Dünyaşöhrətli xanəndənin sənət tərcümeyi-halının yeni bir səhifəsi açılır

 

Alim Qasımov: "Bu günə qədər aldığım mükafatların zirvəsində duran məhz bu Dövlət Mükafatıdır"

 

Azərbaycan milli mədəniyyəti, sənəti hər zaman dövlətin diqqətindədir və qayğı ilə əhatə olunur. Bu sahədə çalışan simalara  mükafatların və fəxri adların verilməsi bunun bariz nümunəsidir. Bu gunlərdə Azərbaycan  Respublikasının Prezidenti İlham  Əliyevin Sərəncamı ilə elm, mədəniyyət və ədəbiyyat üzrə  Dövlət Mükafatları təqdim olunub. Bu isimlər sırasında dünyaşöhrətli xanəndə, xalq artisti Alim Qasımovun da adı var. Sənətkarın təəssüratlarını və sənət meyarlarını öyrənmək məqsədi ilə onunla əlaqə yaratdıq.

- Mənə elə gəlir ki, bütün yaradıcı insanlara belə mükafatın təqdimi şərəfli, qürurlandırıcıdır. Bu sədanı, xəbəri eşitmək, ölkə prezidentinin səni təltifi düşünürəm ki, sənətkar üçün bundan gözəl heç nə yoxdur. Sənin sənətinə fərdi bir şəkildə yanaşıb, onun bu şəkildə təqdim edilməsi şərəfdir. Həqiqətən də, bu günə qədər aldığım mükafatların zirvəsində duran məhz bu Dövlət Mükafatıdır. Təbii ki, bu, bir ifaçı kimi mənim də daha böyük məsuliyyətlə sənət fəaliyyətimi davam etdirməyə stimul verir. Gələcəkdə belə bir mükafat digər sənətkarlara təqdim olunacaqdır. Mən də bundan sonra bütün potensialımı da üzə çıxarıb var qüvvəmlə Azərbaycan milli musiqisinin inkişafına bir xanəndə olaraq xidmət edəcəyəm.

- Alim müəllim, etiraf edək ki, sizin sənətiniz bu günə qədər hər zaman dövlət tərəfindən diqqətdə olub və yüksək səviyyəli ifaçılığınız müşayiət edilib. Sonuncu mükafat da bu diqqətin davamı olaraq, sizə ünvanlanıb. Maraqlıdır ki, belə bir yüksək yaradıcılıq nailiyyətlərinin qazanılmasının yolu haradan başlanıb?

 - Deyim ki, xarici dövlətə səfər etdiyimiz zaman maddi tərəfi heç zaman düşünməmişik. Hər zaman mənim üçün sənətin təqdimi, ifaçılığımın lazımi bir səviyyədə dinləyicilərə çatdırılması əsas olub. Gözümü yumaraq, Tanrıdan güc alıb ilhamla bu nümunəni təqdim etmişəm. Səmimi deyim ki, mənim yerimə başqa bir ifaçı olsaydı, ilk olaraq, həmin səfərdə əldə ediləcək maddi tərəfi əsas götürərdi. Azərbaycandan dünyada keçirilən konsertlərimdən əldə etdiyim məbləği daha çox əldə etmək imkanım var. Amma heç nə düşünmədən sənətin arxasınca gedib, Azərbaycan milli musiqisinin təbliğinə layiqli bir şəkildə çalışmışam. Bu sənətin maddiyyatı az olmuş olsa da, mənəvi tərəfi böyük bir şərəfdir. Bu gün Azərbaycan musiqi sənətinə dövlət tərəfindən, demək olar ki, hərtərəfli qayğı mövcuddur. Mən xanəndə kimi Prezidentin Sərəncamı əsasında Prezident Təqaüdünə, eləcə də, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xüsusi mükafatla təmin olunuram. Bütün bunlar, bir çox sənətkarlar kimi, mənim də maddi rifahımın yüksəlməsinə səbəbdir. Yaradıcı şəxs üçün bu, həm mənəvi, həm də maddi baxımdan böyük bir köməklikdir.

