Hazırda respublikamızda 7034
nəfər xarici ölkə vətəndaşı qanuni
əsaslarla əmək fəliyyəti ilə
məşğul olur
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi Yanında Miqrasiya İdarəsinin rəisi Rauf
Tağıyevin yap.org. az-a müsahibəsi
- Rauf müəllim,
ölkəmizdə əmək miqrasiyasını yaradan
səbəblər və bu sahədəki dövlət
siyasətini necə xarakterizə etmək olar?
- Bildiyiniz
kimi, son on ildə ölkəmiz sürətli iqtisadi
inkişaf dövrü yaşayır. Bu
inkişafın təməli hələ 90-cı
illərdə ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulmuşdur. Ölkəmizin
bugünkü yüksəlişi həmin illərdə
mövcud olan mürəkkəb siyasi və iqtisadi
vəziyyətə baxmayaraq, ümummilli liderimizin
uzaqgörənliklə həyata keçirdiyi tədbirlərin, dəqiqliklə müəyyən etdiyi
sosial-iqtisadi inkişaf kursunun və sonrakı
dövrlərdə möhtərəm Prezidentimiz İlham
Əliyevin bu siyasəti uğurla davam etdirməsinin, müasir
dövrün tələblərinə uyğun olaraq həyata
keçirdiyi məqsədyönlü sosial-iqtisadi
islahatların nəticəsidir.
Ölkə iqtisadiyyatına xarici investisiyanın
cəlb edilməsi, davamlı ictimai-siyasi sabitliyin,
sahibkarlığın inkişafı üçün
əlverişli mühitin yaradılması, ən başlıcası
isə, aydın və ardıcıl iqtisadi siyasətin
yürüdülməsi sosial-iqtisadi nailiyyətlərin
əldə olunmasının əsasını təşkil
edir.
Ölkəmiz
təbii sərvətlərlə zəngindir. Bu
sərvətlərdən səmərəli istifadə
edilməsi, ölkə iqtisadiyyatının neft faktorundan
asılılığının aradan qaldırılması
və qeyri-neft sektorunun inkişafına yönəldilmiş
iqtisadi siyasətin möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən uğurla həyata
keşirilməsi ölkəmizin regionda lider
dövlətə çevrilməsini təmin etməklə
yanaşı, həm də uzunmüddətli perspektiv
inkişafının əsasını qoymuşdur.
Təsadüfi deyil ki, son 15 ildə ölkə
iqtisadiyyatına qoyulmuş 82 mld. manat investisiyanın
yarısı qeyri-neft sektorunun payına düşür.
Bildiyiniz
kimi, son illər ölkəmizdə neft və qaz
yataqlarının işlənməsi, nəqli,
həmçinin, infrastrukturun inkişafı üzrə
irimiqyaslı layihələr həyata keçirilir. Dünyada baş verən qlobal maliyyə
böhranına baxmayaraq Azərbaycan Respublikasının
Prezidenti möhtərəm İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən uğurlu
iqtisadi siyasət nəticəsində 2009-cu ildə də
ölkəmizin iqtisadi inkişafı, nəzərdə tutulan
infrastruktur layihələrinin, həmçinin, müvafiq
dövlət proqramlarında yer alan sosial yonümlü
tədbirlərin tam şəkildə həyata
keçirilməsi təmin edilmiş, bohranının
respublikamıza təsirinin minimuma endirilməsinə nail
olunmuşdur.
Son illər
ərzində həyata keçirilən
məqsədyönlü islahatlar ölkədə
sosial-iqtisadi inkişaf meyillərinin
möhkəmlənməsinə imkan yaratmışdır.
Belə ki, 2009-cu ildə ÜDM-nin həcmi 34578,7
mln. manat təşkil edərək, 1995-ci illə
müqayisədə 16,2 dəfə artmışdır. 2010-cu
ilin 1-ci rübündə ÜDM 9551,6 mln. manat təşkil
etmiş və 2009-cu ilin 1-ci rübü ilə
müqayisədə 5,4% artmışdır.
Adambaşına düşən ÜDM-nın həcmi 2009-cu
ildə 3917,3 manat olmuşdur ki, bu da 1995-ci illə
müqayisədə 13,9 dəfə çoxdur.
Respublika vətəndaşlarının həyat
səviyyəsinin daha da yüksəlməsi məqsədi
ilə regionlarda aparılan məqsədyönlü
işlər nəticəsində 2009-cu ildə regionların
sosial-iqtisadi inkişafı prosesi uğurla davam etmiş, il
ərzində 74 min (onlardan 54,5 daimi), son 6 il ərzində
isə 840 mindən artıq (onlardan 602 min daimi) yeni
iş yeri yaradılmışdır. Yeni
açılmış iş yerlərinin 79,1 faizi
regionları, 86,6 faizi qeyri-dövlət sektorunu əhatə
edir.
