Belarusla Azərbaycanın elmi əlaqələri
inkişaf edir
Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
Dünən Bakı
Slavyan Universitetində (BSU) Belarus Respublikasının Prezidenti
Aleksandr Lukaşenkoya universitetin fəxri doktoru diplomunun təqdim
edilməsi mərasimi keçirilib.
Universitetdə Belarus
Prezidentini səmimiyyətlə qarşılamış, tələbələr
ali qonağa gül-çiçək dəstələri təqdim
etmişlər.
Sonra universitetin akt salonunda təntənəli
mərasim keçirilmişdir. Tələbə xorunun
ifasında "Haudeamus" tələbə himni səslənmişdir.
BSU-nun rektoru professor Kamal
Abdullayev universitetin professor-müəllim heyəti və tələbələri
adından ali qonağı salamlayaraq bildirmişdir ki, ali məktəbin
Elmi Şurası Prezident Aleksandr Lukaşenkonun Belarus ilə Azərbaycan
arasında əməkdaşlığın inkişaf etdirilməsində,
xalqlarımız arasında dostluq əlaqələrinin
möhkəmlənməsində, ölkələrimiz
arasında elm, təhsil və mədəniyyət sahələrində
münasibətlərin genişləndirilməsində və
dərinləşdirilməsində xidmətlərinə
görə ona Bakı Slavyan Universitetinin fəxri doktoru diplomu
verilməsi haqqında yekdilliklə qərar qəbul
etmişdir.
Rektor universitetdə Belarus
dili və ədəbiyyatının tədrisi ilə
bağlı planlar barədə məlumat vermişdir.
Bildirmişdir ki, bu istiqamət universitetdə yeni
yaradılır və "Belarusşünaslıq"
ixtisasının açılması
planlaşdırılır. Universitetdə yeni
yaradılmış Belarus Dili və Mədəniyyəti Mərkəzi
uğurla fəaliyyət göstərəcəkdir. Bu mərkəz
həm tələbələrin və müəllimlərin, həm
də Azərbaycanda yaşayan və işləyən
belarusların ünsiyyət yerinə çevriləcəkdir.
Rektor bu mərkəzin açılmasına fəal kömək
göstərmiş Belarusun Azərbaycandakı səfirinə
və Belarus Dövlət Pedaqoji Universitetinə təşəkkürünü
bildirmişdir.
Sonra professor K.Abdullayev Belarus
dövlətinin başçısına Bakı Slavyan
Universitetinin fəxri doktoru diplomunu, mantiya və xatirə hədiyyələrini
təqdim etmişdir.
BSU-nun tələbələrinin
ifasında Belarus dilində şeirlər və mahnılar ifa
olunmuşdur.
Mərasimdə
çıxış edən Belarus Prezidenti Aleksandr
Lukaşenko qeyd etmişdir ki, Bakı Slavyan Universitetinin yubiley
ilində bu ali təhsil ocağının fəxri doktoru
adına layiq görülməsini özü üçün
böyük şərəf hesab edir.
Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Belarusun da Azərbaycan kimi müəyyən çətinliklərlə qarşılaşdığını qeyd edən A.Lukaşenko ölkəsinin öz iqtisadi inkişaf modelini müəyyən etdiyini və bu modelin gətirdiyi uğurlar barədə ətraflı danışmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Belarus xalqını daim dəsətklədiyini, buna görə də onun xatirəsinin bu ölkədə böyük hörmətlə anıldığını vurğulayan A.Lukaşenko həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə uğurla davam etdirildiyini bildirmişdir. Sonuncu dəfə üç il bundan əvvəl Azərbaycana səfərindən sonra ölkəmizin sürətli inkişafının şahidi olduğunu deyən Belarus Prezidenti xalqımıza inkişaf və rifah arzulamışdır. Prezident Aleksandr Lukaşenko Belarus Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasına görə təşəkkürünü bildirərək vurğulamışdır ki, Azərbaycan dili və mədəniyyətinin təbliği məqsədilə Minskdə belə bir mərkəzin yaradılması xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə olacaqdır. Sonra Belarus Prezidenti BSU-nun tələbələri ilə xatirə şəkli çəkdirmişdir. 2009-cu ildə Bakıda təsis edilmiş Azərbaycan-Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyətinin üzvləri ilə görüşən Prezident Aleksandr Lukaşenko təşkilatın fəaliyyətini yüksək qiymətləndirilmişdir. Azərbaycan "Kitab" Cəmiyyətinin miniatür kitabları ali qonağa hədiyyə olunmuşdur.
Daha sonra
Belarus dövlətinin başçısı və nümayəndə
heyətinin üzvləri BSU-da yaradılmış Belarus Dili
və Mədəniyyəti Mərkəzinin
açılşında iştirak etmişlər. Buradakı
şəraitlə tanış olduqdan sonra Aleksandr Lukaşenko
Mərkəzin Fəxri qonaqlar kitabına ürək sözlərini
yazmışdır. Belarus dövlətinin
başçısı Mərkəzə Belarus Respublikası
haqqında kitabları hədiyyə etmişdir.
Səs.- 2010.- 5 iyun.- S. 3.