- Alim müəllim, səmimi deyək ki, Azərbaycan muğam sənətinin XIX əsrdə yeni bir mərhələsini yaşaması məhz Mehriban xanım Əliyevanın qayğısı və layihələri əsasında gerçəkləşdi. Belə bir sənət nümunəsinin muğam janrının dünyanın ən nadir əsərləri sırasına daxil edilməsi və xarici dövlətlərdə muğam konsertlərinin təqdimi Onun fəaliyyətinin nəticəsidir.

- Deyim ki, musiqiçilərin, xanəndələrin xarici səfərlərdəki ifaları dinləyiciyə, tamaşaçıya şamil olunur. Heydər Əliyev Fondunun gördüyü işlərin isə miqyası daha genişdir. Belə ki, bəlkə də heç bir zaman musiqiyə, muğama qulaq asmayan iş adamları, vəzifə sahibləri məhz Onun həyata keçirdiyi dəyərli layihələr əsasında buna cəm oluna bilirlər. Bu, təkcə Azərbaycanla məhdudlaşmır, eləcə də, xarici dövlətlərdə də buna təsadüf olunur. Musiqimizin yaşaması, təqdimatı, gələcək nəsillərə ötürülməsi yeni bir formada klassik ifaçılarımızın səsləri yazılmış qramafonların hazırlanması və s. Onun köməyi ilə yüksək bir səviyyədə öz həlini tapdı. Təbii ki, Mehriban xanım Əliyevanın gördüyü işləri bir neçə ilə cümlə ilə məhdudlaşdırmaq mümkün deyil, amma bütövlükdə, deyə bilərəm ki, Azərbaycan musiqi sənətinin, xüsusilə də, muğam sənətinin inkişafında Mehriban xanım yeni bir mərhələnin təməlini qoydu.

- Səhv etmirəmsə, Azərbaycan musiqi sənəti tarixində bu günə qədər təsadüf etmədiyiniz bir cütlük ata ilə qızın duet ifası ilk dəfə olaraq, sizin təqdiminizdə baş tutdu. Bu günə qədər iki bacının, oğul ilə atanın səhnəni bölüşməsinə təsadüf edilmişdi. İdeyanın müəllifi kimi bunun kökü nə ilə əlaqədardır?

- Belə bir səhnə ortağı olmaq yəqin ki, bizim sənət taleyimizə, alnımıza yazılmış bir yazıdır. Bu, hansısa bir elmlə və yaxud da ki, təfəkkürün inkişafı ilə bağlı olan yenilik deyil, sadəcə olaraq, Fərqanə xanımla bir ailədə yaşamağımızdan irəli gəldi. Fərqanənin göz önündə damla-damla böyüməsi və sonda tərbiyə aldığı mühitdə onun musiqiçi kimi yetişməsi ilə nəticələndi. İkimizin bir səhnəni bölüşməyimiz Tanrının buyuruğu kimi həyatımıza daxil oldu.

- Səhnədə onun ifası üçün narahatlıq hissi keçirirsinizmi?

- İfaya başlamayana qədər bu hal mənə hakim olur. Səhnədə ilk misralar ifa olunmağa başlayanda, demək olar ki, ata-övlad münasibətləri arxa plana keçir. Yalnız sənət nümayiş etdirmək özünü büruzə verir və bu zaman etiraf edim ki, səhnədə tərəf-müqabil kimi bir-birimizə qarşı insafsızlıq yaranır.

- Alim müəllim, belə bir məqamda həyat ilə harmoniya yaranırmı? Ruhi dünyanızda hansı dəyişkənliklər özünü büruzə verir?