Makroiqtisadi
sabitlik və iqtisadi artım bilavasitə sosial sahənin,
eləcə də, əhalinin həyat səviyyəsinin
yaxşılaşmasında özünü büruzə
vermişdir. Davamlı iqtisadi artım və
məşğulluğun inkişafı yoxsulluğun
azaldılmasına səbəb olmuşdur. Belə ki, bu
göstərici 2002-ci ildəki 46,7 %-dən 2009-cu ildə
11%-ə enmişdir.
2010-cu ilin 1
aprel tarixinə respublikada işsizlik səviyyəsi 6,0 faiz
təşkil etmişdir (müqayisə üçün 2009-cu
ilin aprel ayında Avropa İttifaqı ölkələri
üzrə işsizlik səviyyəsinin orta göstəricisi
9,6 faiz olmuşdur).
Göründüyü
kimi, Azərbaycan iqtisadiyyatı yüksək templərlə
inkişaf edir, yeni istehsal sahələri yaradılır,
müasir texnologiyalar tətbiq edilir. Təbii ki, belə
şəraitdə xarici işçi qüvvəsinə,
xüsusilə də yüksək ixtisaslı
mütəxəssislərə tələbat yaranmaya
bilməz. Bununla yanaşı, ölkəmizin iqtisadi
inkişafı Azərbaycanda işləmək arzusunda olan
əcnəbilərin sayını da artırmış,
olkəmizi əcnəbi işçilər üçün
cəlbədici etmişdir.
Müasir
dövrdə iqtisadi inkişafa nail olmuş bütün
ölkələr xarici işçi qüvvəsindən bu
və ya digər şəkildə istifadə edir. Xarici
işçi qüvvəsi, xüsusi ilə də
yüksək ixtisaslı mütəxəssislər cəlb
edilmədən irimiqyaslı layihələrin həyata keçirilməsi
xeyli dərəcədə çətindir. Eyni zamanda,
dünya ölkələrinin inteqrasiyasının
güclənməsi və qloballaşma miqrasiyanın,
xüsusilə sosial-iqtisadi miqrasiyanın miqyasının
genişlənməsində təsirli rol oynamaqdadır.
Bütün bunların nəticəsi olaraq son illər
ölkəmizə gələn əcnəbi
işçilərin də sayı artmaqdadır və bu
tendensiya davam edir.
Lakin
məlum olduğu kimi, bir sıra sahələrdə kadr
çatışmazlığına baxmayaraq, respublikamız
kifayət qədər əmək ehtiyatlarına malikdir və
ölkəmizdə hər-hansı formada demoqrafik böhran
mövcud deyil.
Belə bir
şəraitdə miqrasiya proseslərinin ölkənin iqtisadi
maraqları baxımından effektif tənzimlənməsinin
təmin edilməsi, bu sahədə məqsədyönlü
siyasətin həyata keçirilməsi zəruridir.
Mövcud vəziyyət nəzərə alınaraq
yüksək ixtisaslı əcnəbi
mütəxəssislərin cəlb olunmasına
üstünlük verilməsi, yerli əmək
ehtiyatlarından səmərəli istifadə edilməsi, yerli
kadrların hazırlanması, zərurət olmadan xarici
işçi qüvvəsinin cəlb olunmasının qarşısının alınması,
qanunsuz miqrasiya ilə mübarizə əmək miqrasiyası
sahəsində əsas prioritetlər kimi müəyyən
edilmişdir. Ölkənin iqtisadi inkişaf meyilləri və
əmək miqrasiyası proseslərinin mövcud vəziyyəti
yaxın gələcəkdə də bu siyasətin davam
etdiriləcəyini deməyə əsas verir.
- Əmək miqrasiyası
sahəsində siyasətin həyata keçirilməsi
üçün hansı mexanizmlər mövcuddur və bu
sahədə nə kimi işlər görülür?
- Məlum
olduğu kimi, "Əmək miqrasiyası haqqında"
Azərbaycan Respublikası Qanununa əsasən, hüquqi
və fiziki şəxslər əcnəbi işçilər
üçün müvafiq fərdi icazə alınmaqla
onları işə cəlb edə bilərlər. Belə icazələrin verilməsində
başlıca şərt kimi həmin işi yerinə
yetirə biləcək lazımi ixtisasa və
təcrübəyə malik Azərbaycan Respublikası vətəndaşının
olmaması və ya həmin iş yerinə Azərbaycan
vətəndaşının iddia etməməsi,
həmçinin, işəgötürənin
işçi qüvvəsinə olan tələbatının
yerli əmək ehtiyatları hesabına
ödənilməsinin mümkünsüzlüyüdür.
