"Hərbi doktrina milli təhlükəsizlik konsepsiyasının
törəməsidir və
onun tərkib hissəsi sayılır
"
"Bununla yanaşı, Azərbaycana qarşı
müharibə zamanı ölkəmiz öz ərazisində
xarici hərbi bazaların yerləşdirilməsi və ya
başqa formada xarici hərbi iştiraka müvəqqəti
icazə vermək hüququnu özündə saxlayır"
Azərbaycan Prezident
Administrasiyası hüquq-mühafizə orqanları ilə
iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycanın
hərbi doktrina layihəsi ilə bağlı müsahibə
verib.
- Bu gün hərbi doktrina layihəsi ictimaiyyət
arasında ən çox müzakirə olunan
mövzulardandır. Biz bu sənədi çoxdan gözləyirdik.
Lakin layihəyə reaksiya birmənalı deyil, fərqli şərhlər
və suallar səslənir. Onlardan bəzilərinə
aydınlıq gətirməyinizi istərdik. Hərbi
doktrinanın hazırlanması nə üçün bu qədər
çox çəkdi?
- İlk növbədə
qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə 2004-cü ilə milli təhlükəsizlik
siyasəti sahəsində işçi qrup yaradılıb və
bu qrup milli təhlükəsizlik konsepsiyasını
hazırlamağa başlayıb. Cənab Prezident 2007-ci il
mayın 23-də milli təhlükəsizlik
konsepsiyasını təsdiqləyib. Bu konsepsiya hərbi
doktrinanın, xarici siyasət strategiyalarının,
iqtisadiyyat, mədəniyyət, elm, təhsil, səhiyyə, nəqliyyat
və s. konsepsiyaların hazırlanması üçün əsas
rolunu oynayır. Bunu nəzərə alaraq işçi qrupuna
hərbi doktrina layihəsinin və milli təhlükəsizlik
konsepsiyasında nəzərdə tutulan digər sənədlərin
hazırlanması həvalə edilib. Yəni söhbət
ölkənin həyatının demək olar ki, bütün
sahələrini əhatə edən böyük bir işdən
gedir. Cənab Prezident bu günlərdə hərbi doktrina
layihəsini Milli Məclisə göndərib.
Hərbi doktrina daxili və
xarici təhlükələrdən müdafiəyə yönəlmiş
hərbi təhlükəsizlik sisteminin konseptual əsaslarını
müəyyənləşdirən çox ciddi sənəddir.
Eyni zamanda doktrina milli təhlükəsizlik
konsepsiyasının tərkib hissəsidir. Bu cür ciddi sənədin
hazırlanması əsaslı surətdə tədqiqat
aparılmasını tələb edir. Bundan başqa,
doktrinanın hazırlanması zamanı müxtəlif ölkələrin
analoji sənədləri, onların təcrübədə tətbiqi
və alınan nəticələr də öyrənilib. Sənəd
hazırlanan zaman Azərbaycanın hərbi təhlükəsizliyinin
təmin olunması üçün ən optimal yolu seçmək
lazım idi.
- Mətbuatda belə fikirlər səslənir ki,
doktrinada müttəfiqlər və Ermənistan istisna olmaqla,
düşmənlər konkret göstərilməyib, sənəd
dağınıqdır, konkretlik yoxdur. Bununla bağlı nə
deyə bilərsiniz?
- Yəqin heç kim
inkar etməz ki, hazırda Ermənistanın Azərbaycan
torpaqlarının bir hissəsini işğal etməsi ölkənin
milli təhlükəsizliyinə neqativ təsir göstərən
əsas faktordur. Bundan başqa, erməni işğalı
ölkəmiz üçün əsas real hərbi təhlükədir.
Buna görə də bu məqam birmənalı şəkildə
hərbi doktrina layihəsində əksini tapıb. Müttəfiqlərə
və düşmənlərə gəldikdə, qeyd etmək
istəyirəm ki, doktrina layihəsində bu cür yanaşma
var. Bu yanaşmaya əsasən, ölkənin müdafiə
siyasəti bizim hansısa ölkələrə bəslədiyimiz
simpatiyadan deyil, Azərbaycanın milli maraqlarından və bu
maraqlar üçün təhlükələrin nəzərə
alınmasından asılı olaraq müəyyənləşir.
Məhz bu yanaşma - çağırışlara
cavabların müəyyənləşməsi doktrinanı
çevik və uzunmüddətli edir. Bu, çox
mühüm məsələdir. Bir çox ölkələrin
analoji sənədlərində olduğu kimi, Azərbaycanın
hərbi doktrina layihəsində göstərilir ki, bu sənəd
təhlükəsizlik mühitinin dinamikliyini əks etdirən
dəyişiklik və dəqiqləşdirmələr
üçün açıqdır. Bununla belə, digər
ölkələrin təcrübəsi göstərir ki, adətən
konseptual sənədlər, o cümlədən hərbi
doktrina müəyyən zaman keçdikdən sonra yenilənir.
