Eduardo de Filippo ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində

 

Eduardo de Filippo italyan neorealizminin banisidir. Onun məşhurlaşması 1950-ci illərə təsadüf edir və bu gün də onun adı xüsusi ehtiramla çəkilir. Dünyanın 150-dən çox teatrları onun pyeslərinə mütəmadi müraciət edirlər. İtaliyada isə sənətçilər hər bir teatr mövsümü onun pyeslərini hazırlamağı özlərinə borc bilirlər.

Eduardo de Filipponun pyeslərinin mövzusu həyatdan götürülüb. Bu pyeslərdə uydurma heç nə yoxdur. İtalyan emosionallığı, həyəcan, qrotesk, məhəbbət və istehza, küçə şənliyi. Pyeslərdə hər bir aktyor üçün geniş improvizə materialı var.

 Eduardo de Filippo 55 pyesin müəllifidir. Azərbaycan teatralları onun daha çox “Silindr» pyesini tanıyırlar. Müxtəlif illərdə bu əsər teatrlarda tamaşaya qoyulub. Bu gün Milli Dram Teatrının tamaşaya hazırladığı “Vinçenso de Pretore» pyesi isə Eduardo de Filippo yaradıcılığına daha dərindən nüfuz etmək istəyidir. Pyesin başqa bir adı “Oğru cənnətdə», digər adı isəa “Heç kəs» adlanır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İtaliya dramaturq, Eduardo de Filipponun “Oğru cənnətdə və yaxud Vinçenso de Pretore» tamaşası üzrə məşqlər gedir.Tamaşanın quruluşçu rejissoru Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu Xatirə Şirəliyeva, bədii rəhbəri əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşada əməkdar artistlər Cəfər Namiq Kamal, Kazım Abdullayev, Telman Əliyev, Əsgər Məmmədoğlu, Kazım Həsənquliyev, aktyorlar Vəfa Rzayeva, Anar Heybətov, İradə Həsənova, Məzahir Cəlilov, Rəşad Bəxtiyarov, Elnur Qədirov aiştirak edirlər.

Pyes Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanır. Prezidentin Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına aid layihədir.

    Tamaşanın məzmununda dolanışığını oğurluqla çıxaran Vinçenso adlı bir küçə uşağından bəhs olunur. Hər dəqiqə həbs olunmaq qorxusu, hər dəqiqə aclıq. Onu əhatə edən ancaq bu hisslərdir. Lakin hər bir şəxsə məxsus optimizm ondan da yan keçməyib. Vinçenso inanır, inanır ki, bir gün gələcək o da arzusuna çatacaq, varlanacaq, sevdiyi Ninuçça ilə evlənəcək, çoxlu uşaqları olacaq. O, inanır ki, müqəddəslər onu bu çətinlikdən qurtaracaqlar. Hər bir insan kimi, onun da yaxşı yaşamaq hüququ var. O, müqəddəs İosifə pənah gətirir.

Ona şam yandırır, dualar oxuyur və müqəddəsİosif də ona yardım» edir. Vinçenso yaxşı dolanır, artıq kasıbçılığın daşını atıb. Və ən böyük arzusu daha çox pul qazanıb oğurluğun daşını atmaqdır. Növbəti əməliyyat vaxtıa onu güllələyirlər. Vinçenso ölüm-dirim mübarizəsində “cənnətə» düşür. “Cənnət»də baş verənlər onu heyrətləndirir. Deməli, insanların cənnətə düşmək arzusunda da ədalətsizlik var. Ədalətsizlik hər yerdə hökm sürür. Çünki insan bu ədalətsizlikdən yaxa qurtara bilmir.

 Bütün bu sosial bəlalar ekssentrik bir oyunla müşayiət olunur. Çünki insan bir məxluq kimi həmişə keçmişlə yox, gələcəklə yaşayır.

 

 

Zümrüd

 

Səs.- 2010. – 5 iyun.- S. 12.