıb
gedəcəyini qeyd edir. Doğrudan da,
Sabir atasının verdiyi əzab-əziyyətdən xilas
olmaq üçün 1885-ci idə ziyarət adı ilə
səyahətə çıxıb, Orta Asiyaya, oradan da
İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd,
Buxara, Xorasan və başqa şəhərləri gəzir.
Bir tərəfdən yerli feodal və ruhani ağaların
taladığı bu yerlərin yoxsulluğu və
cəhaləti şairə ağır təsir
bağışlayırsa, o biri tərəfdən bu
şəhərlərdə tərəqqipərvər alim
və yazıçılarla görüşüb
İlk
səfərindən qayıdandan sonra 1887-ci ildə, o,
qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş
il ərzində onun 8 qızı, bir oğlu dünyaya
gəlmişdir. Belə böyük ailə
sahibi olmaq Sabirin vəziyyətini olduqca
çətinləşdirmişdi. Başqa
bir sənəti olmayan şair ailəsini dolandırmaq
üçün sabun bişirib satır, ailəsini çox
çətinliklə dolandırırdı. Buna baxmayaraq, o, yenə dövrünün qabaqcıl
ziyalıları ilə əlaqə saxlayır, bədii
yaradıcılıqla məşğul olurdu.
1902-ci ildə
baş vermiş dəhşətli zəlzələ
şəhəri tar-mar etmişdi. Yanğın
nəticəsində şəhərdə yüzlərcə
imarət yanıb külə dönmüş, əhalinin
çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı.
Bu zaman Sabirin evi də
dağılmışdı. Şair
tək başına böyük bir çətinliklə
ailəsi üçün müvəqqəti bir daxma
düzəltmişdi. Bütün bu
hadisələrə baxmayaraq, Sabir sənət yoluna
çıxır və mənəvi tələbatı
maddiyyatı üstələyir. XX
əsrin əvvəllərindən başlayaraq, Sabirin
şeirləri mətbuat səhifələrində
görünür. 1903-cü ildə
"Şərqi-Rus" qəzetində onun şeiri çap
olunur. Bir qədər sonra isə,
o,"Həyat" qəzetində şeir çap etdirir.
1906-cı ildə işıq üzü görən "Molla Nəsrəddin"
jurnalını öz arzularına müvafiq həqiqi bir xalq
jurnalı kimi qarşılayıb, onun ən sevimli şairi,
ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir
arasında qırılmaz dostluq münasibətləri
yarandı. Hər iki sənətkar
əməkçi xalqın qanını soran zalım
ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara
sarsıdıcı zərbələr vururdu. Bütün
bunların nəticəsi olaraq, Sabir özünə
çoxlu dost qazandığı kimi, düşmən də
qazanmışdı. Şeirlərini gizli
imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və
Bakıda, istərsə də Azərbaycanın başqa
yerlərində və İranda bir çox irticaçılar
şairin əsərlərini pisləyir, onun
yazdığını oxuyanları kafir elan edirdilər.
Hətta bəzən ruhanilər Sabirin
ölümünə fitva verir, varlılar ona
hədələyici məktublar göndərir, qoçular
küçədə yolunu kəsib ağır sözlər
deyirdilər.
1907-ci ilin əvvəllərində Sabir
sabun bişirib satmaqdan əl çəkib, mətbuat və
maarif sahəsində çalışmaq, şeir
yaradıcılığını daha müntəzəm davam
etdirmək qərarına gəlir. O, Bakıya gəlib
bir müddət "İrşad" qəzetinin
redaksiyasında korrektor işləyir və müəllimlik
imtiyazı əldə etmə üçün imtahan
verməyə hazırlaşır. Bu arada Qori
Müəllimlər Seminariyasında işləyən
müəllim dostlarından bir neçə fərəhli
məktub alır. Həmin məktublarda
deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan
şöbəsində müəllim yeri boşalacaqdır.
Dostları şairə həmin yeri tutmaq
üçün təşəbbüs etməyi
məsləhət görür və bu işdə ona
kömək edəcəklərini bildirir.
1908-ci il aprelin 11-də Bakı
quberniya ruhani idarəsində imtahan verən şair mayın
7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı
idarəsindən ana dili və şəriət müəllimi
diplomu alır. Lakin Qoridən aldığı
bir məktubdan sonra, o, seminariyadan ümidini kəsməli olur.
Bir müddət şair Şamaxı
məktəblərindən birində köməkçi
müəllim sifətilə dərs deyir. Müəllim
yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla
verdiyi dərsləri çox bəyənirlər.
