Qurtuluşumuzun başlanğıcından 17 il keçir

 

15 iyun Azərbaycan tarixinə möhür kimi həkk olunub

 

15 iyun günü Azərbaycan xalqının və məmləkətinin tarixində ədalətin təntənəsi günü kimi qalacaq. Düz 17 il bundan öncə xalqımız dar ayaqda qalmışdı. Lakin xalqın təkidi ilə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin güclü iradəsi sayəsində xalqımız bu bəlalardan qurtardı.  1993-cü il iyununda biz nədən və kimdən qurtulduq?

 

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev:

 

- 1993-cü ildən bu günə kimi tariximizə çox əlamətdar günlər daxil olunub. Ümummilli liderimiz Heydər Əliyevin 15 iyun tarixi gündə siyasi hakimiyyətə gəlişi, Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Ümumiyyətlə, bu qayıdış Azərbaycanı bütün bəlalardan xilas etdi, qurtardı: Azərbaycanda qardaş qırğınının qarşısı alındı. Azərbaycan parçalanmaqdan, dağılmaqdan azad oldu. Azərbaycanda anarxiyaya, xaosa, hərc-mərcliyə, ictimai-siyasi həyatdakı dərəbəyliyə, özbaşınalığa və qanunsuzluğa son qoyuldu, süqut etməkdə olan dövlətçiliyimiz və müstəqilliyimiz möhkəmlənməyə başladı; iqtisadiyyatımız yüksəliş yoluna qədəm qoydu, dövlət çevrilişlərinin qarşısı alındı, milli ordumuz silahlı dəstələrə parçalanmaqdan xilas olub güclənməyə başladı, torpaqlarımızın işğalı dayandırıldı, "Əsrin müqaviləsi" imzalandı. Bütün bunlar az bir müddətdə, cəmi dörd il ərzində: 27 iyun 1997-ci il tarixində 15 iyun gününün Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının bütün dünyaya elan edildiyi vaxta kimi, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri nəticəsində mümkün olmuşdur. Doğrudan da, 1993-cü il iyunun 15-də Böyük Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycan Respublikasının "olum, ya ölüm" ayrıcından xilas etmiş, bütövlükdə, xalqın xoşbəxt gələcəyinə təminat yaratmışdı. Ayrılıqda hər kəsin taleyində yeni səhifə açmağa əsil milli qurtuluş səbəb olmuşdur. Məhz elə buna görə də, o zaman əhalinin müxtəlif təbəqələrindən olan yüzlərlə, minlərlə vətəndaş, ictimai-siyasi təşkilatlar ayrı-ayrı bölgələrdən dövlət, hakimiyyət orqanlarına, o cümlədən, Milli Məclisə minnətdarlıq hissi ilə müraciət edib. 1993-cü il iyunun 15-də Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasının Milli Qurtuluş Günü kimi hər il bayram edilməsinin tərəfdarı olduğunu bildiriblər və başqa cür də ola bilməzdi.

1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə gələrkən respublikanın hansı faciəli vəziyyətdə olduğunu ağrısız xatırlamaq mümkün deyildir. O zaman Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. AXC-Müsavat iqtidarının səriştəsizliyi üzündən hərc-mərclik, başıpozuqluq, hakimiyyət uğrunda didişmə dövlətin bütün sahələrinə sirayət etmişdi. Tarixi düşmənimiz ermənilər bir-birinin ardınca rayonlarımızı işğal edib, yüz minlərlə soydaşımızı öz vətənində qaçqına çevirmişdi. Xalq təşviş içərisində idi və aydın görürdü ki, hakimiyyətə sahib çıxanların heç biri Azərbaycanı sevmir. Onların arasında bir nəfər də olsa vicdanlı vətənpərvər yoxdur, siyasi elitada ikiüzlülük, riyakarlıq, yaltaqlıq baş alıb gedir. Var-dövlət, xəzinə toplamaq, daha yüksək mənsəbə çatmaq üçün hamı, uf demədən vətəni, prezidenti belə satmağa hazırdır. Bütün bünların nəticəsi olaraq Azərbaycan real vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayanmışdı. Müstəqilliyimizin itirilməsi qorxusu var idi. Azrbaycanı parçalamaq və bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək reallıqdan çox uzaq görünürdü. Xaricdən dəstək alan qiyamçı dəstələr fəallaşmışdı. Nizaminin yurdu Gəncədə qan tökülmüşdü. Cənubda vətən xainləri üzdəniraq "Talış-Muğan Respublikası" yaratmaq xülyası ilə meydan sulayırdı. Xoşbəxtlikdən 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məsul və şanlı nümunələrindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin Sədri seçildi. Bu qayıdış təkcə böyük Heydər Əliyev ömrünün deyil, həm də bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir.