Xüsusi ehtiyac olmadan əcnəbi
işçilərin cəlb olunmasının
qarşısının alınması, yüksək
ixtisaslı mütəxəssislərin cəlb olunmasına üstünlük
verilməsinin təmin edilməsi məqsədi ilə 12 fevral
2009-cu il tarixdən fərdi icazələrin verilməsinə
və müddətlərinin uzadılmasına
görə dövlət rüsumunun məbləği
artırılaraq, 1000 manat müəyyən edilmişdir.
Bununla
yanaşı, qanunsuz olaraq əcnəbiləri işə
qəbul edən işəgötürənlərə
qarşı sanksiyalar sərtləşdirilmiş,
cərimələrin məbləğləri
artırılmışdır.
2010-cu
ildən başlayaraq əcnəbilərin əmək
miqrasiyasına kvota tətbiq edilir. Kvota il ərzində
ölkədə işləyə biləcək
əcnəbilərin maksimal sayını müəyyən
edir. Əmək miqrasiyası kvotası iqtisadi fəaliyyət
sahələri üzrə müəyyən edilmişdir.
Bütün
bunlar daxili əmək bazarının qorunmasına,
vətəndaşlarımızın
məşğulluğunun təmin edilməsinə və
xarici işçi qüvvəsindən səmərəli
istifadə edilməsinə xidmət edir.
Qeyd olunan
inzibati tədbirlərlə yanaşı, digər
tədbirlər də görülür ki, bunlar da əmək
miqrasiyası siyasətinin həyata keçirilməsində
xüsusi əhəmiyyətə malikdir.
Son illər
ölkəmizdə kadr hazırlığına diqqət
də artırılmışdır. Qısa müddət
ərzində, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən Bakıda və
regionlarda müasir tipli peşə tədrisi mərkəzləri
yaradılmışdır. Tədris
mərkəzlərində hər il 5000-dən çox
vətəndaşımız əmək bazarının
tələbatına uyğun yeni peşələrə
yiyələnirlər. Bu tədbirlər yerli
mütəxəssislərin əmək bazarında
rəqabətədayanıqlığını
artırır, xarici işçi qüvəsinə tələbatın
azalmasına əhəmiyyətli təsir göstərir.
- Cari il üçün
əmək miqrasiyası kvotası nə qədərdir?
Ümumiyyətlə hazırda ölkəmizdə nə
qədər əcnəbi əmək faliyyəti ilə
məşğul olur və ötən ilin
göstəriciləri ilə müqayisədə nə kimi
fərqlər vardır?
-
Əmək miqrasiyası kvotası müvafiq qaydalara uyğun
olaraq Nazirlər Kabineti tərəfindən müəyyən
edilir. 2010-cu il üçün əmək miqrasiyası
kvotası 10700 nəfər müəyyən edilmişdir.
Hazırda
respublikamızda 7034 nəfər xarici ölkə
vətəndaşı qanuni əsaslarla əmək
fəliyyəti ilə məşğul olur. 2008 və 2009-cu
illərdə bu rəqəm müvafiq olaraq 4250 və 5784
olmuşdur.
Göründüyü
kimi, ölkəmizdə işləyən
əcnəbilərin sayında ötən illərlə
müqayisədə nəzərəçarpacaq artım
vardır. Lakin qeyd etmək istərdim ki, bu artım yalnız
ölkəyə gələnlərin sayının artması
ilə bağlı deyil. Belə ki, son illər miqrasiya
sahəsində qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində xeyli işlər görülmüş,
xüsusilə, əcnəbilərin Azərbaycan
Respublikasında olma və yaşama qaydaları ilə
bağlı qanunvericilikdə ciddi dəyişikliklər
edilmişdir. Bunun nəticəsi olaraq qanunvericilikdə
əvvəllər mövcud olan boşluqlar aradan
qaldırılmış, ölkədə olma
qaydalarının tələblərinin əcnəbilər
tərəfindən yerinə yetirilməsinə nəzarət
gücləndirilmişdir.
Qanunsuz olaraq əcnəbi işçi
qüvvəsindən istifadəyə görə
sanksiyaların sərtləşdirilməsi və aidiyyəti
dövlət orqanları tərəfindən əcnəbilərin
ölkədə olmalarına nəzarətin gücləndirilməsi
Azərbaycanda işləyən əcnəbilərin
əmək fəaliyyətlərini qanunvericiliyin
tələblərinə uyğun qurmağa vadar etmişdir.
Qanuni
əsaslarla ölkəmizdə işləyən
əcnəbilərin sayında mövcud olan artımın bir
hissəsi də belə şəxslərin hesabına
yaranmışdır.
- 90-cı illərdə xeyli sayda
soydaşımız xarici ölkələrə üz
tutmuşdur. Hazırda bu proses hansı şəkildə davam
edir və xarici ölkələrdə işləyən
vətəndaşlarımızın sosial müdafiəsinin
təmin edilməsi üzrə nə kimi işlər
görülür?