Həmin ilin sentyabr
ayında Sabir çoxdan arzuladığı "Ümid"
məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird
oxuyurdu.Yeni üsülda olan başqa
məktəblərdəki kimi burada da şagirdlər skamyada
oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya
çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və
təbiətə dair məlumat verilir, Quran və
şəriət dərsləri tədris edilirdi. 1910-cu ilin əvvəllərində Sabir Bakıya
işləməyə gəlir. Əvvəlcə
"Zənbur" jurnalının redaksiyasında
çalışır. Az sonra
Balaxanı məktəbində böyük həvəslə
dərs deməyə başlayır. Müəllimliyi
ilə bərabər, şair Balaxanı neft
mədənlərində işləyən
fəhlələrə, yerli inqilabçılara
yaxınlaşaraq, onların açdıqları "Nur"
kitabxanasının fəal üzvü olur. O ilin
yazından Sabir Bakıda çıxan
"Günəş" və "Həqiqət"
qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər
həftənin cümə günü "Palanduz"
sərlövhəsi ilə gülüş səhifəsi
buraxırdı. Sabir bu səhifədə
"Nizədar" və "Çuvalduz" imzaları
ilə müntəzəm surətdə ifşaçı
əsərlər çap etdirir. Şair,
eyni zamanda, "Molla Nəsrəddin"ə də yazmaqda
davam edir.
Aylarla ehtiyac
içində, işsiz, əzab-əziyyətlə dolanan
böyük şair 1910-cu ilin axırlarında ciyər
xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında, o,
müalicə üçün Tiflisə gedib, dostu Cəlil
Məmmədquluzadənin evində yatır. "Molla
Nəsrəddin"in əməkdaşları şairə
böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə
şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir
yazmağa davam edir, yeni-yeni taziyanələr
üzərində işləyir, "Molla
Nəsrəddin" jurnalının redaksiya
işlərinə yaxından kömək edir.
İyun
ayında həkimlər şairə cərrahiyə
əməliyyatı aparmağı təklif edirlər. Lakin
xəstə buna razı olmur. O, Şamaxıya
qayıdır. Axır günlərindən birində şair
belə yazır:
İstərəm ölməyi mən, leyk qaçar
məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən
də gərək naz çəkəm!
"Molla
Nəsrəddin" jurnalı 1911-ci il
14-cü sayında xəstə şairə maddi yardım
etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir
çox şəhərlərindən onlarla oxucu böyük
xalq şairinə məhəbbət və hörmət
əlaməti olaraq, "Molla Nəsrəddin"in
ünvanına ianə göndərirlər.
Xəstəliyinin
çox şiddətləndiyini və ona başqa bir əlac
olmayacağını görən şair cərrahiyyə
əməlliyyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq
həkimlər cərrahiyyənin də heç bir fayda
verməyəcəyini söyləyərək, ona tez
Şamaxıya qayıtmağı məsləhət
görürlər. Jurnalist H.Qasımov xəstə
şairlə Bakıda son görüşünü
xatırlayaraq yazır: "...Qəzetdə yazarsan, Sabir
deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın
yolunda çürütdüm. Əgər
ömür vəfa etsəydi, sümüklərimi də
xalqımın yolunda qoyardım".
1911-ci il
iyulun 12-də, həyatının və
yaradıcılığının ən parlaq bir vaxtında
Sabir vəfat edir. Şairin cənazəsi
Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda
dəfn olunur.
Sabirin xatirəsinə
hörmət əlaməti olaraq, vəfatından bir il sonra,
1912-ci ildə arvadı Büllurnisə xanım, dostları
Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun
şeirləri "Hophopnamə" adı ilə çap
olundu. Oxucular kitabı hərarətlə
qarşıladılar. İki il sonra
xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha
mükəmməl nəşri buraxıldı. Sonralar
Mirzə Ələkbər Sabir irsinə maraq
görünməmiş dərəcədə artdı,
"Hophopnamə" böyük tirajla bir neçə
dəfə çap olundu.
Azərbaycan klassik
poeziyasının təkrarsız
nümayəndələrindən olan Sabir hər zaman oxunan,
müzakirəyə çevrilən, irsi
dövrümüzlə ahəngləşən bir
ziyalıdır. Belə bir söz
ustadının yaradıcılığı hər bir insan
üçün meyar və məktəbdir. Onun sənət axarında insan kamilləşir,
müdrikləşir, dünyanın fəlsəfi
anlamını dərk edə bilir.
ZÜMRÜD
Səs.- 2010.- 3 iyun.- S. 12.