 - Belə bir məqamda, yalnız səhnədə Fərqanə ilə mənəvi dünyamızın dərin qatlarını üzə çıxarmaq və bir-birimizə müdaxilə edərək, yüksək bir səviyyədə sənət nümayiş etdirməyə çalışırıq. Bu zaman xəyalən iki göyərçinin pərvazlanıb feyziyab olmalarını görürük. Bu ağır fəlsəfi musiqinin lazımi bir səviyyədə dinləyiciyə çatdırılması üçün məsuliyyəti hiss edirik. Nə qədər ruhi dünyamızdan ayrılsaq da, tamaşaçı qarşısında olduğumuzu unutmuruq. Sənətkar həm gözəlliyi görməli, həm də tamaşaçının mənəvi dünyasına sirayət etməlidir.

 - Fərqanə xanım deyil, qeyri bir şəxslə səhnəni bölüşərdinizmi? Yenə də belə bir səhnənin yaranması mövcudluğu özünü göstərərdi?

- Mən düşünürəm ki, bu, bir qədər çətin olardı. Çünki insanın daxilində bir qürur, mənəmlik hissi var. Ola bilər ki, digər bir şəxs olsa, həmin bu hisslər arxa plana keçər və idealında olduğun musiqini təqdim etmək reallaşa bilməz. Biz bir-birimizə daha yüksək məharətə malik olduğumuzu göstərmir, sırf sənətin gözəlliyinə çalışırıq. Səhnə yükünün məsuliyyətini kimin nə qədər daşıması  ifaçı kimi bizə yad olan anlayışlardır. Bu baxımdan, başqa ifaçı ilə səhnəni bölüşmək mənim aləmimdə çətindir. Mən deyərdim ki, səhnə başdan-ayağa böyük bir yükdür. Hər adam bu səhnəyə çıxa bilməz.

 - Həm də deyim ki, səhnə bir divanəlik, məcnunluq tələb edən məkandır.

 - Əgər bu divanəliyi səhnədə göstərə bilməsən, məcnunluq hissini yaşaya bilməsən, o tamaşaçıya da, həmin günə də, ifaçıya da heyiflər olsun. Çünki səhnədə bu ab-havanın yaranması mütləqdir. Bunu hansısa bir yolla satın almaq mümkün deyildir. Bu xanəndənin daxili tələbatının hökmündən ortaya çıxmalıdır.

- Maraqlıdır, divanəliyin kökü haradan qaynaqlanır?

- Bunu sözlə ifadə etmək düzü mənimçün çətinlik törədir. Bilirsiniz, bu, divanəlik ola bilər ki, belə xanəndə ifa zamanı yaransın. Yaxud da elə səhnəyə çıxmazdan öncə, səni əhatə edib, mənəvi dünyanda bir üsyan, hayqırtı qopara bilsin. Təəssüf ki, bu mövcud olmayanda ifaçı səhnədə özünə ölüm arzulaya bilər.

- Muğamsız dünyanızı təsəvvür edə bilirsinizmi?

- Bu sənət məni bu rütbəyə, şöhrətə gətirib çıxarıb. Mən artıq özümü sənətsiz təsəvvür belə edə bilmirəm. Bu halda, yaşadığım duyğunu, hissləri tamaşaçıya necə çatdıra bilərdim? Düzü, bu çox ağır bir an ola bilərdi.

 - Bəs sizi Alim Qasımov kimi şöhrətləndirən, dünyada tanıtdıran hansı dəyər oldu? Bir xanəndə kimi bu sualın cavabını sizin dilinizdən eşitmək maraqlı olardı.

 - Mənim daxili keyfiyyətlərimi şəxsi düşüncəmdən öncə, Tanrı nizamlamışdır. Nə olubsa, mənim niyyətimdə, bəsirətimdə olub. Onunla mən məşğul olmamışam. Həyatımda olduğum bu nizamı kimsə tənzimləməyib. Məni elə bil ki, su üzərində gedən bir gəmi kimi  axara salan qüvvə olub. Təbii ki, bu yolda çox çətinliklər olub. Bunlar hamısı, bir daha deyirəm ki, Tanrı qismətidir. Bundan sonra da yaşayacağım anlar Allahın buyruğu ilə reallaşacaq.

