Azərbaycan Respublikasında demokratik qanunvericilik söz və məlumat azadlığının qarantıdır

 

İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Heç də təsadüfi deyil ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması bəşəriyyəti düşündürən problemlərdən olub.

 Tarixə qısa bir ekskurs etsək, hələ qədim Roma dövründə qanunun aliliyinin təmin edilməsi ilə yanaşı, hüquqi dövlətin digər mühüm əlaməti olan hakimiyyətin bölünməsi prinsipinin ruşeyminə rast gəlmək olar. Azərbaycan xalqı da əsrlər boyu milli azadlıq hüququnu təmin etmək, müstəqil yaşamaq haqqına nail olmaq arzusu ilə yaşayıb. Və ötən əsrin sonlarında - 1991-ci ildə xalqımız həqiqi müstəqilliyinə, azadlığına qovuşdu.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusən, 1993-cü ildən sonrakı dövrlərdə, digər sahələrdə olduğu kimi, insan hüquqları sahəsində də islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşdırılması istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirildi. Bunun nəticəsində isə qısa zaman kəsiyində Azərbaycan Respublikası Konstitusiyası layihəsi hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edildi. Təbii ki, konstitusiyanın qəbulu ilk növbədə insan hüquq və azadlıqlarının daha keyfiyyətli və effektiv şəkildə müdafiəsini təmin etmək imkanı yaratdı. 2001-ci ildə Avropa Konvensiyasına qoşulduqdan sonra Azərbaycan dövləti öz milli qanunvericiliyində daha da təkmilləşmə işləri apardı. Hüquq və dövlətin ən mühüm prinsiplərindən biri olan insanların təbii, ayrılmaz və demokratik hüquqlarının geniş kompleksini qanunvericilik yolu ilə təsbit etmək, onun reallığına hüquqi, maddi, mənəvi və digər üsullarla təminat vermək, hər hansı qəsddən hüquqi vasitələrlə etibarlı şəkildə müdafiə etməkdir ki, bu, konstitusiyamızda dolğunluğu ilə əksini tapıb. Azərbaycan Respublikası Konstitusiyasında yer alan maddələrin təxminən 1/3-i yalnız insan hüquq və azadlıqlarına aiddir. Daha dəqiq desək, Konstitusiyanın III fəsli bütövlükdə, digər fəsillərdə isə bir sıra maddələr insan hüquqlarının ən yüksək səviyyədə təmin edilməsinə həsr olunub.

 

Söz və məlumat azadlığı demokratik idarəetmənin qaydaya salınmasında cəmiyyətə kömək edir

 

Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə, müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlər olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdən biri kimi, insan hüquqları sferasının ən mühüm elementlərindən birini təşkil edir. Heç də təsadüfi deyil ki, bir çox ekspertlər də müxtəlif cəmiyyətlərdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında KİV-in aparıcı rol oynadığını bildirir, bir çox hallarda demokratiyanın vəziyyətini də KİV-in azadlıq səviyyəsi ilə ölçürlər. Bu zaman informasiya resurslarının formalaşdırılması, yayılması və istifadəsi sistemləri, informasiyanın azad dövriyyəsinin təmin olunması, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılması kimi bir-biri ilə sıx bağlı olan ardıcıl mərhələlərin təmin olunması kimi məsələlər icra strukturlarının başlıca vəzifələri sırasındadır. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox böyük rol oynadığını dərk edərək mətbuatın hüquqi tənzimlənməsinə xüsusi diqqət yetirilir. Bu hüquqi tənzimlənmənin yüksək effektivliklə həyata keçirilməsi məqsədilə yeni qanunların yaradılması və möcvud qanunvericilik bazasının sivil cəmiyyətlərin tələblərinə uyğunlaşdırılması prosesi bu gün də aktuallığını qorumaqdadır. Bu da təsadüfi deyil. Çünki söz və məlumat azadlığı hər şeydən öncə obyektiv həqiqətin üzə çıxarılmasında və tam demokratik idarəetmənin qaydaya salınmasında cəmiyyətə kömək edir. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox böyük rol oynadığını dərk edən dövlətlər, demokratik təsisatlar isə mətbuatın hüquqi tənzimlənməsinə xüsusi diqqət yetirir. Ona görə də, müasir dövrün nəzəriyyəçiləri söz və mətbuat azadlığının əsaslarının məhz konstitusiyanın cəmiyyətə verdiyi azadlığın səviyyəsindən asılılığı fikrini müdafiə edirlər. Azərbaycan da demkoratik məkanın ən sadiq üzvlərindən biri kimi bu məsələlərə böyük diqqət yetirir. Azərbaycan Respublikası Konstitusiyasında həm söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunması təsbit edilib, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilib. Ulu öndər Heydər Əliyev xalqın azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə, demokratiyaya xidmət etdiyini bildiyi üçün məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib. Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Həmin maddədə göstərilir ki, "hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir".