- Hazırda
vətəndaşlarımızın xarici ölkələrə
genişmiqyaslı əmək miqrasiyası mövcud deyil
və son illər əvvəllər xaricə getmiş
şəxslərin geriyə qayıdışı halları
da müşahidə olunur.
Xarici ölkələrdə əmək
fəaliyyəti ilə məşğul olan
vətəndaşlarımızın sosial müdafiəsinin
təmin edilməsində ən effekti vasitə həmin
ölkələrlə əmək miqrasiyası
sahəsində hökumətlərarası sazişlərin
imzalanmasıdır. Bir sıra ölkələrlə o
cümlədən, Ukrayna, Belarus, Moldova, Qazaxıstan,
Qırğızıstan respublikaları ilə müvafiq
sazişlər imzalanmış və Rüsiya Federasiyası
ilə imzalanmaq üçün belə saziş layihəsi
hazırlanmış və Rusiya tərəfinə təqdim
edilmişdir.
Xarici ölkələrdə əmək
fəaliyyəti ilə məşğul olan
vətəndaşlarımızın sosial problemlərinin
həllində xarici ölkələrin aidiyyəti nazirliklərləri
ilə əməkdaşlığın yaradılması da az
əhəmiyyət kəsb etmir. Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi vətəndaşlarımızın
əmək fəaliyyəti ilə məşğul olduğu
xarici ölkələrin müvafiq dövlət orqanları
ilə əməkdaşlıq edir və bir sıra
ölkələrlə əməkdaşlığa dair
memorandumlar imzalanmışdır.
Yeri gəlmişkən, qeyd edim ki, Almaniya Federativ
Respublikasının Əmək və Sosial
Məsələlər üzrə Federal Nazirliyi ilə
imzalanmış əməkdaşlıq haqqında Memorandumda
yer alan məsələlərin müzakirəsi məqsədi
ilə bu günlərdə qeyd olunan nazirliyin parlamentar
dövlət katibi cənab Ralf Brauksip
Bakıda səfərdə olmuş bir sıra
görüşlər keçirmişdir. Əmək və
əhalinin sosial müdafiəsi naziri cənab Fizuli
Ələkbərovla keçirilən görüşdə
əmək və sosial müdafiə, o cümlədən,
əmək miqrasiyası sahəsində əməkdaşlığa
dair məsələlər geniş müzakirə
edilmişdir.
Bu
sahədə beynəlxalq əməkdaşlığın
həyata keçirilməsi zəruridir və bu
vətəndaşlarımızın sosial
hüquqlarının qorunmasına xidmət edir.
Bununla yanaşı,
vətəndaşlarımızın xarici
ölkələrdəki əmək fəaliyyətlərinin
onların iş stajına əlavə edilməsinin,
onların əmək kitabçalarında müvafiq
qeydlərin edilməsinin təmin edilməsi məqsədi
ilə Əmək Məcəlləsinə müvafiq
dəyişikliklər edilmişdir.
Bu
istiqamətdə qeyd olunan tədbirlərin həyata
keçirilməsi xarici ölkələrdə əmək
fəaliyyəti ilə məşğul olan
vətəndaşlarımızın sosial müdafisinin
gücləndirilməsi baxımından mühüm
əhəmiyyətə malikdir.
- Rauf müəllim, fikrinizcə,
görülmüş işlər miqrasiya proseslərinin
tənzimlənməsi üçün yetərlidirmi, yoxsa
müəyyən problemlər hələ də qalmaqdadır?
- Qeyd etdiyim
kimi, bu sahədə xeyli işlər
görülmüşdür və miqrasiya prosesləri
aidiyyəti dövlət orqanları tərəfindən
ölkəmizin maraqlarına uyğun tənzimlənir. Lakin o
da məlumdur ki, miqrasiya dinamik bir prosesdir və sosial iqtisadi
faktorlardan asılı olaraq, forma və xarakterinə
görə dəyişir. Məhz buna
görə də, mütəmadi olaraq, miqrasiya prosesləri
ilə bağlı araşdırmalar və təhlillər
aparılmalı, mümkün inkişaf meyilləri
proqnozlaşdırılmalı və bunların
əsasında qanunvericiliyin və prosedurların
təkmilləşdirilməsi üzrə zəruri
tədbirlər görülməlidir.
Son
dövrlərdə qanunvericilikdə ciddi
dəyişikliklər edilməsinə baxmayaraq, təbii
olaraq, hələ də bir sıra təkmilləşmə
aparılmasına ehtiyac vardır. Hazırda aidiyyəti
dövlət orqanları ilə birlikdə bu istiqamətdə
zəruri işlər görülür.
Səs.- 2010.- 8 iyun.- S. 8.