 

Yeni Azərbaycan Partiyası Naftalan rayon təşkilatının sədri Möhübbət Bədəlov:

 

- Ümummilli liderimiz həmişə qeyd edirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur, dövlətçilik xalqın "ölüm, ya olum" məsələsidir. Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları ifilasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ümummilli liderimiz Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək, böyük nailiyyətlər qazandı. Müasir Azərbaycanın banisi, Azərbaycanı sabitlik və inkişaf yoluna çıxarmış böyük Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində çox böyük əminliklə Azərbaycan xalqına müraciət edirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək".

Beləliklə, haqlı olaraq, 15 iyun 1993-cü il tarixində böyük Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sayəsində ölkəsi və özü üçün tamamilə yeni bir tarixin yazıldığını və yaşandığını görən və milli qurtuluşuna nail olan Azərbaycan xalqı 2003-cü ilin oktyabrında çox böyük ruh yüksəkliyi ilə İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi, çox böyük ümid və inamla taleyini böyük Heydər Əliyevin zəka və iradəsinin varisi İlham Əliyevə etibar etdi, tapşırdı. Bu gün bizim qəlbimiz şükran duyğusu ilə doludur. Bütün varlığımızla fəxr edirik ki, bu gün ümummilli liderimiz Heydər Əliyevin böyük yolunu İlham Əliyev şərəflə davam etdirir. Ölkə Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan Respublikası böyük Heydər Əliyevin zəka səltənətindən nur alan intibahının ən yüksək mərhələsinə qədəm qoymuşdur.

 

YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov:

 

- 1993-cü ilin 15 iyunu Azərbaycanın ən yeni tarixini ikiyə böldü. Arxada total psixoz, dərəbəylik hakimiyyəti və siyasi hikkələrin girovuna çevrilmiş Azərbaycan dövlətçiliyinin qaranlıq perspektivi, irəlidə isə sabitlik, inam və Azərbaycan dövlətçiliyinin qurtuluşu vardı. 1993-cü ilin iyun olayları müstəqillik tariximizin ən ağır mərhələsi, yenicə ayaq tutan Azərbaycan dövlətçiliyinin iflas təhlükəsi ilə üz-üzə qaldığı dövr idi. Bu, Azərbaycanda hər şeyin - siyasətin, iradənin, dövlət təəssübü və vətənpərvərliyin sınağa çəkildiyi dövr idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqını, sadəcə, korazehin idarəçilərdən və vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Bu qayıdış Azərbaycan xalqının sarsılmış inamını, dağılmaqda olan dövlətçiliyini bərpa etdi, Azərbaycanı milli dirçəliş və inkişaf yoluna çıxardı. 15 iyun tarixi xalqımızın müqəddəratının həll olunduğu gün idi. Həmin gün xalqımız xaosdan, anarxiyadan, vətəndaş müharibəsindən, qardaş qırğınından, hərc-mərclikdən, zordan, özbaşınalıqdan, bir millət kimi parçalanıb yox olmaqdan xilas oldu, Azərbaycan isə xanlıqlara bölünərək, bir dövlət kimi məhv olmaq təhlükəsindən qurtuldu. Azərbaycanın xilası üçün 1992-ci ildə hakimiyyətə tamam başqa qüvvələr, yaradıcı, qurucu insanlar gəlməli idilər. Məhz 15 iyun Azərbaycan xalqının canını siyasi iradəsi və mənəvi haqqı olmayan rəhbərlərdən, Kəlbəcəri qoruya bilmədiyi halda böyük Turan imperiyası yaratmaq xülyası ilə yaşayan utopist ölkə başçısından qurtardı. 1992-1993-cü illərdəki AXC-Müsavat iqtidarı hakimiyyətin, dövlət rəhbərliyinin karikaturası idi. O dövr Azərbaycan xalqının həyatında ən dramatik bir dövr, Azərbaycan boyda bir səhnədə istedadsız komediya artistlərinin oynadığı faciə idi. Nə yaxşı ki, 1993-cü ilin iyununda Azərbaycan xalqı öz iradəsini, qətiyyətini nümayiş etdirərək, öz xilaskarının, böyük tarixi şəxsiyyət və görkəmli  siyasi xadim - ümummilli liderimiz  Heydər Əliyevi respublika rəhbərliyinə gətirdi.

Bəli, 15 iyun 1993-cü ildən - Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir. Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla və dönmədən davam etdirməkdədir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 8 iyun.- S. 7.