Həmçinin, Ana Yasanın 50-ci maddəsi məlumat azadlığına həsr olunub. Həmin maddədə deyilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır. Göründüyü kimi, Azərbaycanda söz və məlumat azadlığına ölkənin ən ali qanunu ilə təminat verilir.

 

Azərbaycanda söz və məlumat azadlığının inkişafında yeni mərhələ...

 

Heç kəsə sirr deyil ki, milli qanunvericilik ölkənin ən ali qanununa - konstitusiyaya söykənir. Bu mənada, 1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbul olunması həm də milli qanunvericiliyimizin daha da zənginləşdirilməsi üçün münbit zəmin yaratdı. Bu vaxta qədər qanunlarda mövcud olan boşluqların aradan qaldırılması, vətəndaşların daha yaxşı səviyyədə hüquqlarının qorunması istiqamətində yeni qanunların qəbulu intensivləşdi. Bu sırada qəbul olunmuş ən mühüm qərarlardan biri, şübhəsiz ki, 1998-ci il avqustun 6-da Ulu Öndər Heydər Əliyev tərəifndən "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmandır. Həmin Fərmanda kütləvi informasiya vasitələrinin maddi-texniki durumunun yaxşılaşdırılmasını, onlara dövlət qayğısının aparılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması, müvafiq qanun layihələri hazırlanarkən və qanunların qəbul edilməsi zamanı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə, Azərbaycan Konstitusiyasında təsbit olunmuş vətəndaşların fikir, söz və məlumat azadlığı müddəalarının əsas prinsiplər kimi rəhbər tutulması öz əksini tapırdı. Bu Fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi. Həmin vaxtdan etibarən, sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlandı. Daha sonra isə "Kütləvi informasiya vasitələri haqqında" Qanun qəbul olundu. Bu Qanun KİV təmsilçilərinin azad və müstəqil şəkildə fəaliyyətinə təminat verməklə bərabər, bu fəaliyyətin sərhədlərini də müəyyənləşdirməyə imkan verdi. Bundan başqa, 2000-ci il iyulun 30-da "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamla KİV-in maddi-texniki təchizatı, söz və məlumat azadlığı sahəsində qarşıya çıxan bir sıra problemlərin qısa zaman kəsiyində aradan qaldırılması ilə bağlı fəaliyyət proqramı hazırlandı. 2001-ci il dekabrın 27-də və 2003-cü il yanvarın 9-da imzalanmış ardıcıl sərəncamlarla qəzetlərin borcları donduruldu. Görülən bu işlərlə isə Azərbaycanda söz və məlumat azadlığının inkişafı, KİV-in inkişafını şərtləndirən demokratik mühitin formalaşması istiqamətində yeni bir mərhələnin başlanğıcı qoyuldu.

 

İnsan hüquq və azadlıqlarının təminatı Azərbaycan hökumətinin əsas məqsədlərindəndir

 

Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatlar Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Prezident İlham Əliyevin Fərman və Sərəncamlarına uyğun olaraq, qəzetlərin "Azərbaycan" Nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilib, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olunub, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilib. Prezident İlham Əliyev tərəfindən 2008-ci il iyul ayının 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası imzalanıb. Bu sənəd mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin mətbuat siyasətini tam mənada ifadə edən təkmil baza rolunu oynayır. Bu konsepsiyadan irəli gələrək, 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması haqqında Fərman imzaladı. Dövlət başçısının Fərmanına əsasən, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən, kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsait nəzərdə tutulur. Birmənalı olaraq, qeyd edilməlidir ki, fondun fəaliyyətə başlaması illərdir ki, mətbuatın inkişafına əngəl olan bir sıra məsələlərin həlli baxımından əsil "inqilab" idi. Fondun yaradılmasının başlıca üstünlüklərindən biri də odur ki, mətbuat dövlətin dəstəyindən bəhrələnərək, müstəqil maliyyələşmə sistemini yaradır və bu yolla da, həqiqi mənada, maliyyə müstəqilliyini təmin edir. Eyni zamanda, fondun fəaliyyəti mətbuat orqanlarını müxtəlif siyasi dairələrin asılılığından azad edərək, mətbuatın ifrat siyasiləşməsinin qarşısını alır. Fondun həyata keçirdiyi layihələrlə mətbuatdakı qeyri-peşəkarların sıralarının seyrəlməsinə də nail olmaq mümkündür.

Beləliklə, həm bu, həm də yuxarıda sadalanan digər bütün faktlardan da aydın olur ki, bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb, ölkənin ən ali qanunlarında belə bu məsələ fundamental prinsiplər kimi öz əksini tapmaqdadır. Ən nəhayət isə, Azərbaycan Respublikasında mövcud olan demokratik qanunvericilik söz və məlumat azadlığının qarantı kimi çıxış edir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 8 iyun.- S. 11.