 - Alim müəllim, maraqlıdır ki, dünyanın müxtəlif ölkələrinin ən böyük konsert salonlarında, ən gözəl guşələrində ifa etdiyiniz muğam Azərbaycanın hansısa bir məkanında təqdim etdiyiniz ifa qədər  alınırmı?

 - Bu, təbii ki, insanın aldığı enerjidən asılıdır. Orada hansısa bir maneçilik yoxdursa və istədiyin hala düşə bilirsənsə, hansı konsert salonu, məkanı olması ifaçı üçün fərqli deyil. Amma xaricdə çıxış etmək mənim üçün daha asandır. Azərbaycanda konsert vermək bir ifaçı kimi mənə çox çətindir. Bu baxımdan ki, repertuarıma xüsusi diqqət yetirib, yeni ifalar təqdim etməliyəm.

- Bir qədər kobud səslənsə də, deyək ki, siz Azərbaycan dinləyicisi üçün xəsis bir sənətkarsınız. Bu xəsislik nə ilə bağlıdır?

- Bu, bir həqiqətdir. Bu barədə özüm üçün də xəsisəm. Muğam janrını çox ağır bir musiqi hesab etdiyimə görə, onun təəssübünü çəkmişəm, müqəddəsliyini qorumuşam. Mən bunun təqdimatından ehtiyatlanmışam. Hər zaman Azərbaycan dinləyicisi üçün ifa etməyə hazıram. Amma ifa edəcəyim musiqini yaşaya biləcəksənmi? O divanəliyi zövqlü tamaşaçıya təqdim edə biləcəksənmi? Bu baxımdan, hər zaman tamaşaçı ilə ünsiyyət az yaradıram.

- Alim müəllim, Azərbaycanın müasir musiqi sənəti ilə bağlı fikriniz də maraqlıdır.

 - Səhnədə gözəl musiqi təqdim olunmalıdır. Müasir dövrümüzdə gənc ifaçılar öz sənətlərini tələbata uyğun şəkildə kökləyiblər. Bu baxımdan, mən narazıyam ki, sənətkar tələbatı deyil, sənətin inkişafını, yüksəkliyini nəzərdə tutmalıdır. Tələbat ilə sənət tamamilə fərqli anlayışlardır. Onu da deyim ki, mətbuatdan, televiziyadan narazıyam ki, alaçiy, bişməmiş mənəviyyatı geniş bir auditoriyaya təqdim edirlər. Tamaşaçı tamamilə başqa bir səpkiyə yönəlmiş olur. Sənət ustadlardan öyrənilməlidir. Sonda hər bir ifaçı süzgəcdən keçirilməlidir. Hər bir sənətkara sənətkar deyilmir, eləcə də, ustada. Hər bir gənc ifaçı sənətin qapısını ona göstərə biləcək ustaddan dərs alıb yetkinləşməlidir. Tanrının dərgahına qovuşmaq üçün namaz qılıb, oruc tutmaqla tam dinin qayda-qanunlarına bələd olmaq mümkün deyil. Bunun üçün də bir mürid-mürşid lazımdır ki, əlindən tutub o qapını sənin üçün açsın. Bunu özbaşına açmaq çox çətin və müşküldür.

 - Sonda yaradıcılıq planlarınız haqda məlumat verərdiniz.

 - Hazırda xalq artisti Şəfiqə Axundovanın "Bağışla" mahnısına mənim ifamda İctimai Televiziyanın təşəbbüsü ilə klip çəkilir. Yaxın zamanda təqdim ediləcək. Bu gün, yəni iyunun 4-də İstanbula yola düşürük. Həmin gün orada beynəlxalq festivala start veriləcək və mən də Azərbaycan təmsilçisi kimi həmin festivalda iştirak edəcəyəm. İyunun 7-də vətənə dönəcəyik.

 

 

Zümrüd

 

Səs.- 2010.- 4 iyun.- S. 12.