Orta hesabla bu zaman kəsiyi 5-10 ilə bərabərdir. Bu
müddət ərzində doktrina adekvat sənəd olaraq
qalmaqdadır. Ölkənin daimi və uzunmüddətli
maraqlarının əsas götürülməsi buna nail
olmağa imkan verir. Həmçinin qeyd etmək
lazımdır ki, milli təhlükəsizlik konsepsiyası ilə
yanaşı, hərbi doktrina da strateji müdafiə
icmalının və gələcəkdə bu iki sənədin
müddəalarını inkişaf etdirəcək və dəqiqləşdirəcək
digər konseptual sənədlərin hazırlanmasında əsas
götürülür. Ümumilikdə isə milli təhlükəsizlik
konsepsiyasına əsasən, Azərbaycan çoxsəviyyəli
balanslaşdırılmış xarici siyasət
yürüdür, beynəlxalq hüququn ümumi
tanınmış normaları əsasında bütün
dövlətlərlə dostluq münasibətlərinin
qurulmasında maraqlıdır. Başqa sözlə desək,
biz digər ölkələrlə dostluq münasibətlərində
maraqlıyıq.
- Son illər regionda baş verən hadisələri nəzərə
alsaq, belə fikirlər səslənir ki, geosiyasi dəyişikliklər
nəticəsində dünənki tərəfdaş bu
gün düşmənə çevrilə bilər. Bu
nöqteyi-nəzərdən bəzi şərhçilər
iddia edir ki, hərbi doktrinada potensial xarici təhdidləri
göstərmək lazımdır.
- Doktrina kifayət qədər
dəqiqliklə təhlükələri, hərbi təhlükəsizliyin
hərbi-strateji əsaslarını, sülh, real təhlükə
və müharibə dövrlərində Silahlı Qüvvələrin
əsas vəzifələrini, hərbi quruculuğun istiqamət
və perspektivlərini müəyyənləşdirir. Beləliklə,
layihədə xarici hərbi və siyasi təhlükələr
- Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri
tərəfindən işğalının davam etməsi; Azərbaycanın
daxili işlərinə mümkün xarici hərbi müdaxilə;
xarici hərbi asılılıq; qonşu dövlətlər
tərəfindən ərazi iddiaları; daxili siyasi və
sosial-iqtisadi stabilliyi pozmağa yönəlmiş fəaliyyət,
o cümlədən, separatçı və dini-ekstremist hərəkatların
dəstəklənməsi, xarici dövlətlər tərəfindən
Azərbaycan ərazisinə qanunsuz silahlı
qruplaşmaların göndərilməsi və göndərilmək
üçün terrorçuların hazırlanması, qonşu
dövlətlərin dövlətlərarası münaqişələrdə
iştirakı, bu ölkələr ərazisində daxili
münaqişələrin, hərbi əməliyyatların, hərbi
qiyamın, hərbi və hərbi-siyasi qeyri-stabilliyin başqa
formalarının baş verməsi; regional hərbi balansın
pozulması, yaxud müdafiə qabiliyyəti həddinin
aşılması, həmçinin Azərbaycanın dövlət
sərhədləri və sahil suları
yaxınlığında hərbi bazaların
yaradılması, qoşun qruplarının və silahın cəmləşməsi,
hərbi iştirakın digər formalarının güclənməsi;
Azərbaycanın dövlət sərhədlərinin hərbi
qruplaşmalar və hərbi dəstələr tərəfindən
pozulması, sərhəd mübahisələrinin və ya
münaqişələrin kəskinləşməsi, kütləvi
qırğın silahının və yeni hərbi istehsal
texnologiyalarının yayılması şəklində
müəyyənləşib.
- Xarici hərbi bazaların yerləşdirilməsi ilə
bağlı məsələlər də qızğın
diskussiyalara səbəb olub. Azərbaycan
ərazisində xarici
hərbi bazalar hansı hallarda yerləşdirilə bilər?
- Doktrina layihəsinə əsasən, Azərbaycanın
qoşulduğu beynəlxalq
sazişlərdə nəzərdə
tutulmuş hallar istisna olmaqla, ölkəmizin ərazisində
xarici hərbi bazaların yerləşdirilməsinə
yol verilmir. Bununla belə, hərbi-siyasi vəziyyətdə köklü
dəyişiklik baş
verən hallarda Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə və
ya başqa formada xarici hərbi iştiraka müvəqqəti icazə
vermək hüququnu özündə saxlayır.
Səs.- 2010.- 5 iyun.- S. 6.